"Ərǝb yazılı quşlar uçurdular ömrümü..." - Yeni imza

"Ərǝb yazılı quşlar uçurdular ömrümü..."  - Yeni imza
11 aprel 2026
# 13:30

Kulis.az gənc şair Mürşüd Miracın şeirlərini təqdim edir.


***


Dənizdən gəlirdim
İçimdə su cızıqları
gözlərimin hövzəsində enib qalxan işıq
qollarımda mamır
ayağımda yorğunluq
ketmənlə becərilmiş bitkilər gövdəmdə..

məni, baldırlarıyla alqışladı sahillər.
"nə olub" deyə qalxıb daşdı çaylar
çünki, varlığımda həm qırılmış, yandırılmış
bir çəkiclə döyülmüşdüm zirinc şivləriylə

deşiklərini ardıcıl qoşalarla bağladığım bağrımda
yanğı və qaz yağları vardı
hıçqırırdım günəşdən oğurladığım alovu
axşamlarım kəndə düşən ac qurd əsəbindəydi
ağzı qanlı qayıdardım hər gecə
dönə-dönə sayardım divardakı qoyunlarımı

***

Mən necə bir naşılıqla gəlmişəm ki bu yaşa
bilməmişəm surətimdə şadyanalıq güdən dünya
mənə xain sevgilidir ya düşmən
halbuki el aşuranı, uşağın kürlük vaxtını bilir
dəniz, ayran olmaq həvəsinə çalxalanmır-
bunu bilir
pul və çörək kəlmələri deyiləndə
o dəm qalxıb geyinilir çust ayağa, şapka başa
Baxmayın siz qanın durğun, heykəllərin etinasız qaldığına
əlin rəsmə yatqın çağı, qıçın rəqsə uyğun bir vaxtı var şübhəsiz
Əminəm ki, öyüd sahibi günlər
bitişən sümük
necə olsa - qəlbimə də öyrədəcək bitişməyi...

***


Toxunan və sökülən bir həyatın ipləridir
çəkdiklərim
ləkələnmiş geyimlərdən ibarətdir mənim
hüznüm
sinəmdə həyəcan, çatladıcı bir məhşər
beynimdə ilahi bir uçurum

Nə gözlənə bilər daha məndən
çiçəyim yolunub, suyum bulanıb
bir ox dəyibsə əgər qəlbimə dəyib
ölüm və ağılar çatladıb məni
elə üzgün bir haldayam - bunlar ayıq
danışılmaz
nə küləklər şəhərində büluğa çatmış olmaq
nə alnımın sümüyünə çırpılmaqda olan ayaz
nə əlimin buzlu qədǝh tutuşu
kar eləməz məndəki bu qaynar eşqi soyutmağa

***

Yollardan gəlirdim
uşaqlığımın təriylə suladığım o lavaş
doydurmurdu heç bir yolçunun qarnını

Şoselərdə qaçan o arxırıncı uşaq
qırıq-qırıq xəttlər -
yollarımda boran, çamur, qar, külək
pencəyimlə örtdüyüm ulduzlu bir şal
sürüşərdi başından
mənsə - çənəmə düyünləyərdim səni
nəyim var atardım boynuna üşümə deyə
o qış
alovu pəncələrimlə sovurdum yolları
qırıldım bir yumurtayla...
yandım, ərimədi sükutumun külçələri
öldüm, ölümün bazıydı dedilər

***

Dağlardan gəlirdim
çiçəyimi yağışın səsiylə aldadıb əzmişdilər.
Bir tappıltı varıydı
qancıq itlərə yapışıq bir geriləmə
mətbəxdəki sürtgəcə
tərəvəz kimi sürtünərək keçdiyim
gecələrdən xəbərsiz idi hər kəs
gölə düşən bir arıyla vızıldatdım bütün
çarəsizliyimi
amma, hər dəfə
içimdə tozanaq.
dəyirmi bir sancıydı təkliyimin çəpər kolları
bir ləvəngiylə doldurdum içimə
ǝrǝb yazılı quşlar uçurdular ömrümü...

***


# 90 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər