Rafael Dadaşova aşiq oldu, özündən kiçik oğlanla eşq yaşadı, qızının toyunda qonaq kimi iştirak etdi – Əməkdar artist haqqında bilmədiklərimiz...

Rafael Dadaşova aşiq oldu, özündən kiçik oğlanla eşq yaşadı, qızının toyunda qonaq kimi iştirak etdi – Əməkdar artist haqqında bilmədiklərimiz...
4 oktyabr 2022
# 14:00

Kulis.az aktrisa, Əməkdar artist Nahidə Orucova haqqında maraqlı faktları təqdim edir.

Orucova Nahidə Mülük qızı 1961-ci ildə iyulun 18-də Bakı şəhərində anadan olub. Ailədə iki qardaş, bir bacı olublar. Valideynlərinin hər ikisi mühəndis olan Nahidə yeniyetməlik illərindən tikiş sənətini öyrənib Kukla fabrikində işə düzəlir.

***

Onun ən böyük arzusu isə İncəsənət Universitetinə daxil olmaq olur. Atası onun aktrisa olmağını istmədiyindən o, əvvəlcə sənədlərini Mədəni Maarif texnikomuna verir. Ancaq burada müəyyən problemlər yarandığından Nahidə ailəsindən xəbərsiz sənədlərini İncəsənət Universitetinə verir, “Dram-kino aktorluğu” fakültəsinə, Xalq artisti Mikayıl Mirzənin kursuna daxil olur.

Univeristeti bitirəndən sonra o, təyinatla Sumqayıt Dövlət Dram Teatrında işləməyə yollanır. Teatrda ilk rolu Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsərində Nadya rolu olur.

***

Aktrisa gələcək həyat yoldaşı ilə elə həmin teatrda tanış olur. O, müsahibələrinin birində deyir:

“Həyat yoldaşım da bu teatrda aktyor ştatında çalışırdı. Mən teatra gələndə teatr qastrol səfərinə hazırlaşırdı. Elə oldu ki, aktrisa İradə Ağasıbəyli gəlmədi, məni onun yerinə qastrola göndərdilər. Avtobusda elə onun rolunu əzbərlədim. Həmin kollektivdə gələcək həyat yoldaşım da vardı. O, artıq burada mənə göz qoymuşdu. Mən də o vaxtı deyib-gülən, şən bir qız idim.

O, özü çox ciddi insan idi, onun üçün də istəyirdi ki, mən də ciddi olum. istəyirdi ki, mən də aktrisalıqdan əl çəkim. Deyirdi ki, bu sənətlə sən önə gedə bilməyəcəksən. Mən ona sübut etdim ki, sənətimlə məşhur olacağam. Elə də oldu. Amma alınmadı. Çünki bu, artıq mənim formalaşmış xarakterim idi. Elə oldu ki, bizim ailəmiz dağıldı. O, teatrı tərk edib, özünə biznes qurdu. Biz onunla 4-5 il birlikdə yaşadıq. 1989-cu ildə artıq mənim qızım dünyaya gəlmişdi. Mən qızımı çox çətinliklə böyüdürdüm. O vaxtı imkan da yox idi. Çətinliklə də olsa, uşağa baxıcı tutmuşdum. Çünki uşağı evdə tək qoyub teatra gedə bilməzdim. Sözün düzü, o vaxtı məni istəyənlər çox idi, amma yenidən evlənməyə qorxurdum. Ailə quracağım insan mənim qızıma acı bir söz desəydi, mən bunu qəbul etməzdim. Bu cür hallara görə ikinci dəfə ailə qurmadım. İstəmədim ki, qızım ikinci ata tanısın. Ailədəki söz-söhbət problemə çevriləndə birləşmək çətin olur. Birləşsəydik də, ondan daha ailə olmazdı. Biz onunla dost kimi ayrıldıq və qərara gəldik ki, axıra qədər də dost qalaq. Günün bu günündə də biz dostuq. Qızım 12 yaşından atası ilə qalır. Çünki mən bütün günü teatrda olurdum. Uşağı atadan ayırmaq günahdır. Mənim valideynlərim rəhmətə gedəndə yanımda təkcə bacım var idi. Amma biz ayrılanda qızımın nənəsi, babası onun yanında oldu. İstədim ki, qızım nənə-baba tərbiyəsi görsün”.

Bir müddət sonra aktrisa Sumqayıtdakı iş yerindən ayrılmalı olur. Küçədə təsadüfən həmkarlı Nadir Xasıyevlə rastlaşır. Onun məsləhəti ilə 1993-cü ildə Musiqili Komediya Teatrına “Solist – vokalist” vəzifəsinə təyin olunur.

***

Teatrda o, “İtkin ər”, “Volqalı canan”, “Bankir adaxlı”, “Əlin cibində olsun”, “Məsmə xala dayımdır”, “Qızıl toy”, “Milyonçunun dilənçi oğlun”, “Arşın mal alan”, “Xanuma” kimi tamaşalarda maraqlı rollar ifa edir.

Nahidə xanım həyatının ən gözəl illərində özündən on yaş balaca qardaşını faciəvi şəkildə itirir.

“Çox istəyərdim ki, qardaşım yanımda olsun. Qardaş mövzusu yaralı yerimdir. Onu 25 yaşında çox cavan itirdik. Böyüklə böyük, kiçiklə kiçik idi. Ailə dostumuz ondan pul istəyib. O isə pulu olmadığı üçün yox deyib. Həmin adam gecə qardaşımın yanına gedib və yatdığı yerdə butulkanın arxası ilə vurub. Bu gün qardaşımın yeganə yadigarı oğludur. Bəlkə də o, məni efirdən tanıyır, amma mən həyatda onu heç vaxt görməmişəm. Çox istəyərdim ki, qardaşımın övladını görüm. Mən o vaxtlar onu çox axtardım, amma anası onu bizdən uzaqlaşdırdı. Qorxurdu ki, biz onun evini əlindən alarıq. Qardaşım öləndən sonra onun evi mənim nəyimə lazım idi? Biz daha da ona kömək edərdik ki, yaxşı dolansınlar. Kaş qardaşım sağ olardı. Çox istərdim ki, o, gəlib məni tapsın və desin ki, mən Samirin oğluyam. Mən də baxıb sevinim. Lazım gəlsə, ona köməklik də edərəm. Onu heç yanımdan uzaqlaşdırmazdım, qardaşımın nəfəsini, qoxusunu ondan alardım”.

Aktrisa gənc yaşlarından özündən böyük kişi həmkarlarına aşiq olduğunu zaman-zaman dilə gətirməkdən çəkinmir. O, Xalq artisti Ramiz Novruzova, Rafael Dadaşova aşiq olduğunu bir neçə dəfə efir vasitəsi ilə etiraf edib: Mən Ramiz Novruzun həyat yoldaşı rolunu oynamışdım. Ancaq dedim ki, ay Allah, doğurdan da bu, həyatda olardı, heyif. O, Xoşavaz xanımı seçdi. Rafael Dadaşovu da çox sevmişəm. Bəlkə də xəbəri var, bilmirəm. Ancaq onu hər zaman sevdim. "Ordan-burdan" tamaşasında oynayırdı. Mən həmin ərəfədə universitetdə oxuyurdum. Həmin vaxt onu sevirdim. Sonralar ürəyimi ona açdım ki, səni sevirəm. Zarafatla dedi ki, mən də səni sevirəm. Gizli sevginin öz ləzzəti var".

Bundan başqa əməkdar artist özündən 6 yaş kiçik olan sevgilisindən də müsahibələrinin birində bəhs edib:

"O sirri heç kim bilmirdi, indiyə qədər də bilmirlər. Akademik Rus Dram Teatrında işə düzəlmişdim. Həmin şəxs Məlik Dadaşovun həm cangüdəni, həm sürücüsü idi. Məndən 6 yaş kiçik idi. Bir könüldən min könülə bir-birimizə aşiq olduq. O, subay, cavan oğlan idi. Mən də cavan qız idim, övladım var idi, amma ayrılmışdım. Qadın kimi onunla xoşbəxt oldum. Ayrıldığım həyat yoldaşım illər sonra bu sevgidən xəbər tutdu. İndiyənə kimi məni bağışlamır. Həmin şəxsi məcbur evləndirdilər. Sevginin gücünə baxın ki, o, öz toy gecəsi mənim yanıma gəlmişdi. Bunu həmişə ürəyimdə saxlamışam. Artıq 2 ildir təkəm, o, dünyasını dəyişib. Sevgimə və dostlarıma sadiq biriyəm. Ona görə də ömrümün sonuna kimi tək qalacam".

***

Əməkdar artist həmkarı Çingiz Əhmədovla uzun illər bilinməyən səbəblərdən küsülü olub. Ancaq bir müddət əvvəl Çingiz Əhmədov əməliyyat olunur. Xəstəxanadan çıxandan sonra ona baş çəkməyə gedənlərin arasında Nahidə xanım da olur.

Aktrisanın on iki yaşından atası ilə birgə yaşayan qızı Bilqeyis 2020-ci ildə Xalq artisti Fidan Qasımovanın oğlu Fəridlə ailə həyatı qurub. Həmkarlarını və yaxın adamlarını toya dəvət edə bilməyən aktrisa özü də qızının toyunda qonaq kimi iştirak edib. O, bunun keçmiş həyat yoldaşının qərarı ilə bağlı olduğunu bildirib.

***

Aktrisa 1 avqust 2012-ci ildə Azərbaycanın Respublikasının Əməkdar artisti adına layiq görülüb.

# 4660 dəfə oxunub

Müəllifin son yazıları

# # #