Ayrılıqdan betər dünyada nə var?! – Günün Şeiri

Ayrılıqdan betər dünyada nə var?! – Günün Şeiri
24 iyun 2019
# 20:58

Bu gün Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür. Kulis.az bu münasibətlə “Günün şeiri” layihəsindən şairin “Neyləyim” şeirini təqdim edir.

Ala gözlüm, səndən ayrı gecələr,

Bir il kimi uzun olur, neyləyim?

Bağçamızda qızıl güllər hər səhər,

Tezdən açır, vaxtsız solur, neyləyim?

Nərgizlərin gözü yaşla dolanda,

Bənövşələr baxıb qəmgin olanda,

Qərənfilin gözü yolda qalanda,

Yasəmənlər saçın yolur, neyləyim?

Əsən rüzgarın da yoxdur vəfası

Düşmüşdür başına özgə sevdası.

Lalənin cırılıb qəmdən yaxası

Saçları pərişan olur, neyləyim?

Bəlkə tez gələsən, əlac vərəsən,

Sünbülün saçını yığıb hörəsən -

Əlvan çiçəkləri özün dərəsən,

Gözləri yollarda qalır, neyləyim?

Çəkir çiçəklərin gözü intizar,

Ayrılıqdan betər dünyada nə var?

Bu bahar axşamı səni bax, Nigar

Həzin-həzin yada salır, neyləyim?

# 4132 dəfə oxunub

Müəllifin son yazıları

# # #