“dOM” teatrının direktoru: “Elə oynamalısan ki, tamaşaçı oyuna qatılmaq istəsin” –Müsahibə

“dOM” teatrının direktoru: “Elə oynamalısan ki, tamaşaçı oyuna qatılmaq istəsin” –Müsahibə
19 noyabr 2019
# 11:59

Kulis.az müstəqil teatrlarımızdan olan “dOM” interaktiv teatrının direktoru Tərlan Rəsulovla müsahibəni təqdim edir.

- “dOM” hansı zərurətdən yarandı?

- Teatr yaratmaq istəyim 2016-cı ildən başladı və bir il sonra onu reallaşdırdım. Mənim aləmimdə yeni teatr yaratmaq istəyən hər bir kəs ilk növbədə müəyyən konsepsiyadan çıxış etməlidir. Mən varam və istəyirəm mənim teatrım olsun fikri o qədər də yaxşı nəticə verməyən istiqamətə apara bilər. Sözsüz ki, mənim teatrım olsun eqoizmi, az da olsa, həmişə var. Amma bu, tam eqoizm yox, istəkdir. Çünki arzu olmadan yaxşı mənada nəsə əldə etmək mümkün deyil.

“dOM”a gəlincə, ingilis dilində "play” sözü var, həm pyes, həm oyun, həm də tamaşa deməkdir. Söz oyunundan istifadə edərək "with out play” (oyunsuz) ifadəsinin baş hərflərini (WOP) tərsinə çevirdik “dOM” alındı. "Poliqon” teatr platforması “dOM” teatrının layihələrindən biridir. "Poliqon” adında da söz oyunundan istifadə eləmişəm. Məsələ bundadır ki, “poliqon” ingilis dilində çoxşaxəli, çoxbucaqlı deməkdir. Bu platforma müxtəlif layihələrin həyata keçirilməsi üçün zəmin yaradır.

- Niyə məhz interaktiv?

- 2005-ci ildən interaktiv teatr növləri ilə məşğul idim deyə, həm də öz inkişafım üçün müəyyən dərəcədə perspektiv gördüyümdən həmin teatr növlərini təcrübədən keçirdim. Xüsusilə ənənəvi teatr sahəsində problemlərlə üzləşəndən sonra başa düşdüm ki, Azərbaycan tamaşaçısını bütün interaktiv teatr növləri ilə tanış etmək lazımdır. Birinci mərhələdə tamaşaçıları sırf maarifləndirmək üçün bu tamaşaları təqdim etdik.

- İnteraktiv teatr yeni aktyor oyunu tələb edir...

- Bu günə kimi YARAT Müasir İncəsənət Mərkəzində, “Antikafe”də, “ARTIM rooms” sərgi salonunda, Milli Xalça Muzeyində tamaşalar oynadıq. İnteraktiv teatr üçün qeyri-adi məkanlar daha uyğundur. Öz təcrübəmə arxalanaraq əmin oldum ki, interaktiv teatr tamaşalarında iştirak üçün yeni aktyor oyunu texnikasına ehtiyac var və yeni metodika yaratmaq lazımdır. Bu səbəbdən də “Poliqon” yaradıcılıq platforması meydana gəldi. Bu platformanın yaradılmasına Azərbaycan Teatr Xadimləri İttifaqı, “Asmart”, "Actors agency" yaxından dəstək oldular. Platforma Azərbaycan teatr məkanında alternativ teatr ideyalarının realizəsini nəzərdə tutan yaradıcı birlikdir.

Bu layihə çərçivəsində aktyorluq sənəti üzrə təhsil alan, fəaliyyət göstərən və ya gələcəkdə fəaliyyət göstərmək niyyətində olan iştirakçılar müsabiqə yolu ilə seçildilər. Bura teatr təhsili olmayanlar cəlb edilmişdi və biz metodikanı sınaqdan keçirdik.

- Yeni metodika ilə bağlı fikirlərinizdə Yakob Morenonun "Spontan teatrı” ilə bir bağlılıq varmı?

- Vaxtilə Moreno bu yolu sınaqdan keçirmiş, müəyyən problemlərlə üzləşmiş və işi alınmamışdı. Moreno metodikasının tənəzzülə uğramaması üçün bunu tətbiqi sahəyə - psixoterapiyaya yönəldirdi... Bu metodika üzrə ilk tamaşamız Sevinc Çılğının "Şağ” əsəri əsasında “zaçot” (məqbul) xarakterli bir səhnə işi oldu. Tamaşanı YARAT-ın səhnəsində təqdim etdik. Özlərinin də xəbəri olmadan tamaşaçılar oyuna qatılmışdılar. Hər kəs anlasa ki, imkan var, bəlkə də onlar elə ilk andan tamaşaya daxil olardılar.

İnteraktiv teatrda improvizə deyil, xüsusi aktyor texnikası daha önəmlidir. Ancaq tamaşaçı ilə çalışmaq çox mürəkkəb işdir. Tamaşanı oynamaq çox asandır, amma sən elə oynamalısan ki, tamaşaçıda bu oyuna qatılmaq istəyi yaransın. Buna görə də yeni spontan aktyor oyun texnikası tərtib etdim. Demək olar ki, bu metodikanı bitirmək üzrəyəm. Qarşıda göstərəcəyimiz tamaşa ilə əlaqədar artıq 4 dəfə “Antikafe”də bu metodikanı sınaqdan keçirmişik. Burada mövzu təsdiq olunur. Heç bir məşq olmadan yerindəcə tamaşa oynanılır. Nəticə hələ ki, bizi qane edir.

- Heyətiniz neçə nəfərdən ibarətdir?

- Heyətimiz sabit deyil. Kimisi gəlir, kimisi gedir. Ancaq seçmə aktyorlardır. Əksəriyyəti də gənclərdir. Məkan məhdudiyyəti olmadığı üçün bizdə truppa məsələsində də fərqli yanaşma var. Layihədən layihəyə fərq olur. “Poliqon” platformasının iştirakçıları da bura cəlb olunur.

- Bu il Ufada Türkdilli Xalqların “Tuqanlıq” VII Beynəlxalq Teatr Festivalında sizin quruluşda İsmayıl İmanın müasir qaçqınlar haqqında “Limbo” immersiv tamaşası təqdim olundu. Necə qarşılandı?

- Onlar üçün də bu bir yenilik idi. Çox böyük maraqla qarşıladılar. Rusiyada da bu forma o dərəcədə geniş yayılmayıb. Rusiyada bu forma ya həvəskar, ya da hədsiz şokverici səviyyədədir.

- Bir qədər də müstəqil teatrlara münasibətdən danışaq...

- Çox şadam ki, son zamanlar dövlətimiz qeyri-dövlət sektorundakı canlanmanı nəzərə alaraq bu sahəyə təkan verir, şərait yaradır. Həmçinin incəsənət sahəsində özəl biznes, özəl iqtisadi formalar, o cümlədən teatr kompaniyaları, qalereyalar, moda və s. sahələrə dəstək verilir. Kreativ sənaye sahələri son illərdə Avropada iqtisadiyyatın ayrılmaz və vacib hissələrindən birinə çevrilməkdədir. Teatr, muzey, tətbiqi sənət, folklor nümunələri və s. bunlar yaradıcı sənayenin əsas istiqaməti olaraq bəzi ölkələrdə əldə edilən gəlirə görə əhəmiyyət kəsb edir. Düşünürəm ki, bu proses bizdə də qaçılmazdır. Müəyyən müddətdən sonra yaradıcı sənayelərin inkişafı üçün daha məhsuldar və konstruktiv bir hüquqi baza yaradıla bilər.

- İndiyəcən neçə tamaşa hazırlamısınız?

- “Limbo”, “Şağ”, “İki amerikano və çizkeyk”, “Söz” ədəbiyyat layihəsi çərçivəsində Mikayıl Müşfiqə həsr olunmuş “Etiraf” və İsmayıl İmanın pyesi əsasında valideyn iclası şəklində hazırlanan “İclas” tamaşası...

- Qarşıda nə kimi planlarınız var?

- Spontan aktyor oyunu texnikasını təkmilləşdirib Azərbaycandan kənarda tədris etmək fikrindəyəm. Müştərək bir layihə də etmək istərdim. Çünki bizim artıq hazır məhsulumuz var.

# 3481 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #