"60 bal yığa bilməyən tələbə Şekspiri necə tanısın?" - Ceyran Mahmudova ilə müsahibə

"60 bal yığa bilməyən tələbə Şekspiri necə tanısın?" - Ceyran Mahmudova ilə müsahibə
20 iyul 2023
# 09:00

Kulis.az Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, musiqişünas alim, sənətşünaslıq elmləri doktoru, professor Ceyran Mahmudova ilə müsahibəni təqdim edir.

– Universitetdə ab-hava necədir?

– Məncə, yaxşıdır. Bu il bizim üçün çox əlamətdar bir ildir. Məlum olduğu kimi Heydər Əliyev ilidir. Bununla bağlı çoxsaylı tədbirlərimiz olur. Apreldə Heydər Əliyevin Mədəniyyət Siyasəti mövzusunda çox böyük və yaxşı konfrans keçirdik. Maraqlı çıxışlar oldu. Bu il Cənab Prezidentin Sərəncamı ilə Azərbaycan Teatrının 150 illiyi qeyd olunur. Bunun da birbaşa bizim universitetlə əlaqəsi var. Biz teatr ixtisasları üzrə təhsil verən yeganə ali təhsil müəssisəsiyik. Eyni zamanda öz Universitetimizin də 100 illiyidir. Bu üç əhəmiyyətli faktla bağlı planlarımız var. İşimiz çoxdur.


– Təyinat aldığınız ildən bu günədək universitetdə nələr dəyişib?

– Məndən əvvəlki rektorun müəyyən inkişaf strategiyası var idi. Həmin istiqamət üzrə fəaliyyəti davam etdirmişik və bunu daha da genişləndirmişik. Strategiyanın əsas istiqamətlərindən biri universitetimizin daim müasirləşməsidir. Müasir tədris metodlarının tətbiq olunmasına, yeni ixtisasların açılmasına çalışırıq.
Tələbəyönümlü işlərimizi daha da artırırıq ki, tələbələrin həyatı təkcə tədrislə yekunlaşmasın, daha da maraqlı olsun. Bununla bağlı beş il ərzində müxtəlif layihələrimiz, müsabiqələrimiz olub.

Bu işlərdə dövlət siyasətindən ilhamlanırıq. Bir neçə il bundan öncə “Nəsimi ili”ndə Nəsimi poeziyası ilə bağlı qiraət müsabiqəsi keçirtdik. Ölkəmizdəki bütün ali məktəblərə dəvət göndərdik. 20-yə yaxın ali məktəb bizim dəvətimizi qəbul etdi. Böyük bir qiraət müsabiqəsi keçirdik. Tələbələrimiz həm bir-birilə, həm də digər universitet tələbələrilə yarışdılar.

Bundan əlavə, müxtəlif incəsənət xadimlərinin yubileylərini, Nizami ili ilə bağlı tədbirlər və bu il Tofiq Kazımovun yubileyini keçirdik.

Bizim universitetdə daim nələrsə baş verir.

Universitetin 100 illik yubileyi münasibətilə 5-9 iyun tarixlərində “PİLLƏ 2” Tələbə Tamaşaları Festivalı keçirildi.
Festivalda ADMİU-nun Aktyor və Rejissor sənəti ixtisası üzrə təhsil alan tələbələrin tamaşaları, o cümlədən Bakı Dövlət Universitetinin təqdim etdiyi “Yarımçıq qalmış” tamaşası nümayiş olundu. Festivalın qalibləri peşəkar teatrşünasların, tənqidçilərin iştirakı və münsifliyi ilə müəyyənləşdi.
Qaliblərə “Ən yaxşı tamaşa”, “Ən yaxşı kişi rolu”, “Ən yaxşı qadın rolu” və “Gənc ekspertlərin mükafatı” nominasiyaları üzrə mükafatlar təqdim olundu.

Ceyran Mahmudova - Şəki Ensiklopediyası

– Bu festivalın davamı olacaq?

– Bəli. İllər ötdükcə “PİLLƏ 2”də rəqəmlər dəyişəcək. Festivalda çıxışımda da arzu etdim ki, nə vaxtsa bizsiz “PİLLƏ 100” Festivalı da keçirilsin. Bu, tələbələrin həyatını maraq qatan festivaldır.

– Universitetdə təşkil olunan tələbə tamaşalarına maraq necədir?

– Bizdə tələbə tamaşalarına hamı gəlib baxır. Bu, onlar üçün stimuldur. Bizim teatrşünaslıq ixtisasımız var. “PİLLƏ 2”də həmin ixtisas üzrə təhsil alanlar üçün Gənc Teatrşünasların Seçimi mükafatı var idi. Onlar da öz seçimlərini etdilər. Bu, bizim universitet üçün hadisə idi.

Belə tədbirlərimiz çox olur. Beynəlxalq Muğam Mərkəzində tələbələrimizin konsertləri olur. Musiqi fakültəmizdə altı kafedra var. Demək olar ki, burada musiqinin bütün istiqamətləri təmsil olunur. Onların tədris prosesi də öz qaydası ilə gedir. Qayda belədir: konsertdə çıxış etsən də, imtahanı verməlisən, bu səni məsuliyyətdən azad etmir.

– Gələcəkdə istedadlı şəxslərin TQDK imtahanı vermədən ADMİU-ya qəbul olması mümkün ola bilərmi? Ümumiyyətlə, bu barədə nə düşünürsünüz?

– Universitetimizə keçid balı altmışdır. Sizcə, 60 bal çoxdur? 60 bal yığa bilməyən adam Şekspiri necə tanısın? Adını düz yaza bilməyən adamın istedadı kimə lazımdır? Biz istəyirik ki, universitetə gələn gənclərin intellekt səviyyəsi də yüksək olsun. Balların tamamilə aradan qaldırılmasına heç cür müsbət yanaşa bilmərik.

– Çox vaxt şikayət edirlər, deyirlər, indiki dövrdə yaxşı kadrlar yetişmir...

– Bu, bizim universitetə aid deyil. Hər kəs ümumi danışır. Divanda oturub hər şeydən şikayət etmək düzgün deyil.

– Universitetə xaricdən mütəxəssislər dəvət olunur?

– Bəli. Onlar təcrübələrini tələbələrlə bölüşürlər.

– Tələbələrin beynəlxalq göstəriciləri necədir ?

– Tələbələrimiz beynəlxalq arenalarda da təmsil olunur. Səhnədə universitetimizin tələbələrini görüb sevinirəm. Peşəkar aktyorlar ancaq bizim universitetdə yetişir. Ötən il 60 nəfər aktyorluq sənəti ixtisasına qəbul olunub.

Tələbələrimiz, xüsusilə də teatr və kino sənəti ixtisasları üzrə təhsil alanlar beynəlxalq festivallarda iştirak edirlər. Həmçinin, müəllimlərimiz. Keçən həftə bizim teatr sənəti fakültəsinin dekanı və fakültənin müəllimi Əməkdar artist Nofəl Vəliyev Türkiyədəki Dənizli Festivalından qayıdıblar. Onlar həmin festivala münsif kimi dəvət olunmuşdular. May ayında Daşkənddə TÜRKSOY xətti ilə Birinci Tələbə Tamaşaları Festivalı keçirildi. Mən də 11 tələbə ilə birgə sözügedən festivalda iştirak etmişdim. Tələbələrimizdən biri ən yaxşı qadın roluna görə TÜRKSOY tərəfindən mükafat aldı.
Bu yaxınlarda bizim tələbəmiz və iki müəllim Qırğızıstana - yay məktəbinə gedəcək.

– Qeyd etdiniz ki, ötən il 60 nəfər aktyorluq sənəti ixtisasına qəbul olunub. Məlum olduğu kimi, ölkəmizdə aktyorların qazancı o qədər də yaxşı deyil…

– Maaşın az olması artıq bizim problemimiz deyil. Bizim işimiz öyrətməkdir. Bu ixtisası seçən biri bilir ki, nə qədər maaş alacaq. Bunu gözə alıb seçir. Bu da həmin adamın bu peşəyə xüsusi sevgisindən irəli gəlir. Heç kimi məcbur etmirlər ki, aktyor olmalısan. Xüsusi qabiliyyət tələb edən ixtisasları imtahan komissiyası seçir. Uzun illərdir bizim aktyor sənəti ixtisası üzrə dövlət imtahan komissiyasının sədri, Xalq artisti Şəfiqə Məmmədovadır. O həm də Kinematoqrafçılar İttifaqının sədridir. Maraqlısı odur ki, Şəfiqə xanım özü bizim Universitetdə dərs demir. Yəni onun kiminsə seçilməyində heç bir marağı yoxdur.

– Universitet məzunların işlə təmin olunmasına yardım edir?

– Əvvəl təyinatlar var idi, indi yoxdur. Ona görə kimisə işə düzəldə bilmirik. Amma lazımi kadrı məsləhət görə bilərik. Ad çəkməyəcəm, amma hazırda çox yaxşı yerlərdə olan kadrlarımız var.

– Televiziyada da kadrlarınız var?

– Televiziyaya peşəkarları qəbul edirlər. Hamını da televiziyaya çıxarmaq olmur. O qədər efirdənkənar yaxşı kadrlarımız var ki... Keçən il altı operator tələbəmiz televiziya kanallarından birinə təcrübəyə getmişdilər. Onların altısını da həmin televiziyada işə götürmüşdülər. "ƏSA" teatrının rəhbəri Nihat Qulamzadə bu il rejissorluq ixtisası üzrə Universiteti bitirir. Yaxın günlərdə oxudum ki, artıq Nihata Akademik Milli Dram Teatrında tamaşa qurmaq həvalə olunub. Belə xəbərlər bizi sevindirir. Hər il müxtəlif teatrlar “Azdrama”a, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı ADMİU-nun məzunlarını işə götürürlər. Teatrların truppası məhdud heyətdə olduğu üçün təbii ki, bütün tələbələr işlə təmin oluna bilməz.

Müəllim hazırlığı sahəsində son illər ADPU-da aparılan ardıcıl islahatlar  təqdirəlayiqdir

– Bir ADMİU tələbəsi üçün praktika, yoxsa nəzəriyyə önəmlidir?

– Əlbəttə ki, praktika. Rəngləri praktikada tətbiq edə bilməyən, notları ifa edə bilməyən birinin nəzəriyyəsi nəyə gərəkdir? Duyum, bacarıq önəmlidir.

– Son illər universitetdə hansı yeni ixtisaslar açılıb?

– Animasiya rəssamlığı və animasiya rejissorluğu ixtisasları. Azərbaycanda ilk dəfə olaraq ADMİU-da incəsənət sahəsi üzrə MBA (Master of Business Admistration) təhsil proqramı tətbiq edildi. Keçən il biz bu proqram üzrə təhsil üçün on yer ayırmışdıq. O yerlərin hamısı doldu. Bu ildən MBA proqramına rus və ingilis dilləri üzrə təhsil də əlavə olunub. Ümid edirik ki, müraciət edənlər olacaq.

– Universitetin hansı problemləri var?

– Bəzi hallarda auditoriya çatışmazlığını. Xüsusilə də teatr ixtisaslarına aiddir. Məşq otaqlarımızın sayı azdır. Çünki tədris teatrımız təmirdədir. Ümid edirik, qısa müddət ərzində təhvil veriləcək. Tələbələr isə onları narahat edən problemləri çox rahat şəkildə bizə bildirirlər.

# 4728 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #