Hüqonun çılpaq heykəlini yaradan, sevgilisi ilə 53 il sonra evlənən Ogüst Roden

Hüqonun çılpaq heykəlini yaradan, sevgilisi ilə 53 il sonra evlənən Ogüst Roden
17 noyabr 2025
# 16:46

Bu gün görkəmli fransız heykəltəraş Ogüst Rodenin anım günüdür.

Kulis.az bu münasibətlə sənətkarın həyatı və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

“Rodenin hekayəsi, hər nə qədər gənc yaşlarında yaşadığı sənət uğursuzluqları ilə başlasa da, sonrakı dövrlərdə klassik heykəltəraşlıq anlayışına yeni, insani baxış gətirməsi ilə, məşhur eşq münasibətləri ilə daim gündəmdə qalması və bütün bunlara rəğmən böyük sənət əsərləri yaratması ilə seçilən bir həyat tarixidir…”

Roden 1840-cı ildə Parisdə işçi sinfinə mənsub bir ailədə dünyaya gəlib və 14 yaşında dekorativ sənətlər məktəbinə daxil olub. O, heykəltəraş Jan Batist Jean-Baptiste Karpo ilə çalışıb, 1857-ci ildə "Ecole des Beaux-Arts"a müraciət etsə də üç dəfə imtina cavabı alıb. Növbəti il dekorativ divar ustası kimi çalışmağa başlayıb.

14 yaşında daxil olduğu "La Petite Ecole"də heykələ olan qabiliyyətini kəşf edən Roden, burada xətt və rəsm bacarıqlarını inkişaf etdirib, yaddaşdan canlı modellər çəkməyi öyrənib. Məktəbdən məzun olduqdan sonra üç dəfə "Ecole des Beaux-Arts"ın imtahanını keçə bilməyib və 1864-cü ildə Sevres şəhərindəki saxsı fabrikində işləməyə başlayıb. Həmin il onun ilk əsəri – “Sınmış burunlu adam” yaranıb.

Roden 1864-cü ildə ilk emalatxanasını qurdu və burada insan fiqurunun natural ölçülü modelini hazırladıqdan qısa müddət sonra 1875-ci ildə “Bürünc çağı” adlı heykəlinə başladı. Heykəlin həddindən artıq realist olması böyük mübahisələrə səbəb oldu – əsərin canlı modeldən qəlib alınaraq hazırlanması belə iddia edilirdi.

1877-ci ildə Paris Salonunda sərgilənən “Bürünc çağı” Rodenə şöhrət qazandırdı. Ardınca 1878-ci ildə “Müdafiə” əsərini yaratdı. 1876-cı ildə İtaliyaya gedərək Mikelancelonun işlərini araşdırdı və 1882-ci ildə “Adəm”, “Həvva” və məçhur “Düşünən Adam” əsərlərini yaratdı.

Elə bu dövrdə sonradan həm sevgilisi, həm modeli, həm də ən böyük rəqibi olacaq Kamilla Klaudel ilə tanış oldu. Rodenin onunla münasibəti ehtiraslı, fırtınalı və faciəvi idi. Rodenin sərt davranışları, sənət dünyasında Klaudelə rəqib kimi yanaşması və qadının psixoloji sarsıntıları bu münasibətin faciə ilə bitməsinə səbəb oldu. Kamilla 1913-cü ildə ruhi xəstəxanaya yerləşdirildi və 1943-cü ildə orada vəfat etdi.

1882-ci ildə üzərində işləməyə başladığı “Düşünən Adam” Rodenin heç vaxt tamamlaya bilmədiyi, 5 metrdən böyük “Cəhənnəm Qapıları” əsəri üçün hazırladığı fiqurlardan biridir. Bu heykəl əslində Danteni təcəssüm etdirir. Roden “İlahi Komediya”dan ilham alaraq əsərin ən qaranlıq hissəsi – Cəhənnəmi seçmişdi.

Roden yaradıcı prosesdə kiçik fiqurlar hazırlayır, onları qapının üzərində müxtəlif yerlərə yerləşdirir, dəyişdirir, parçalayır və bəzən başqa əsərlərində istifadə edirdi. “Düşünən Adam”, “Adəm”, “Həvva”, “Öpüşmə” kimi məşhur əsərlərin doğuluşu da məhz bu yaradıcı proseslə bağlıdır.

1880-ci ildə Fransa dövləti Rodendən yeni açılacaq Dekorativ Sənətlər Muzeyi üçün bmonumental qapını sifariş etdikdə o, 40 yaşında idi. “Cəhənnəm Qapıları” üzərində 10 il işləsə də, əsəri tamamlaya bilmədi. Qapıdakı 200 fiquru ayrıca işləyən Roden, əsəri ilə bağlı bir çox texniki və estetik yeniliklər yaratdı. Qapı yalnız heykəltəraşın ölümündən sonra bürüncdən töküldü.

Roden özü heç vaxt daş və mərmər yonmurdu – o, hesablama və tədqiqat aparır, modelləri gil, gips və mumdan hazırlayırdı. Daşyonma və bürünctökmə işlərini isə emalatxanasındakı ustalar yerinə yetirirdi.

Rodenin ən böyük sənət qalmaqallarından biri Balzak və Viktor Hüqo heykəlləri ilə bağlı idi. Viktor Hüqonu çılpaq şəkildə, qaya üzərində təsvir etməsi fransız ictimaiyyətini şoka salmışdı.

Balzak heykəli isə Fransa sənət aləmini iki yerə böldü. Roden əsərə əvvəlcə çılpaq bədənlə başladı, sonra paltar əlavə etdi, lakin fiqurun iri gövdəsi və meydan oxuyan duruşu böyük mübahisələrə səbəb oldu. Rodeni müdafiə edənlərdən biri də Emil Zolya idi.

Rodenin ən məşhur əsərlərindən biri olan “Öpüşmə”, heykəltəraşın insani baxışını ən güclü şəkildə əks etdirir. O, əsərdə bəzi hissələri tamamlamayaraq tamaşaçını heykəllə dialoqa dəvət edir, təsəvvür üçün geniş yer buraxırdı.

Roden yazışmalarında “Balzak”ı ən sevimli əsəri hesab etdiyini bildirirdi. Bütün dünyanın heyran olduğu “Öpüşmə”ni isə “xoş, amma adi” adlandırırdı.

Rodenin həyatında qadınlar həmişə böyük rol oynayıb. O, 1864-cü ildə Roza Beuret ilə tanış oldu. Roza ona həm model, həm köməkçi, həm həyat yoldaşı kimi dəstək verirdi.

Onların bir oğlu oldu. 53 il birlikdə yaşadıqdan sonra, 1917-ci ildə evləndilər və 15 gün sonra Roza öldü. Roden isə 6 ay sonra vəfat etdi. Onlar “Düşünən Adam” heykəlinin altında yan-yana dəfn olunublar.

# 151 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər