Soyuq burnunla toxunursan üzümə - Rasim Qaracadan şeirlər

Soyuq burnunla toxunursan üzümə - Rasim Qaracadan şeirlər
20 sentyabr 2021
# 16:17

Kulis.az tanınmış şair Rasim Qaracanın şeirlərini təqdim edir.

Tənha qurbağanın səsi
Poemlər

***

İndi bir az geriyə çəkilməli
geriyə, lap geriyə,
sərçə balalarının yuvadan düşdüyü yerə

***

İşdir şayət, özümü assam
vişnə ağacını seçərəm.
Necə çiçək açdığını gördüyüm
balkondanca əl uzadıb meyvəsini dərdiyim
uşaqlıqdan çox yaxşı tanıdığım bir ağacın
qollarından asılmanın adı
məncə ölüm deyil, bir başqa olmalı...

***

- Nədir axı mənası yaşamanın,
ölümdən sonra da varmıdır həyat? -
soruşdu əzilmiş tənəkə Limonad Bankası.
Cavab gəlmədi,
öz aləmindəydi boş Pivə Butulkası
seyr edirdi küləyin sovurduğu
rəngli Dondurma Kağızlarını...

***

ağaclardan uçdu quş
indi də məktəbin üzərindəki flügerə qondu
külək hansı tərəfdən əsir? -
əslində indi bunun heç bir mənası yoxdur...

***

bəlkə də
qumlar üzərindəki izin
alın yazısıdır dənizin

***

Bəzən insan
qollarını qanad kimi çırpmalı
bir zamanlar quş olduğunu
unutmamalı

Bəzi ulduzlar

Bir gecə
yuxuda
göy üzünün boş olduğunu
ulduzların söndüyünü görcək,
dəhşətlə hər şeyin sonunu düşünəcəyik,
lakin yuxudan ayılıb
ah, yaxşı ki bu bir yuxu imiş deyəcəyik.
Əslində bəzi ulduzlar
gerçəkdən sönmüş olacaq...

Qarışqa yuvası üzərində düşüncələr


Siz ki bu qədər dostca varlıqlarsınız
vəsiyyət edirəm
mən öləndən sonra
orqanlarım sizin olsun

***

Səninlə yanlış qatarlara minib yanlış yerlərə getdik
yanlış adreslərdə, nömrəsi qopmus yanlış evlərdə yaşadıq,
bəlkə də sevgilərin ən yalanını.
Yanlış şeylər danışdıq məntiqə aykırı
sol əllə yeməklər yedik
yanlış filmlərə baxdıq
olmayan şeylərə güldük
Hər şey yanlış idi bizim macərada
adamlarıyla yer üzü
və ulduzlarıyla sonsuz kainat...

***

- Dəniz superdir
- Bəs su pəriləri?
- Onlar da...

***

Vulkan kimisən dostum,
ancaq,
bir palçıq vulkanı...

***

Soyuq burnunla toxunursan üzümə
məncə bu
öpüşlərinin ən itisidir

***

Qulağında telefon yol gedən bu adamın
elə bu görkəmdə heykəlini qoyasan
bu arxayın duruşunu əbədiləşdirəsən
gələcək nəsillərə nümunə saxlayasan
dünyanın fani olmadığını
hamıya başa salasan...

***

Əl-ələ tutub taxta körpüdən keçdik,
sonra ot basmış dar cığırla addımlayıb
gölün sahilinə endik
birlikdə dayanıb batan günəşə,
göldə yatan camışlara baxdıq
tənha qurbağanın səsini dinlədik -
o an ağlıma gəldi
bəlkə də insan təkbaşına dərk edə bilməz həyatı
əl-ələ tutduğun birisi olmadan...

# 4369 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #