“Axşam burda yatmışdın?” – APA TV-dən reportaj

“Axşam burda yatmışdın?” – APA TV-dən reportaj
6 noyabr 2020
# 18:22

Kulis.az 6 noyabr - Azərbaycan Televiziyası və Radiosu Günü münasibəti ilə APA TV-dən reportajı təqdim edir.

Məişətin bütün ağırlığını, ötən günün yorğunluğunu, həyəcanlı məqamlarını elə ötən gündə qoyub işə tələsirəm. APA Group-un qapısından içəri girəndə dəhlizdəki ab-hava, işçilərin tez-tələsik otaqlarına, mətbəxə getməsi yeni günün pozitiv və maraqlı başlayacağından xəbər verir. On beş, on altı saat əvvəl sağollaşıb ayrılan adamlar bu gün bir-birləri ilə mehribancasına görüşür, zarafatlaşır, ərkyana söhbətlər edirlər.

Kulisdə həmişəki iş günü başlayır. Şərif gündəmi müzakirə edir:

- Bu gün Radio və televiziya işçilərinin peşə bayramıdır. Bəlkə APA TV-dən reportaj edək?

Cəld çevrilib baxıram. Nə düşündüyümü dərhal anlayır.

- Samirə bəlkə sən yazasan?

Qəribədir, Şərifin ötən il APA-nın ad günündə yazdığı reportajı oxuyandan ona qarşı qibtə hissi duymuşdum. Ağlımdan keçmişdi ki, mən də nə zamansa ya Lent.azdan, ya da APA TV-dən bir reportaj hazırlayaram. Niyə məhz APA TV? Çünki tv Lent.az-a baxanda bizdən bir az uzaqdır. Lent.az-la, necə deyərlər, həm qapı, həm də divar qonşusuyuq.

Görünür, televiziya, efir marağı və şöhrətpərəstlik hissinin də bu fikrin formalaşmasında xeyli rolu olub. Ancaq niyəsə reportaj məsələsində bir az da tərəddüd edirəm. APA TV kimi böyük kollektivin içərisinə sızmaq, kəşfiyyata getmək asan iş deyil.

“TV-çi”lərin nə zaman zarafat etdiklərini, nə zaman ciddi davrandıqlarını kəsdirmək bir az çətindir. Onlarla ünsiyyətdəsənsə, ciddiyyətini hər zaman “onlayn” saxlamalısan.

Bir-iki ürəkləndirici müzakirədən sonra diktafonu götürüb ikinci mərtəbəyə qalxıram. TV-nin rəhbəri Cavid İsmayılla elə dəhlizdəcə rastlaşıram. O, çəlimsiz təsir bağışlayan, amma xeyli çevik hərəkətlər edən Mir Çingizə nə barədəsə tapşırıq verir. Məni ikinci mərtəbədə nadir hallarda görən Cavid müəllim əli ilə gözlə işarəsi verir. Ardınca əlavə edir ki, danışmağa hələ vaxtı yoxdur. Bu an Mirmehdi Ağaoğlu sataşır gözümə. Harasa tələsir.



- Miri, hara gedirsən?

- Kilsəyə.

Əli ilə xaç çevirir. Həyatımda ilk dəfədir, xaç çevirən seyidlə rastlaşıram.

Fikrim qarışır, reportajı unuduram. Axı mən də az qala bir həftədir kilsələrin birindən reportaj etmək istəyirdim:

- Miri, bəlkə mən də gəlim? Kilsə söhbətlərini yaxşı bilirəm, “İncili”, Ekonun “Qızılgünlün adı”, Didronun “Rahibələr” romanlarını da oxumuşam. Hələ Tolstoyun, Dostoyevskinin əsələrini demirəm.

Miri:

- Mən də oxumuşam. Hələlik!

O, getməyində, mən çaşbaş qalmağımda, Cavid müəllim Mir Çingizə tapşırıq verməyindədir...

Cavid müəllimlə ilk tanışlığım virtual olub. Saç tökülməsi ilə bağlı bir statusun altında ona xeyli ürək-dirək verdiyimi xatırlayıram. Yaxşı mütaliəsi, dünyagörüşü olan erudisiyalı insandır. Rus dili bilgiləri isə ayrıca söhbətin mövzusudur. Cavid müəllim yaddaşımızda həm də Ermənistanın baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyana sual ünvanlayaraq onu çətin vəziyyətə salması ilə qalıb. Həmin videoya bir neçə dəfə diqqətlə baxmışam. Annanın məkrli baxışları altında Cavid müəllimin sualını birnəfəsə oxuması möhtəşəmdir. Həmin çıxış zamanı rus dilini çox yaxşı bilən Cavid müəllimin sualını vərəqdən oxuması mənə qəribə gəlmişdi. Bir dəfə səbəbini soruşdum, dedi:

- Rus dilində nə qədər təmiz bilsəm də danışanda aksentim hiss olunur. Ona görə, çıxışımı yazdım ki, sürətlə üzündən oxuyum, aksent hiss olunmasın. Moderator orda sözümü kəsdi, əsəbləşdim.

Kulisdə təzə-təzə oturuşduğumuz günlərin birində Cavid müəllim bizim otağa gəldi. Əlində “Xəzər” jurnalının 1990-cı ildə çıxmış nömrələri və bir-iki şeir kitabı vardı.

- Bu kitabları evdən tapmışam, fikirləşdim, bəlkə sizə lazım olar.

Hamımız birdən kitab və jurnalları qamarladıq. Sonra Cavid müəllimlə bir xatirə şəkli də çəkdirdik. Facebook-da paylaşanda müəllimin şəkildən xoşu gəlmədi, dərhal sildirdi. İncidik xeyli. Sonra gördük, təzədən otağımıza gəldi, dedi, uşaqlar, gəlin bir dəfə də şəkil çəkdirək. Ümid edirəm, bu dəfə yaxşı düşəcəm.

Xəbər otagında səhər vaxtıdır. İşçilər indi-indi oturuşmağa başlayır. Otaqdakı sərinlik məni üşüdür. Pəncərələrin açıq olması diqqətimi çəkir. “Üşümürsünüz?” - deyə soruşuram.

- Yox, özümüz açıq qoymuşuq, koronaya görə - Cavid müəllim pəncərəyə yaxın masasında əyləşərir.

Ardınca otaqdakılar haqda məlumat verir:

- Burada əsasən yaradıcı heyət oturur.

- Bəs o biri otaqlarda?

- Orada da “yaratmayıcı” heyət!

Gülüşürük. Üzdən hamını tanısam da, dəhlizdə, mətbəxdə hərdən gördüyüm Rüfət Həsənova yaxınlaşıram. Çay içir. Məni də çaya dəvət edir. Çox israrlı olduğunu görüb siyirməsindən manpasıya oxşar bir şirniyyat götürüb ağzıma atıram.

Cavid müəllim atmacasını öz masasından yollayır:

- Rüfət deputatlığa namizəd olub, amma onu hələ də tanımırlar.

Növbəti otağa keçirik. Bizim ən çox axtardığımız adamlardan biri ilə qarşılaşırıq - Hacı Elnarla. Elnar Şıxməmmədovla. O, TV-nin baş rejissorudur. Kulisin videoçəkilişlər olan günlərdə ən çox axtarılan adamdır.

Cavid müəllim yan otağa boylanır. Kiməsə müraciətlə deyir

- Axşam burda yatmışdın?

O da yuxulu səslə cavab verir:

- Yooox...

Nə qədər boylansam da otağın dərinliklərindən səsi gələn adamın üzünü görə bilmirəm.

Divardakı növbətçilik cədvəlinə nəzər salıb efir otağına keçirik. Cavid müəllim mikrofonu götürür:

- Bu mikrofon ancaq aparıcının eşitdiyi sözlər üçündür. Əsəbləşəndə də bununla danışıram.

- Son dəfə nə zaman əsəbləşmisiz?

- Çox olur...

Studiyaya giririk. Səs rejissoru Mürsəl Səbzəli öz-özünə deyinərək yerdən qoyulmuş şüşə masanın üzərindəki aparatları qaydaya salır. Mürsəl bəylə bu yaxınlarda tanış olmuşam. Cəbrayıl işğaldan azad olunanda mənim Cəbrayıllı olduğu bilib, təbrik etdi. Söhbət zamanı məlum oldu ki, uzun illər Cəbrayıl rayonunda milis rəisi işləyən Qara Rəşid ləqəbli Rəşid Məmmədov onun yaxın qohumudur.

- Səkkizinci ildir burada işləyirəm. Cavid müəllimlə işləmək əladır.

Ardınca əlavə edir:

- Allah Haqqı!

Cavid müəllim söz atır:

- Düzünü de, çəkinmə!

- Cavid müəllimlə işləyəndən maaşım artıb. Səmimi olaq da gərək.

Gülüşürük.

Efir rejissoru Orxan Bağırov da gəlib çıxır. Orxan Tolstoyun cavan vaxtını xatırladır. Onu görəndə adamın ağlına ilk gələn sual budur. Yazıçıdırmı? Əslində, yazıçı deyil, Cəfər Cabbarlının nəticəsi, Seyfəddin dağlının nəvəsidir.

Orxan ciddi-ciddi bizə yaxınlaşır. Sizi əmin edirəm, onun ciddiyyətinin altında güclü yumor var. İstehza, ironiya... Nə istəsən.

Cavid müəllimi tərifləməkdə Mürsəldən geri qalmır:

- Cavid müəllimlə eyni kollektivdə işləmək gözəldir!

