Ermənilər onu öldürüb neft quyusuna atmışdılar - Baş nazirin qardaşı haqqında

Ermənilər onu öldürüb neft quyusuna atmışdılar - Baş nazirin qardaşı haqqında
13 avqust 2024
# 21:00

Kulis.az Xəyal Bayramlının Cəfər Bünyadzadə haqqında yazısını təqdim edir.

Cəfər Bünyadzadə. Yazıçı, publisist, müəllim. Bir insanın hansı peşə sahibi olmağı onun taleyi ilə bağlı həlledici məlumatdırmı? Kim idi axı Cəfər Bünyadzadə? Nə iş görmüşdü Azərbaycan xalqı üçün? Biz onu niyə xatırlamalıyıq?

Cəfər Bünyadzadə 1890-cı ildə Bakının Fatmayı kəndində dünyaya göz açıb. Atası Xocabəy kişinin ondan başqa dörd oğlu, bir də qızı olub: Əliəşrəf, Adil, Dadaş, Məmmədhüseyn və Reyhan.

1909-cu ildə darülmüəllim seminariyasını bitirib, “Nəşri-maarif” cəmiyyətinin məktəblərində ibtidai sinif müəllimi kimi dərs deməyə başlayıb. “Səfa” xeyriyyə cəmiyyəti 1912-ci ildə məhz Cəfər Bünyadzadənin təşəbbüsü ilə təsis olunub. Həmin cəmiyyətin məktəbində də dərs deyib.

O dövrün bir çox tanınmış ziyalısı kimi mətbuatda qələmini sınayıb. İlk felyetonları 1909-cu ildə Əliabbas Müznibin redaktorluğu ilə nəşr olunan “Zənbur” satirik jurnalında və Haşım bəy Vəzirovun “İttifaq” qəzetində dərc olunub. 1910-1913-cü illərdə dostu Haşım bəy Vəzirovun “Səda”, “Sədayi-həqq”, “Sədayi-vətən” qəzetlərində fəaliyyət göstərib. Haşım bəy vəfat edəndə özünün nəşr etdirdiyi “Tuti” satirik jurnalında nekroloq dərc etdirib. İstər Üzeyir Hacıbəyovun operalarına qarşı tənqidi münasibətində, istərsə də Mirzə Ələkbər Sabirə qarşı mətbuatdakı hücumlarında Haşım bəyin ona təsiri inkaredilməzdir. 1914-cü ilin 27 dekabr tarixində Cəfər bəyin şah əsəri - “Tuti” satirik jurnalının ilk nömrəsi çap edilir. “Tuti” nəşrə başlayanda Cəfər Bünyadzadə redaktor, Tağı Nağıyev isə naşir idi. Cəfər bəyi hələ “Səfa” xeyriyyə cəmiyyətindən tanıyan Tağı Nağıyev milyonçu Ağa Musa Nağıyevin qohumu idi, keçmişdə hümmətçi olan bu şəxs “Müsavat” partiyasının da qurucularından idi. Zaman keçdikcə qardaşı Məşədi Adilin maddi dəstəyi ilə Cəfər Bünyadzadə həm də satirik jurnalın naşiri oldu. Qaragül qoyun cinsinin dərisindən papaq istehsal edən emalatxanalar, balıq vətəgələri, neft buruqları sahibi olan Məşədi Adil “Tuti” üçün o dövrə görə olduqca keyfiyyətli mətbəə avadanlığı da almışdı. Məmməd Səid Ordubadi, Seyid Hüseyn, Salman Mümtaz, Əli Nəzmi, Səməd Mənsur və başqaları “Tuti”də fəal iştirak edirdilər. Bu satirik jurnalda ictimai-siyasi mövzularda, əsasən, xırda islahatçılıq, bəzən isə mütləqiyyət quruluşu, müstəmləkəçiliyə qarşı kəskin yazılar dərc olunurdu. Senzuranın təzyiqindən bəzən səhifələr süd kimi bəyaz qalırdı.

“Babayi-Əmir”lə “Tuti” rəqabət həddini aşıb keçir, bir-birlərinə təhqirlər yağdırırdılar. Bu da Əliabbas Müzniblə Cəfər Bünyadzadənin hər birinin dövrün istedadlı qələm sahiblərini öz satirik jurnalları ilə əməkdaşlığa cəlb etmək istəklərindən irəli gəlirdi. “Tuti” Cəfər Bünyadzadənin təkcə satirik jurnalının deyil, həm də qızının adı idi. Atasının vəhşicəsinə qətlindən sonra cəmi-cümlətanı 4-5 il ömür sürdü Tuti..

Həm Cəfər, həm də qardaşı Dadaş teatrın hədsiz həvəskarı idilər. Hər iki qardaş “Səfa” truppasında tamaşalarda iştirak edirdi. 1910-cu ildə Cəfər Bünyadzadənin “Məişət”, 1911-ci ildə “Ovçular məişəti”, Azərbaycan Cümhuriyyəti illərində - 1919-cu ilin 6 iyun tarixində isə “Üç yoldaş” pyesi səhnələşdirilmişdi. Cəfər bəyin qardaşı Dadaş Bünyadzadə də kiçikhəcmli pyeslər yazırdı. Çox maraqlıdır ki, Dadaş Bünyadzadənin qızının adı Nəsibə, oğullarından birinin adı isə Cahangir olub. Belə düşünmək olar ki, “Səfa” cəmiyyətindən tanıdığı Cahangir Zeynalovun və qızı Nəsibə xanımın adlarını Dadaş bəy öz övladlarına qoyub. Dadaş bəyin qardaşı oğlu Firudinin taleyində də mühüm rolu olub. İlk dəfə əmisi Dadaş Bünyadzadənin teatra apardığı və teatrın ovsunu ilə sehrlənən Firudin Bünyadzadə gələcəkdə Azərbaycan Televiziyasının ilk rejissorlarından olur.

Qubernator bağı Hüseyn Cavidlə Cəfər Bünyadzadənin daimi görüş yeri idi. Seyid Hüseyn yaxınlaşıb onlarla görüşür, Cəfərdən soruşur:

- Hə, bizim keçmiş “Yetimlər” məktəbində işlər necə gedir?

Cəfər də əlindəki qəzetlərə göz gəzdirərək fərəhlə deyir:

- Cavid əfəndi kimi müəllimi olan bir məktəbin işləri sən bilən necə gedər? Əla!

Aradan qısa zaman ötür. Dadaş Bünyadzadə Azərbaycan SSR-in ilk xalq maarif komissarı təyin edilir və onun sərəncamı ilə Hüseyn Cavid ocaqları təşkil olunur.

Cəfər Bünyadzadə hər şeydən əvvəl müəllim idi. Mən onu nasist düşərgəsində yəhudi şagirdləri ilə birgə ölümün gözünün içinə dik baxan Yanuş Korçaka bənzədirəm. Cəfər Bünyadzadə şəhərdəki səfil uşaqlara ürəyi yanaraq onlar üçün cəmiyyət yaradıb, uşaqlar üçün ilk notsuz nəğmələr kitabı yazıb, Hənəfi Zeynallı kimi bir istedadın gün üzünə çıxmasında “Tuti” vasitəsilə müəyyən rol oynayıb. Şagirdlərindən Məmmədəli Vəlixanlı Azərbaycan SSR xalq artisti, Əmin Abid Gültəkin isə tanınmış ədəbiyyatşünas, şair olub. Məmmədəli bəy xatirələrində müəllimi Cəfər bəyin çox gözəl klarnet ifa etdiyini qeyd edib. Cəfər Bünyadzadənin qardaşı oğlu Seyfəl bəy Üzeyir Hacıbəyovun ansamblında klarnet ifa edib, digər qardaşı oğlu Nicad bəy uzun müddət Kəlbəcər rayonunda ən yaxşı riyaziyyat müəllimi kimi tanınıb. Hal-hazırda da Cəfər bəyin qardaşları və bacısı nəslindən elm-incəsənət sahələrində bir çox ziyalılar var. Bunlara misal kimi Cəfər bəyin bacısı Reyhan xanımın nəslindən olan, “Tut ağacım” mahnısının sözlərinin müəllifi Zakirə Allahverdiyevanı və Cəfər bəyin qardaşı Məmmədhüseyn bəyin nəvəsi, bütün Şərq dünyasında “Təbəssüm Ordeni”nə layiq görülən ilk qadın yazar Aygün Bünyadzadəni qeyd edə bilərəm. Aygün xanımdan sonra Azərbaycandan bu mükafata layiq görülən ikinci şəxs Ələkbər əmi olub ki, onun da bu mükafatı qazanmasında Aygün xanımın böyük rolu olub.

Daşnaklara qarşı nifrəti hədsiz idi Cəfər Bünyadzadənin. İstər “Tuti”də, istər “Hümmət”də onlara qarşı kəskin yazılar yazırdı. Daşnaklar bu yazıları cavabsız qoymur. Cəfər Bünyadzadə 1918-ci ilin avqustunda öz yoldaşları ilə birgə əhalini daşnak hücumlarından müdafiə edərkən öldürülür. Başı kəsilərək meyiti quyuya atılır. “Mən qardaşımın meyitini quyudan çıxartmadan heç yana gedən deyiləm” deyən Məşədi Adil başı kəsilmiş meyiti cibindəki ev açarı və hamilə yoldaşı Umnisə xanım üçün aldığı limondan tanıdı.. Bu hadisədən bərk sarsıntı keçirən Umnisə xanımı isə qarşıda hələ çox keşməkeşlər gözləyirdi. 1930-cu illər gələcək, dövlət xadimi olan qardaşı Mahmud Bünyadzadə güllələnəcək, özü isə Qazaxıstan çöllərinə sürgün ediləcəkdi.

1930-cu illərin repressiyaları Cəfər Bünyadzadənin qardaşlarının başının üstünü qara duman təki almışdı. İnqilabçı, dövlət xadimi qardaşı Dadaş Bünyadzadə həbsxana hücrələrində dözülməz işgəncələrə məruz qaldı və köynəyinə öz qanı ilə “Mən bu dünyaya kommunist gəlmişəm, kommunist də gedirəm“, yazan inqilabçı güllələndi. Əliəşrəf Bünyadzadə inqilabdan əvvəl daş karxanaları, alma bağları olan sahibkar idi. Özbəkistana sürgün edildi və elə orada da dünyasını dəyişdi. Milliyyətcə özbək məhbəs yoldaşı onu dəfn etdiyi üçün məzarının yeri bilinsə də, dəfn edildiyi yer indi parkdır. Özü sürgün edilən Əliəşrəf Bünyadzadənin daş karxanasındakı daşlar isə indiki Prezident yanında İdarəçilik Akademiyasının tikintisi üçün istifadə edilib. Məmmədhüseyn Bünyadzadə ailəsi ilə birgə Qazaxıstan çöllərinə sürgün edildi və sürgün edildikləri yerdən bütün ailə üzvləri ilər birgə Azərbaycana geri qayıda bilən iki ailədən biri oldular. Digər ailə isə Çingiz İldırımın qohumları idilər.

Mir Cəfər Bağırovun məhkəməsi həyata keçirilərkən Cəfər Bünyadzadənin qardaşı oğlu Nicad bəy Kəlbəcərin bir kəndində radio vasitəsilə prosesə qulaq asır və bəraət alanlar arasında əmisi Dadaş Bünyadzadənin də adını eşidəndə uşaq kimi ağlayır.. Mən bunu xalamdan eşitmişəm. Xalamın soyadına da repressiya təsir edib. Bünyadzadə deyil, Ədilovadır onun soyadı.

Cəfər bəyin Azərbaycana qayıtmayan, sürgün edildikləri yerlərdə qalıb yaşayan qohumları da oldu. Siyasətdə nə qədər yumşalma olsa da, Azərbaycanda yaşayan qohumlar o biri qohumları axtarmaqdan qorxdular. Bəraətlər də xala xətri oldu. İnsanların bu əzab-əziyyətləri çəkməyi ilə yanaşı, onlar haqqında araşdırma aparmaq da qəsdən çətinləşdirildi.

Mən Cəfər bəyin qardaşı nəticəsiyəm. Ömür yetsə, Cəfər bəyin məzarını tapmaq və onun əsərlərinin nəşri ilə adını əbədiləşdirmək, repressiya qurbanı olub xaricdən qayıtmayan qohumlarımızı tapmaq və təkcə qohumlarımın deyil, bütünlüklə repressiya məruz qalan soydaşlarımızla bağlı Azərbaycanda sanballı iş ortaya qoymaq istəyirəm.

# 2350 dəfə oxunub

Müəllifin son yazıları

# # #