Kulis.az "Hekayə müzakirəsi" layihəsindən Nahid Hacıyevin "Labroidesin hekayəsi" adlı yeni hekayəsini təqdim edir.
Sosial şəbəkələrin trendinə düşdüyümü “MKT”nin əli süpürgəli işçisi xəbər etdi. Dediyinə görə, öncə oxşadıb, diqqətlə baxdıqda sonra əmin olub. Son iki saat ərzində telefonuma gələn onlarla zəngin, vatsapp mesajların səbəbini həmin an anladım.
Zeytun ilə tut ağaclarının ara məsafəsi dünən otuz səkkiz, iki gün öncə qırx iki addım gəlmişdi. Bu gün qırx addım gəldi. 366 gündür eyni ölçünü üç dəfədən artıq üst-üstə gətirə bilmirəm. Bu qeyri-adiliyi kimə deyirəm, hər kəs özünə görə şərh verir: "Boş-bikarçılıq", "Get özünə iş tap", "Sənin də işin-gücün qurtarıb."
Əhd etmişəm, eyni ölçü üç dəfədən artıq gəldiyi gün hər şeyin başını buraxıb hamı kimi yaşayacam.
Beləcə:
1-ci. Qısa ətəkli qadının “Tələsirəm” yerişi ilə qara maşına əyləşdiyi kimi – 366 gündür əyləşir. “Üzərində durduğu ayaqlara” sahiblənmək istəyənlərin kirli nəfəsi sülək it kimi gecə-gündüz arxasınca dolaşır. Təkliyinə qoşulan min bir hekayələrdə“qəhrəman”lar fərqli obrazlarda təsvir olunur: “Bölmə rəisi”, “Həci”, “İcranın qardaşı oğlu” və s.
2-ci. “MKT”nin əli süpürgəli işçisi kimi. 366 gündür küçələri süpürərkən “Bir gün hər şey gözəl olacaq” ümidi ilə topladığı enerji içkilərinin metal qablarını əzişdirir.
3-cü. Yehovaya şahidlik edən qara donlu, qara çantalı, qara qaşlı üç qadının cənnətin təsvirini dəqiqliklə bildiklərini təsdiqləyən söhbətlərlə zeytun ilə tut ağaclarının arasındakı məsafəni dünyada heç kimə, heç nəyə borcu olmayan insan rahatlığında gəlib keçdikləri kimi. 366 gündür yolüstü gözləri kəsdirdiyi tək-tük adama yaxınlaşıb cənnətlərinə dəvət edir, şəkillər göstərib, hekayələr danışırlar.
4-cü. Dükanına yeni gəlmiş məhsulların sayı qarışmasın deyə divarı yazan adam kimi. 366 gündür səbət sayını türmədə keçən günlərini qeyd edən məhkum çarəsizliyi ilə dükanının divarlarına qeyd edir. Bir də, üç qadından bəstə boylusuna sulanır (Mənə danışıb, ordan bilirəm).
Tut ağacının kölgəsində nəfəsləndiyim an gələn “Evdə dişə dəyən heç nə yoxdur” mesajı ilə yola düşürəm. Divarlara yapışdırılan “Kamera quraşdırılır”, “Metal qəbulu”, “Massivdə, işığı, qazı, suyu hər şeyi olan 2 sot torpaq satılır”, “Gözlərinə" - elanın burası cırılıb- "gün kor" - bu hissə də cırılıb - "gündür” - kirli, cırılmış elanlardan geridə qalan yazıları oxuya-oxuya marketə – bir ömür məhkum olduğumuz həbsxanaya tələsirəm. Bank terminalının önündə izdiham var. Dava düşməsi an məsələsidir. – Beş milyon ildir dava düşür.
“Sovet vaxtı uzun növbələrdə dayanıb dava-dalaşsız çörək alan toplumun övladları, indi, müstəqil olmuş ölkəsində adam balası kimi...” – Kimsə danışır. Danışana fikir verilmədi. - Yüz beş ildir fikir verilmir. Girişdəki insanlardan icazə istəyə-istəyə yol alıram. Növbəsini pozduğumu hesab etmiş olmalıdır ki, yaxam qışqıra-qışqıra danışan adamın əlinə keçir. “Hara soxulursan əəəəə” qəzəbi ilə məni irəli-geri itələyib buraxır.
Marketdə aptekdən dərman aldığım kimi alış-veriş edəcəyim qərarına gəlmişdim - Reseptdə yazılan “Fluoksetin” dərmanın baha qiymətə olduğunu bilib “Tərkibi eyni olan, daha ucuz nəsə var?” taktikası – Hər zaman işə yarayır. Bircə dəfə olsun “OKB (rahatlamaq üçün tez-tez təkrar edilən davranışlar) ciddi xəstəlikdir, nə yazılıbsa o da alınmalıdır” iradını eşitməmişəm.
Kapitalizmdə məqsəd yoxdur, niyyət var.
Kapitalizmdə məqsəd yoxdur, niyyət var.
“51 manat 60 qəpik. Əlavə bonusu itirmək istəmirsinizsə 60 qəpiyi tamamlayın. 40 qəpiklik nəsə götürürsüz?” – Əzbər cümlə. Səhvsiz. Karıxmadan. Kassirlə baxışırıq.
