Şoka düşən Bakı, diri-diri yanan əsgərlər, 5 dəqiqənin hökmü - Səbuhi Sədəf yazır...

 Şoka düşən Bakı, diri-diri yanan əsgərlər, 5 dəqiqənin hökmü - Səbuhi Sədəf yazır...
18 oktyabr 2019
# 16:16

- Zil qaranlıq idi. Göz-gözü görmürdü. Amma biz onun düşdüyü yeri təxmin edirdik. 15 dəqiqədən sonra suyun üzərində yırğalanan metal parçasını gördük. Qışqırmağa, haylamağa başladıq. Amma heç hardan səs gəlmədi. Dəniz onları udmuşdu.

Bunu sonralar xilasetmə stansiyasının rəisi Nazim Həşimov deyəcəkdi. Amma rəis bir məqamda yanılırdı. Onları dəniz udmamışdı. Onlar göydəcə külə dönmüşdülər.

30 il əvvəl gecə saatlarında Bakıda, daha dəqiqi Xəzərin üzərində dəhşətli partlayış baş vermişdi.

SSRİ Hərbi Desant Qüvvələrinin 218-ci alayının 8-ci bölüyünü Bakıdan Ukraynaya aparan İL-76 hərbi-nəqliyyat təyyarəsi havaya qalxdıqdan 5 dəqiqə sonra qəzaya uğramışdı. 1600 metr yüksəklikdə təyyarənin sağ mühərriki alışaraq qopmuş, alov yanacaq çəninə keçmiş, sonucda təyyarə partlayaraq Xəzərə düşmüşdü.

***

Təyyarə o vaxtkı “Nasosnı” (H.Z.Tağıyev-S.S.) aerodromundan havaya qalxmışdı. İçərisində doqquzu ekipaj üzvü olmaqla 57 nəfər vardı. Dislokasiya yerləri Ukraynanın Bolqrad şəhəri olan 218-ci alayının 8-ci bölüyü 1988-ci ilin martından Azərbaycanda xidməti ezamiyyətdəydi. Özü də Qarabağda.

Əslində İL-76-da başqa bir bölükdə uçmalıydı. Amma son anda həmin bölüyün başqa təyyarəylə aparılmasına qərar verilib. Yerdən qalxandan 5 dəqiqə sonra partlamışdı təyyarə. Və təsəvvür edirsinizmi, təyyarə havaya qalxır, partlayır və sən əsgər yoldaşlarının göydə necə yandığını görürsən.

Hazırki əsas şəkil

Təyyarə vur-tut 1600 metrlikdə qəfil alovlanır və partlayaraq yerə düşür. İL-76-nın göydə parçalanmasını Bakı və Sumqayıt sakinləri də görmüşdülər, həmin vaxt. Amma nə baş verdiyini anlamayıblar, sadəcə şokdaydılar. Çünki partlayış ani baş vermişdi.

Təyyarənin qara qutusu açılandan sonra pilotlardan birinin ekipajın komandiriylə belə bir dialoqunun olması məlum olmuşdu. Pilot Aleksandr Andriyaşa komandirə belə deyir:

- Komandir, sağ qanadımız yanır.

- Yanğınsöndürmə qurğusunu təcili işə salın.

Elə də edirlər. Amma…

Amma yanğın o qədər güclü olur ki, qısa müddətdə kabinəyə və yanacaq çəninə keçir. Sonradan təyyarənin qalıqları tapılanda, qəzanın səbəbləri araşdırılanda mütəxəssislər heyrətə gələcəkdilər düşəcəkdilər. Sən demə, Andriyaşa komandirə təyyarədəki durumla sonuncu məlumatı ötürəndə…kabinədə hərarət 180 dərəcəyə çatıbmış. Bu, inanılmaz olsa da, beləymiş.

Ekspertlərin fikrincə Saşa və komandir Aleksandr Kalmıkov xilas ola bilərmişlər. Andriyaşanın meyiti kabinədə tapılmışdı, dənizin dibində. O, sonacan təyyarəni xilas etməyə çalışmışdı, yanan yoldaşlarını təyyarədə qoyub katapult etməyi ağlından belə keçirməmişdi.

Təyyarənin qara qutusu oxunarkən o da məlum olmuşdu ki, ekipaj üzvləri arasında sonucu sözləri bort-mexanik Aleksandr Pesteryov deyib:

- Komandir, qapılar və lyuklar açıq vəziyyətdədi…

Qəzanın səbəbi araşdırılarkən təyyarənin D-30KP mühərrikində nasazlığın olması üzə çıxmışdı. Bu dəhşətli qəzaya görə, heç kim məsuliyyətə cəlb olunmamışdı.

Amma o da faktdır ki, İl-76 dövrünün ən müasir təyyarələrindən hesab edilirdi. Bu təyyarə təkcə şəxsi heyəti yox, müxtəlif növ texnikanı da daşımaq gücünə malik idi. Təsadüfi deyil ki, təyyarədə bölüyün əsgərləri ilə yanaşı iki hərbi texnikada var idi.

İL-76 ümumiyyətlə 60 tona yaxın yük götürə və bu yükü 4200 kilometr məsafəyədək daşıya bilirdi. Təyyarənin maksimal sürəti isə saatda 800 kilometr təşkil edirdi.

Qəzada həlak olanların hamısı ölümündən sonra “İgidliyə görə” medalıyla təltif edilmişdilər. Onların xatirəsinə Bolqrad şəhərində xatirə abidəsi ucaldılmışdı. Amma…

Amma 2008-ci ilin elə bu günü, yəni oktyabrın 18-də naməlum şəxslər Bolqraddakı bu abidənin üstündəki xatirə lövhəsini dağıtmışdılar. Təxminən 100 kiloqrama yaxın və əlvan metaldan ibrət lövhəni dağıtmaqda məqsəd oğurlayıb satmaq olmuşdu. Amma ağır olduğundan uzağa gedə bilməmişdilər. Yaxınlıqdakı parkda atıb getmişdilər...

# 4970 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #