Elşad Miri: “Tarixdə qıza Məhəmməd adı qoymaq faktı yoxdur”

Elşad Miri: “Tarixdə qıza Məhəmməd adı qoymaq faktı yoxdur”
17 noyabr 2015
# 16:44

Son beş ildə Azərbaycanda xeyli sayda yeni doğulan qıza oğlan, oğlana isə qız adı qoyulub.

Ədliyyə Nazirliyinin mətbuata açıqlanan statistikasına görə, 7 oğlana Aygün, 4 qıza Səxavət, 3 qıza Ədalət, 25 qıza Nurlan, 4 qıza Rövşən, 23 qıza Hüseyn, eyni zamanda, daha 23 qıza Məhəmməd, 86 oğlana Zəhra adı verilib.

Kulis bu məsələsi ilə bağlı ilahiyyatçı Elşad Mirinin fikirlərini öyrənib.

“Bu mövzu ilə bağlı bir məsələni qeyd edim ki, ümumiyyətlə islam dinində peyğəmbərimizin tövsiyəsi var ki, uşaqlarınıza gözəl adlar verin, insanlar o adlarla adlandırılacaqlar. Əfsus olsun ki, bu gün sizin qeyd elədiyiniz məsələlər var. Deyək ki, uşaqlarına həm oğlan, həm də qız üçün istifadə olunan Arzu, Pərvin adı qoyurlar. Bu cür adlara həmişə rast gəlmişik. Günümüzdə də belə adı olan insanlar var. Siz dediyiniz məsələlərə isə ilk dəfə rastlaşsam da həqiqətən çox biabırçı formadır. Valideynlər öz düşüncələrinə uyğun olaraq adı elə seçirlər ki, sabahları uşaqlar böyüyəndə psixoloji travma kimi bundan əziyyət çəkmiş olurlar.

Tarixdə qıza Məhəmməd adı qoymaq faktı yoxdur. İlk dəfə eşidirəm ki, oğlana Zəhra, qıza Məhəmməd, Həsən adı qoyulur. Bu qədər tarix mənbə oxumuşam, xarici ölkələrdə olmuşam belə fakta heç yerdə rast gəlməmişəm.

Peyğəmbərimiz nəvələrinə “gözəl” anlamına gələn Həsən, Hüseyn, oğluna İbrahim adı qoyub. Peyğəmbərliyindən əvvəl isə övladlarına Fatimə, Ruqiyyə, Ümgülsüm, Zeynəb kimi ərəblərdə bilinən məşhur adları qoymuşdu. Peyğəmbərimiz tövsiyə edirdi ki, Allahın adlarını qoyarkən belə qarşısına Abdul kimi kəlmələr əlavə edin, məsələn, Abdulrəhman, “Rəhmanın bəndəsi” deməkdir. Yəni peyğəmbərimizin bu cür tövsiyələri var idi. Amma qıza oğlan adı, oğlana qız adı qoyulması absurddur. Bu məsələdə valideynlər diqqətli olmalıdır. Uşaqlara elə adlar qoyulmalıdır ki, sabah uşaqlar məktəbdə, ictimaiyyət içində lağ obyekti olmasınlar. Bəziləri fərqlənmək üçün müxtəlif adlar qoyur. Adam var, hansısa bir ispan futbol komandasına pərəstiş edir deyə Raulun adını öz oğluna qoyur. Bu təcrübələr var. Bəziləri də var ki, Helen kimi tanınır, amma sonradan öyrənirsən ki, adı Helen yox, Xədicə imiş. Tutalım nənəsinin adın qoyublar ona, bəyənmir. Oğlana qız adı qoymaq isə çox ciddi məsələdir. Bəzi cinsi azlıq nümayəndələri var ki, kişi adının sonluğuna “ışka-mışka” əlavə edib trasa çıxırlar. Bundan çəkinməyi tövsiyə edirəm. Həqiqətən bu məsələlərdə ailədəki, nəsildəki ağsaqqallara, ağbirçəklərə qulaq asmaq, amma bununla belə yenə deyirəm öz fikirləri ilə birgə formalaşdırıb uşağa ad qoymaq daha düzgün olardı. Məsələn, özümdən misal verim. Övladlarım dünyaya gələndə valideynlərimə-atama yaxınlaşıb dedim ki, ata, icazə versəydin seçdiyim adlar var, onları qoymaq istərdim. Soruşdu nə ad qoymaq istəyirsən. Dedim Məryəm. Bəyəndi. Məryəm, İsa peyğəmbərin anası, Qurani-Kərimdə adı çəkilən yeganə qadındır. Digər qızıma “Dədə-Qorqud”dan Selcan adını qoydum. Oğluma yenə də məşhur peyğəmbər adı olan Yəhya qoydum. Çalışdıq ki, həm dinimizə həm də adətimizə uyğun olsun. Yoxsa adam var fikirləşir ki, oğlum olacaq adını Ramil qoyacam, amma qızı olur Ramilə qoyur və ya İlqar, İlqarə, Cəmil Cəmilə olur. Yəni adları bu şəkildə formalaşdırırlar. Düzdür bunların bir çox elə qız adıdır, misal üçün Cəmilə. Amma müxtəlif adlar var ki, bunlar həqiqətən uyğun gəlmir.”

# 1302 dəfə oxunub

Müəllifin son yazıları

# # #