“Saqqız verin.”
“60 qəpikdir, olsun?”
“Yox. 1.20 edir. Şokalad verin.”
“80 qəpikdir, olsun?”
“Yox. Kibrit verin.”
“8 ədəd düşür, verim?”
“Çoxdu...” – Növbə yaranır. Donub qalıram. 60 qəpiyi 1 manat etmək üçün 40 qəpiklik heç nə tapılmır. İki gündür dərman atmamışam. Vitrinlərdəki cərgəsi pozulmuş məhsullar nəfəsimi daraldır.
***
Sosial şəbəkələrin trendinə düşdüyümü “MTK”nin işçisi söylədi. Süpürgəsinin uzun çubuğunu qoltuq altında pərçimləyib telefonunu mənə uzatdı.
Otuz doqquz dəfə baxdım. Sonuncu dəfə baxıram:
“... Sənə Labroidesin hekayəsini danışacam. (Video burdan başlayır. Daha öncə qəpik-qəpik oyunundan bezdiyimi, monotonluğu, kapitalizmi söydüyümü çəkən olmayıb)...
"Diqqətlə qulaq as..." – Kassir yerində donub. - "Labroides yırtıcı balıqların dişlərində qalan artıq ətləri, mikrobları təmizləyən balıq növüdür. Uzun, incə, rəngli olur" (Dərindən nəfəs alıram).
Günlərin bir günü... akulanın dişlərini təmizləyən labroides ailəsinin ən balacası aylardır dilində tutub saxladığı sözü, nəhayət, dilə gətirib “Uçmaq istəyirəm” deyir. Atası, anası, qardaş-bacıları eşitdikləri sözün heyrətindən vəcdə gəlirlər. Akulanı gic gülmək tutur. Uçmağın quşlara məxsus olduğunu dəfələrlə desələr də, balaca üçün faydası olmur. Mərcan daşlara bağlayırlar, xeyri olmur. İnsanlarla qorxudurlar çarə etmir. Günlər, aylar, illər keçir. Gördükləri işin nə qədər ürək bulandıran, alçaldıcı olduğunu düşündükcə qəzəbə boğulur. Dəyişmək üçün uçmağın mümkün ola biləcəyi bütün yolları axtarır. Hər gün qanadlı balıqlarla söhbət edir. Danışdıqları bir-birindən fərqli, maraqlı hekayələri dinlədikcə ağzı quruyur. Yaşı yüzləri ötmüş su tısbağalarının söhbətlərinə qulaq asır. İsti qumları, fərqli heyvanların adlarını eşidəndə ayaq açıb yerimək, tısbağa olub sudan çıxmaq istəyir. Və bir gün həmin an gəlib çatır. Uçmağın yalnız balıq yeyən quşların köməyi ilə mümkün ola biləcəyini qəbul edir. Bunu eşidən balıqlar onun dəliliyinə, cəsarətinə mahnılar qoşur, şeirlər yazır:
Dənizdə darıxdım, sular dar gəldi,
Göylərə boyladım, ümid var, gəldi.
Qanadsız uçmağım bir xəyal idi,
Xəyal da yetərdi, göydən pay gəldi...
Dırıdım dırım dırım.
Soyuq okean günü Labroides heç kimə heç nə demədən Albatros quşlarının ən çox bəsləndiyi yerə üzür. Özündə güc toplayıb yavaş-yavaş suyun üzünə qalxır (Ara verirəm. Ətrafımda onlarla adam var. Tanış üz, yaxın adam tapmaq ümidi ilə hər kəsi gözdən keçirirəm). Hər şey bir anda baş verir. Bədəninə dəyən zərbədən gözləri qaralan Labroidesin ağlı özünə gələndə quşun dimdiyində uçduğunu anlayır. Zamanı boşa vermədən ətrafı seyrə dalır. Gördüyü ağaclara, çaylara, yaşıl, qırmızı, mavi rənglərə, səmaya diqqətlə baxıb hər anın sehrini, gözəlliyini dərindən içinə çəkir. Başqasının dişində qalan qırıntılar ilə dolanmaqdansa, sonu nə olursa olsun, beləcə, uçmağı hər şeydən üstün tutduğuna sevinir...”
Yeni dövrün ovçuları – An ovçuları. Belələri meşədə, çayda heyvan ovlayan ovçulardan daha təhlükəli, daha mərhəmətsizdilər. Özlərinə, düşüncələrinə yad olan şəxsi, hadisəni telefonları ilə ovlamaq üçün anları güdür, pusquda hazır dayanırlar. Ovladıqlarının keçmişini, indisini düşünmədən yüzlərlə baxışa, beş-üç qəpiyə duyğuları, əzabı, sevinci satmaq üçün yarışırlar.
Məni də belə ovlamışdılar. Xəbərim olmadan. Kassirə danışdığım hekayəni dörd bir tərəfdən çəkib paylaşmışdılar.
Olanların unudulduğu, yeni şikarların ovlandığı günlərin ən adisində tərəvəzçini gördüm. Üzü, gözü iki gündür satılmayan cəfəri kimi saralmışdı. Səbəbini soruşdum, bəstə boylunu xatırladaraq “Sən demə bunları Yehova adlı biri saxlayırmış” – dedi.
Mənə qədər qırx nəfərə deyibmiş.