Bugünkü üçüncü istefa

Bugünkü üçüncü istefa
5 iyun 2013
# 12:54

“Azərbaycan Yazıçılar Birliyində demokratik prinsiplərin pozulduğuna və Şərif Ağayar çıxarıldığına görə qurumdan istefa verirəm”. Bunu “Qafqazinfo”ya açıqlamasında gənc yazar Ayxan Ayvaz deyib.

A. Ayvaz bildirib ki, AYB-dən istefa qərarını çoxdan verib: “Sadəcə olaraq Şərif Ağayarın çıxarılması bu prosesi tezləşdirdi. AYB mənim üçün artıq əhəmiyyətini itirmiş qurumdur. Hətta oxucularımın çoxu da mənim AYB-də olmağımı yaxşı qarşılamırlar. Həm də bu səbəbdən istefa verirəm. Artıq AYB üzvü adı daşımaq istəmirəm”.

A. Ayvaz onu da əlavə etdi ki, o, AYB-dən 2 ildir təqaüd alır və AYB-dən çıxmasından sonra bunu onun başına qaxınc etməsinlər: “Eyni zamanda ev növbəsində də mənim adım vardı. Mən inanmıram ki, həmin ev də mənə verilə”.

Yazıçılar Birliyinin katibi Rəşad Məcid isə mövzu ilə bağlı açıqlamasında bildirib ki, Ayxan ailəsində olan problemlərə görə, AYB-dən 2 il təqaüd alıb və təqaüd müddəti bitən kimi də istefa verir: “Çoxları pula görə AYB-yə üz olurlar, pul qurtarandan sonra da çıxıb gedirlər. Təəssüflər olsun ki, bu belədir”.

R. Məcid onu da qeyd etdi ki, A. Ayvazın bu qərarını emosional addım kimi qiymətləndirir: “O hələ nə yazıb-yaradıb ki, gənc oğlandır. Sabah yazıçı olub-olmayacağı da məlum deyil. Biz səhv edirik ki, elə adamları Yazıçılar Birliyinə qəbul edirik”.

# 3801 dəfə oxunub

Müəllifin son yazıları

# # #