- Hamınız tərifləyirsiniz. APA-nın 15 yaşında da ən çox alqış Cavid müəllimin çıxışına gəldi.

- Əladır də! - deyib, müdirini qucaqlayır. Ardınca əlavə edir - Müəllim, bu gün icazə verin, gedim. İcazə versəniz, sizi super tərifləyərəm. Sizdən saatlarla danışaram e!

Fotoqraf Nicat Əlili ardımızca addımlayır. Şəkilləri çəkir. Orxanın harda oturmasını müəyyənləşdiririk. Cavid müəllim qərar verir. Orxan keç otur öz yerində, təsəvvür elə ki, rejissorsan.

Çəkiliş otağına baxanda “APAralel” verilişinin masalarını görürəm. Bu otaqdan bir neçə veriliş üçün istifadə olunur.

APAralel”in aparıcısı İlqar müəllim uşaqlığımızın ən gözəl çağlarının ulduzudur. İlqar müəllimi “Dalğa” verilişindən tanıyırıq. Sonralar onun Joze Saramaqodan, Salman Rüşdidən möhtəşəm tərcümələrini oxudum. Saramaqonun “İsanın incili” romanını oxuyandan sonra tərcümənin keyfiyyəti məni xeyli heyrətləndirmişdi. Yadıma gəlir, APA-nın yubileyində mikrofonu götürən kimi belə demişdi

- Meşədə mən yaşda ağac da qalmayıb!

İlqar müəllim həm ədəbiyyatın, həm də efirin ağsaqqalıdır. Mən onu yaşlı yox, həmişəyaşıl ağaca bənzədərdim.

Studiya operatoru Xəqani Hüseynovu xatırlayıram. Müharibə başlanandan Xəqani bizim otağa gəlirdi. Hər dəfə hansısa rayon işğaldan azad olunanda Xəqani mütləq gəlib təftiş xarakterli söhbətlər edir. Paşinyanla ən maraqlı zarafatların müəllifidir. Xəstələnəndə, öz-özümə düşündüm, Paşinyanın qarğışı tutdu.

Paşinyana ölüm, Xəqaniyə can sağlığı!

Cavid müəllim deyir, işimiz çox olduğu üçün bütün əməkdaşlar öz işini yüksək səviyyədə görmək məcburiyyətindədir:

- Texniki problemlər hər yerdə olur. Dünyanın heç bir yerində texnika üçün qarantiya yoxdur. Amma verilən tapşırıqların vaxtında icrası, operativliyi artıq peşəkarlıq tələb edir. Burada ideya generatoru deyə bir fikir yoxdur. İdeya müxbirlər tərəfindən də gəlir, bizim tərəfimizdən də. Rəisin - Vüsalə Mahirqızının da ideyaları olur. Amma müxbir nə qədər təşəbbüskar olsa, bir o qədər yaxşıdır.

APA TV-nin layihə rəhbəri Orxan Məmmədliyə üz tuturam. Orxan bəy həmişəki kimi ciddidir. Deməzsən, arada gitara ilə səmimi musiqilər ifa edən bu adamdır. Kulisdə yazılarını da oxuyuram arada. Orxanın TV-yə, ümumiyyətlə mətbuata gəlişi uzun illər jurnalist kimi fəaliyyət göstərən atası, ustad jurnalist Məmməd Nazimoğlu ilə bağlı olmasın? Soruşuram. Cavabı gözlənilməz olur:

- Çingiz Mustafayevlə. Çingiz şəhid olanda yeddi yaşım vardı. Onun kadrlarını dəfələrlə izləmişəm. Məndə yaratdığı əhval həmişə qalıcı olub.

Orxanın layihə rəhbəri olduğu verilişlərdən biri də Qarabağ şəhidlərindən hazırlanan “Ocaq əmanəti” verilişidir. Aparıcı Nuranə Namazova 2016-cı ilin aprel döyüşlərində şəhid olan baş leytenant Elvin Namazovun həyat yoldaşıdır. Cəmi yeddi ay ailəli olublar.

Bu məqamda əslən Şuşadan olan hüquqşünas Şamil Paşayevdən danışmasam olmaz. Şamil “Hüquq vaxtı” verilişinin aparıcısıdır. Hərdən Kulisə gəlir. Otaq boyu boylanıb kəskin, ümidqırıcı bir söz deyib gedir.

Bir ara xeyli gözə görünmədi, Şərif dedi, Şamil də buralarda yoxdur ki, gəlib ümidlərimizi qıra.

Şamil bir də Azərbaycan ədəbiyyatının bugünkü günü ilə bağlı israrlı tənqidi fikirləri ilə yadda qalıb. Efirdə veriliş aparsa da hüquqşünaslıq fəaliyyəti ilə də məşğuldur. Bəzən zarafatla soruşuruq:

- Hüquq oxudun ki, aparıcı olasan??

- Yaxınlarda yüksək vəzifəyə gedəcəm.

O da zarafatından qalmır. Bizə ümidsiz şeylər danışsa da özü ümidlidir. İllah da Şuşayla bağlı xoş xəbərlər gözlədiyimizi bu günlərdə.

Montajçı Cəbrayıl APA TV-nin ən gənc və ən maraqlı insanlarındandır. Təmiz bakılı olduğu üçün meyxana söhbətlərini dərindən bilir. Yadıma gəlir, bir dəfə onunla meyxanaçı Nizami Rəmzidən tutmuş, Məşədibabaya, Orxan Lökbatanlıya qədər hamıdan söhbət etmişdik. Meyxana bilgilərimlə onu xeyli təəccübləndirmişdim, amma həm də ondan maraqlı şeylər öyrənmişdim.

Cəbrayıl işinin peşəkarıdır. Dediyinə görə, iş prosesi zamanı ən azı üç-dörd qəliz proqramdan istifadə edir. Və nəzərə alın ki, bunların hamısını fərdi olaraq öyrənib. “Bəzən elə olub, bir dəqiqəlik anonsun iki saniyəsini yığmaqdan ötrü dörd saat işləmişəm” deyir bizim Cəbi.

APA TV-nin ulduz aparıcısı, əməkdar jurnalist Sevinc Vaqifqızı deyir, internet televiziyası kimi APA TV onun təcrübəsində ilk olub.

- Uzun illər televiziya sahəsində işləsəm də APA TV mənim üçün bir yenilik idi. Xəbərə yanaşma tərzi digər TV-lərdən fərqlidir. Burada əsas güc xəbərə verilir. Yəni, reportajın əsasını da xəbərlər təşkil edir. APA TV mənə onu öyrətdi ki, müxbir reportaja faktla da başlaya bilər. TV-yə olan sevgimi bir cümlə ilə ifadə edə bilərəm: yaşadığım hər hansı bir problemi, yorğunluğu onun qapısından içəri keçəndə unuduram. Problemlərin əlində ən aciz qaldığım vaxtda da bu belə olub. Bizim uğurumuz həm də ondadır ki, biz ən ciddi işi də gülə-gülə, sevinə-sevinə görürük. Əgər biz həmin vaxt gülə, sevinə bilmiriksə, o ciddiyyətin altında dözmərik.

Sevinc söhbətini bitirir, qarşısındakı çaydan içir, kulyokdakı hazır qoğalı çıxarır.

- Samirə, başqa sualın yoxdursa, gülə-gülə, gələn görüşlərə qədər.

“Öncə sağlıq”ın aparıcısı İqrar Eyvazova yanaşıram. Ürək sözlərini demək üçün bir az düşünür. Radioda işə başlamasından danışır. Bu an Cavid müəllim peyda olur:

- Sənin bura qədərki fəaliyyətin heç kimə lazım deyil. Başa düşdün? Səni camaat burda tanıyıb.

- Elə bildim, mənim adımı təqvimə salmaq istəyirsiniz.

Hiss edirəm ki, onlar artıq TV-yə xas zarafatlarını işə salıblar.

- Müxtəlif kollektivlərlə işləmişəm. Hərəsinin öz yeri var, amma APA-nın yeri başqadır. Burda hər şey ürəyimcədir. Cəbhə xəbərlərinə çıxıram. İnşallah bütün torpaqlarımızın işğaldan azad olunma xəbərini də mən verərəm.

TV-nin qrim otağı bütün xanımlar üçün maraqlı məkandır. Arada biz də redaktorun gözündən yayınıb qrim ustası Nuranəni yanlayırıq, gözəlliyin sirlərindən, ən son çıxan kremlərdən, pudralardan danışırıq. APA-da Nuranənin əlinin hikmətini görməyən çox az xanım olar. Allah üçün, işinin öhdəsindən çox yaxşı gəlir.

İlahə Vəliyeva APA TV yaranandan işləyən kadrlardandır. Parlament müxbiri kimi fəaliyyət göstərir.

- Burda belədir ki, kimin materialı hazırdırsa, mütləq efirə getməlidir. İşimiz çox dinamikdir. Dincliyimiz də elə kollektivimizlə olur. Zarafat eləməsək, çətin olar. Bizə təzə gələn uşaqlar təəccüblə soruşurlar ki, siz neçə ildir birlikdə işləyirsiniz? Beş, yeddi, on il işlədiyim həmkarlarım var. Bizim zarafatlarımız da doğmalaşıb.

Baxıram, APA TV-ni yazmaqla bitirə bilməyəcəm, diktafonumu da götürüb aradan çıxıram. Fotoqraf Nicat Əlili arxamca yüyürür:

- Samirə xanım, şəkillər qaldı!

# 5885 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #