Mənə ilk sevgilisindən danışırdı... – Adil İskəndərovun Səməd Vurğun XATİRƏSİ

Mənə ilk sevgilisindən danışırdı... – <span style="color:red;">Adil İskəndərovun Səməd Vurğun XATİRƏSİ
27 may 2017
# 12:00

Bu gün Səməd Vurğunun ölüm günüdür. Kulis.az bu münasibətlə 1976-cı ildə “Azərbaycan” jurnalında (9-cu nömrə) çap olunmuş, aktyorların Səməd Vurğun haqqında xatirələrindən Xalq artisti Adil İskəndərovun xatirəsini təqdim edir.

Mən Səmədi Gəncədən tanıyıram. O vaxtlar Mehdixan müəllif rabfakda (fəhlə fakültəsi – red.) tarixdən dərs deyirdi. Səməd də həmişə onun yanında olardı. Səmədin ən qayğısız illərinin şahidiyəm. O vaxtlar Səməd Qazaxı, Gəncəni qarış-qarış gəzərdi. Dilcan meşəsindən, Qarayazıdan, Göy göldən ürəkdolusu söhbətlər edərdi. Hələ o vaxtlar Səməd barlı-bəhrəli Azərbaycan təbiətinin, maral buynuzlu dağların, bərəkətli bağların, ceyran gözlü bulaqların, bir də ki, bütün bunların tacı Dürrənin vurğunu idi. Dillərə düşmüşdü onun məhəbbəti. Məni görəndə həmişə Dürrəyə bəslədiyi saf məhəbbətindən, ilkinlik, bakirəlik, ülvilikdən danışırdı.

Onunla yaradıcılıq dostluğumuz “Vaqif” pyesi ilə başlanır. Düzdür, həmin vaxtadək Səmədlə Moskvada da tez-tez görüşlərimiz olurdu. Amma teatrda işə başlayan ilk günlərdə Səmədlə daha tez-tez məsləhətləşirdik. Otuzuncu illərin sonlarında Azərbaycan teatrında, orijinal əsərlərə böyük ehtiyac duyulurdu. Bu problem Səmədi yamanca narahat edirdi. Səməd həmin illərdə bütün söhbətləri bu mövzu ilə bağlayır, “teatrı teatr edən orijinal əsərlərdir” – deyirdi.

Doğrudan da, Cəfər Cabbarlının ölümündən sonra yeni dram əsərləri yazılmırdı. Hüseyn Cavid də yox idi... Düzdür, həmin dövrdə Mirzə İbrahimov da, Səməd Vurğun da sevilə-sevilə oxunan əsərlər yazırdılar. Lakin onların heç biri hələ öz qələmlərini bu janrda sınamamışdılar. Səməd belə çətin anlarda özünəməxsus müdrikliklə bu boşluğu doldurmaq üçün ciddi cəhdlər göstərir, yeni, orijinal dram əsərlərinin yaradılması və səhnəyə qoyulması uğrunda fəal mübarizə aparırdı. Bütün yazıçılara tövsiyəsi bu idi ki, milli teatrın çiçəklənməsi naminə hər bir qələm ustası bütün qüvvə və bacarığını yazıçılıq məharəti və istedadını bu sahədə səfərbərliyə alsın. Mən, cəsarətlə deyə bilərəm ki, onun səyləri nəticəsində Mirzə İbrahimovun “Həyat” pyesi müvəffəqiyyətlə tamaşaya qoyuldu.

O, əsərin bütün məşqlərində iştirak edirdi. Mirzə İbrahimovun əsərinin tamaşaya qoyulmasından bir qədər sonra Səməd Vurğun teatrımız üçün ildə bir əsər yazacağına söz verdi. İlk illərdə belə də oldu. Müharibə başlanmasaydı, yəqin ki, Səməd əhdinə sadiq qalacaqdı...

Səməd Vurğun ilk dram əsəri “Vaqif”i 1938-ci ildə səhnəmizə təqdim etdi. Bu əsər haqqında bir rejissor kimi nə deyə bilərəm? Çətin sualdır. “Vaqif” monumental ədəbi abidədir. Pyesdəki obrazların hamısı tamamlanmışdır, bədii cəhətdən çox kamildir. “Vaqif” aktyor yetişdirilməsi işində müstəsna əhəmiyyətə, böyük qüvvəyə malikdir. Əsərdə Şekspir pyeslərinə xas olan çoxplanlıqla yanaşı, geniş mənada müasirlik ruhu hakimdir. Mən müasirliyi geniş mənada necə başa düşürəm? Mənə elə gəlir ki, daim yaşayan əsər müasirdir. Məlumdur ki, hər bir yeni, müasir əsər daimi olmaya bilər.

“Vaqif”dən danışırıq, amma bu əsərlə bağlı o qədər xatirəm var ki, danışmaqla bitməz. Əlbəttə, onların hər birini təfərrüatı ilə danışsam, gərək üç gün üç gecə yatmayasan. Bir də ki, Səməd özü də bir şirin, lirik şeirə bənzəyir. Onu dönə-dönə oxumaq olar... Ondan istədiyin qədər danışa bilərsən, nə özün usanarsan, nə də həmsöhbətin.

Səmədin üç dram əsəri üzərində işləmişəm. “Vaqif”, “Xanlar”, “Fərhad və Şirin” əsərlərinin quruluşunu vermişəm. Bu əsərlər üzərində birgə işləmişik. Müxtəlif mövzulara həsr olunmuş bu pyeslərin hərəsinin 30-dan çox qəhrəmanı varsa da, onlar öz səsi fərdi cizgiləri, xüsusiyyətləri ilə bir-birindən kəskin şəkildə seçilirlər. Səmədin yaratdığı epizodik surətlər də plastik, yaddaqalandır. Burada bir hadisə yadıma düşdü.

Səməd bütün məşqlərdə iştirak edərdi. “Vaqif”də Sidqinin belə məşqlərin biri zamanı mənə yaxınlaşdığını görüb soruşdu:

- Ayə, Adil, nə istəyir o Sidqi?

Dedim:

- Səməd, bir-iki misra artıq söz istəyir.

Səməd bu saat deyib qələmini işə saldı. Oraya-buraya vurnuxan, hiddətindən gözləri hədəqəsindən çıxmış Sidqinin əhval-ruhiyyəsinə son dərəcə uyğun gələn, eləcə də əsərin dramaturgiyası ilə səsləşən, çox yerinə düşən aşağıdakı misraları yazıb Sidqiyə verdi:

Xeyr, fəzilətdən dəm vurma, vəzir,

Dayan bir qul kimi əmrə müntəzir!

Bil ki, balıq qədər canım soyuqdur.

Min vəz eləsən də mənası yoxdur...

Bir boynu olsaydı bəşəriyyətin,

Onu bir qılıncla vurardım yəqin.

Sidqinin sevincinin həddi-hüdudu yox idi. Səməd məşq zamanı o qədər belə parçalar, uğurlu, müvəffəqiyyətli şeirlər yazırdı ki... Mizanları dəyişmək istəyəndə yeni, lakonik, yerinə görə uyarlı şeir parçası bir an içərisində hazır olurdu.

Bir gün yamanca yorulmuşduq. Teatrdan çıxıb evə yollandıq. Yolüstü Səmədin çox sevdiyi “Novıyevropa” restoranına baş çəkdik. Sonra yenə də Səməd “Vaqif”dəki 6-cı şəklə qayıtdı. Nə isə, həmin şəklin səhnə təcəssümü alınmırdı ki, alınmırdı. Gəldik evə. O vaxt Səməd bizimlə bir binada yaşayırdı. Bir vaxt gördüm ki, qapı döyülür. Açdım. Səməd idi: “Ayə bilirsənmi, bu altıncı şəkil mənə rahatlıq vermir. Al bu da sənin 6-cı şəklin. Oxu, gör xoşuna gəlirmi?”

Bütün gün bizi əldən salan bu şəklin səhnə həllinin belə qısa bir vaxtda tapılması, əlbəttə, məni təəccübləndirməyə bilməzdi. Mat-məəttəl qalmışdım. Səmədlə həmin gecə mənzilimizdə saat 2-dək oturub, demək olar ki, bir iş günü ərzində həll edə bilmədiyimiz müşkülatı aradan qaldırdıq. Səməd dedi:

- Ayə, Adil, daha nə istəyirsən məndən?

Dedim:

- Səməd, sağ ol! Var ol! Heç bir istəyim yoxdur. Amma bir söz soruşmaq istəyirəm.

- Lap iki yüzünü soruş, ayə. – dedi.

Dedim:

- Ay Səməd, haradan çıxır bu qədər söz, bu qədər dərin hikmət. Bu varın, bu sərvətin harada gizlənir? Hardan gəlir bu sözlər?

Səməd yumruğunu sıxıb dedi:

- Bu böyüklükdə bir ürəkdən.

Fikir dəryası idi Səməd. Dalğalanırdı onun yumruq boyda ürəyində, dərya beynində fikirlər, səmimi duyğular. Ətrafdakıların uğuruna sevinən, onu dərhal qiymətləndirən Səməd öz müvəffəqiyyətinə - gözəl şeirlərinə biganə qalırdı. Bir anda üç-dörd səhifəlik tez-tez qaralamalar edir, sonra da onları cırıb atırdı. Yana-yana qalırdım. Deyirdim, ay Səməd, niyə cırıb atırsan o vərəqləri. Axı, bu səhnə üçün, bu situasiya üçün yerinə düşməsə də, bir şeir kimi çox dəyərlidir.

Deyirdi:

- Ay Adil, niyə narahat olursan? Ayə nə qədər istəsən varımdır. Bunun fikrini niyə çəkirsən, ağrın alım.

Səməd Vurğun nadir istedad idi....

Saçları dalğın, pəjmürdə pərişan... Onun əlləri həmişə o pırtlaq saçlarını oxşayardı. Daraq əvəzinə barmaqlarını şanalayıb saçlarına sığal çəkərdi. Səmədin saçları kimi özü də daim dalğın, fikirli görünərdi.

Uzun illər bir yerdə işləmiş, birgə sevinmiş, hər dəfə yeni tamaşa hazır olanda birgə dincəlib nəfəs almışıq.

Səmədin pyesləri səhnəmizdə monumental tamaşalar yaratmağa əsas verdi, eyni zamanda, gənc aktyorların yetişməsinə, yaşlı nəslin isə püxtələşməsinə imkan yaratdı.

Bu əsərlərin səhnə ömrünün uzun olması şairin həmin pyeslərə sərf etdiyi böyük, gərgin yaradıcı əməyi ilə izah olunmalıdır. Lakin Səməd yalnız həmin əsərlərin yazılmasında deyil, eləcə də səhnəyə qoyulmasında böyük əzmkarlıq göstərmişdir. Özü də lojada oturmazdı. Artistlərə qaynayıb qarışardı. Araya çıxan çatışmazlığı elə oradaca, göz qırpımında həll edərdi. Artistlərin oyunu alınmadıqda, onlardan çox Səməd təlaş keçirərdi. Uğurlu səhnələrin məşqində isə Səməd elə qəribə, elə şən əhval-ruhiyyəli olurdu ki... Uşaq kimi sevinirdi. Səhnəyə cumub artistləri bağrına basar, öpər, onlara öz minnətdarlığını bildirərdi.

Deyərdim:

- Lazım deyil, qada, həddindən çox şirnikdirmə onları. Artistin bugünkü müvəffəqiyyəti sabah üçün hazırlıqdır. Qoy məşq etsinlər.

Eyni ehtirasla məni bağrına basıb deyərdi:

- Ayə, necə dilin gəlir, necə qıyırsan? Niyə elə deyirsən? Bunun köməyi olmazmı? Qoy ruhlansın artist.

Deyərdim:

- Əsas meyar tamaşaçının fikridir. Artist xalqın sevgisindən, alqışından ruhlanar. Hələ gəl gözləyək.

Sözümü elə səmimiyyətlə saxlayıb düzəliş edirdi ki, onun məntiqi qarşısında susmalı olurdum:

- Ay Adil, bəs biz kimik? Əslinə baxsan, ən tələbkar tamaşaçı elə biz özümüzük.

Səməd belə Səməd idi... Fikir dəryası idi Səməd. Onun beynində, qəlbində həmişə yeni duyğular, fikirlər dağlanırdı.

# 1324 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #