Mısmırığını sallayan hüznlü qız - HEKAYƏ

Mısmırığını sallayan hüznlü qız - HEKAYƏ
23 iyul 2015
# 15:57

Kulis gənc yazar Müşfiq Şükürlünün “Ajla” hekayəsini təqdim edir

F.R. üçün

Mən belə bir şey yaşamamışam. Yəni, iki oğlan - bir qız bir otaqda qalmamışıq. Ancaq Ankarada Qazi Universitetində oxuyanda bu dağınıq xəyalım gözlərimin önündən keçib getmişdi. İndi xatırladıqca yeni-yeni səhnələr artırıram onlara və heç bitib tükənmək də bilmir. Qəlbimin qarışıq - çəhrayı mətni isə get-gedə tündləşir.

Ankarada qırmızı hündür mərtəbəli apartmanın yeddinci mərtəbəsindəyik...

Tərli, isti gözlərini açır. Təzəcə ayılmış kəmşirin sifəti abajurun yanındakı qalın kitaba baxır. Gülüşü qəribədir – gözləri axıb gələn duman kimi süzülür, yanaqlarında gizlənmiş xoşbəxtlik isə tünd, nisgilli meşə kimi gözləyir. Yuxudan yeni durmuş qızın təbəssümü niyə maraqlıdır ki? Dodaqlar çəkilir və dişlər əsnəyən gözəl ağzını, burnunun altında gərilən şirin dərisini bəzəyir. Bəyaz yorğan üstündən əyilib düşür; ağ, zərif, balaca bədəni mavi çarpayıda – təbii, çəkici rəng qarışıqlığında təmiz cazibəyə çevrilir.

Açıq qılçları taxta döşəmədə quş kimi süzür. Yatağın qarşısında dikəlir və elə bil, yüngül buludların üstündə elastik addımlarla pəncərəyə yaxınlaşır. Palıd rəngli pərdələr çəkilir və bu xışıltının ardından səhər günəşi acgözlüklə otağı doldurur.

Onlar üç nəfər idi: iki oğlan, bir qız. Qız tək otaqda qalırdı. Oğlanlar isə bir.

Qız paltarını geyinmədi, saçlarını daramadı. Və yuyunmadı.

Yuxudan qalma tutqun mənzərələr ötüb getmiş və gözləri tamam açılmışdı. Başını balkonun daş məhəccərinə tərəf qaldırır ki, aşağı küçədə məhlənin oyanıb-oyanmadığını görsün. Alınmır. Sonra geri qanrılır və körpə qış günəşinin isti şüaları bu yüngül çəkili qızı yatağına itələyir. Sıx ölçüləri ilə bədəninə gərilən kip alt paltarında divana yaxınlaşır və dağınıq yorğan-döşəyin üzərinə atılır. Kövrək diz qapaqları birləşir (yanaq-yanağa durur), ayaqları yumşaq ətinin ətrafında quş qanadları kimi dikəlir. Əllərini döşəyə dirəyir və divara yapışıq yatağından yan otağa boylanırmış kimi sağ qulağını uzadır. Nazik divardan keçib gələn səs qızın maraq saçan sirli baxışlarına qarışır...

Bu, Türkiyə vətəndaşı olan azərbaycanlıdır, adı Ajlan. O, yataq otağında qalır. Burada yatır, burada oxuyur, çox vaxt əlüstü aldığı qarın doldurmayan xırda paketdəki azuqələrini də burada həll edir, yəni, yemək vaxtları, demək olar, bu otaqda keçir. Bəzən canı sıxılanda – universitet kitablarından, açıq-göy netbukundan və bu palıdı-mavi dizaynlı qəşəng otağından bezib darıxanda qonşu otağa keçir. Zalda oğlanlar qalır. Onlar Türkiyədəki azərbaycanlı tələbələrdir. Adil və Nihat. Üçü də Qazi universitetinin tibb fakültəsində oxuyur. Ajlan və Nihat üç ilin hələ yeni, həvəskar tələbələridir. Adil isə artıq beşinci ildir ki, memari üslubda tikilmiş universitetin qum rəngli daş pilləkənlərindən vecsiz itaətkarlıqla qalxıb düşür.

Nihat universitetə gəldiyindən bəri bir qıza vurulub. Dəli- divanə necə olur, bax elə. Və elə həmin gündən ürəyindəki bütün qarğaşaları dostuna danışır. Adil ilk günlər hər şeyin yaxşı olacağına inandırmağa çalışırdı onu. Ancaq indi bu məsələnin getdikcə yorucu və mənasız bir iş olduğunu görürdü və həmçinin, Nihatın uzun vəəzlərindən usanmışdı. Nə qədər keçici bir duyğuya qapıldığını, zamanla bütün bunlara kənardan baxıb onun özünün də gülə biləcəyini düşünsə də, dostunun vəziyyəti get-gedə ciddiləşirdi. Görünür, bu axmaq adam həyatını məhv etməyə çalışırdı. Qız istəmir, burax, əl çək ondan, hansı dünyada yaşayırsan axı? Ancaq heç yaxınlaşıb bir kəlmə də söyləməmişdi qıza. Adil isə otaqda qaldıqları bu iki il müddətində artıq onu çoxdan bir həkim kimi analiz edib qurtarmışdı, gələcəyindən danışmaq, diaqnoz vermək isə olduqca çətin idi.

Divardan ötüb gələn səs Ajlanın ensiz kürəklərinin arasına dolur.

- Qapını açıb içəri girdi. – Nihat qonşu otaqda ayaqlarını kreslonun köbərmiş sağ qolundan aşırıb və divardakı naməlum xəyalına baxıb danışır. – Divanda uzanmışam. Bu, mənim yataq otağımdır. Günortadır, ya da axşamtərəfi. Yatmağa çalışıram, ancaq heç yuxum da gəlmir. Azacıq yorğunam. Əllərini belinə qoyub mənə baxdı. Elə bil, qab yuyacaqdı bir azdan, mətbəxdəki qarışıq mənzərəyə baxırdı. Aldadıcı iş-güc qayğısının içində oyun həvəsi də var. Mən gözlərimi çoxdan açmışam. Nə edəcəyini gözləyirəm. Bunlar o qədər tez olur ki. Mən uzatmaq istəyirəm, sadəcə, bu hekayəni. Uzandığım yataqda, ayaqlarımın ucunda gəlib oturur. Başını aşağı atıb söhbətə başlayır... Bunları xatırlamaq indi mənim üçün nə qədər xoşdursa, bir o qədər çətindir. Ürəyim həmin günün, həmin duyğunun çox-çox uzaqda olması, lap əvvəllər yaşanıb bitməsi, indi isə əlimdə olmaması düşüncəsiylə gözlərimə yığılıb. İkisi də sızıldayır, amma ağlaya bilmirəm. Hazıram, hər şeyə hazıram. Gözlərim də dolub. Amma ağlaya bilmirəm. Bilirsən? Bunların heç biri yaşanmayıb. O, heç vaxt həmin qapını açıb, əllərinin içiylə belini qucaqlayıb, sonra da şıltaq-şıltaq gəlib ayağımın ucunda oturub mənlə söhbət etməyib. O, otağa girib mənim necə xoşbəxt olduğumu görməyib! Bizim otağımıza! Heç vaxt mənə toxunub bu gic, mənasız fikirlərimi xoş təbəssümüylə dağıtmayıb! Bunların hamısını mən uydurmuşam. Başa düşürsən? Xəyaldır! Amma o qədər gerçəkdir ki, keçmişdə yaşadığım bir gün kimi əzab verir... Bu cür xəyallar o qədərdir ki. Saysız-hesabsız.

Adil uzandığı mebelin kiçik bir sahəsində əlindəki ensiz, uzun telefonunu barmaqlarının arasında aşırır, sonra onu saçlarının hizasında əlindən buraxıb yumşaq maçalkanın üstündəki yüngül çək-çeviri izləyir. Sol əli başına dirsəklidir, ara-sıra gözlərini qaldırıb ona baxır. Qulaq asıb qurtarır, qaşlarını tərpətmədən cavab verir:

- Səni başa düşürəm, əzizim. Ancaq bütün bunlar yaşanmayacaqsa, ya da buna bənzər şeylər, onda nə önəmi var? Sahib olmayacağın bir şey üçün nağıl uydurmaq lazım deyil.

- Bunlar nağıl deyil. Bunlar mənim həyatımdır.

- Həyatındır, onda yaşa. İstədiyin qədər.

- Sən başa düşmək istəmir...

- Başa düşürəm! Sən əzab çəkmək istəyirsən və çəkirsən! Mən buna şahid olmaq istəmirəm. Hamı xəyal qurur, əzizim. Hələ üstəlik sən sevirsən. Bu normaldır. Amma bunları böyütmək lazım deyil. Sən artıq iki ildir ki, bunları mənə danışırsan. Mən cəhənnəm, özün bezmirsən bunlardan? Özünə bir iş tap, daimi məşğul ol. Hamısı boş-boş avaralanmağındandır.

- Sən bütün bunları olduğu kimi hiss etmək istəmirsən. – Nihatın ayaqları tərpənir və o, kresloya söykənib yerindəcə dikəlir. – Mənim istədiyim budur ki, azacıq tərpətmədən, yerindəcə olduğu kimi ürəyimin oturduğu yerə keçəsən. Bunu, bəlkə, heç vaxt hiss etməyəcəksən, dediyimi heç vaxt anlamayacaqsan. Amma bil ki, mən onu təkcə sevmirəm. Dünyanı o qədər kiçiltmişəm ki, dünyadan çıxartmışam onu. Dünya kiçik, lap kiçik görünür onun yanında. O qədər böyükdür ki... Hər şeydən, hər şeydən böyükdür.

- Elə bunu etmək lazımdır – çıxartmamaq. Dünyadan çıxartmamaq. Böyük deyil o, sadəcə, sən böyütmüsən.

Mənlə başqalarının sözüylə danışma!

- Həqiqət budur.

- Hansı həqiqət?! Mən sənə hər şeyin yalan olduğunu deyirəm. Başa düşürsən? Hər şey kiçik... o qədər kiçikdir ki, rəzalətləri, məhrumiyyətləri gözlərinə görünmür.

- Sən nə danışırsan?

- Mən sənin rəzalət içində yaşadığını deyirəm. Ona görə məni hiss edə bilmirsən. Mənim yaşadıqlarımı anlaya bilmirsən.

- Neyləyək, onda sənin sevgilini sevim, məftun olum ona. Bəlkə, düzəldim, hə?

- O, mənim sevgilim deyil.

- Sən xəstəsən.

- Adil, xahiş edirəm, çıx get. Danışmağa ehtiyac yoxdur.

- Yaxşı, yaxşı, incimə. Mənə ver şəklinə baxım, görüm səni belə dəli eləyən kimdir.

- Çıx otaqdan!

- Hara çıxım? Bu gün bazardır. Səhərdir. Ajla da hələ yatır.

- Görmüsən şəklini.

- Nə vaxt?

- Sənin yaddaşın, həqiqətən, zəifdir.

- Yadıma gəlmir. Ola bilər. Göstər görüm.

Adil yorğanı üstündən aşırıb qalxır və yataqdaca paltarını geyinməyə başlayır. Nihat, deyəsən, gecəni yatmayıb, gözlərinin altındakı nazik, açıq-göyümtül damarlar az qalsın ovurdlarına qədər uzanır. Yağlı, qalın saçları dağınıqdır. Yenə ayaqlarını kreslonun sağ qolunun üstündən atır və maili uzanıb tavana baxır.

- Bu gün heç nə eləmək istəmirəm. – Nihat yorğun nəfəsiylə dillənir.

- Şəkilləri tapmadın?

- Əl çək! Bu söhbəti bir də danışma.

Bu vaxt qapı döyülür və Ajlanın qarışıq, qısa saçları dəstəyin yanından sallanır.

Adil köynəyinin son düymələrini də bağlayıb tələm-tələsik şalvarını əyninə keçirir. Bunları eləmək üçün o, yatağından dik atılır və elə bu əsnada qızı içəri dəvət edir.

Yox, mən istəmirəm ki, Ajlanı yad bir qız kimi təsəvvür edək. Ancaq qoyun o, bütün hekayə boyu lal olaraq qalsın, bir kəlmə də danışmasın...

Bunun üçün hekayəni saxlayıram və bir ay öncəki, hələ qışın yeni girdiyi dönəmdə o ağ, soyuq küçədə yan-yana iki adamdan danışacam: Ajla və Adildən.

Qaranlıq küçə iri tutumlu, bəstəboy marketlərin ağ işıqları ilə kənardan-kənara aydınlanır. Elə bil, ulduzlar səmadan uzaqlaşa. Qaranlıq küçə bax belə yaddır işığa. Yer ağarıb. Qar ara vermir. Gözlər çovğunla mübarizədə yenik düşüb və ayaqların altındakı asfalt küçə kimi kirpiklər də ağarıb.

Universitetdən təzə çıxmış cütlük qarınlarını doyurmaq üçün tələsir. İkisi də susqun və qayğılı görünür. Amma ikisi də bir-birilərini düşünür. Burunları, yanaqları qızarıb, ancaq qalın paltolarının altında xəfif titrəmə belə hiss olunmur. Heç biri üşümür. Hərəkətsiz bir mənzərə səlis, yüngül addımlarla yolun qırağındakı tək-tük ağacları ötüb keçir. Gözlər atılacaq addımları izləyir, sükut isə davam edir...

Nəhəng bir çinar ağacının qarşısından burulurlar. Adil ondan üşüyüb-üşümədiyini soruşur, Ajla isə başı ilə yox cavabı verir. Özünü lap ağıllı uşaq kimi aparır. Yaxınlıqdakı ağacların çox olduğu ərazi kiçik, ağ, pambıq meşə kimi seçilir. Və irəliləyib həmin yerə çatırlar. Kafenin daş döşənmiş həyətindəki stulları, masaları yığılmış boş sahəyə baxırlar. Həyətin içinə qısılmış giriş otağının tavanından işıqlar ulduz kimi parıldayır. Onlar içəri keçirlər. Və lap arxadan diqqət çəkməyən iki nəfərlik yeri bəyənib yaxınlaşırlar. Restoran sakit və seyrək görünür. Bir-birindən uzaq üç-dörd masada müxtəlif təəssüratlı adamlar oturub. İki sadə geyimli yaşlı kişi, uşaqların şən səs-küyüylə qamarlanmış söz-söhbətsiz ailə və digər cavan adamlar. Bizim gənc aşiqlər bu seyrək asimmetriyanı keçib gedir və seçdikləri arxa masada oturular.

Adil ofisianta tapşırığını verib menyunu masanın bir küncünə itələyir. Ajla paltonu əynindən çıxartmaq istəyir. Adil ona soyuq ola biləcəyini deyib mane olur. Ancaq qəşəng, bozumtul palto xırda çiyinlərdən sürüşüb çıxır. Adil uzun söhbətinə başlayır:

- Bax o masadakıları gördüm, bir filmi xatırladım. Yaşlı kişiylə fahişənin kafedə söhbət elədiyi bir səhnə varıydı. Əslində, qadın, yəni fahişə başqa bir yerdə oturub çay içir, siqaret çəkir, sonra arxada bir kişinin kitab oxuduğunu görüb onunla maraqlanır. Deyir, mənə bir içki ismarlayın və beləcə kişinin masasında qonaq olur. Kişinin saçları ağappaqdır. Qulaq asırsan?

Ajla gülümsəyir. Qəribədir təbəssümü. Dumanlı gözləri parıldayır. Bir az kefsiz görünür. Amma bu, onun həmişəki halıdır. Mısmırığını sallayan hüznlü qız.

Adil həvəslə, lap Nihatın dalğalı xülyası kimi iştahayla danışır.

- Qadın yaşlı kişidən eşq haqda soruşur. Deyir ki, eşq həyatın tək gerçəyi olmalıdır, deyilmi? Kişi isə uzun bir cavab verir. Bunun üçün eşqin həmişə eyni gerçəyə işarət etməsi lazımdır. Deyir ki, bu günə qədər heç aşiq olduğun şeyin nə olduğunu bilən birinə rast gəlmisən? Yox. Bunu iyirmi yaşlarında bilə bilməzsən. Etdiyin tək şey keyfi seçimləri sınamaqdır. “Sevirəm” sözü çox vaxt umursanmaz şəkildə söylənir. Nəyi sevdiyindən əmin olmaq üçün ehtiyacın olan şey yetkinlikdir. Doğrunu aramaq! Bax, yaşamın gerçəyi budur. Və eşq əgər gerçəkdirsə, ancaq o zaman çözüm ola bilər... İndi de görüm, bizim eşqimiz gerçəkdir, Ajla?

İkisi də gülümsəyir. Ajla başını əyir. Adil isə əl çəkmək istəmir. Dodaqlarında yarıtəbəssüm yenə soruşur:

- Hə, de görüm. Bəlkə, heç məni sevmirsən?

Ajla qaşlarını büzür, burnunu turşudur, dodağının sağ küncünü sıxır və ovurdunun dərisi geri çəkilir. Yəni, deyir ki, çox duzsuz danışırsan. Adilin söhbəti isə bitmir, yenə davam edir, yenə danışır...

Yemək yeyilib qurtarır. Söhbət bitir. Qışın bir parçası yoxa çıxır.

Ajlanın qulağıyla dinşədiyi otaqda heç nə eşidilmir. Otaq da, qış da, kafe də və həmin hündür çinar da puç olub qeybə çəkilir... Xəyal sovrulub mənim tünd-çəhrayı qəlbimə çevrilir.

Qış qurtarır. Və vaxt gəlir, onlar bir-birindən uzaqlaşır. Onlar sevməyi bacarmır, yoxsa sevgi onları aldadır? Məlum deyil. Ancaq qış unudulmur. Qaldıqları otaq, bir yerdə keçirdikləri zaman, öpüşmələr, gecə səhərəcən sürən söhbətlər... Hələ də məlum deyil.

2015, iyul

# 1227 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #