Sənətkarlıq zəifdirsə, əlavə sözə ehtiyac yoxdur - Hekayə müzakirəsi

Sənətkarlıq zəifdirsə, əlavə sözə ehtiyac yoxdur - Hekayə müzakirəsi
17 may 2023
# 14:00

Kulis.az Hekayə müzakirəsi layihəsindən Qafar Rüstəmin “Atamın ölümü” hekayəsi haqqında yazarların fikirlərini təqdim edir.

Rasim Qaraca:

“Maraqlı və təsirli hekayədir. Lakin əsas qəhrəmanın - atanın portret cizgiləri dərindən işlənməyib, müəllifin ifadəsilə desək, sanki bu obrazı buzlu şüşə arxasından görürsən, konkret həyati detallar yoxdur, yalnız ümumi sözlər var”.

Vüqar Van:

“Günlərin bir günü oğul qoca və xəstə atasını səbətə qoyub aparır meşəyə, orda tərk edir. Səbətdə olarkən atası oğluna deyir ki, səbəti götürərsən özünlə, meşədə saxlamazsan. Oğlu soruşur ki, niyə ata? Atası deyir ki, sənin oğluna da lazım olacaq ki, səni buna qoyub aparsın meşədə atsın.
Üç aşağı-beş yuxarı belə bir klassik söhbətin üstündə qurulmuş bu hekayə mənə heç nə demədi. Əvvəllər, belə hekayələr oxuyanda heç olmasa tüklərim biz-biz durardı. İndi heç o da olmadı.
Sənətkarlıq azdır, amma pis hekayə deyil. Belə ailəvi hekayələri çox vaxt başa düşmürəm. Kim kimin atasıdır, kim kimin oğludur, kim kimin ögey oğludur, kim kimin həyat yoldaşıdır və sair. Bu hekayədə də, deyəsən, ögey kimsə var idi. Başa düşmədim.

Hekayənin adını oxuyan kimi başa düşdüm ki, ağır xəstəlikdən ölən atayla keçmişini saf-çürük edən oğulun hekayəsidir. Təəccüblənmədim.

Türk sözlərindən bəzi yerlərdə istifadə olunmuşdu.

"Gözümün önü dumanlandı" nə deməkdir? Bu təsvirə iki dəfə rast gəldim. Dəhşət çox xoşuna gəlib müəllifin, deyəsən.
Bir detal çox xoşuma gəldi. Yazmıram ki, hamı onu axtarsın.
Hiss olunur ki, yaddaşı Qafar bəyin ev stadionudur. Orda rahat oynayır. Qırağa çıxan kimi, fəlsəfi söhbətlər edən kimi, sosial mesajlar vermək istəyən kimi büdrəyir. Uğurlar”.

Vüsal Bağırlı:

“Psixoloji hekayədir. Cəmiyyətdə atalar ilə oğullar arasında olan gərgin münasibətlər, anlaşılmazlıqlar, konfliktlər həmişə olub. Üstündən illər keçsə belə yenə çözülməyəcək. Problem əbədidir.
Nihilist, hər şeyi inkar edən oğullar, köhnə fikirli, mühafizəkar atalar. Hər iki nəsil bir-birlərini qəbul edə bilmir. Təcrübə yeniliklə, sürət səbirlə mübarizə aparır.

Ədəbiyyatda belə əsərlər çoxdur. Maksim Qorki “Uşaqlıq”, Anton Çexov “Albalı bağı”, Mixail Şoloxov “Sakit Don” və bu mövzunun ən başlıca əsəri, Turgenevin “Atalar və oğullar”ı.

Qafar da öz hekayəsində bu məsləyə toxunub.

Övladla valideyn arasındakı soyuq divarlar, səmimiyyətə imkan verməyən süni ciddiyyət. Hətta ölüm ayağında olan atanı qucaqlayıb bağrına basa bilməmək nisgili.

Baş qəhrəman uşaq vaxtı atasının daim onunla oynamasını, dərsləri ilə maraqlandığını xatırlayır. Onu sevdiyinə şübhə etmir. Amma həm də arada qeyri-müəyyənlik, soyuqluq var. Doğmalıq hiss olunmur. Ata xəstədir, ölüm ayağındadır, oğul isə ona mərhəmət hissi duymur.

Hekayədə həm də insan xəstələnən, yolu xəstəxanaya, analiz otaqlarına düşən zaman yaradılan problemlər, xəstə taleyinə ağ xalatlı insanların biganəliyi, qeydiyyatlar, bürokratiya, xəstəxana dəhlizlərində uzun növbələr, bahalı dərmanlar və ölümə məhkum talelər arasındakı tərs mütənasiblik real çalarlarla əks olunub”.

Orxan Həsəni:

“Atanın ölümü, bu məşum həqiqətin ağrısı nə qədər ağır olsa da, məncə, müəllif mətnin öhdəsindən gələ bilməyib. Sənətkarlıq zəif təsir bağışlayır. Sənətkarlıq zəifdirsə, əlavə sözə ehtiyac yoxdur”.


# 1895 dəfə oxunub

Müəllifin son yazıları

# # #