Qardaşımı gözləyərkən...

Qardaşımı gözləyərkən...
19 aprel 2013
# 17:16

Hərbi komissarlığın önü yavaş-yavaş boşalmağa başladı. Hamını yola saldılar. Mənə və başqa iki nəfərə dedilər ki, siz taksi tutub gedin. Bizi komissarlıqdan bir gizir müşayiət edəcəkdi. Naxçıvana düşən əsgərləri əvvəlcə Biləcəriyə, ordan da yük təyyarəsi ilə Naxçıvana aparırdılar. Biz də Biləcəriyə taksi tutub getməli idik.

Hava çox isti idi.

Əvvəlcə məni yola salmağa gələn dostlarım yoxa çıxmağa başladı. Hər kəs bir bəhanə ilə sağollaşıb getdi. Sonra əmim qolumdan tutub, məni kənara çəkdi. Cibindən iyirmi manat çıxardıb, zorla da olsa cibimə dürtdü və mənə baxıb gülümsədi:

- Hə ,əminin balası ,əsgər gedirsən. Əməlli-başlı kişi oldun e-dedi.

Nəsə demək istədim, ağlıma fərli-başlı bir söz gəlmədi. Susdum. Vacib məqamlarda nəsə demək yerinə həmişə susardım. Susmaq xasiyyətim deyildi, sadəcə bir söz deməyə gücüm çatmırdı. Ağlamaq tuturdu məni.

Əmim susduğumu görüb, davam elədi:

- Qardaşın işdən çıxıb. Zəng elədik, dedi ki, yoldayam, gəlirəm. Onu gözləyirik. Gəlsin, sənlə görüşsün, sonra get.

O bu sözləri dedikdən sonra siqnal səsi eşitdik. Nağıllardakı kimi səs gələn tərəfə baxdıq, komissarlığın qarşısında bir taksi bizi gözləyirdi. Gizir hardansa taksi tutmuşdu. O və yol yoldaşlarım taksiyə oturub, mənim gəlməyimi gözləyirdilər.

Qardaşım gecikirdi.

Taksinin gözlədiyini görən əmim giziri bir kənara çəkib, onun cibinə pul basdı ki, bir az da gözləsinlər. Gizir əvvəlcə qeyri-səmimi etiraz eləsə də, sonra arsız-arsız gülümsəyib heç nə demədi. Mən hirsləndim.

Nənəm və anamın altdan-altdan ağladığını gördüm. Onların ağlamağı məni bir az daha hirsləndirdi. Getmək istəyirdim. Ona görə də tez onlara yaxınlaşıb, əvvəlcə nənəmi, sonra da anamı qucaqladım. Taksiyə tərəf gedəndə əmimin əlini sıxıb “sağ ol” dedim, qolumdan tutdu:

- Hara gedirsən? Gözlə qardaşın gəlsin. Gizirə hörmət eləmişik, gözləyəcəklər bizi...

Hirsliydim, cıq eləsəydi, hirsimdən ağlayacaqdım. Ağlamaq istədiyimi gizlətmək üçün üzümü turşutdum, və tez onun əlindən sivişib, taksiyə oturdum. Qapını bağladım.

Nənəmlə anam hələ də ağlayırdı.

Şofer çaş-baş qalıb, gizir tərəfə baxdı. Gizir də sual dolu baxışlarla əmimə baxdı. Əmim hirsli-hirsli “gedin” dedi.

Taksi yerindən tərpəndi. Arxaya çevrilib baxmaq istədim, amma yanımda oturanların gülümsədiyini görüb, arxaya çevrilmədim. Sonralar onlarla belə sağollaşdığım üçün peşman olacaqdım. Əsgərlikdən zəng edib danışanda üzlərinə deməsəm də daxilən hamısından üzr istəyəcəkdim.

Taksi komissarlıqdan uzaqlaşdıqdan sonra ilk işıqforda durdu. Elə bu anda qardaşımı gördüm. Qaça-qaça işıqforu keçirdi. Təsadüfən gözü taksiyə sataşdı və məni gördü. Mən də əlimi yellədərək ona “sağ ol” dedim. O isə təəccüblə başını yellətdi. Sanki qardaşını yox ,tanımadığı bir insanı görmüşdü. Özümü tox tutub, ona göz vurdum, sonra da gülümsədim. İşıqforda yaşıl işıq yandı. Taksi yerindən tərpəndi. Qardaşım isə üzünü çevirib komissarlıq tərəfə qaçmağa başladı.

Radioda “Bayatılar” mahnısı səslənirdi.

Hava çox isti idi.

# 2735 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #