"Bağırov mənə dedi ki..." - Məmməd Rahim Səməd Vurğungili necə satmışdı?

Süleyman Rüstəm, Məmməd Rahim, Səməd Vurğun

Süleyman Rüstəm, Məmməd Rahim, Səməd Vurğun

17 may 2024
# 15:00

Kulis.az Elnur Musayevin tərtib etdiyi "Azərbaycan yazıçılarının repressiya illərinə dair xatirələri"ndən üçüncü hissəni təqdim edir.

...ikinci əhvalat burada



Xəbərçi tapıldı

Əhvalat 1937-ci ildə olmuşdur. Süleyman Rüstəm nəql edirdi ki, o illər qardaş-qardaşa etibar etmirdi. Hətta ata oğulun yanında ehtiyatla danışırdı. Elə bil otuz yeddinci ildə divar da qulaqlı idi. Lap asqıranda belə Mərkəzi Komitədə eşidirdilər. Bir gün Yazıçılar İttifaqında Səməd Vurğuna dedim ki, ay Səməd, bu xəbərçi kimdir ki, nə danışırıq gedib Bağırova xəbər verir. Gəl bunu tapaq. Səməd dedi ki, axı necə tapaq? Lap pıçıltı ilə danışırıq, onu da aparıb Bağırova çatdırırlar. Səmədə dedim ki, mən məclisdə türk ədibi Tofiq Fikrətin bir neçə şeirini qəsdən oxuyacağam. Özüm də deyəcəyəm ki, bundan sonra mən türk ləhcəsində, türk şivəsində şeir yazacağam...

Başladım türk şeirlərindən birini oxumağa:

Nə gözəl səs veriyor şu dərələr,
Sanki zərzubədir mənzərələr.
Bir tərəfdə anasız yavru mələr.
Bir tərəfdə gəzişir həb sürülər.

Əlbəttə, qəsdlə şeiri Azərbaycan və türk ləhcələri ilə qarışdırdım. Elə etdim ki, inansınlar ki, bu şeiri mən yazmışam. Həmin yuxarıdakı şeiri ilk dəfə Səməd Vurğunun və Məmməd Rahimin yanında oxumuşam.

Axşamı məni Mərkəzi Komitəyə çağırdılar. Dedilər ki, Mircəfər Bağırov sənin əlindən yaman qəzəblənib. Fikirləşdim ki, yəqin, türk dilində şeir "yazdığım" üçündür.

İcazə alıb Bağırovun kabinetinə girdim. O kabinetdə gəzişə-gəzişə karandaşları iki ovucunun arasına alıb bir-birinə sürtürdü. Belə vaxtı bilirdik ki, Bağırov yaralı əjdahaya dönüb, çalmağa adam axtarır. Birdən o, ayaq saxlayıb kinayə ilə məni süzdü:

- Dəmirçi oğlu, deyəsən, sən də panturkist olmusan! Türkcə şeirlər yazırsan! Belə getsə, gənclərimizin hamısının beynini korlayacaqsan!
Mən tez zarafata salıb dedim:
- Yoldaş Bağırov, Allah eləməsin ki, panturkist olam. Biz xəbərçi axtarırdıq. Onu da tapdıq.

- Nə xəbərçi?! Dəli olmusan nədir?

Mən dedim ki, Yazıçılar İttifaqında nə danışırıq, hamısını sizə əksinə çatdırırlar. Yalançı adamlar sizin düşməninizdir. Səmədlə məsləhətləşdik ki, həmin yalançı xəbərçini tapaq. Mən həmin türk şeirini ancaq Səməd Vurğunun, bir də Məmməd Rahimin yanında oxumuşam. Demək, yalançı xəbərçini tapmışıq.

Bağırov qəzəbləndi və dedi ki, gedin ədəbiyyatla məşğul olun! Çekistliklə biz özümüz məşğuluq... Həmin gündən sonra heç kəs Məmməd Rahimin yanında sirr danışmırdı.

Müəllifdən: Bu əhvalatlar indiki nəsilin o dövrü anlamaları üçün gözəl nümunədir. Məmməd Rahim məsələsində Süleyman Rüstəm haqlıdır, ancaq səmimi deyil. Məmməd Rahim nə qədər günahkar olubsa, Süleyman Rüstəm də, Səməd Vurğun da bir o qədər günahkar olub. Yazıçılar Birliyi yazıçıları nəzarətdə saxlamaq üçün yaradılan bir qurum olub. Burada o haqda ətraflı məlumat verməyə dursam, mövzudan çox uzaqlaşaram. Buna görə də Bayronun sözləri ilə kifayətlənirəm: bir damla mürəkkəb milyonların fikrini oyatmaq üçün kifayətdir.

Represiyalara gəlincə, 1920-ci ildən 1933-cü ilədək Respublikanın əcnəbi millətlərin nümayəndələrinin idarə etməsinin əsas səbəbi məhz Azərbaycan rəhbərlərinin daxili çəkişmələri idi. Daxili ixtilaflar 1937-1938-ci illərin kütləvi represiyalarına gətirib çıxardı. 1959-cu ildə daxili çəkişmələr nəticəsində Azərbaycana millətçi damğası vuruldu.

Məsələn, Məmməd Rahim yazırdı ki, “Müşfiqin həyasızlığı oraya gəlib çatmışdır ki, o, Sovet Azərbaycanında heç bir yenilik görməyirdi. O, Leninin obrazını vermək iddiasında bulunurdu, lakin sözdə xalq səadətindən danışan, işdə isə xalq azadlığını satan bu sənət dəllalı ulu Lenini qaniçən cahangirlə, peyğəmbər Məhəmmədi isə Budda ilə müqayisə etmişdir”.
Bunlar əsassız fikirlərdir. Əslində, Mikayıl Müşfiq sosializmə inanırdı, gəlin onun yaradıcılığına müraciət edək:

Lenin şeiri:


Anladıq yalanmış tamam o sözlər
Nə şəfqət, nə insaf, nə allah, nə din.
Silkindi qafalar, açıldı gözlər
Əsrin kürsüsünə çıxarkən Lenin...

Müşfiq sosializmin əsas ideyası olan beynəlmiləlçilik və xalqlar dostluğu mövsusunda yazdığı lirik şeirlərdə qardaş xalqların mənəvi yaxınlığına toxunur. Onun erməni xalqına həsr etdiyi şeirləri və poemaları bu cəhətdən maraqlıdır.

Bu diyarda
türk, erməni, gürcü var.
Bu diyarın bir yıxılmaz
proletar bürcü var.
Sarsıtmaz
bu bürcü
Kapitalın topları,
onların hap-gopları!

yaxud "Qafqaz" şeiri:

Bu gün bizim birliyimiz
qızıl kimi təmizdir.
Qızılımız- cingildəyən səsimizdir.
Bizi fabrik, bizi zavod, bizi kolxoz
bir yığnağa toplamış.
Fikrimizin axını
Beş qitəyə qaplamış.
Nə musavat, nə menşevik xülyası.
Nə də daşnaq röyası
bizim sakit yataqlarda
oyanmaz... Qanımızda əski çürük millətçilik qaynamaz!
Üfüqlərdə qanadlanır
şura Zaqafqaziyası.
Bu diyarda gələcəyi salamlayır
sosializm dünyası​

Şair Ermənistana üz tutub deyir:

Sən də köksüm kimi dalğalan, Sevan!
Sən mənə can dedin, can Ermənistan!
Acıqla keçmişə dönüb baxanda,
Sən də mənim kimi oldunmu peşman?
İlk gölələr kimi əzəldən bəri
Ey sərgərdan gəzən zavallı insan!
Mənə ilham verir Dərəçiçəkdə
Bir nəfəs dərib də, bir gül qoparman.
Dağların dumanlı ətəklərində
Gəldikcə işığın, yandıqca çıran,
Şair yeni-yeni sözlər bulacaq,
Kainat olduqca şeir olacaq!

Sevan gölünə müraciət edir:

“Gözümüz qalmamış ancaq balıqda,
Dağlara gərəkdir su da, işıq da!"
Haydı, tərpən, Sevan, haydı, coş, Sevan!
Min bir at gücilə ona qoş, Sevan!

1935-ci ilin əvvəllərində Müşfiq erməni ədəbiyyatından tərcümələr edirdi. O özü deyirdi ki mən, bu il erməni ədəbiyyatından böyük bir almanax vermək üçün çalışıram.

Bu işə Müşfiq ÜİK (b) P MK-nın 23 aprel 1932-ci il tarixli "Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında" qərarından sonra başlamışdı. Bu qərardan sonra şair siyasi, elmi biliyini artırmağa, dünya xalqlarının tarixi keçmişini, mədəniyyətini və müasir ədəbiyyatını öyrənməyə ciddi səy göstərir.

Müşfiq Ömər Xəyyam, Firdovsi, A.S.Puşkin, M.Y.Lermontov, M.F.Axundzadə, H.Tumanyan, T.Şevçenko kimi görkəmli sənətkarların əsərlərini doğma dilinə çevirir. O, erməni dilindən etdiyi tərcümə barədə yazırdı: "Çarensin dörd böyük poemasını tərcümə etmişəm. Bu, şura xalqları arasında sosialist mədəniyyəti birliyi yolunda atdığım ilk addımdır". Müşfiqin adını çəkmədiyi poemalar bunlardır: "Çılğınlaşmış izdihamlar" , "El üçün nəğmə", "Lenin və Əli", "Sako".
Sonralar Müşfiq Y. Çarensin "Gələcəyə doğru", "Bahar", "Şamiram"və.s əsərlərini də tərcümə edib.

Müşfiq erməni şeiri antologiyası tərtib etməyi düşünürdü və bu məqsədlə Hovanes Tumanyanın ("Maro","Əski xeyir-dua"), V. Alazanın ("Bəyaz Qərənfillər"), V. Norensin ("Ata", "Səhər"), Petros Duryanın ("Türk qızı"), A. Vuştuninin ("Şərq") əsərlərini Azərbaycan dilinə çevirir.

Sovet İttifaqının tarixi mürəkkəb olmuşdu, birmənalı olmamışdı. Faşizmin məğlub edilməsində Sovet İttifaqı böyük rol oynayıb. Heç nəyi unutmaq lazım deyil, eyni zamanda da heç bir dövrü ideallaşdırmaq lazım deyil.
Biz 70 il marksizm-leninizm ideyalarının təsiri altında yaşamışıq. İndi bundan imtina etmişik, bu isə tamamilə təbiidir. Azərbaycan Respublikası marksizm-leninizm ideyalarına bir daha qayıtmamalıdır.

Bu yazılar kimlərisə gözdən salmağa yönəlməyib, məqsədim, sadəcə, repressiyalar dövrünün ab-havası haqda təəssürat yaratmaqdır.

# 2496 dəfə oxunub

Müəllifin son yazıları

# # #