Bülbül – Yasunari Kavabata

Bülbül – Yasunari Kavabata
23 mart 2023
# 14:00

Kulis.az Yasunari Kavabatanın “Bülbül” romanından bir hissəni təqdim edir.

Xanım, sözümdən dönüb sizə yenidən yazmağa məcbur oldum. Keçən il mənə verdiyiniz bülbüllərə artıq baxa bilməyəcəyəm. Həyat yoldaşım onlara qayğı göstərirdi. Mənimsə sadəcə etdiyim bülbüllərə baxıb sizi xatırlamaq idi. Mənə dediklərinizi xatırlayırsınızmı? Dediniz sənin arvadın var, mənimsə ərim, görüşə bilmərik. Kaş ki, arvadınız olmasaydı. Məni xatırlamaq üçün sizə bu bülbülləri verirəm. Onlara baxın: ər və arvad, birgə!

Quşları aldığım kişi təsadüfi olaraq bir erkək, bir dişi seçdi, eyni qəfəsə qoydu-dediniz. Onlar bir-birləri ilə tanış deyillər. Hər nəysə, bu quşlar məni sizə xatırladacaq. Qəribə görünə bilər ki, sizə xatirə olaraq canlı varlıqlar verirəm, amma xatirələrimiz də canlıdır, yaşayır. Bülbüllər bir gün öləcəklər. O gün gələndə xatirələrimiz də ölməlidir, icazə verək ki, ölsünlər.

Bülbüllər indi az qalır ki, ölsünlər. Onlara baxan çıxıb gedib. Bu zərif quşlara mənim kimi eqoist bir sənət adamı baxa bilməz, bu mümkün deyil. Gəlin, açıq danışaq. Quşların qayğısına qalan, onlarla maraqlanan həyat yoldaşım, öldü və şübhəsiz ki, quşların ölümü də yaxındır.

Deyəsən, siz xatirələrinizi mənə yox, xanımıma əmanət etmişdiniz. Quşları sərbəst buraxmağı düşündüm, ancaq həyat yoldaşımın ölümü ilə, sanki qanadlarındakı güc də gedib. Həm düşünürəm ki, bu bülbüllər sərbəst yaşamağa adət etməyiblər. Quş ailəsinin birgə uça biləcəyi yoldaşlar da yoxdu, nə bu şəhərdə, nə də meşədə. Bir-birindən ayrı uçsalar, tək-tək ölərlər. Dediyiniz kimi, quşları satan adam onları təsadüfi seçib eyni qəfəsə, qoymuşdu. Ancaq quşları eyni adama satmağa da əlim gəlmir. Axı onları mənə siz vermisiniz. Ancaq sizə geri qaytarmağa da razı deyiləm. Həyat yoldaşımın baxıb onlara, xatirəsi var. Bəlkə unutduğunuz bu quşları geri qaytarıb sizə zəhmət də verməyim, bunu istəmərəm əslində.

Təkrar edirəm. Bülbüllər bu günə qədər yaşadılar, çünki onların yanında arvadım var idi, ancaq indi onlar mənə ancaq sizi xatırladırlar. Buna görə xanım, bu bülbüllərin həyat yoldaşımın getdiyi yerə getməsini istəyirəm.

Mövzu xatirələr deyil. Niyə axı mən daha öncədən sizin kimi birinə aşiq olmadım! Çünki həyat yoldaşım vardı, buna görəmi? Həyat yoldaşım mənə həyatın çətinliklərini unutdururdu. Varlığımı görməzdən gəlməyimə səbəb olurdu. Buna kömək edirdi. Sizin kimi bir qadının yanında olsaydım əgər, ya özümün fərqində olardım, ya da başımı önümə əyərdim.

Xanım, icazənizlə, bülbülləri öldürüb həyat yoldaşımın məzarına basdıracağam. Bəli, bunu edəcəyəm.

Tərcümə: Nargis İsmayılova

# 2438 dəfə oxunub

Müəllifin son yazıları

# # #