Onun sənət və həyat prinsipləri - Elçinin doğum gününə

Onun sənət və həyat prinsipləri - Elçinin doğum gününə
14 may 2022
# 15:00

Kulis.az Abid Tahirlinin Xalq yazıçısı Elçinin doğum günü üçün yazdığı ad günü yazısını təqdim edir.

Ölkəmizdə və xaricdə Xalq yazıçısı, görkəmli tənqidçi Elçinin həyat və yaradıcılığı haqqında nüfuzlu ədəbiyyatşünaslar, mədəniyyət xadimləri, publisistlər tərəfindən çoxsaylı məqalələr yazılıb, kitablar nəşr olunub, elmi-tədqiqat əsərləri qələmə alınıb. Məmməd Arif, Məmməd Cəfər Cəfərov, Mirzə İbrahimov, Həmid Araslı, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Abbas Zamanov, Ağamusa Axundov, Bəkir Nəbiyev, Tofiq Hacıyev, Mir Cəlal, Mehdi Məmmədov, Yəhya Seyidov, Yusif Seyidov, Mirvarid Dilbazi, Banin (Ümmülbanu), Bəxtiyar Vahabzadə, Bayram Bayramov, Yaşar Qarayev, İsa Həbibbəyli, Nərgiz Paşayeva, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Azad Nəbiyev, Əliağa Kürçaylı, Camal Əhmədov, Təhsin Mütəllimov, Qəzənfər Paşayev, Şamil Qurbanov, Xəlil Rza Ulutürk, Yusif Səmədoğlu, Anar, İsa İsmayılzadə, Mövlud Süleymanlı, Arif Abdullazadə, Zəlimxan Yaqub, Kamal Abdulla, Afaq Məsud, Şirindil Alışanov, Vilayət Quliyev, Vaqif Yusifli, Məryəm Əlizadə, Tehran Əlişanoğlu, Aydın Məmmədov, Nadir Cabbarov, Arif Əmrahoğlu, Qurban Bayramov, Nizami Tağısoy, Nikpur Cabbarlı, Əsəd Cahangir, Cavanşir Yusifli, Elnarə Akimova, Nərgiz Cabbarlı, Bəsti Əlibəyli... Elçinin əsərlərindən gen-bol söz açıb, yaradıcılığının spesifik xüsusiyyətlərini göstəriblər. Maraqlı, şərəfli həyat, özünəməxsus yaradıcılıq yolu olan Elçinin əsərlərinin ideyası, məzmunu, aktuallığı, dili, üslubu, sənətkarlıq xüsusuyyətləri barədə bundan sonra da sanballı, dəyərli əsərlərin yazılacağı şübhəsizdir. Mən bu dəfə Elçinin yazıçı və vətəndaş mövqeyindən, prinsiplərindən, bir az da konkretləşdirsək, onu bu səviyyəyə qaldıran və daha çox diqqəti çəkən keyfiyyətlərindən bəhs etməyə çalışacağam. Bu qənaətlər əsərlərinin qayəsindən, onun barəsində tanınmış simaların söylədiklərindən, xeyli tarixi olan müşahidələrimin, münasibətlərimizin sayəsində formalaşıb.

Milli və vətəndaşlıq borcu

Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti ("Vətən" Cəmiyyəti) yaranandan bir müddət sonra 1988-ci ilin mart ayında Cəmiyyətin sədri Elçin kollektivin ümumi iclasını keçirdi, tarixin mürəkkəb, çətin dövründə qarşıda duran məsələlərdən, hər bir əməkdaşın vəzifə məsuliyyətindən, eyni zamanda milli və vətəndaşlıq borcundan geniş danışdı. Proqram xarakterli iki cümləsi olduğu kimi yadımdadır: "Bu gün tarix bizdən ayıq-sayıq olmağı, bütün gücümüzü xalqımızın zəngin mədəniyyətini, şanlı tarixini, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi təbliğ etməyi, ölkəmizdə gedən proseslər, Dağlıq Qarabağ hadisələri, erməni separatizmi haqqında həqiqətləri bütün dünyaya yaymağı tələb edir. Bu bizim həm vəzifə, həm də milli və vətəndaşlıq borcumuzdur!" Cəmiyyət bütün fəaliyyəti dövründə bu prinsipləri əsas götürərək işlədi. Ermənilərin Qarabağdakı vəhşiliklər, cinayətlər, Sovet qoşunlarının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və Azərbaycanın bir sıra bölgələrində törətdiyi qırğınlar barədə xaricdəki həmvətənlərə, onların vasitəsi ilə yaşadıqları ölkənin ictimaiyyətinə o zaman mümkün olan bütün vasitələrlə - telefon, teleks, faks, kitab, broşür, "Odlar yurdu" qəzeti ilə geniş informasiyalar ötürülürdü. Təkcə onu demək kifayətdir ki, o vaxtlar üç əlifba ilə 250 min tirajla çıxan "Odlar yurdu" qəzetinin xeyli hissəsi xaricdəki həmvətənlərə göndərilirdi.

Həqiqət

Elçinin erməni separatizminə, onların himayədarlarına qarşı 1989-cu ildə qələmə aldığı "Həqiqət naminə" adlı məqaləsindən: "Azərbaycan xalqının öz torpağının bölünməzliyi, ərazisinin qorunması uğrundakı ən böyük müttəfiqi - həqiqətdir". Tarix bu həqiqətin ən böyük güc olduğunu təsdiqlədi. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Azərbaycan xalqı ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atdı.

Şəfqət, mərhəmət

Elçin "Ümid" adlı məqaləsində yazır: "Şəfqət hissi həmişə bizim xalqımızın səciyyəvi xüsusiyyətlərindən biri olmuşdur. ...hər birimiz xalqımıza xas olan o şəfqət hissini özümüzün öz xalqımız qarşısında mənəvi borcumuzu bilək və o mənəvi borcu yerinə yetirmək üçün mübarizə aparmağı bacaraq". 1988-ci ildə Ermənistandan, sonralar Dağlıq Qarabağ və onun ətraf rayonlarından didərgin salınmış soydaşlarımızın üz tutduğu ünvanlardan biri də "Vətən" Cəmiyyəti idi. Elçin köməkçisi Əkrəm Qaflanoğluna, hər bir əməkdaşa təkrar-təkrar tapşırırdı: "Müraciət edən hər bir kəsin probleminə həssas münasibət, diqqət və qayğı göstərin. İmkanlarımız daxilində özümüz köməklik edək, bu mümkün olmayanda əlaqədar təşkilatlara müraciət edək. Nəzərə alın ki, soydaşlarımız ağır maddi, mənəvi sarsıntı içərisindədir. Onları bu vəziyyətdən çıxarmaq üçün var gücümüzlə çalışmalıyıq".

Qanunun aliliyi

Elçin müəllim Baş nazirin müavini vəzifəsində işlədiyi dövrdə ona çox sayda tanınmış elm, ədəbiyyat, mədəniyyət xadimi, fərqli peşə sahibləri, sadə insanlar müxtəlif məsələlərin həllində köməklik göstərilməsi üçün müraciət edirdi. O, əməkdaşlara tez-tez xatırladırdı: Qanunun yol verdiyi son həddə qədər kömək edin, Qanun qırmızı xəttdir, onu keçməyin!

Sədaqət

Həzrət Peyğəmbər (s) buyurur: "O gün ki, sədaqət aradan gedər, qiyamətin bərpa olmasına hazır olun". Sədaqət insanın sözündə və əməlində üzə çıxır və sonra da ətrafındakılara təsir edir. Elçin sədaqət simvoludur. Dostluğa, ailəyə, Vətənə, dövlətə, milli-mənəvi dəyərlərə sədaqət Elçində daha qabarıq görünən cəhətlərdir. Ümummilli lider Heydər Əliyevin hücum və sıxıntılara məruz qaldığı vaxtlarda Elçin heç kimdən və heç nədən çəkinmədən məşhur "Tənha adam"ı yazmış, ad gününü təbrik etmiş, sonralar da onun barəsində dəyərli publisistik məqalələr qələmə almışdı. Təsadüfi deyil ki, Elçin özünəxas sədaqət duyğusunu Heydər Əliyev xarakterinin ən parlaq cəhətlərindən biri kimi dəyərləndirmişdi: "...O, bütün varlığı ilə rəhmətlik həyat yoldaşına, övladlarına, nəvələrinə bağlıdır və belə bir həyat yoldaşı, ata, baba bağlılığı çox mühümdür, ona görə ki, millətə, Vətənə bağlılığın da kökü oradan başlayır".

Ədalət

Bütün məsələlərin həllində, həyatda olduğu kimi, ədəbiyyatda da Elçin müəllimin başlıca prinsipi ədalətin axtarışına və təntənəsinə nail olmaqdır. O, müxtəlif səpgili hekayələrində, povest və romanlarında olduğu kimi "Ölüm hökmü"ndə də toxunduğu problemlərin bədii həllinə müvəffəq olmuş, "Ədalət topaldır: ağır-ağır yeriyər, amma gedəcəyi yerə gec-tez çatar" fikri, Əbdül Qafarzadənin faciəsi, "qızıl teştə qan qusması" ilə ədalətin gec də olsa, qələbə çalacağına ümidini ifadə edir.

Səmimiyyət

"Heç vaxt qeyri-səmimi olmamışam"- deyən Elçin müsahibələrinin birində növbəti suala belə cavab verir: "...mənim artistlərlə, rejissorlarla, ən sadə teatr işçiləri ilə çox yaxşı, isti, məhrəmanə münasibətim var... Eyni hüquqlu tərəf-müqabillərik. Başqa cür ola da bilməz". Onun səmimiyyəti teatr işçiləri ilə məhdudlaşmır. Elçin müəllim ətrafındakılara qarşı münasibətdə həmişə səmimi və açıq olub, bu münasibəti qarşı tərəfdən də gözləyib. Xalq yazıçısı Mövlud Süleymanlı Elçin qələminnin səmimiyyətindən bəhs edərkən yazır: "Elçin yaratdıqlarında səmimi olan, saxta rənglərə, cansız gəzişmələrə, qanadı şişmiş cümlələrə yer verməyən, həyatı əslində necə varsa, o cür ifadə eləməyi bacaran yazıçıdır. Ona görə də Elçinin əsərlərindəki həyat bizə tanış olan, rast gəldiyimiz və ya rast gələ biləcəyimiz mühitdir".

Təəssübkeşlik

Mir Cəlal Paşayev hələ Elçin ədəbi aləmdə yenicə tanınmağa başlayanda yazırdı ki, müşahidəmə görə, Elçin müasir ədəbi gənclər içərisində inkişafa meylli və ədəbiyyat sahəsindəki vəzifə və məsuliyyətini dərk edən cavanlardandır. Savad və bilikdən başqa, Elçin öz üzərində çox işləyən, ədəbiyyatımızın və yazıçılarımızın qeyrətini çəkən cavanlardandır. Sonrakı illərdə Elçin müəllimin həmkarlarına münasibətində bu cəhəti daha fəal və faydalı nəticələri ilə özünü büruzə verdi.

Prinsipiallıq, xeyirxahlıq

Xalq artisti Tofiq Quliyev Elçin müəllimin çoxşaxəli fəaliyyətinə xas bu keyfiyyətini bir cümlə ilə sərrast çatdırır: "Elçin tutduğu rəhbər ictimai vəzifələrdə, yüksək dövlət vəzifələrində həmişə böyük səriştə və enerji ilə, xeyirxahlıq, eyni zamanda prinsipiallıqla geniş mənada Azərbaycan mədəniyyətinə xidmət etmişdir".

Elçin haqqında yazanlar onu 60-cı illər nəsrinin yaradıcılarından hesab edirlər və haqlıdırlar. O həm də son 60 ilin ədəbi mühitinin ən sanballı və aparıcı simalarındandır, müstəqillik dövrü Azərbaycan əədəbiyyatının və tənqidinin bayraqdarlarındandır.

# 3989 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #