"Mənə dedilər, qonaqları məshəti türkləri ilə görüşməyə qoymayın..." - Nəriman Həsənzadə evi necə almışdı?

"Mənə dedilər, qonaqları məshəti türkləri ilə görüşməyə qoymayın..." - Nəriman Həsənzadə evi necə almışdı?
3 iyul 2024
# 09:00

Kulis.az Bakıda olmuş Türkiyə yazıçıları haqqında Qılman İlkinin xatirələrini təqdim edir.

(qeyd edək ki, bu xatirələr Azərbaycan Atatürk Mərkəzinin sifarişilə çap edilmiş "Türk yazıçıları Bakıda" kitabından götürülüb və mətn əsliylə eynidir)

I

Nazim Hikmət

Böyük türk şairi Nazim Hikmət iki dəfə Bakıda olmuşdur. 1927 və 1957-ci illərdə. 1927-ci ildə o, Bakıya gələndə mən Bakı Pedaqoji Texnikumunun ikinci sinfində oxuyurdum. Bir gün ədəbiyyat müəllimimiz Zəkəriyyə bizə xəbər verdi ki, Türkiyənin ən tanınmış şairi Nazim Hikmət Bakıya qonaq gəlib. Sabah “İsmailiyyə” salonunda onun çıxışı olacaq. Hamınız gedin, qulaq asın.

Ertəsi gün “İsmailiyyə” binasına getdik. Adam əlindən tərpənmək mümkün deyildi. Salonda bütün yerlər tutulmuşdu. Ancaq axırıncı sırada boş yer tapıb oturduq. Çox keçmədi ki, səhnəyə üç nəfər daxil olduqda salonu gurultulu alqış səsləri bürüdü. Nazim Hikmət səhnənin qabağına gəlib, əllərini sinəsində birləşdirib ehtiramla oturanlara baş əydi. Təzədən alqış səsləri gurladı. O, sağlam, idmançı bədənli, yaraşıqlı bir gənc idi. Uzaqdan gözlərinin göy rəngdə olduğunu sezə bildik. Camaat susmaq bilmirdi. O da əvvəlki vəziyyətdə durub, salondakılara gülümsəyirdi. Sonra əlini qaldırıb oturanlara sakit olmalarını bildirdi.

Onlar keçib səhnədəki prezidium stolunun arxasında oturdular. Rəyasət heyətindəkilərdən biri ayağa qalxaraq şairi Bakıya gəlməsi münasibətilə təbrik etdi və onun haqqında xeyli danışdı. Sonra öyrəndik ki, bu danışan şair Süleyman Rüstəmdir. O, sözünü qurtarandan sonra çıxış etmək üçün sözü Nazim Hikmətə verdi. Nazim Hikmət xitabət kürsüsünə yaxınlaşanda təzədən gurultulu alqış səsləri qopdu. O isə salondakılara baxıb, gülümsəyirdi. Nəhayət, “Çox sağ olun, yetər” dedi və salon sükuta qərq oldu.

Nazim əvvəlcə salondakılara öz təşəkkürünü bildirdi, sonra dedi:

- Mənim əzizlərim, icazə versəniz, sizə yeni şeirlərimdən bir kaçını oxumaq istərdim.

Yenə alqış. O, vüqarlı bir dağ kimi tribunada durmuşdu. Əlini qaldırıb, salondakılara müraciətlə “Yetər, sağ olun” – dedi və ilk şeirini oxumağa başladı. Onun gur səsindən pəncərələrin şüşələri də sanki cingildəyirdi.

Şərqdən gəliyorum,

Şərqin üsyanını hayqıraraqdan gəliyorum.

Asyanın yollarını...

Ulaşdım sana,

Haydı, uzat qollarını,

məni qucaqlasana...

Onun xoş səsində, osmanlı ləhcəsi ilə dediyi sözlərdə elə bir məlahət vardı ki, adam onu dinlədikcə yorulmaq bilmirdi. Səsi və sözləri yağ kimi ürəyimizə yayılırdı. O, çox şeir oxudu. O gün “İsmailiyyə” sanki şeir ocağına çevrilmişdi. Sonralar da uzun müddət onun məlahətli səsi qulaqlarımızdan çəkilməmişdi.

Nazim sonra “Kərəm kimi” şeirini oxudu:

“Dərd çox, həmdərd yox”,

Ürəklərin qulaqları sağır...

Hava qurşun kimi ağır...

Mən diyorum ki ona;

Kül olayım Kərəm kimi,

Yana-yana.

Mən yanmasam, sən yanmasan, biz yanmasaq,

Nasıl çıxar

Qaranlıqlar aydınlığa?

O, Bakıya Moskva yolu ilə gəlmişdi. Bu münasibətlə Bakı ilə əlaqədar yazdığı ilk şeiri – “Neftə doğru” Moskvadan Bakıya qədər olan yol qeydləridir. Şeirin əvvəlində belə bir epiqraf vardır:
“Düşünən beyni Moskva isə ölkəmizin,
Təzə qan dağıdan qəlbidir Bakı”.

I

Çalındı birinci zəng,

Tələsən yolçularla doldu stansiya.

Çalındı ikinci zəng,

Sarsıldı pəncərəsindən baxdığım vaqon.

Üçüncü zəng, sonra son zəng, .

Bu Qafqaz vaqonu aparmır məni

Kislovodskun mədən sularına,

gedirəm neft diyarına.

Başımda neftə heyran misraların yükü,

Biletim “Rostov” üstündən Moskva-Bakı.

II

Yolda

Birinci axşam

Taqqıldayır qatarın hərlənən təkərləri,

Çevrilərək keçir bir-bir teleqraf dirəkləri,

Yarı belimə qədər uzandım pəncərədən,

Suya girmiş kimi sərinlədim

Qatar səsilə dolan havanı dinlədim.

Hava yaz dənizləri kimi mavi,

Yaz dənizləri kimi sərin...

Arxamızda qalan səhərin

Xətləri, rəngləri silinir,

Qarışır bir-birinə

Üfüqün qırmızı lentinə kölgələrlə çıxan Moskva,

Batan bir gəmi ağır-ağır enir,

Enir ağır-ağır üfüqün altına,

Önümüz, arxamız, dörd yanımız ova

Ova dümdüz

Ucsuz-bucaqsız ova...

Birdən-birə bir baş uzandı çiynimdən pəncərəyə,

Sarı saçlı, mavi gözlü bir komsomolçu başı.

Geniş köksünün

İstisini duyuram kürəyimdə...

Onun baş örtüsünün

Yellənən ucu gözlərimə dəyir

Qızıl bir quş qanadı kimi...

İçimdə aşiq olmaq arzusunun dadı var

Təzə meyxoş bir yemiş dadı kimi...

Taqqıldayır qatarın hərlənən təkərləri,

Çevrilərək keçir bir-bir teleqraf dirəkləri.

Sarı, parlaq işıqları sıra-sıra pəncərələrimin

Düşür altımızdan qaçan torpağın üstünə

Yürüyən bir işıq karvanıyıq qoynunda

Nurlu gecələrin.

III

İkinci gecə

Bu gün ikinci günüdür yolçuluğumuzun

Mənzilə bir gün daha yaxınlaşdıq.

Mənzilə yaxınlaşdıqca, mənə

Yollar uzun gəlir, günlər uzun.

Oxuyur uca səslə bir-birini yolçular.

Maraqlı bir kitab kimi.

İki gündə dost oldular

Qırx illik əhbab kimi.

Bəlkə, təsiridir bu

Eyni yolda getməyin

Eyni sulardan içib,

Eyni üfüqü seyr etməyin.

Hər yoldaşlıq kimi

Bu dostluğun da bir sonu var,

Ayrılanadək yollar...

Bir bıçaq kimi girib çıxırıq

Şam meşələrinə

Dərinlərdən dərinə,

Köynəklərimiz veçinə qoxuyur, veçinə.

Axışır tarlalar iki yandan,

Suları qızıl şəfəqli bir nəhr kimi.

Bu qızıl sularda ucalır zaman-zaman

Fabrikalar möhtəşəm bir şəhr kimi.

IV

Ağ divarlı saman damlı kəndləri keçirik,

Saxsı qablarda isti süd içirik.

Dalımızca bağrışaraq gələn

Kənd uşaqları deyir hər birimizə,

“Day qəzet”, “Day qəzet”, “Day qəzet, day!”

Bu səs yalvarmayır, əmr edir bizə,

Day qəzet, day!

Bu səs İsanın guşəsinə

Leninin rəsmini asan

Rus kəndlisinin səsi!

Bu səs qara torpağın üstündə nəfəs alan

Dirilən sarı saçlı, mavi gözlü div ölüsünün səsi!

Bu gün ikinci günü yolçuluğumuzun,

Mənzilə bir gün daha yaxınlaşdıq.

Mənzilə yaxınlaşdıqca mənə

Günlər uzun gəlir, yollar uzun...

Üçüncü gün

Keçməkdəyik yanından bu gün qızğın günəşdə

Zənci bir pəhləvan kimi parıldayan Donbasın!

Donbasda qara geymək misalı

Deyil yasın.

Sağımız kömür, solumuz kömür,

Kömürlə əhatə edilmişik biz,

Kömür tozu ilə sürmələndi gözlərimiz!..

Gördük kömür paytaxtı Rostov şəhrini,

Asma körpülərdən keçdik Don nəhrini.

Şimali Qafqazdayıq!

Kuban qazaqları maşınla taxıl biçirlər.

Traktorların üstündə samaqonka içirlər.

V

Dördüncü gün

Bu gün son günüdür yolçuluğun, son!

Bu dörd gün içində vaqon

Neçə yol doldu, boşaldı.

Neçə yolçu yolda buraxdıq.

Gedənlərin dalınca gülümsəyib baxdıq.

Gedənlərin yerini gələnlər aldı...

Vaqonumuz bu gün

Yekə quzu papaqlarının alt

Yanıq taxta heykəllər kimi oturan,

İncə barmaqlarilə qara qaytan bığlarını buran,

Qafqaz kəndlilərilə dolu

Yan gözlə pəncərədən çölə baxırlar.

Ölçmək istəyirmiş keçdiyimiz yolu!

Bayırda,

Uzaqlarda

Ucalır dumanlı başı qarlı Kazbekin!

Bol ağaclı tarlalarda biçilmiş əkin,

Uzun madyanlar iyləyir çölləri...

Ucsuz-bucaqsız neft vaqonlarının yanından keçdik

Dağıstan stansiyalarının lilli sularını içdik.

Qumun üfüqündə ərimiş qurğuşun

Kimi Xəzər dənizi!

Yer, göy od kimi yanır.

Bəyaz qığılcımlar yandırır gözlərimizi.

Dördüncü və axırıncı gecə

Birdən-birə durdu qatar

Qaranlığın ortasında.

İsti

Və yumşaq qumun üstünə endim.

Oturmaqdan yorulan

Vücudumla yerə döşəndim.

Göy üzü rəngli röyalarla dolu bir yuxu kimi

Sanki işıqlı bir limandakı mavi su kimi,

İçimdə bir səs deyir ki: bax bu suya!

Ulduzların altında get yuxuya!

Ancaq qalxdıqca qumların üzərindən

Yağlı bir neft qoxusu

Dağılır gözlərimdən

Bu yorğun yay yuxusu.

- Niyə durduq?

- Nə gözləyirik?

- Qabaqdan gələcək Bakı qatarını.

Birdən

Alışdı qara ipək qumaş kimi

Qaranlıqlar alt ucundan,

Qum qızardı,

Yandı relslər.

Qabaqdan gələn qatar.

Od püskürən qızıl haşiyəli ağzından

Havaya alov parçaları buraxıb keçdi

Dalı pul-pul işıldayan bir ilan,

Xışıldayaraq qumun üstündən axıb keçdi...

- Saat neçədir?

- Səkkiz!

- Üç saat sonra Bakıdayıq?

- Xeyr, iki saat!

Hamı saatları saydı.

Saatlara qanad taxmaq mümkün olsaydı!

Məznilə yetdik

Gəldik: diyar-diyar neft gətirən

Bu uzun boylu qatar

Neft yandırıb ürəyində,

şdı dörd aylıq yolu dörd gündə

Gəldik!

Parıl-parıl yanan Bakının qabağında mən,

Bir dağın dibindən

Dağı seyr edən kimi heyranam.

Qəlbimdə durmadan yerimək,

Uca səslə çox şey demək,

Gurlamaq arzusu var.

Yağlı paltarlı, qara gözlü işçilərlə öpüşüb,

Bakının müqəddəs torpağına üzü üstə düşüb,

Ovuclayıb nefti qara şərab kimi

İçmək istəyirəm.

Şairin “Neftə doğru” adlı şeiri çox səmimi və məhəbbətlə yazılmış bir şeirdir. O, Bakının odlu, neftli torpağını özü üçün müqəddəs hesab edir. O bu torpaqları doğma Türkiyə torpaqları tək sevir. O, Azərbaycanı doğma torpağım adlandırır. O, Azərbaycana ölkə deyil, ölkəm deyir. Bakı nefti deyil, neftim deyir.

Oxucu onun hər bir sözünə inanır və onu Azərbaycan xalqının böyük və əsl dost şairi kimi sevir. Onun bu şeiri və habelə “Neftin cavabı” şeiri də şairin 1927-ci ildə Bakıda ərəb əlifbası ilə çap edilmiş “Günəşi içənlərin türküsü” adlı şeirlər kitabında dərc edilmişdir.

Neftin cavabı

Addım-addım dolaşıram neft buruqlarının arasında

Süzür işıqlı gözlərlə yuxarıdan məni

Bu qaraca, şiş kimi dar ehramlar...

Evlərində qara divlər oturan bir şəhərdəyəm.

Biz çağırdıq yer altından bu şəhərin divlərini.

Biz tikmişik əlimizlə bu divlərin evlərini.

İndi divlər yuxularkən

Öz dərin qara yerində,

Gəzirəm mən bu şəhərin küçələrində.

Evlərinin qapısını çalmağa gəldim.

Neftə bir sualım var:

Cavab almağa gəldim.

Eşit, neft!

Yeddi qat yerin altından eşit məni:

Sən bilirsən ki, biz

Öz alnımızın tərilə

Ölən ustamızın ölməyən gözləriylə

Yeni bir quruluş qurmaq istəyirik.

İstəyirik ki, qanınla sən

Bərəkətli bir nemət kimi bəsləyəsən

Bu dəmir dağlara dırmaşan əzmimizin

Yaşıl filizli sarmaşıqlarını...

İstərik ki, gənclik iksiri kimi axsın qanın.

İstəyirik ki, bir eşidək sülhün musiqisini,

Yerin altından fışqıran fontanlarında.

Biz istəyirik ki...

Lakin əgər siyrilərsə, sərhəddin üfüqlərində

Düşmən,

Süngülər düşərsə, yaşıl sularında qızıl balıqlar

Üzən dənizlərə

Qara qanadları ingilis bayraqlı qatil polad

Hücum çəkərsə, söylə neft, cavab ver,

Hazırsanmı axıtmağa qanını?

Gəldi neftin cavabı div evlərindən

Yer oynadı yerindən:

“Hazıram, bəli!”

Neftin dili – qüvvətin dili.

1927-ci ildə onun “Günəşi içənlərin türküsü” adlı kitabı Bakıda çap edildi. Bu kitaba onun Bakıda yazdığı şeirləri də daxil edilmişdi. Buna görə də bu kitab o dövrdə biz gənclərin stolüstü kitabı olmuşdu. Şairin Bakıda yazdığı şeirləri dillər əzbəri olmuşdu.

1957-ci ildə Bakıya ikinci dəfə gələrkən, o günlərdə Moskvanın Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alan gənc şairlərdən Nəriman Həsənzadə, Xəlil Rza, İbrahim Kəbirli Bakıya gəlirdilər. Yolda öyrənirlər ki, Nazim Hikmət də bu qatarla Moskvadan Bakıya gedir. Dərhal Beynəlxalq vaqonda onun yanına keçirlər. Özlərini Nazimə təqdim etdikdə şair çox sevinir və onların arasında səmimi söhbət başlayır.

Nazim onlara deyir:

- Öz şeirlərinizdən mənə oxuyun. Kimin şeiri xoşuma gəlsə, Bakıda onun evinə qonaq gedəcəyəm.

Gənc şairlər qurtarandan sonra Nazim Nəriman Həsənzadənin şeirini daha çox xoşladığını dedikdə, şair İbrahim Kəbirli dərhal dillənir:

- Nazim müəllim, Nərimanın evi yoxdur. Onda necə olacaq?

- Nasıl? Evsiz də insan olurmu? Bu nasıl biçimli şey?

Sonra Nərimana müraciətlə:

- Bu doğrumu, Nəriman?

Nəriman çəkinə-çəkinə:

- Bəli, doğrudur, ustad.

- Öylə isə kim bunu həll edə bilər?

Yenə hamıdan əvvəl İbrahim Kəbirli dillənir:

- Bizim Bakı Sovetinin sədri. O özü də bu qatarla Bakıya qayıdır.

- Gözəl. Məni onunla tanış ediniz.

- O uzaqda deyil, sizinlə qonşu kupedədir. Bu saat ona deyim.

