Basqın - Natiq Səfərovun tərcüməsi

Basqın - Natiq Səfərovun tərcüməsi
27 iyun 2020
# 17:30

Kulis.az məşhur tərcüməçi Natiq Səfərovun tərcüməsində Con Steynbekin “Basqın” hekayəsini təqdim edir.

I

Furqondan iki nəfər çıxıb kimsəsiz küçəylə inamla addımlayanda Kaliforniya şəhərciyinə artıq qaranlıq çökmüşdü. Konserv zavodlarından çürümüş meyvələrin şirintəhər qoxusu gəlirdi. Yolayrıcılarındakı qövsvarı fənərlər küləkdə yırğalanır və onların göyümsov işığında telefon məftilləri yerə titrək kölgə salırdı. Köhnə taxta binalar səssizlikdə dincəlirdi. Binaların tozlu pəncərələrində küçə işıqları sönük-sönük əks olunurdu. Küçəylə addımlayan bu iki nəfərin biri gənc, o biri isə xeyli yaşlı idi; eyni boyda və biçimdəydilər, saçları qısa vurulmuşdu, ikisi də göy rəngli cins şalvar geymişdi. Yaşlının əynində gödəkcə, cavanın əynində mavi sviter vardı. Onlar qaranlıq küçəylə gedir və addım səsləri taxta divarlarda ucadan əks-səda verirdi. Daha cavan olanı

“Gəl yanıma, mənim qəmli mələyim” mahnısını fıştırıqla çalmaq istədi, amma tez də susdu.

– Bu lənətə gəlmiş havadan heç cür qurtula bilmirəm. Bütün günü beynimdə hərlənir, – deyə özünə bəraət qazandırmağa çalışdı.

Yaşlı ona tərəf döndü:

– Deyəsən, öz qorxaqlığını bayram edirsən! Rut, boynuna al ki, qılçaların əsir.

Onlar küçə fənərinin altından keçirdilər. Rut sifətinə sərt ifadə verməyə çalışdı: gözlərini qıydı, ağzını qeyzlə əydi:

– Qorxanın atasına lənət! – dedi. Onlar işıq zolağını arxada qoydular. – Sadəcə bu məsələnin necə olduğunu dəqiq bilmək istəyirəm, maraqlıdı. Dik, sənin üçün bu, keçilmiş mərhələdi. Bilirsən ki, səni nələr gözləyə bilər. Mənsə birinci dəfədi tapşırığa gedirəm.

– Yalnız şəxsi təcrübə əsasında öyrənmək olar, – Dik müəllim ədasıyla dedi. – Kitablardan heç nə öyrənə bilməzsən. Öyrəndiyin də kara gəlməyəcək.

– Göz gözü görmür, – Rut dedi. – Görəsən, ay çıxacaq, ya yox? Ay çıxsaydı, yaxşı olardı. Dik, birinci sən çıxış edəcəksən?

– Yox, sən. Mənim təcrübəm daha böyükdü. Sən danış, mənsə göz qoyum, fikirləşim, görüm onlara nəylə təsir etmək olar. Sən nə danışacağını fikirləşmisən?

– Əlbəttə. Son sözə qədər. Yazıb əzbərləmişəm. Uşaqlar deyir, çıxırsan nitq söyləməyə, əvvəl bilmirsən nədən danışasan, sonra birdən söz dəyirmanının ağzı açılır, nə açılır, sözlər çay kimi axıb-gəlir, danışdıqca danışmaq istəyirsən. Böyük Mayk deyir ki, onda bu cür olub. Amma mən risk eləmək istəmədim, yazdım.

Qatar fitinin kədərli səsi eşidildi, döngədən yola vahiməli işıq salaraq, parovoz sıçrayıb çıxdı, pəncərəli gur işıqlı vaqonlar gurultuyla ötüb-keçdi. Dik dönüb qatarın arxasınca baxdı.

– Sərnişin o qədər də çox deyil, – o, məmnun səslə dedi. – Əgər səhv etmirəmsə, sənin qocan dəmiryolunda işləyir. Özün demisən.

– Elədi. Əyləc konduktorudu. Biləndə ki, mən nəylə məşğulam, mitilimi çölə atdı. – Rut öz qüssəsini sezdirmədən danışmağa çalışırdı. – O, öz iş yerini itirməkdən dəhşətli qorxur. – Heç nə başa düşmək istəmir. Ha qandırdım, xeyri olmadı. Nəinki başa düşmədi, üstəlik, məni evdən qovdu. – Rutun səsində elə bir kədər vardı ki, özü də qorxdu: indi Dik başa düşəcək ki, o, ev üçün darıxıb, peşmandı. Buna görə kəskin səslə əlavə etdi: – Elə bədbəxtlik də bundadı ki, iş yerlərini itirməkdən dəhşətli qorxurlar, öz burunlarından uzağı görmürlər. Başa düşmürlər ki, onların başına nə oyun açırlar. Öz qandallarından bərk-bərk yapışırlar.

– Bu sözləri sonraya saxla, – Dik məsləhət gördü. – Zor deyib. Olmaya sənin nitqindəndi?

– Yox, ancaq bir halda ki, sənin xoşuna gəlir, bunları da deyərəm.

İndi küçə fənərləri az-az rast gəlirdi. Yolun kənarında ağ akasiya kolları bitmişdi: şəhərin qurtaracağıydı, tez-tez kənd mənzərələrinə təsadüf olunurdu. Kəndarası yolun hər iki tərəfində adda-budda həyətli evlər gözə dəyirdi.

– Tfu!.. Mən bu cür zülmət görməmişəm. – Rut yenə dilləndi. – Bir tərəfdən bu yaxşıdı. İşimiz əngələ düşsə, aradan çıxmaq asan olar.

Gödəkcəsinin boyunluğunu qaldırmış Dik fınxırdı, amma heç nə demədi. Bir müddət dinməzcə getdilər.

– Dik, birdən dəyənəklər işə düşsə, sən qaçacaqsan, ya yox? – Rut soruşdu.

– Qaçmaq nədi, lənət şeytana! Olmaz qaçmaq. Bizə tapşırılıb ki, əgər həngamə başlasa, axıracan durmalıyıq. Görürəm qorxursan, qılçaların əsir. Ay körpə, yəqin, utanmasaydın, aradan çıxardın?!

Rut daha dözə bilmədi:

– Nə özünü dartırsan, – dedi, – bir-iki dəfə çıxış eləmisən deyə burnun göylə gedir. Guya müdrik bir qocasan!

– Hər halda, südəmər deyiləm.

Rut kiridi. Başını aşağı saldı. Handan-hana:

– Dik, – asta və yazıq səslə dedi, – sən əminsən ki, qaçmayacaqsan? Əminsən ki, hər şeyə duruş gətirə biləcəksən?

– Aydın məsələdi, əlbəttə, əminəm. Birinci dəfə deyil ki, bizə belə tapşırılıb, aydındı? Biz özümüzü elə aparmalıyıq ki, xalq bizdən nümunə götürsün, – o, qaranlıqda Ruta nəzər saldı, – hey soruşursan, maraqlanırsan. Səbrin çatmır, ya qorxursan? Qorxursan ki, dözməyib qaçasan? Əgər belədisə, bəri başdan de, get evə.

Rut titrək səslə:

– Dik, sən əla oğlansan, – dedi. – Mənim sənə dediklərimi heç kəsə demə, yaxşı? Axı mən bir dəfə də olsun, tapşırığa getməmişəm. Haradan bilim ki, başıma dəyənək vursalar, nə edəcəyəm. Bir də, bunu kim bilə bilər axı? Ancaq mənə elə gəlir ki, qaçmayacağam. Çalışacağam qaçmayım.

– Bu, başqa məsələ, körpə. Daha bu barədə danışmayaq. Ancaq bil ki, əkilmək istəsən, təşkilata xəbər verəcəyəm; bizdə satqınlara yer yoxdu. Körpə, bunu yaxşı-yaxşı yadında saxla.

– Bura bax, bəsdi mənə körpə dedin. Qurtar.

Onlar şəhərdən uzaqlaşdıqca akasiya kolları sıxlaşırdı. Tinlərin birində it hürdü; yəqin, onların səslərinə hürürdü. Ulduzların qabağını kəsərək, yerə seyrək duman çökməkdəydi.

– Sən hər şeyi hazırlamısan, eləmi? – Dik soruşdu. – Lampa gətirmisən? Bəs kitabları necə? Bax ha, mən sənə ümid olmuşam.

– Mən hələ gündüzdən tədarük görmüşəm, – Rut dedi.

– Ağ nöyüt gətirmisən? Lampalar doludu?

– Ağzınacan. Bura bax, Dik, hansısa əclaf xəbər verib, yəqin?

– Ola bilsin. Satqın həmişə var.

– Bəs özün heç nə eşitməmisən? Basqın olacaq, ya yox?

– Nə bilim, lənət şeytana, axı bunu haradan bilə bilərəm? Bəyəm onlar gəlib mənə hesabat verib deyirlər ki, bəs, gözləyin, gəlib sizin başınızı yaracağıq? Rut, özünü ələ al. Yoxsa elə əsirsən ki, az qalır şalvarın düşsün. Elə eləmə ki, cinlənim.

II

Onlar qaranlıqda nəhəng və qara dördkünc binaya yaxınlaşdılar.

– Hələ heç kəs yoxdu, – Dik dedi. – Gəl lampaları yandıraq, qaranlıqda adamın ürəyi sıxılır.

– Onlar atılmış köhnə dükanın qarşısında dayanmışdılar. Dükanın vitrinləri tozdan qaralmışdı. Vitrinlərin birinə içəridən “Laki stryak” siqaretini tərənnüm edən plakat yapışdırılmışdı. O biri vitrində koka-kola reklamı gözə dəyirdi – kartondan düzəldilmiş və adam boyunda olan qadın fiquru qaranlıqda hansısa qorxunc kabusa oxşayırdı. Dik ikitaylı qapını açıb içəri girdi. Kerosin lampasının şüşəsini çıxardı, kibrit çəkib, fitili yandırdı. Sonra şüşəni geydirdi və lampanı boş alma qutusunun üstünə qoydu.

– Rut, keç içəri, hazırlıq görmək lazımdı.

Divarların malası bəzi yerlərdə qopmuşdu, ona görə divar ala-bula görünürdü. Küncdə bir qalaq tozlu qəzet atılmışdı. Arxa divardakı bir-iki pəncərəni hörümçək toru basmışdı. Otaqda üç alma qutusundan savayı heç nə gözə dəymirdi.

Rut yeşiklərin birinə yaxınlaşdı və oradan iri plakat çıxardı. Plakatda qırmızı və qara cizgilərlə kişi sifəti təsvir edilmişdi. O, plakatı lampanın arxasında malası qopmuş divara sancaqladı. Böyürdən daha birini – hansısa emblemin əks olunduğu plakatı asdı. Sonra başqa qutunu dikinə qoyub, üstünə bir qalaq vərəq və broşür yığdı. Onun hər addımı laxlayan taxta döşəmədə hündürdən əks-səda verirdi.

– Dik, o biri lampanı da yandır, yoxsa çox qaranlıqdı, elə bil zindanda oturmusan.

– Yaxşı. Olmaya qaranlıqdan qorxursan?

– Niyə, uşağam, qorxum? İndicə o biriləri də gələcək. İstəyirəm onlar gələndə işıq olsun. Saat neçədi?

Dik qol saatına baxdı.

– Səkkizə on beş dəqiqə qalib. Birazdan gələcəklər. O, əllərini gödəkcənin döş ciblərinə soxdu, üstündə vərəqlər olan yeşiyin yanında dayandı. Oturmağa yer yox idi. Qara-qırmızı adam plakatdan diqqət və hirslə baxırdı. Divara söykənmiş Rutun bu sərt baxışlar nədənsə xoşuna gəlmədi. Elə bil plakatdakı kişi onu nədəsə ittiham etmək istəyirdi.

Lampalardan birinin işığı qəfildən öləziməyə başladı, sanki indicə sönəcəkdi. Dik lampaya sarı getdi.

– Bəs sən deyirdin ki, ağzınacan doldurmusan? Bu isə bomboşdu.

– Mən elə bilirdim doludu. Eyib etməz. O birisində kerosin ağzınacandı. Oradakı nöyütdən boş lampalara da tökmək olar.

– Demək asandı. Bunun üçün əvvəlcə gərək ikisini də söndürək. Kibrit var?

Rut ciblərini eşələdi:

– Qalmayıb. İşlətmişəm.

– Yaxşı deyiblər: şamçıya ümid olan şamsız yatar. Toplantını bir lampanın işığında keçirməli olacağıq. Günah məndədi, gündüz gərək özüm hər şeyi yoxlayaydım. Ancaq başım bərk qarışıq idi. Elə bilirdim sənə ümid etmək olar.

– Onda gəl belə eləyək: nöyütü cəld dəmir qaba süzək. Sonra oradan ikinci lampaya tökərik.

– Ağıl dəryasısan! İstəyirsən dükan od tutub yansın? Əcəb köməkçi tapmışam özümə, Allah dalısından saxlasın.

Rut yenə divara söykəndi.

– Bunlar harda qaldı? Saat neçədi?

– Doqquza beş dəqiqə işləyir.

– Bəs onda niyə gəlmirlər? Nəyi gözləyirlər? Axı sən onlara demişdin ki, saat səkkizdə gəlsinlər.

– Ay körpə, bəsdi dızıldadın. Məni boğaza yığmısan. Mən nə bilim axı, nə üçün gəlmirlər? Ola bilsin, qorxublar. Bir az kiri, görək başımıza nə gəlir. – Dik yenə əllərini gödəkcəsinin ciblərinə soxdu. – Rut, barı siqaretin var?

– Yoxdu.

Araya yenə sükut çökdü. Haradasa maşınlar şütüyürdü: motorların boğuq uğultusu, hərdən maşın fiti eşidilirdi. Qonşu həyətlərin birində it candərdi hürürdü. Küləkdə akasiya kolları xışıldayırdı.

– Ey, Dik! Səsi eşidirsən? Deyəsən, gəlirlər.

Onlar başlarını qapıya tərəf döndərib, gərgin halda dinlədilər.

– Heç nə eşidilmir. Yəqin, sənə elə gəlib.

Rut toz basmış vitrinlərdən birinə yaxınlaşdı, küçəyə nəzər saldı. Öz yerinə qayıdanda dikinə qoyulmuş yeşiyin yanında ayaq saxladı, broşürləri səliqəylə dəstələdi.

– Dik, saat neçədi?

– Sus, başa düşdün? Sən adamı dəli edərsən. Bu iş üçün möhkəm olmaq lazımdı. Sən sübut etməlisən ki, göründüyün qədər də aciz deyilsən.

– Dik, axı mən birinci dəfədi iştirak edirəm.

– Hiss olunur. Baxan kimi bilinir.

Güclü külək əsdi, akasiya kollarında səs saldı. Qapı taqqıldadı, bir tayı yavaş-yavaş açıldı. Külək otağa soxuldu, tozlu qəzetləri xışıldatdı, plakatları pərdə kimi qaldırdı.

– Rut, qapını ört... Ya da yox, qoy açıq qalsın, onların gəlişindən tez xəbər tutarıq. – Dik saata baxdı. – Artıq doqquzun yarısıdı.

– Səncə, onlar gələcəklər? İndi onları neçəyə qədər gözləməliyik?
Dik fikirli-fikirli açıq qapıya baxdı.

– Azı, saat onun yarısına qədər. Tapşırılıb ki, mütləq toplantı keçirək.

Açıq qapıdan gecə səsləri aydınca eşidilirdi: yolda quru yarpaqların rəqsi, itlərin ləng, tənbəl-tənbəl hürüşü, küləyin yeknəsəq vıyıltısı... Lampanın sönük işığında qırmızı-qara çöhrə qəzəblə onlara baxırdı. Külək yenə plakatın aşağısını qaldırdı.

– Qulaq as, körpə. – Dik astadan dedi. – Bilirəm, səni qorxu götürüb. Vahimələnəndə ona nəzər sal. – Dik baş barmağı ilə plakatı göstərdi. – Bax, o, qorxu nə olduğunu bilmir. Yadına sal, gör o, nələr eləyib.

Rut plakata baxdı.

– Elə bilirsən, o, heç vaxt qorxmayıb?

– Lap qorxsa da, heç kəs bunu bilməyib. – Dik onun sözünü kəsdi. – Qoy sənə dərs olsun: hər rast gəldiyinə, hər it-qurda öz hislərini bildirmə.

– Sən zor oğlansan, Dik. Məni tək göndərsələr, heç bilmərəm, nə edəcəm. Hər şey yaxşı olacaq, körpə. Sən zəif oğlan deyilsən, dəqiq sözümdü. İntəhası, təcrübən yoxdu.


Rut cəld qapıya tərəf nəzər saldı.

– Ey! Kimsə gəlir, eşidirsən?

– Qurtar! Gələndə gələcəklər, təşviş nəyə lazım?!

– Yaxşı. Gəl qapını örtək. Soyuqdu. Qulaq as! Kimsə gəlir.

Kəndarası yoldan tələsik addım səsləri gəldi, sonra həmin adam qaçmağa başladı, ayaq tappıltısı yaxınlaşdı. Dükana kombinezonlu bir oğlan təpildi. Təntiyə-təntiyə:

– Uşaqlar, buradan tez əkilsəniz yaxşıdı, – dedi. – Sizə qarşı basqın hazırlanır, bir sürüdülər. Uşaqlardan heç kəs toplantıya gəlməyəcək. Qərara gəliblər ki, sizi qurban versinlər, onda özləri kənarda qalarlar. Mən bunu əclaflıq sayıram. Cəld şey-şüyünüzü yığın, çıxın aradan. Bütün sürü indicə bura tökülüşəcək.

Rutun rəngi qaçdı, bütün bədəni gərildi. Təşvişlə Dikə baxdı. Dik üşüyürmüş kimi büzüşdü, yenə əllərini döş ciblərinə soxdu, çiyinləri sallandı.

– Sağ ol, – dedi. – Sağ ol ki, xəbər verdin. Sən get, bizə görə narahat olma.

– Qərara gəliblər ki, sizi qurban versinlər, hər şey sizin başınızda çatlasın. – Kombinezonlu oğlan təkrar etdi.

Dik başını tərpətdi.

– Aydındı. Allah onlara ağıl versin. Burunlarından uzağı görə bilmirlər. İndisə qaç, yoxsa ələ keçərsən.

– Bəs siz getmirsiniz? Gəlin, şeyləri aparmağa kömək eləyim.

– Biz qalırıq, – Dik qətiyyətlə dedi. – Tapşırıq belədi: axıra qədər qalmaq. Nəyin bahasına olursa-olsun.

Oğlan qapıya sarı yönəldi. Sonra döndü.

– İstəyirsiniz, sizinlə qalım?

– Yox, lazım deyil, sən mərd oğlansan. Ancaq sənin qalmağına ehtiyac yoxdu. Ola bilsin, gələn dəfə bizə lazım olarsan.

– Siz bilən məsləhətdi, mən bacardığımı elədim.

III

Dik və Rut oğlanın necə taxta səkidən tappıltıyla keçərək, qaranlıqda qaçdığını eşitdilər. Ayaq tappıltısı uzaqlarda sönüb, itdikdən sonra yenə otağa gecə səsləri doldu: quru yarpaqlar xışıldayır, mərkəzdən maşınların uğultusu gəlirdi.
Rut təşvişlə yaşlı yoldaşına baxdı. Sezdi ki, o, ciblərində yumruqlarını düyüb. Dikin sifəti gərginlikdən donmuşdu, lakin Rutun baxışlarını hiss edib gülümsədi.

– Nolub, körpə, qorxursan?

Rut istədi qabarsın, amma gücü çatmadı, etiraf elədi:

– Hə, bir az qorxu var. Bəlkə də, məndən sənə heç bir xeyir olmayacaq.

– Möhkəm ol, körpə! – Dik qızğınlıqla dedi. – Özünü boş buraxma, onda hər şey yaxşı olacaq. Təlimatda deyilir ki...

Dik sözünün ardını gətirmədi, susub, nəyisə dinlədi. İt hürüşünün ahəngi kəskin dəyişmişdi. İndi onlar ucadan və qəzəblə hürüşürdülər.

– Deyəsən, onlardı, – Rut dedi. – Səncə, bizi öldürə bilərlər?

– Yox, onlar nadir halda öldürürlər.

– Ancaq döyüb, təpikləyəcəklər, hə? Dəyənəklə haradan gəldi vuracaqlar: başa, üzə, dizə. Odu e, Böyük Maykın çənəsini üç yerdən sındırıblar.

– Möhkəm ol, oğlan! – Dik yenə təkrar etdi: – Əsl kişi dəyənək qabağından qaçmamalıdı.

– Mən qaçmaq istəmirəm, Dik. Allaha and olsun ki, istəmirəm. İşdi, dözə bilməsəm, qaçmaq istəsəm, tut, saxla məni, yaxşımı?

Dik yaxınlaşdı, əlini onun çiyninə qoydu:

– Sən özünü kişi kimi aparacaqsan, mən buna əminəm. Mərd oğlanları mən o dəqiqə tanıyıram.

Rut başa düşürdü ki, Dik bu sözləri onu rahatlatmaq üçün deyir, bununla belə, bu sözləri, həqiqətən də, ona güc verirdi...
İtlər elə bil sakitləşmişdi; yenə astadan, həvəssiz hürürdü. Külək quru yarpaqları qovub içəriyə saldı. Şəhərin harasındasa avtomobil kəskin tormoz verdi, təkərlər tükürpədən səslə ciyildədi.

– Dik, sən bir şey eşidirsən? Gəlirlər? Eşidilir?

– Yox.

– Dik, xəbərin var ki, Böyük Mayk sınmış çənəylə iki gün baxımsız qalıb?

– Dik hirslə ona tərəf döndü. Düyünlənmiş yumruğunu gödəkcənin cibindən çıxardı. Gözləri zəndlə Ruta baxdı. Sonra yaxına gəlib, bir əliylə onun çiynini qucaqladı:

– Qulaq as, oğlan, – dedi. – Mənim çox şeydən başım çıxmasa da, dəyənək zərbəsinin, döyülməyin nə olduğunu bilirəm. İnan mənə, dəqiq sözümdü: məsələ bu yerə gəlib çatanda, nədənsə, heç bir ağrı duymursan. Lap öldürsələr də.

– O, əlini oğlanın çiynindən götürdü, qapıya sarı getdi, qulaq kəsilərək, küçəyə – sağa, sonra sola boylandı və əvvəlki yerinə qayıtdı.

– Bir şey eşidilir?

– Yox. Səs-səmir gəlmir.

– Səncə, əli dəyənəklilər niyə yubanırlar?

– Mən haradan bilim?

Rut güclə udqundu. Ümidlə:

– Bəlkə, heç gəlməyəcəklər? – soruşdu. – Bəlkə, oğlan gopa basırdı? Ya bizimlə məzələnirdi?

– Ola bilsin.

– Yaxşı, indi biz bütün gecəni gözləyəcəyik ki, haçan gəlib bizim başımızı yaracaqlar?

– Bəli, bütün gecəni məhz ona görə gözləyəcəyik ki, gəlib bizim başımızı yarsınlar, – deyə Dik onu ələ saldı.

Külək bir ara yenə coşdu, ancaq gücdən tez düşdü, sakitləşdi. İtlərin səsi kəsilmişdi. Döngədə parovoz nərildədi və qatar gurultuyla keçib-getdikdən sonra səssizlik daha da qatılaşdı və az qala dözülməz oldu. Qonşu evlərin birində zəngli saat cingildədi.

– Kimsə işə getməyə hazırlaşır, yəqin, gecə gözətçisidi. – Dik dedi və onun səsi gecə səssizliyində çox hündürdən səsləndi. Giriş qapısı cırıldayaraq, yavaş-yavaş örtüldü.

– Dik, saat neçədi?

– Ona on beş dəqiqə qalır.

– İlahi! Yəni hələ on da olmayıb? Mənsə elə bilirdim, səhərin açılmasına az qalır... Onlar gəlmiş olsaydılar, indi hər şey qurtarmışdı, düz demirəm, Dik? Ey, Dik? Deyəsən, səs gəlir axı.

Onlar boğazlarını uzadaraq, gərgin halda qulaq asdılar.

– Dik, səsləri eşidirsən?

– Elə bil hə. Deyəsən, astadan danışırlar.

Yenə it hürdü, bu dəfə hikkədən boğula-boğula hürürdü. İndi boğuq səslər aydınca eşidilirdi.

– Dik, bir bax gör! Deyəsən, evin dalında kimsə gəzir, arxadakı pəncərədən görsənir.

– Bu, onun üçündü ki, aradan çıxa bilməyəcək. Evi mühasirəyə alırlar. Hə, indi möhkəm dur, oğlan! İndi doğrudan gəlirlər. Ancaq yadında saxla: günah onlarda yox, onları göndərəndədi.

Ayaq tappıltıları eşidildi. Qapı taybatay açıldı. Qara şlyapalı, kobud geyimli kütlə içəri soxuldu. Əllərində dəyənək və dəmir çubuqlar vardı. Dik və Rut çənələrini qaldıraraq dimdik durmuşdular.

