Səndən yarasalardan qorxduğum kimi qorxuram – Yeni şeirlər

Səndən yarasalardan qorxduğum kimi qorxuram – Yeni şeirlər
29 sentyabr 2021
# 09:02

Kulis.az gənc şair Əlibala Əhmədovun yeni şeirlərini təqdim edir.

Qurtula bilməmək

Bir kimyaçı əlindəki mavi maddəni
ayaqqabı altlarının sonsuz kobudluğuna baxmayaraq
solmamış - sarsılmamış otların üzərinə tökür.
Bəlkə də qəddarlıq edərkən
qəddarlıq edə bilmədiyi günləri xatırlayır
ya da düşünür ki, nə edir-etsin
sonda yalnız özü məhv olacaq.

Yanındakı qara qırmızı rəngli meyvələr kimi
insan özü də girmək istəyir
taxta yeşiklərin içinə
xeyirxah insanların
südverən heyvanların tüklü belini tumarlaması kimi
hansısa qüvvənin indi onun şüurunu söndürəcəyinə ümid edir.
Sanki gecə hovuzdan suyu kimsə açıq qoyub gedir.
Əks halda yaşamaq olmur yalançı güclər,
təsəllilərlə
naməlum olan şeylərin heç birinə dözmək olmur

Arının sancdığı yerə soyuq palçıq vurulması kimi bütün bu yardımlar ötəridir.

Üstünə mavi maddə tökülmüş otlara bəbəklərimə dəyəcək qədər yaxından baxıram
qulaqlarımı üşüdən küləyin
çaxır içib taxta masada özünü aldadan hansısa adamın
dediklərini anlamaq istəyirəm.
Amma dözümüm qalmayıb.

Yohan Ştrunze də özünü belə hiss edirdi
Danimarkalı həkim,
onlarla adam içindən edamına aparılarkən
səhərlər gözlərdə quruyub qalmış
çirk kimi hiss edirdi bütün həyatını....

Yeşiklər içində aparılan bir meyvə olmaq istəyirdi...

Oxuma bunu

Bu şeir deyil
ya da xətli köynəklər geyinmiş yaraşıqlı natiqlərin bomboş çıxışları deyil.
Boğazda qalıb çıxa bilməyən
bir yığın qusuntunun dil açıb dedikləridir.
Qaytarmaq istəyidir bir insanın taleyini.

Uşaqlıqda əgər yarasalar gecələr öz sidiklərini
gözümüsə töksələr kor olacağıq deyirdilər.
İndi kimdir öz sidiyini düşüncəmin düz üstünə tökən
qorxular şəklində...
Kimdir mənə əziyyət edən hərflər, hətta səslərlə də...
Axı mən səmadan yağış deyil, sidik yağdığını görmək istəmirəm.
Axı mən sənə inanırdım.

İndisə Viktor Hüqonun ölüm yatağında
haqqında danışdığı o qara işıqların içindən
hər gün istehzayla ağarmış dişlər açılır üstümə.
Hara baxsam, qorxularımdır.
Mənim məbudum sənsən, ya onlar, bilmirəm...

Artıq səndən də gözlərimizi kor edəcək
o yarasalardan qorxduğum kimi qorxuram.
Mənsə səni sevmək istəyirdim.

Dovşan səni bağışlayacaqmı
onu şirə yem etdiyin üçün
su içdiyi yerdə timsahın dişləri boynuna sancılan
ceyran səni bağışlayacaqmı?

Bağışlayacaqmı insan səni....

Səni necə bağışlayacam,

Əvvəldən, indidən, sonradan qorxduğum bu dəhşətli yaşamda?

Bu şeir deyil taleyini qaytarmaq istəyən insanın iztirabıdır.
Dabanları zorla əzişdirilmiş
göz yaşları içində ölən
taleyi oğurlanmış
Patrisio Araqones kimi...

Bilmirəm necə sevim səni, necə ümid edim sənə
yaratdığın dünyanı sevməyib, nifrət etdiyim halda...

***

Qanına susamış qəddar cəngavərlərin əlindən bir gecə
ümidsizcə qaçan Krispin kimi
mən heç yerə uzaqlaşa bilmirəm.
Nə də soğanlar əkilmiş torpaqlardan keçib
bir meşənin içində günlərlə dolaşa bilmirəm ki, təmizlənim
məni bu yaşama bağlayan hər şeydən...
Bəslənir öz yerində yenə də ümid və sevgi
Heç nədən və heç yerdən dəyər gözləməmək kimi xeyirli bir vərdişi
qəlbə təlqin etmək olmur.

Kokainləmi doldurum bütün bədənimi
dirilmək istəyən hər şeyimi...

Əgər sənin əllərinlə doğrudan da düzələ bilərdiksə,
niyə kokainlə əvəz etmişdik səni
qəlbimizin ən möhtac yerində?!

Səndən məhrum qaldığımızı bizə
bu dünyadan başqa heç nə izah etmədi.

Ümidlərimizi almağını səndən istəyəndə
bunu etsən də,
içimizdəki sevgiyə heç bir vəchlə toxunmursan.
Və beləcə əzab yaranır.
Quru olmağımı istəyirəm səndən
və hissiz
əkin şumlayan traktorların tüstü çıxaran borusu kimi.

Yaratdığın yaşam bizi əzib kiçildəndən sonra
sənin də qarşında kiçilməyə halımız qalmayıb artıq.

Artıq köynəyimdən tutub məni sallama
incidildiyim yaşamın üstünə...
Çünki ruhum
içində damarlar partlamış qıpqırmızı gözlərin
xarablığına bənzəyir.

# 3316 dəfə oxunub

Müəllifin son yazıları

# # #