O, axırıncı kupedə gedən Bakı Sovetinin sədri Ağamirzə Əhmədovun kupesinin qapısını döyür:

- Salam, Ağamirzə müəllim, yanaşı kupedə Türkiyənin böyük şairi Nazim Hikmət Bakıya gedir. O, sizinlə tanış olmaq istəyir.

Əhmədov Nazim Hikmətin bu vaqonda Bakıya getdiyini bilirdi. Lakin onunla tanış olmağa bir bəhanə axtarırdı. Buna görə sevincək yerindən qalxıb, onun kupesinə keçdi. Hər ikisi bu tanışlıqdan çox məmnun oldu. Uzun söhbətdən sonra Nazim mətləbini açıq ona deyir:

- Bizim bu gənclər içərisində çox istedadlı bir gənc şair var. Onun evsiz olduğunu eşitdikdə şaşırdım. O gələcəyin böyük şairi olacaqdır. Onu yaşatmaq üçün yardımçı olmanızı xahiş edirəm. Evsiz də insan olarmı?

- Siz nə danışırsınız, şair? Bəs bu vaxtadək niyə mənə müraciət etməyib? Siz bizim əziz qonağımızsınız. Bakıda çoxmu qalmaq fikrindəsiniz?

- On beş günədək çəkər.

- Elə isə, siz Moskvaya qayıdanadək onu mənzillə təmin edərik.

- Təşəkkür edərim.

Sonra Nazim üzünü Nəriman Həsənzadəyə tərəf tutaraq deyir:

- İndi arxayın ola bilərsən. Şəhərin meri dedimi, demək, hər şey qaydasında olacaq.

İki gündən sonra yazıçıların plenumunda Nərimanı görən kimi tez soruşur:

- Nasıl oldu?

- Ustad, narahat olmayın, bu yaxınlarda düzələcək, münasib mənzil axtarırlar.

Gənc şair böyük sənətkarın belə qayğıkeşliyinə heyran qalır.

Əhmədov şairin Bakı şəhəri ilə tanışlığı üçün hər cür şərait yaratmışdı. Nazim Hikmət bu müddətdə Azərbaycan Dövlət Nəşriyyatı – Azərnəşrdə olmuş, ali məktəb tələbələri ilə görüşlər keçirmişdi. Cəfər Cabbarlının qəbrini ziyarət etmiş, onun ailəsi ilə tanış olmuşdu. Cəfər Cabbarlının həyat yoldaşı Sona xanım onu ən əziz qonaq kimi qəbul etmişdi. Nazim Hikmət Cəfər Cabbarlı haqqında demişdi:

- O nadir bir istedad idi. Erkən yaşlarında yazdığı əsərlər türk aləmində həmişə yaşayacaqdır.

Böyük sənətkar Mərdəkanın istirahət evlərində bir neçə gün dincəlmişdi.

Onu ən çox sevindirən A.Əhmədovun öz vədini yerinə yetirməsi olmuşdu. Bu müddət ərzində Azərbaycan Yazıçılar Birliyində də görüş keçirmiş və özünün təzə yazmış olduğu şeirlərini oxumuşdu.

Oxuduğu şeirlərdən biri də Mikayıl Rəfilinin ölümünə yazdığı şeir idi:

Mikayıl Rəfiliyə ağı

Nəslimin yarpaq tökümü başladı.

Çoxumuz qışa girməyəcəyik.

Dəli oldum, Rəfili, ölüm xəbərini alır-almaz

Nə deyəcəkdim, yadındamı Mikayıl.

Amma artıq yaddaşın yox.

Burnun, ağzın, gözlərin yox.

Qardaşım bir gəmik yığınısan

Bakıda, bir məzarlıqda.

Nə deyəcəkdim...

Moskvada, bizdə il başı gecəsi

Süfrədə bəzədilmiş şam ağacının

Qocaman bir oyuncağı kimi idin...

Pırıl-pırıl

Pırıl-pırıl gözlərin,

Dazlaq qafan, sayğıdəyər göbəyin.

Dışarıda gecəyə bulanmış qarlı bir Orman

Sənə baxıb düşünürəm

Əski şərab çəlləyi kimi keyfli həzrət,

Əski şərab çəlləyi kimi sağlam.

Məndən çox sonra öləcək,

Arxamdan bir də məqalə fırladacaq.

Bir şeir yaxud:

“Nazimlə Moskvada 24-də tanış olduq”

Səhih, Mikayıl, şair ola bilərdin,

Professor oldun.

Amma məsələ bunda deyil.

Yapılan işin də çox yaxşısı,

Yaşayır bizdən sonra ya çox kötüsü.

Səninki orta hallıdır,

Mənimki də öylə.

Yəni səsimiz bu qübbədə qalacaq deyə

Təsəllimiz yox.

Mən öz payıma üzülmürəm buna,

Təsəllisiz yaşamağı bacardım.

Bacarram təsəllisiz ölməyi də sənin kimi

Mikayıl!

Bir gün bu şeirlər içərisində “Ceviz ağacı” şeiri elə xoşuma gəldi ki, o indiyədək yadımda qalmışdır: Şair artıq qocalsa da, şeiri yenə əvvəlki odlu gənclik ehtirası ilə oxuyurdu. Şeirin hər sözü açılan güllə kimi səslənirdi.

Başım köpük-köpük bulud,

İçim, dışım dəniz.

Mən bir ceviz ağacıyam

Gülxanə parkında.

Budaq-budaq, şehram-şehram

İxtiyar bir ceviz.

Nə sən onun fərqindəsən,

Nə polis fərqində.

Nazim bu görüşdə bir-birindən gözəl şeirlər oxudu.

Ertəsi gün o, Azərnəşrə gəldi. Kollektivimiz onu böyük ehtiramla qarşıladı.

Nazim bizim nəşriyyat planları ilə çox maraqlandı. Xüsusilə, dünya klassiklərinin əsərlərini tərcümə edərək planlı surətdə nəşr etməyimiz çox xoşuna gəldi. “Bizdə bu yox” – dedi. Sonra söhbət müxtəlif mövzularda oldu. Azərbaycan gözəllərinin onu valeh etdiyini söylədi.

Türkiyənin bu böyük oğlunun xatirəsi həmişəlik olaraq ürəklərimizdə yaşayacaqdır. Bu yaxınlarda doğma vətəni Ankara şəhərində ona əzəmətli bir heykəl ucaldılmışdır.

II

Əziz Nesin və yoldaşları

1967-ci ilin iyun ayında Türkiyədən üç nəfər yazıçı Azərbaycana qonaq gəlmişdi: Əziz Nesin, Yaşar Kamal və şair Məlih Cövdət Anday. Yazıçılar İttifaqında görüş zamanı Mirzə İbrahimov məndən xahiş etdi ki, şəhərdə onları müşayiət edim. O zaman Azərnəşrdə işləyirdim. İki-üç gün ərzində qonaqlarla aramızda möhkəm ünsiyyət yarandı. Dostlaşdıq. Əziz Nesinin ürək açıqlığı daha çox xoşuma gəlirdi. O, Bakıda qaldığı günlər içərisində gördüyü yaxşı şeyləri ağız dolusu tərifləyir, duyduğu nöqsanları isə qonaq olmasına baxmayaraq, açıq-açığına tənqid etməkdən çəkinmirdi. Məsələn, 26-lar bağında (indiki Sahil bağı – red.) gəzərkən, məşhur heykəltəraş Merkurovun düzəltdiyi heykəl qarşısında bir xeyli durub fikrə getdi. Bu abidəni Merkurov Azərbaycana satmışdı. O zaman Mərkəzi Komitənin birinci katibi vəzifəsində çalışan İmam Mustafayevlə Moskvada görüşdüyü zaman 26 Bakı komissarları barədə abidə düzəltdiyini bildirib demişdi: “Mən istərdim ki, onu Bakının ən görkəmli yerində görüm”. Mustafayev öz razılığını bildirmiş və beləliklə, abidə Bakıya gətirilmişdi. Qırmızı qranitdən hazırlanmış abidə 26 Bakı komissarlarının güllələnməsi səhnəsinə həsr olunmuşdu. Heykəltəraşın yaratdığı bütün obrazlar çılpaq idi. Lakin Merkurov onları elə yerləşdirmişdi ki, komissarların kişilik əzaları o qədər də nəzərə çarpmırdı. Təkcə abidənin sol tərəfində yarım əyilmiş vəziyyətdə duran kommunarın kişilik əzası açıqda qalmışdı. Görünür, sonra abidəni quraşdırarkən bunu gizlətmək məqsədilə onun qarşısına iri bir qranit parçası qoymuşdular.

Əlbəttə, həssas tamaşaçı bu qranit parçasının nə üçün qoyulduğunu dərhal başa düşürdü. Əziz Nesin abidənin məhz bu hissəsinə diqqətlə baxdıqdan sonra istehza ilə dedi:

- Əfəndim, onun əzasını niyə gizlətmişlər?

- Yəqin ki, eyib sanıblar, - dedim.

- Nə eyib? Eyib onu gizlətməkdir. Sənət əsərinə yamaq yaramaz. Mən bu barədə yazacağam.

Bunu deyib, cib dəftərçəsinə nə isə qeyd etdi. Sonra Yazıçılar İttifaqına qayıtdıq. İkinci mərtəbədə üstünə “Bildiriş” yazılmış elanı gördükdə, donuxub qaldı. Sanki fikrə getdi. Sonra birdən fərəhlə səsləndi:

- “Bildiriş”. Nə gözəl söz. Bu söz bizdə yoxdur. Onu mütləq biz də kullanmalıyıq. Siz ərəb və fars sözlərindən hələ də xilas olmamısınız. Amma bu söz göstərir ki, sizdə bu sözləri türkləşdirmə meyli başlamışdır.

Qonaqlarımız çox sadə geyinmişdilər. Yaşarın əynində elə bil xaral parçasından tikilmiş köynək vardı. Əziz Nesinin də üst-başı o qədər şax deyildi. Məlih Cövdət nisbətən yaxşı geyinmişdi. Onların vəziyyətinə acıdım. Hiss etdim ki, maddi cəhətdən o qədər də təmin olunmamış adamlardır. Onlara kömək etmək istədim. İki il qabaq Azərnəşr Əziz Nesinin hekayələrindən ibarət kitabını çap etmişdi. Mühasibatla danışdım ki, çap olunmuş kitabı üçün onunla müqavilə bağlasınlar və sabahdan gec olmayaraq, qonorarı ödənilsin. Bundan xəbər tutan Əziz Nesin sevindi və dedi:

- Demək, İstanbula suvenirsiz qayıtmayacağam.

Qonaqlarımızı Qubaya aparmalı olduq. Meyvələrin yenicə yetişən vaxtı idi. Havalar da xoş keçirdi. Bərk istilər hələ başlamamışdı. Bir səhər sübhdən maşınla şəhərə çıxdıq. Əziz Nesini sürücünün yanında oturtduq. Yolda söhbət başladı. Söz şeirdən düşdükdə Əziz Nesin Nazim Hikməti xatırladı. Mənə müraciətlə soruşdu:

- Siz o kommunist şairi görmüsünüz?

- Bəli, onu birinci dəfə 1927-ci ildə görmüşəm. O zaman Bakıya birinci gəlişi idi. “Günəşi içənlərin türküsü” şeirlər kitabını da bu səfərdən sonra yazmışdı.

Məlih Cövdət də söhbətə qarışdı və dedi:

- Mən oxumuşam o kitabı. Ərəb əlifbası ilə çap olunmuşdu. Çox qüvvətli şeirlərdir.

“Şərqdən gəliyorum, Şərqin üsyanını hayqıraraqdan gəliyorum” deyə, Nazimin bir şeirini pafosla oxumağa başladı. Onun sözünü Əziz Nesin kəsdi:

- Mən də onun Bolqarıstanda nəşr edilmiş külliyyatını oxumuşam. Orada bir Azərbaycanlı şairin ölümü barədə çox təsirli bir şeir var. O şairin adı deyəsən Mikayıldır.

- Bəli, Mikayıl Rəfili. Onun da Nazim Hikmət üslubunda yazdığı şeirləri vardır.

- Nazim isə onun şair olmadığına təəssüflənir. “Şair ola bilərdin, ancaq professor oldun” – deyir.

- Bəli, o şairliyi ilə yanaşı, müəllimlik də edirdi, professor idi. Yaxşı şeirləri çoxdur. Nazim Hikmətlə 1925-1926-cı illərdə Moskvada tanış olublar.

- Şeir kitabları çıxıbmı?

- Bəli. İstəsəniz, mən sizin üçün tapdıraram.

- Mən kiril əlifbası ilə oxumağı bacarmıram.

- Bir neçə kitabı latın əlifbasıə ilə çap olunub. Məndə onun “Pəncərə” adlı kitabı var, sizə bağışlaya bilərəm.

- Təşəkkür edirəm. Məmnuniyyətlə oxuyaram. Arkadaşım Məlihə də verərəm, oxusun. Dediniz ki, o Nazimin yaxın dostu idi?

- Bəli. Nazimin vurğunu idi. Hətta arzulayırdı ki, gələcəkdə Bakıda Nazimin heykəli qoyulsun.

- Yapınız, yapınız. Bir gün gələr ki, biz onu söküb İstanbula apararıq.

Yol qısalmaq bilmirdi. Bir azdan Əziz Nesin türk lətifələri danışıb, bizi güldürməyə başladı. O, bu lətifələri elə şirin danışırdı ki, Qubaya çatanadək gülməkdən uğunub keçinirdik. Mən də Şəki lətifələrindən danışdım. “Hacı dayı və əzrayıl” lətifəsi onların çox xoşuna gəldi və Əziz dedi ki, “şu lətifə bizim lətifələrdən daha güclü”.

Maşınımız Qubanın ətraf kəndlərinin içərisi ilə keçirdi. Əziz birdən mənə tərəf qanrılıb dedi:

- Ancaq mən bir şeyi anlamam. Siz sosializm realizmi deyirsiniz. Heç cür anlamam, realizm sosialist, kapitalist olurmu?

Əzizin haqlı olduğunu bilsəm də, ona cavab verməyə tələsmədim və elə bu zaman maşın rayon partiya komitəsinin binasına yaxınlaşıb durdu. Maşından düşdük. Raykomun az qala bütün işçiləri bizi pişvaza çıxmışdılar. Birinci katib hamıdan qabaq onlarla görüşüb, məni bir kənara çəkərək dedi:

- Mərkəzi Komitədən zəng vurublar ki, qonaqları məshəti türkləri ilə görüşməyə qoymayın.

Mən təəccüblə:

- Məgər sizdə məshəti türkləri var?

- Var, ancaq çox azdılar.

O, qonaqları öz kabinetinə dəvət etdi, rayonun vəziyyəti barədə onlara qısa məlumat verdi. Ancaq mən Mərkəzi Komitənin tapşırığını heç cür başa düşmədim. Məshəti türkləri ilə görüşəndə nə olar?

Katib qonaqlara ayaqüstü bir yemək düzəltdi. Süfrəyə ağacdan yenicə dərilmiş meyvəcat gətirildi. Bir saatdan sonra isə Qubanın şöhrəti hər yana yayılmış alma bağlarını gəzməyə getdik. Bu gəzinti iki saatadək çəkdi. Geri dönəndə raykomun binası qarşısında böyük bir izdiham gördük.

Maşın dayanan kimi camaat qonaqlara tərəf yürüdü. Qonaqlar onları öz ləhcələrində salamladılar.

- Yahu, siz türksünüz? – deyə Yaşar Kamal gur səsi ilə soruşdu. Adamlardan çoxunun gözü yaşarmışdı. Bunlar məshəti türkləri idilər. Türkiyədən qonaq gəldiyini eşidən kimi yüyürüb bura toplaşmışdılar. Katib bundan xəbər tutan kimi işçilərinə tapşırdı ki, onları qovsunlar. Adamları uzaqlaşdırmağa başlayanda Əziz Nesin mane oldu:

- Arkadaşlar, onlara toxunmayın, qoyun konuşsunlar. Türk türkü görəndə həmişə çocuq kimi sevincək olur.

Raykom katibinin düşdüyü vəziyyəti başa düşürdüm. Ancaq nə etmək olardı.

Onlar yaxınlıqdakı qoz ağacının altına toplaşıb söhbətə başladılar. Biz də bir kənara çəkilib oturmuşduq. Onların nə barədə danışdıqlarından xəbərimiz olmadı. Sonra Əzizdən bu barədə soruşmağı da özümə sığışdırmadım.

Yalnız Bakıya qayıdarkən, yolda Əziz özü mənə tərəf dönüb dedi:

- O zavallıları Gürcüstanda, sonra da Özbəkistanda incidiblər.

Mən başa düşdüm ki, Mərkəzi Komitəni də narahat edən elə bu imiş. Fikirləşmişlər ki, onlar qonaqlara Azərbaycan rəhbərlərindən də gileylənərlər. Mən narahat idim. Əziz indicə onların burada da incik olduqlarını deyəcək. Ancaq gözlədiyimin tərsinə oldu.

- Sizdən razılıq etdilər, - deyə Əziz özü də bundan sevinirmiş kimi köks ötürdü. – Dedilər ki, arada qalmışdıq. Azərilər bizi öz qanadları altına aldılar.

Mən də bu sözlərdən sevindim və xoş əhval-ruhiyyə ilə Bakıya qayıtdıq.

# 3381 dəfə oxunub

Müəllifin son yazıları

# # #