Dükana soxulan əli dəyənəklilər çaşqınlıq içində dayandılar. Rut və Diki yarımdairə şəklində əhatəyə alaraq, onlardan hansınınsa tərpənəcəyini gözlədilər. Rut yaşlı yoldaşına qıyğacı nəzər saldı – Dik diqqətlə, sınayırmış kimi ona baxırdı. Rut titrəyən əllərini ciblərinə apardı və özünü irəliyə addım atmağa məcbur etdi.

– Qardaşlar! – deyə ucadan qışqırdı. Səsi qorxudan cingildədi. – Siz də bizim kimi adamsınız. Biz qardaşıq...

Böyürdən nəsə ağır bir şey danqıltı və zərblə onun başına endi. O, dizləri üstə düşdü, yıxılmamaq üçün əllərini döşəməyə dirədi.
Qara şlyapalılar dinməzcə ona baxırdılar.

Rut yavaş-yavaş, çətinliklə ayağa durdu. Yaralanmış qulağından qan boynuna süzülürdü, yanağı şişib göyərmişdi. Nəhayət, o dikəldi. Həyəcandan güclə nəfəs alırdı. Amma əlləri daha əsmirdi, səsi bərkimişdi.

– Axı siz niyə başa düşmürsünüz?! – deyə qışqırdı. – Biz sizin üçün əlləşib-vuruşuruq. Siz nə etdiyinizi də bilmirsiniz...
Kimsə ucadan məsxərə ilə güldü, kimsə pis-pis söydü və sonra dalğa onun üstünə yeridi...

IV

Bir neçə dəfə huşu özünə qayıtsa da, bu, uzun sürməmişdi, yenə qara dalğa onu qoynuna alıb harasa aparmışdı...
Nəhayət, o, gözlərini açdı! Huşu özünə qayıtdı. Başı tənziflə sarılmışdı. Şişmiş göz qapaqları arasından o yalnız işıq zolağını görürdü. Bir müddət yerində hərəkətsiz uzanıb, harada olduğunu, başına hansı müsibətin gəldiyini anlamağa çalışdı. Sonra lap yaxında Dikin səsini eşitdi.

– Ayıldınmı, oğlan?

Rut danışmağa çalışdı – xırıltılı, kal səsini özü də tanıya bilmədi.

– Deyəsən, ayılmışam.

– Söz ola bilməz, sənin üzərində yaxşıca işləyiblər. Salamat yer qoymayıblar. Elə bilirdim, o dünyalıqsan. Burun barəsində isə haqlı narahat olmusan – badımcana dönüb, ancaq sən narahat olma, toya qədər sağalar.

– Dik, bəs sən nə təhərsən? Zədən-zadın var?

– Boş şeydi, qolumu sındırıblar, bir də iki-üç qabırğamı. Yadında saxla: bacardıqca başı aşağı əymək lazımdır ki, gözə xətər dəyməsin. – O susdu, ehtiyatla, qısaca nəfəs aldı. – Qabırğa sınanda nəfəs almaq olmur. Hələ bəxtimiz gətirdi. Polislər bizi vaxtında tapıb, bura sürüdülər.

– Dik, bəyəm biz haradayıq?

– Harada olacağıq, xəstəxanada.

Küt ağrı güc gəldiyindən Rut bir müddət kirimişcə uzandı. Sonra yenə dilləndi.

– Dik, sən düz deyirmişsən, qətiyyən ağrıtmırdı. Möcüzəydi, mənə qəribə güc gəlmişdi.

– Sən özünü dəyanətlə apardın, oğlan. İndiyə qədər tapşırığa birgə getdiklərimin hamısından möhkəm çıxdın. Sənin haqqında komitəyə məlumat verəcəm.

Rut özü üçün əhəmiyyətli olan bir şeyi axıracan düşünməyə çalışaraq gərildi.

– Onlar məni döyəndə demək istəyirdim ki, onlara qarşı kin saxlamıram.

– Doğru fikirdi, oğlan. Mən elə bunu sənə başa salmaq istəyirdim. Günah bu əli dəyənəklilərdə deyil, dəyənəyi onların əlinə verəndədi. Buna görə onlara nifrət etməyə dəyməz. Onlar qanmaz uşaq kimi bir şeydi.

– Dik, yadındadırsa, Bibliyada təxminən belə bir kəlam var: “Pərvərdigara, keç onların günahından, çünki onlar nə etdiklərini özləri də bilmirlər”... /aydınyol/

# 3887 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #