Rasim Balayevin qəmi – İlham Rəhimli yazır...

Rasim Balayevin qəmi – <span style="color:red;">İlham Rəhimli yazır...
6 sentyabr 2016
# 13:01

Kulius.Az professor İlham Rəhimlinin Xalq artisti Rasim Balayev haqqında yazdığı məqaləni təqdim edir.

“Səmimiyyətin qəm nuru” silsiləsindən I yazı

Qəm haqqinda düşüncələr

Və yaxud girişvari söz gəzişməsi

Ğəmindir könlümün təxtində sultan,

Bir iqlimdə iki sultan gərəkməz.

İmadəddin Nəsimi

“Qəmin də nuru olarmı?”

Yəqin oxucaların hamısının, ola bilsin əksəriyyətinin və bəlkə də lap azının qəlbindən bu sual keçəcək.
O da ola biər, bu da ola bilər, lap başqa bir şey də ola bilər. Yəni bu sözə dodaq büzənlər də tapılar.
Çünki bu sualı oxucularda kitabın adı doğuracaq.
Bəri başdan hamısını nəzərə almışam. Elə ona görə də dediklərimə aydınlıq gətirməyə çalışım. Elə aydınlıq ki, həm görkəmli kino aktyoru Rasim Balayev barədə yazacağım kitaba giriş olsun. Həm də Rasimin pərəstişkarları bu kitabı məhz “qəmin nuru” kodunun açarı, onun fikir tutumu, məna yükü, fikir dəyəri ilə oxusunlar.
Çünki “mən nə yazmaq istəmişəm və nə alınıb”, “mən necə yazmaq istəmişəm və necə alınıb” mətləblərinə məhz həmin kodun pəncərəsindən zərrəbin işığı düşə bilər.

Poeziyamızın tanrı dərgahında yeri olan dahi Məhəmməd Füzuli hələ təxminən beş yüz il əvvəl, yəni 1537-ci ildə “Leyli və Məcnun” poemasında yazıb:

…Ey, cəfaçı dünya!

Bildim ğəmini sənin ki, çoxdur.

Ğəm çəkməyə bir hərif yoxdur.

Gəldim ki, olam ğəmin hərifi,

Gəl təcrübə eylə mən zəifi!..

Mən Füzulinin məhəbbət qəmini Rasim Balayevin sənətə məhəbbətindən doğan, onun aktyor sənətində vacib estetik keyfiyyət kimi səciyyələnən qəm ilə tutuşdurmaq fikrində deyiləm.

Əstəğfurullah!

Ancaq və qəti o fikirdəyəm ki, hər bir sənət adamının öz içindən boy verən fərdi qəm karvanı var.

Ancaq və qəti o fikirdəyəm ki, həmin qəm karvanı idraka söykənəndə mənalı olur, fəlsəfi mahiyyət daşıyır, sənətkarın müdrikliyini formalaşdıran amillərdən birinə çevrilir.

Ancaq və qəti o fikirdəyəm ki, hər bir sənət adamı yalnız özünə məlum olan qəmin aşinasıdır.

Ancaq və qəti o fikirdəyəm ki, yaradıcı şəxs qəm yağışında yuyunmasa mənəviyyatı paka çıxmaz. Mənəiyyat paka çıxmazsa, onda oradan doğan sənət də alayarımçıq, alaçiy olar.

Ancaq və qəti o fikirdəyəm ki, “qəm çəkməyə bir hərif yox…” məqamında sənətkarın qəm yükü zindan ağırlığına çevrilir. Oradan isə qətrə-qətrə şairin sözünə, xanəndənin zənguləsinə, rəssamın rənglər dünyasına, bəstəkarın təranə düzümünə, alimin təfəkkürünə, aktyorun ifasına… süzülür.

Ancaq və qəti o fikirdəyəm ki, yalnız qəmi idrakın sevgi nurunda yuyunduranlar bəşəri əsərlər yarada bilərlər. Ülviyyət sevgisi, insanlıq sevgisi, Vətən sevgisi, milli qeyrət sevgisi, tanrıya tapınmaq sevgisi… nurunda.

Ancaq və qəti o fikirdəyəm ki, Rasim Balayevin ülvi qəmə aşinalığı olmasaydı o, dahi söz ustadı Nəsiminin (“Nəsimi” filmi) tragik hüznünü, faciəvi ölüm pəncəsində Günəşin saçaqlarında Tanrı dərgahına ucalmasını belə möhətəşəmliklə, belə ilahi müqəddəsliklə ekran yaddaşına həkk edə bilməzdi. Aktyorun ifasının ali məqsədinə qanad verən, Nəsiminin cəmiyyət və fərd haqqında fəlsəfi fikrini təcəssüm etdirən “hakimiyyət hüquq deyil, borcdur” (Nikolay Berdyayev) fikri belə əzəmətli səslənməzdi.

Image result for rasim balayev

Ancaq və qəti o fikirdəyəm ki, Rasim Balayevin qəzəb vulkanından püskürən qəmi olmasaydı aktyor Babəkin (“Babək”) “qırx il boyunduruq altında yaşamaqdansa, bir gün azad yaşamaq daha üstündür” hayqırtısı duyğularımızı bu qədər titrətməzdi. Məhz aktyorun belə ifasında biz Babəkin tarix üçün deyil, məhz əbədiyyət üçün yaşayıb çarpışdığı həyat mövqeyinin qüdsiyyətinə heyran qalırıq.

Ancaq və qəti o fikirdəyəm ki, Rasim Balayevin yaz kəpənəyi kimi zərif qəmi olmasaydı Beyrəyin (“Dədə Qorqud”) yeri-göyü titrədən, yağı düşmənin başına ildırım kimi çaxan cilasunluğu, ər ərənliyi ilə qoşa qanad olan Banuçiçəyə sədaqət sevgisinin lirizmi, qüdsiyyəti, ülviyyəti, bakirəliyi bu ucalıqda görünməzdi. Beyrəyin qəminin fərdi çalarları bu əzəmətdə ictimai-sosial məna kəsb edə bilməzdi.

Ancaq və qəti o fikirdəyəm ki, Rasim Balayevin vətən övladını ləyaqətli görmək arzusundan boy atan sarkazmlı, yanğılı, sərt üzlü qəmi olmasaydı Davudun (“Həm ziyarət, həm ticarət”) riyakarlığının eybəcərliyi, hərəkətlərinin rəzaləti bu dərəcədə aydın görünməzdi. Aktyor ürək yanğısı, qəlb ağrısı ilə oynadığı “kiçik insan” obrazına tamam yeni rakursdan yanaşıb. Maraqlı oyun tərzi bir də orasındadır ki, Rasim Balayev obraza, ifasının canına və ruhuna, geniş mənada davudlara özünün sənətkar münasibətinin sarkazmlı ironiyasını həssaslıqla hopdurub.

Ancaq və qəti o fikirdəyəm ki, Rasim Balayevin qardaşın qardaşa yağı düşmən kəsilməsinin müsibətini bütün ağrı-acıları ilə duyan qəmi olmasaydı Əzizin (“Qatır Məmməd”) film boyu təzadlı hərəkətləri bizi bu qədər sarsıtmaz, bu qədər düşünməyə vadar etməzdi. Aktyor insanın öz əqidəsinə sadiqliyini ən emosional-psixoloji məqamlarda da unutmamağın yeni, lakin mürəkkəb və düşündürücü mənəviyyat səhifəsini açıb.

Ancaq və qəti o fikirdəyəm ki, Rasim Balayevin müxtəlif əsrlərdə millətin tərəqqi yolunda əngəllər yaratmış siyasi burulğanların faciəsini duyan və duyaraq onun alovlarında qovrulan qəmi olmasaydı Nicatın (“Gözlə məni”) nakam məhəbbətinin hüznü duyğularımıza bu dərəcədə sirayət edə bilməzdi. Aktyor “bütün inqilablar ruhən dağıdıcıdır” acı həqiqətinin lirik-dramatik faciəsini oynamaqla obraza psixoloji-dramatik vüsət verib, hadisələrə fəlsəfi mahiyyət aşılayıb.

Ancaq və qəti o fikirdəyəm ki, Rasim Balayevin ölümdən keçən istiqlalımızın yolunda satqınlıqların mənəviyyatlara vurduğu sağalmaz yaraların naləli qəmini ürəyinin hərarətində yoğurmaq qüdrəti olmasaydı ləyaqətinin və qürurunun tapdalanmasını görmək istəməyən İsrafil bəyin (“Birisigün gecəyarısı…”) beyninə sıxdığı güllənin fəryadlı sədası bu gün də qulaqlarımızda cingildəməzdi. Burada başqa bir “gizlin”, lakin mənəviyyatımız üçün maraqlı, milli ekranımız üçün yeni olan məqam var. Aktyor bu obrazın ekran təfsiri ilə bəşəriyyətin hələ də qəti cavab tapa bilmədiyi “insan səadətinin sirri nədədir?” sualına özünün sənətkar cavabını yeni dilemma qarşısında qoyur. Bununla da respublikamızın müstəqillik qazanmamışdan düz on il əvvəl azərbaycanlı bəy xarakterinin yeni kişilik xüsusiyyətlərini cəsarətlə aktyor oyununun əsasına çevirməkdə daxilən qətiyyətli olub və bundan qürur duyub.

Ancaq və qəti o fikirdəyəm ki, Rasim Balayevin insanın ictimai borcu özünün şəxsi istəyinə şüursuzcasına qurban verməsinin riyakarlığa, rəzilliyə açdığı meydanın qan çanağına çevrilməsini həssaslıqla duyan qəmi olmasaydı Səlim bəy (“Atları yəhərləyin”. Başqa adı “Qaçaq Nəbi”dir) obrazının mürəkkəb, ziddiyyətli, davranışı bəzi məqamlarda tükürpədən xarakteri belə canlı baxılmazdı. Aktyor belə maraqlı obrazla tamaşaçı yaddaşında millətin mənəvi bioqrafiyasının zəif görünən məqamlarına bu parlaqlıqla işıq tutmaqda vətəndaş sənətkar kimi, xalqını sevən vicdanlı ziyalı kimi çox haqlı görünür.

Ancaq və qəti o fikirdəyəm ki, Rasim Balayevin riyakarlıq maskaları taxan və xalqın taleyinə məsul, xilqətən murdar, lakin bütün bunları məharətlə “gizlədən” məmurların törətdikləri eybəcərlikləri görüb-duymaq qəmi olmasaydı Rəhimova (“Lətifə”) və geniş mənada Rəhimovlara qarşı amansızlıq harayı yaddaşlarımızda bu qədər qalmazdı. Aktyor cəmiyyət və əxlaq, əməl və vicdan problemini, fərdin görünən xüsusiyyətləri ilə daxili təzadlarının əksliklərini yeni prizmadan, daha ifadəli baxım bucağından qabartmağa çətinlik çəkməyib.

Image result for rasim balayev

Ancaq və qəti o fikirdəyəm ki, Rasim Balayevin qətiyyətli, cəsarətli olmamağın, tərəddüd keçirməyin insanı həm mənən, həm də fiziki mənada ölümün girdabına sürüklədiyini həssaslıqla duymasından doğan qəmi olmasaydı Cəbinin (“Arxadan vurulan zərbə”) faciəli qətli bizim qəlbimizi bu dərəcədə göynətməzdi. Film detektiv janrında çəkilib. Lakin aktyor müəyyən janr şərtiliklərini yaradıcı şəkildə pozaraq obrazın həyati reallığını, onun məişət səmimiyyətini önə çəkib. Önə çəkməklə də tamaşaçılara canlı, ürəyəyatımlı, gündəlik həyatımızdan bizə çox-çox tanış olan sadə insan surəti təqdim edib.

Ancaq və qəti o fikirdəyəm ki, Rasim Balayevin yaltaqlığın insan mənəviyyatına və insan vüqarına balta çalmasının ürək göynərtisi ilə keçirdiyi ağrılı qəmi olmasaydı Nazirin köməkçisi (“Yaramaz”) obrazı tamaşaçılarda bu dərəcədə ikrah və nifrət doğurmazdı. Aktyor “kiçik insan” problemini cəmiyyətin əxlaq böhranı səviyyəsinə bu dərəcədə bədiilik vüsətilə qaldıra və tamaşaçıları onun ətrafında dərindən düşünməyə təhrik edə bilməzdi.

Ancaq və qəti o fikirdəyəm ki, Rasim Balayevin ən mürəkkəb hadisə burulğanında da gözlərinin dərinliyindəki qəmin mahiyyətini obrazın çöhrəsində təcəssüm etdirmək ustalığı olmasaydı Ağabəyin (“Yarasa”) psixoloji-estetik təbəddülatları ekranda bu dərəcədə reallıqla nəzərə çarpmazdı. Eyni zamanda iyirminci əsrin insan psixologiyasında yaratdığı mürəkkəb təzadlar, incəsənət və onun dərki problemindəki ziddiyyətlərin aktyor oyununda ifadəli təcəssümü gördüyümüz düşündürücü duyğularla yanaşı, təfəkkürləri də yerindən oynadan belə gücdə, belə enerji fəallığında görünməzdi.

Ancaq və qəti o fikirdəyəm ki, Rasim Balayev fərdin qəminin bəşəri və fəlsəfi mahiyyətinə həssaslıqla yanaşa bilməsəydi dünənki zaman müstəvisində hökmü-fərma, bugünün zaman idrakında “düşmən” damğasına məruz qalan Buxara Əmirinin (“Odlu yollarla”) mənəvi-psixoloji, ictimai-sosial faciəsinə pərsəng olan qəmin ağırlığını belə poetik-dramatik dərinliklə tamaşaçılara çatdıra bilməzdi. Əks təqdirdə aktyor Buxara Əmirinin xarakterində ağ (emosional) və qara (dramatik-faciəvi) rəngləri belə ahəngdarlıqla birləşdirib mürəkkəb psixoloji ritmə malik obraz canlandırmaqda aciz qalardı.

Ancaq və qəti o fikirdəyəm ki, Rasim Balayevin istedadı qəmlə sevincin “sərhədini” bu qədər məhrəmliklə birləşdirmək iqtidiarında olmasaydı Bəyxanın (“Dağ novellası”) taleyi belə novellavari, lakin emosional və səmimi təsir oyatmazdı. Novella janrının aktyor ifasındakı səmimi paradoksları film boyu dəyişkən və təzadlı hadisələrdə bədiilikdən bu dərcədə ahəngdar reallıq donu geyinməzdi.

Ancaq və qəti o fikirdəyəm ki, Rasim Balayevin bir aktyor kimi qəmin boyuna fəlsəfi dərinlik biçmək bacarığı bu dərəcədə dəqiq və ifadəli olmasaydı Davudun (“Qocalar, qocalar…”) vəzifə kürsüsü və ataya həssas övlad münasibəti arasındakı müəyyən psixoloji təqdimatlar bu dərəcədə düşündürücü ovqat oyatmazdı. Aktyorun indiki təqdimində Davud bütün ziddiyyətləri və zəiflikləri, xarakterinin bəzi məqamlarda süstlüyü ilə birlikdə ilk növbədə mürəkkəb və maraqlı insandır. Kamil və bütöv bədii ekran personajıdır.

Ancaq və qəti o fikirdəyəm ki, Rasim Balayevin mənəviyyat duyumundakı duyğusal qəmi geniş mənada insan əxlaqının Femida tərəzisi kimi dəqiq və həssas olmasaydı Alikin (“Bir ailə üçün bağ evi”) ailədə övlad və cəmiyyətdə insan kimi mövqeyinin ziddiyyətləri bu dərəcədə açıqlanmazdı. Açıqlanıb tamaşaçını düşünməyə, özü də dərindən və ibrətamiz düşünməyə vadar etmək gücü qazanmazdı.

Ancaq və qəti o fikirdəyəm ki, Rasim Balayev ifa etdiyi obrazların mürəkkəb psixologiyasına qəm pəncərəsindən belə müdrikliklə baxmaq iqtidarında olmasaydı onun Salmanının (“Köhnə bərə”) mənəvi saflıqdan kənar hərəkətlərinin psixoloji mahiyyəti, gizli qatdakı rəzilliyi, nadürüstlüyü və riyakarlığı, haram tikəni həyat normasına çevirməsi tamaşaçılar üçün bu dərəcədə həssaslıqla açıqlanmazdı. Məhz aktyor qəmin nurunu dərk elədiyi üçündür ki, onun personajı cəmiyyət və fərd, hərəkət və əxlaq, əməl və vicdan prizmasından bu dərəcədə təzadlı və qəliz görünür.

Ancaq və qəti o fikirdəyəm ki, Rasim Balayevin insan qəmi saf qəlbində bu dərəcədə yuyunmasaydı onun Bəhməninin (“Küçələrə su səpmişəm…”) xarakterindəki və hərəkətlərindəki riyakarlıq çalarları belə psixoloji təqdimatda bədiiləşməzdi. Aktyor bu rolda qəm duyğusunun uzun illər insanın içində mürgü vuran vicdanını nə vaxtsa oyatmaq gücündə olduğuna həssas sənətkar işarəsi vurub.

Ancaq və qəti o fikirdəyəm ki, Rasim Balayev qəmin bütün mürəkkəb mahiyyətlərini özünün aktyorluq ifadə vasitələrinin gücü ilə mum kimi yumşalda və onu istədiyi şəkilə sala bilir. Ona görə də bədii materialda birrəngli, açıq xarakterli görünən Müəllim (“Qeyri-adi ov”), Sənan (“Xoşbəxtlik qayğıları”), Kapitan Rasim (“Girişmə, öldürər”), Nadir (“Vulkana doğru”) obrazları Rasimin ifasında emosionallıq baxımından çoxçalarlı və psixoloji təqdimatına görə çoxqatlıdır. Ümumiyyətlə, Rasim Balayevin qəmlə yoğrulmuş ifadə rəngləri parlaqlığından, tündlüyündən, sayalığından asılı olmayaraq, çoxmənalı və düşündürücüdür, estetik və cazibədardır.

Ancaq və qəti o fikirdəyəm ki, Rasim Balayev Şərq müdrikliyinin Qərb sivilizasiyasında oynadığı əhəmiyyətli rolunu və iki dünyagörüşü arasındakı ziddiyyətlərin doğurduğu təəssüf qəmini qavramasaydı Hatəmin (“Yer kürəsi dairəvi olmasaydı…”) obrazı belə mürəkkəb və tünd boyalarla rəsm edilməzdi. Hatəm bu dərəcədə bəşəri insan səciyyəsi daşıyan ekran obrazı səviyyəsinə qalxmazdı.

Ancaq və qəti o fikirdəyəm ki, Rasim Balayevin doğma xalqının tarixi inkişaf yolunda, xalqın təkamül mərhələlərində millətin öz övladlarının bu xalqın başına açdığı dəhşətli müsibətləri bütün varlığıyla duymaq qüdrəti olmasaydı, onun oynadığı Sədyarın (“Otel otağı”) gözlərindəki qəm tamaşaçılara bu qədər müəmmalı və bu qədər qorxunc, bu qədər miskin və bu qədər zavallı görünməzdi. Rasimin bu səpkili oyununda “dünya təmiz adamlara qarşı dələduzlar ittifaqıdır” (Leopardi Cakomo, italiyan şair-filosofu) fikri son dərəcə möhtəşəm, ağrılı-acılı, düşündürcü və sirayətedici görünür.

Ancaq və qəti o fikirdəyəm ki, Rasim Balayevin daxili səmimiyyəti, emosional lirizmi bu dərəcədə həssas, bu dərəcədə ifadəli olmasaydı Elbertin (“Əlişimşəkli atlı”) sevdiyi, lakin hələ ailə qurmadığı Nataşa ilə dağda bir örtük altında yatanda qılıncını sıyırıb aralarına qoyması belə dramatik-romantik, belə hissləri titrədən təsir bağışlamazdı. Qılıncın sıyrılıb araya qoyulmasının dağlı adət-ənənəsində kişi üçün qeyrət, qadın üçün namus bakirəliyi olduğunu tamaşaçılara belə rəğbət və ehtiramla çatdıra bilməzdi.

Ancaq və qəti o fikirdəyəm ki, Rasim Balayev insanın düşünmək azadlığının möhtəşəm vüsətini dərindən dərk etməsəydi Hüseyn Cavidin (“Cavid ömrü”) müdrikliyin bolluğunun ona mənəvi əzablar gətirməsini bu qədər siyasi-ictimai dəqiqliklə oynaya bilməzdi. Aktyor bu rolu ifa edəndə alman filosofu Vilhelm Georq Hegelin “xalqların ölümdən qorxması onların azadlığının məhvinə səbəb olur” fikrini obrazın təqdiminin ikinci planında heyrətamiz həssaslıqla canlandıra bilib. Rasim Balayev bu filmdə pauzalara gen-bol yer verib. Lakin filmin janrının dəqiq estetik həllində bu bolluq bəzən az görünür. Çünki aktyor özünün səmimi və mənalı, ifadəli və qəmli, dalğın və faciəvi baxışlarında repressiya qurbanı Cavidin böyük, müdrik fikirlərinin, pak həyat ideallarının sükutunun fəlsəfi dərinliyini poetik həzinliklə tamaşaçılara çatdırır. Məhz aktyorun əsrarəngiz ifası sayəsində biz Cavid qəminin dərinliyində milli faciənin müsibətlərini görə bilirik.

Ancaq və qəti o fikirdəyəm ki…

Ancaq və qəti o fikirdəyəm ki...

Bir daha ancaq və qəti o fikirdəyəm ki... Rasim Balayevin milli kino sənətimizin nadir fenomenlərindən biridir...

***

Bütün bunlardan sonra qayıdıram yazımın əvvəlindəki suala:

“Qəmin də nuru olarmı?”

Əgər oxucumda belə bir sual doğacaqsa, bəri başdan onu mən cavablandırmaq istəyirəm.

Mən deyirəm ki, bəli, qəmin nuru olar!

O qəm ki, sənət ülviyyətinə saflıq gətirir, o qəm ki, sənətkar idrakına zəka hüsnü verir, o qəm ki, sevincin şirinliyini qəlbən duymağa rəvac verir, deməli, onun nuru da olur.

Bax, elə bu nurun qoynunda da milli kino sənətimizin iftixar və qürur zirvələrindən biri olan Rasim Balayevin yaradıcılıq dünyasına yeni bin nəzər salmağa çalışacam.

# 1422 dəfə oxunub

Müəllifin son yazıları

# # #