Ədəbi boyartımımızın göstərisi - TƏNQİD

Ədəbi boyartımımızın göstərisi - TƏNQİD
7 sentyabr 2015
# 09:55

Kulis tənqidçi Tehran Əlişanoğlunun “Nədən Korneliusun ölümü?” məqaləsini təqdim edir.

Bu günlərdə ictimai-ədəbi saytlardan birində oxudum ki: “Litvanın məşhur “Ədəbiyyat və incəsənət” portalı Kamal Abdullanın “Səhvlərimizin qrammatikası” silsiləsindən "Korneliusun ölümü" hekayəsini yayımlayıb” Dərhal onu da xatırladım ki, “Korneliusun ölümü” hekayəsi hələ iki il əvvəl Litva yazıçılarının «Literatura Menas» jurnalında çap olunmuşdu. Üstəlik jurnalda Litvada nəşr olunmuş «Sehrbazlar dərəsi» romanı haqqında ədəbiyyatşünas Tomas Taşkauskasın böyük bir məqaləsinin dərc edilməsi barəsində də oxumuşdum. Bu barədə arxivimdə cızma-qaralarım vardı. Qeydlərimə qayıtdım və aşağıdakı yazı belə yarandı.

Kamal Abdullanın hər əsəri dünya çapında göründükcə, mən burda əlimə arşın götürüb dərhal ədəbi boyumuzu ölçməyə çalışıram. Nədən “Korneliusun ölümü”?

Aydındır, şərtən hekayə Vidas Kavalyauskasa ithaf olunub – bu bir. Hadisələr cərəyan edir Litvaniyada – bu iki. Əsərin qəhrəmanı “Şəhər Universitetinin böyük möhürünün qoruyucusu qoca professor Kornelius” litvaniyalıdır – bu üç. Kornelius ağlasığmaz bir hünərə - “bütün dünya elmi dairələrində qəbul edilən” uğura imza atır: “Yer üzünün mərkəzinin dəqiq tapılması” düsturunu ortaya qoyaraq, əvvəla öz adı ilə “Kornelius meyarı” çağrılmasına nail olur – bu dörd. Üstəlik “Yer üzünün mərkəzi”nin heç yerdə deyil, məhz Litvaniyada qərar tutduğuna bütün dünyanı inandıra bilir, hətta daha dəqiq: “ulu kralımızın yuxusunda görüb Litvaniyanın paytaxtı kimi əsasını qoyduğu sevimli şəhərimizin baş meydanında” (!) – bu da olsun beş.

Sanki arqumentlər bəs edir: bəs nədən Kornelius... Amma yox, söhbət Litvadan gedir, alman dürüstlüyü olan bir məmləkətdən; heç əbəs K.Abdulla Kornelius meyarını buralarda axtarmır ki. Mətnin ədəbi-bədii çəkisi, dəyərliyi olmaya, inanmıram adı-imici olan hər hansı dərgi hər hansı ura-patriot sövdələşmələrə gedə. Bu biz deyilik ha, məzənnəni özümüz qoyub da, pəh-pəh deyibən öz-özümüzə sevinək. Şəksiz ki, “Korneliusun ölümü” litvaniyalıların təqdirinə elə-belə gəlməyibdi...

***

Kamal Abdullanın “Labirint” hekayələr toplusunun BSU-da çox gur-möhtəşəm təqdimatında söylədiyim mülahizəni xatırlayıram. Demişdim ki: “Yarımçıq əlyazma”dan sonra bizi uğurla dünyaya çıxarası Labirint məhz bu hekayələr olacaq... Tədbir çox küylü, möhtəşəm idi; kimlər yoxdu burda: Mədəniyyət Nazirliyindən Çingiz Əlioğlu, Yazıçılar Birliyindən Elçin Hüseynbəyli, “525-ci qəzet”dən Yaşar, ünlü şairlər, yazıçılar, tənqidçilər N.Əbdülrəhmanlı, S.Sarvan, E.Başkeçid, R.Kamal, E.Akimova və s. çoxsaylı Kamalsevərlər, gərək ki, şərtən təşkilatçı Fərid Hüseyn idi... Küydən sözləri-fikirləri ayırmaq olmurdu; odur ki, sonradan mülahizələrimi daha arqumentli “Labirint” haqqında qeydlərimdə cızıqladım (bax: ann.az və https://www.facebook.com/permalink.php?id=113162282215403&story_fbid=140707586127539)...

“Korneliusun ölümü” də labirintdir; çoxbaşlı, çoxideyalı bir labirint. Əvvəla, Yer üzünün mərkəzinə meyar axtarışının özü bir labirintdir. Hekayədən yadınıza salıram: yalnız “bu mərkəzin harda yerləşməsilə bağlı məşhur dünya alimləri” deyil, “mübahisələrə bəzən krallar, imperatorlar da qatılırdı”. Habsburq sülaləsinin vəliəhdi Vilhelm Sadədil, Osmanlı sultanı Sultan 4-cü Əhməd, Prussiya kayzeri, İspan inkvizisiyası, Roma papası, Savoyya kardinalı, Milan kilsəsinin “İnadcıl rahiblər” adlı ruhani birliyi... – daha kimlər, kimlər... Korneliusun o sözlərini də nəzərə alanda ki: “Yerin mərkəzi sürüşüb başqa bir məkana da yerləşə bilər”, - indinin özündə belə bu ajiotaja girişməyinə dəyər, deyilmi?!

Hekayədə belədir ki, ilk dəfə bu məsələyə Kornelius girişir. Korneliusun özü də bir labirintdir: “Nə zamansa ona elə gəlirdi ki, bu yaşadığı dünyada həyatı boyu nə edibsə, ölümün mənasını deyil (ona isə elə gəlirdi ki, həmişə buna can atıb), əslində, həyatın mənasını axtarmağa cəhd edib, həyatı anlamağa çalışıb...”. Amma yox, birincilik məsələsində, gəlin, tələsməyək: “İlk dəfə bunu ona uzaq ölkələr keçərək Görükməz təpə adlanan dağın yanında məskən salmış sehrbazlar diyarından gəlmiş uzun bir dəvə karvanının mirzəliyini edən Hacı Mir Həsən ağa Səyyah” deyir: “Sən, böyük ustad, həqiqət axtarışındasan, bu isə həm də həyatın mənasını axtarmağın deməkdir...”

Onlar, ya biz? Qərb, ya Şərq? Kornelius, ya Səyyah? Şərqi, hekayədə, təbii, Hacı Mir Həsən ağa Səyyah təmsil edir: “Bu adamın yadına düşür ki, onun əsl adı Kornelius deyil, onun əsl adı Hacı Mir Həsən ağa Səyyahdır. Bu bir şərqli adıdır. Adı xatırlayandan sonra gerisi asandır. Yadına düşür ki, o sərgərdan kimi dünya ölkələrinin birindən o birinə gedir, öz ölkəsinə dönməyin yolunu axtarır, axtarır, tapa bilmir...” Pritça belədir. Bu da elə “mərkəz” axtarışıdır. Şərqdən Qərbə axıb-gedən elmi ehtiraslar. Kimdir Ustad? Qərb, yoxsa Şərq: “Sonrakı mənzərə-vaqeə onu göstərir ki, Kornelius adlı bir ustad onu özünə şəyird götürür. Ustada çox ölkələr gəzən və şərqi tanıyan birisi lazımdır. Ustadın həyat məramı – Yer kürəsinin mərkəzini axtarıb tapmaqdır!! Çox oxumaq çox görmək deyilmiş...”

Daha bir ideya labirinti – paralel dünyalara açılan səhvlər... “Səhv, yanlış... Dərindən baxanda bu nədir? Başqa paralel dünyaya getməyin yeganə yolu. Kornelius bunu tələbələrinə də aşılamağa çalışırdı. Axı həyat təkcə bu dünyadan ibarət deyil. Gələcək nəsillər bunu nə zamansa anlayacaqlar. Hər hansı bir səhv artıq variantdır. Başqa dünyaya düşmək imkanıdır...”

Postmodernist araşdırıcılar bu yerdə dözməyib deyəcəklər – rizoma! Mətn mətləbi çoxsaçaqlı gəlişdirir. Bir halda ki, mətləb özü labirintvari, çoxsaçaqlıdır: “mərkəz” axtarışında olan təhkiyə (hekayə) də daim “sürüşür”, mərkəz-istinad nöqtəsini ideyadan ideyaya ötürür... Təbii ki, belədir. “Korneliusun ölümü” hekayəsinin başlıca dəyərliyi bədii ifadəsi, bədii gözəlliyindədir...

***

Hekayə hardasa sirli bir elmi konsepti (“dünyanın mərkəzi” ideyası) gəlişdirə və plastik bədii həllini verə bilir. Hadisə sanki tarixi, əslində mistik (təbiətlə tarixin qovşağında zahir olan) bir günün (axşamın) təsviri ilə başlayır: “1784-cü ilin üstünə-başına lopa-lopa axşam qarı yağmaqda idi...” Və “mərkəz” olaraq, sona qədər də həmin “axşam”ın, qoca professor Korneliusun ölümünü sabahlayan “iztirab dəmi”nin üzərində dayanıb da, davam edir...

Doğrusu, hadisə nə dərəcədə “tarixi”dir, müəyyənləşdirə bilmədim; google axtarışları bir çox “Kornelius” versə də, uyarını görmədim...

Bu ki, süjet bircə dəfə geri – professorun xəyalında “səhər-səhər Universitetdə... Soyuq daş divarların arasında son dəfə tələbələri ilə görüş” anına qayıtmaqla və bircə dəfə də irəli – sabahısı “onun nəfəssiz bədənini qaldırıb kilsəyə aparmağa gələnlərin gözünə görükənlərə” ekskurs etməklə, bütünlükdə həyat-ölüm arası “iztirab” dəminin labirintlərinə çevrilir...

“Labirint” haqqında qeydlərimdə belə bir müşahidəmə diqqət çəkirəm ki: paralel dünyaların təsvirində Kamal Abdulla ən çox həyat-ölüm sərhədində yerləşən ekzistensial məqama önəm verir. “Korneliusun ölümü” də dünyalar-arası belə bir sürüşən “mərkəzin” üzərində qurulub...

“Kornelius oturduğu rahat yerində ləzzətlə qurcuxdu, asudə-asudə dərindən köks ötürdü...” Fərdi planda: bir insan, bir alim ömrünün bahası nədirsə, o da bu ekzistensial məqama sığışır: “İndiyə qədər və güman ki, bundan sonra da əbədiyyətə qədər dünyanın mərkəzinin müəyyənləşdirilməsi meyarı dünyanın bütün elm mərkəzlərində, universitet və kilsə kafedralarında Kornelius meyarı adlandırılacaq...”

Üstəlik, ustalıq burasındadır ki: yuxarıda göstərdiyimiz kimi, elmi ideyanın tarixi yolu, Şərq-Qərb pritçaları da bura sığınaraq, oxucu önündə sərgilənir...

Amma mətn ustalığının daha parlaq effektini biz hekayənin sonunda iki ölümün – atasının və Korneliusun ölümlərinin bir-birinə qovuşuğunda görürük. Bu həm də “iztirab”ın (oxu: həyatın – ekzistensial ömrün – “mərkəz” axtarışlarının) başlanğıc və son nöqtələrinin qovuşuğudur! Odur ki, ölümlərdən qarşımıza açılan mənzərə ekzistensial eyniyyəti ilə heyrətamiz və gözəldir: “Gözünün yanı ilə Kornelius baxıb görür ki, atasının onun arxasınca baxan gözləri gülür, ağaran dişlərinə təbəssüm qonub. Bu zaman Kornelius hiss edir ki, onun da gözləri niyəsə gülür, yanaqlarına isə səssiz göz yaşları süzülür”.

Bu o ambivalent məqamdır ki: insan dünyaya, bura qədər yaşadıqlarına ağlayıb (“səssiz göz yaşları”); eyni zamanda “gözləri niyəsə gülür”, bəlkə bu, gözlərə görünən bir başqa aləmin sevinci, “paralel dünya”nın işığıdır?!

***

Ən nəhayət, bu yerdə bir daha litvaniyalılara (çoxbaşlı ideyaya) qayıda bilərik. Kornelius tələbələri ilə görüşündə onlara “iztirabı” vəsiyyət edir: “Alma-materimizin düz önündə. İztirabla dolu bir meydan... Bu meydanda çəkilən əzab dünyanın heç bir başqa yerində çəkilməyib. Bu iztirabı, bu əzabın xatirəsini daima qəlbimizdə yaşatmalıyıq, onu unutmaq olmaz...” Bəlkə də hekayədə “tarixi” olan məhz bu passajdır, milli ideyanı, milli olanı qoruyub-saxlayan, Qərb insanına xas iztirab kultu! (“Kornelius sonralar sübut etdi ki, sonuncu belə müsibət Romada İmperator Kommodun vaxtında olmuşdu...”).

Amma mən rizomadan bəhrələnərək, mətndə gizlənmiş başqa bir varianta (“sürüşən mərkəz”ə) önəm verərdim. Korneliusun alt qatında gizlənmiş Səyyah yadınızdamı? “Korneliusu son mənzilə aparmağa – basdırmağa gələnlər”in “gəlişindən bir az əvvəl evdən bir adam çıxıb yağan qar lopalarının arasıyla qəribə bir yerişlə, dövrə vura-vura uzaqlaşır və gözdən itir. Bu, Səyyahdır”... Yadınızdasa: “sərgərdan kimi dünya ölkələrinin birindən o birinə gedən, öz ölkəsinə dönməyin yolunu axtara-axtara tapa bilməyən” Səyyah...

Başqa bir Şərq müdriki Molla Nəsrəddindən soruşdular: - Yerin mərkəzi haradır?, ayağının altını göstərib, dedi: - Bura...

Mənimcə, Kamal Abdullanın əcnəbi dilə çevrilən hər əsəri ədəbi boyartımımızın göstərisinə çevrilir...

# 1105 dəfə oxunub

Müəllifin son yazıları

# # #