Kulis.az Röya Salmanovanın "Vicdanın amputasiyası: Qorxulu qayğılar" hekayəsini təqdim edir.
Deməyə sözü çox olsa da, yazmağa cəsarəti yox idi. Adəti üzrə duyğuları barədə düşünərkən birdən məntiqi ilə hissləri arasında qarşıdurma başladı. Gecə boyu çox götür-qoy etdi, bir də baxdı ki, səhər açılıb. Gördü ki, fikir cəncəlindən çıxa bilmir, düşüncələri onu çox narahat edir, axırı yazmaq qərarına gəldi. Amma indi də ilk cümləsinin nə olacağına qərar verə bilmirdi. Düzü, bu bir bəhanə idi. Daha çox yazmaq istədiyi mövzu barədə nəsə deməyə haqqı varmı, bu yanaşmalar kimə isə lazımdırmı, deyə düşünürdü. Nəhayət anladı ki, əgər yazmasa, bu fikirlər onu rahat buraxmayacaq və beləcə cahil cəsarəti ilə yazmağa başladı.
Dünən tibb elminə məlum olmayan bir orqan kəşf etdim. Düz sözümdür, lakin bu, maddi deyil, mənəvi bir tapıntıdır. Beyinlə qəlbin, zehinlə ruhun vəhdətindən yaranan vicdan adlı bənzərsiz bir orqandır. Sonra anladım ki, vicdan bəzi insanlarda özləri də fərqində olmadan, bəzilərində isə bilərəkdən amputasiya edilib. Və bu fikir məni çox vahimələndirdi, çünki mənə görə vicdan həm mücərrəd, həm də konkret olan nadir bir məvhumdur. O sanki ruhani aləmdə maddi bir varlıq kimidir və daxili dünyamızdakı ali məhkəmədəki hakimin səsidir. Buna görə də, məncə, insan həm maddi, həm də mənəvi dünyasında yolunu azmasın deyə vicdanını ömür boyu qorumalıdır. Nəticədə insanın ali dəyərlərinin yox olması, fiziki itkilərindən daha faciəvidir. Çünki bu, sadəcə fərdi itki ilə məhdudlaşmır, həm də əxlaqi çöküşün və mənəvi böhranların da başlanğıcına çevrilir.
Yəqin siz də fərqindəsiniz ki, əvvəllər ətrafımızda baş verən hadisələrdən belə xəbərsiz olan biz, müasir dövrdə media əlahəzrətləri, xüsusən də sosial şəbəkələr sayəsində dünyada yaşanan hadisələrdən anındaca xəbərdar oluruq. Ən uzağında olduğumuz fəlakətlərə belə, o qədər yaxından şahidlik edirik ki, zamanla faciələr də bizim üçün adiləşir və həyatımıza davam etmək üçün vicdanımızla konfliktə girməli oluruq.
Təəssüf ki, son zamanlarda sosial şəbəkələrdə ən çox diqqət çəkən məzmunlar ya həddindən artıq neqativ, ya da çox pozitiv olur. Bu qədər neqativ təsirə məruz qalmaq bizi ümidsiz, çarəsiz, hətta təqsirkar hiss etdirir. Nəticədə bir çoxumuz bu hisslərlə üzləşmək əvəzinə, onlardan qaçmaq üçün əyləncəyə və qısa həzlərə yönəlirik. Lakin məruz qaldığımız bütün neqativ təsirlər qarşısında zamanla ya hər şey bizim üçün adiləşir və artıq vicdanımızın səsini eşitmirik, ya da özümüz onu susdururuq. Çünki biz artıq vicdanın tərkibindəki ən vacib hissəni, yəni utanma hissini itiririk. Normalda bu duyğunun həyatımıza neqativ təsirləri daha çox olsa da, vicdani utanc, xüsusilə mərhəmət kimi bir çox müsbət keyfiyyətlərin göstəricisi olduğundan, əslində bizim üçün çox faydalı bir hissdir. Ancaq son dövrdə yaşananlar göstərir ki, biz nəinki başqalarından, hətta özümüzdən belə utanmırıq. Çünki bir səhv hamılıqla edilirsə, o artıq doğru kimi qəbul edilir. Buna görə də hər kəs bir şəkildə özünə haqq qazandırmağı bacarır. Və beləcə, hamını günahkar olduğu bir dünyada heç keç kəsin günahı olmur.
İndi deyəcəksiniz ki, sən niyə öz-özünə fəlakət ssenarisi qurursan? Təəssüf ki, bunun üçün əsaslı səbəblərim var! Əslində hamımızın bu mövzular barədə düşünmək üçün özümüzə görə səbəblərimiz var. Amma düşünməyə vaxt tapmadığımızdan çox da dərinə getmirik. Bəlkə də dərinə getməyib səthi qaldığımıza görə ali dəyərlərimiz dərinliyə çəkilir və biz öz dayazlığımızda boğuluruq. Çünki bir çoxumuz sistemin bizə sırıdığı kimi davranırıq, yəni reallıqlardan qaçaraq dərinlikdən uzaqlaşırıq. Ya da “nə olsun ki, bilirəm, nəticədə əlimdən heç nə gəlmir” deyə düşünürük. Bəlkə də sağlam bir ruh halında yaşamaq üçün mövcud şəraitdə edə biləcəyimiz bu qədərdir, amma bu baxış bucağı eyni zamanda ən böyük problemlərdən də biridir. Çünki bu tərz yanaşmalar nəticəsində necə bir fəlakətə doğru irəlilədiyimizi görmürük, ya da göz görə-görə uçuruma doğru gedirik. Bu səbəbdən də hazırkı vəziyytimizi Q.Q.Markesin “Gözlənilən bir qətlin tarixçəsi” əsərinə bənzədirəm, orada da hər kəs hər şeyin fərqində idi, amma nəticə dəyişmədi. Göz görə-görə həmin qətl törədildi. Hazırda dünyadakı vəziyyət də buna bənzəyir, əksəriyyət gedişatın fərqindədir, amma nə fayda? Bilmək nələrə isə mane olmağımıza deyil, əksinə, əvvəlcə əlimizdən heç nə gəlmədiyini qəbul edib, çarəsizliyimiz ilə üzləşməyimizə, sonra isə fərqində olmadan hisslərimizin korşalmasına, hər şeyin bizim üçün adiləşməsinə və ən sonda “normal” həyatımıza davam etmək üçün üç meymunu oynamağımıza səbəb olur.
Məncə, fərdi maraqların üstün tutulduğu, eqosentrizmin təbliğ edildiyi, insanların yarış atı kimi rəqabətə, qütbləşməyə təşviq edildiyi bir sistemdə, etik dəyərlərin getdikcə kölgədə qalması və mənəvi boşluqların maddiliklə doldurulması heç də təəccüblü deyil, amma çox qorxuducudur. Təəssüf ki, insanın İD-i heç də vicdanlı deyil. Buna görə də vicdanımızın rahatlıqla manipulyasiya edilməsi bizim üçün böyük bir təhlükədir.
Bəs, sizcə, bu qədər informasiya bombardmanının və saniyədə bir dəyişən gündəmin mərkəzində insanların vicdani mühakiməyə macal tapmaması, heç nəyə təəccüblənməməsi, hətta zamanla fəlakətlərin belə onlar üçün adiləşməsi normal deyilmi? Düzü, məni ən çox qorxudan da bu anormallığın normallaşmasıdır.
İndi deyəcəksiniz ki, xeyir ola, ardıcıl fəlakətlər zənciri sıralayıb heç bir həll yolu demirsən? Doğrusu, bunun üçün özümə görə səbəblərim var. Problemlər fərqli olduğu kimi, həll yolları da müxtəlifdir və mən konkret şəkildə o olmasın, bu olsun deyə bilmərəm. Bəlkə mən də məsuliyyətdən boyun qaçırıram, tam olaraq bilmirəm. Həm bu barədə məndən daha çox fikir söyləməyə haqqı olanlar var, bu səbəbdən də hökm vermək yerinə, hələ də vicdanın səsini eşidənlərin nə edəcəklərini bilmələrini və bu distopik gələcəyin inşasında ən mühüm təsir gücü olan medianın müsbət dəyişikliklər üçün lazım olan addımları atmasını ümid edirəm. Məqsədim burada informasiya qaynaqlarını günah keçisi elan etmək deyil. Sadəcə hər dövrdə olduğu kimi bu gün də media ən güclü təsir vasitələrindən biri, hətta birincisidir. Xüsusilə də sosial şəbəkələrin cəmiyyətin təhtəlşüuruna təsiri gözardı edilməyəcək qədər böyükdür. Son zamanlarda orada müəyyən davranış modelləri, düşüncə və yaşam tərzləri cəmiyyətə “normal” kimi təqdim edilir. Bu tendensiyalarla birlikdə maddi və şəxsi maraqların ön planda tutulması əxlaqi və mənəvi prinsipləri ikinci plana atır, bəzən isə tamamilə plandan çıxarır. Bunun nəticəsində də insanlar etik qaydaları nəzərə almadan yaşamağa vərdiş edir və beləliklə cəmiyyətdə ali dəyərlər zəifləyir, vicdanın səsi isə getdikcə daha az eşidilir. Bu səbəbdən də bütün media quruluşları böyük məsuliyyət daşıyır deyə düşünürəm.
Bəsdir artıq eyni faciələrin səbəblərini və nəticələrini fərqli cümlələrlə sadaladın, bu qədər pessimistlik nəyə lazımdır axı, dediyinizi eşidirəm. Əslində, mən də optimist yanaşma ilə ütopik bir gələcəkdən danışmaq istərdim, amma nə etməli? Bütün dediklərimin yekunu vicdanın amputasiyası ilə bağlı olduğundan, fikirlər də bu ardıcıllıqla irəliləyir.
Nəticədə bu gün yaşanan hadisələr vicdanın hamılıqla necə amputasiya olunduğunu və bunun həm fərdi, həm də kollektiv səviyyədə cəmiyyətə təsirlərini açıq şəkildə göstərir. Amma yaşananlar heç də yadırğanmır. Çünki “vicdanın amputasiyası” ifadəsi, insanın daxili aləmində baş verən mənəvi çöküşü, əxlaqi iflası, ali dəyərlərdən imtinasını simvollaşdırır. Sadəcə belə bir məqam var ki, amputasiya əməliyyatının insan həyatına əhəmiyyətli təsirləri və çoxsaylı nəticələri olur. Buna görə də bu əməliyyat yalnız son çarə olaraq həyata keçirilir. Yəni, mövcud sistem insanların sağalmağa olan ümidlərini itirmələrinə və yaşamaq üçün vicdanlarını amputasiya etmələrinə səbəb olur. Amma nəzərə alınmayan vacib bir məqam var. Sona doğru atılan bu ilk addımın nəticələri, səbəblərindən daha ağır olacaq. Çünki vicdansızlardan ibarət bir toplum, distopik bir gələcəyin açarıdır. Belə ki bu şəxslər zamanla cəmiyyətin qanqrenli hissəsinə çevrilir və çox vaxt qanqrenlər yeni bir amputasiya ilə nəticələnir. Lakin bu, bitməyən bir perioddur. Buna görə də düşünürəm ki, görəsən, vicdanın reamputasiyası mümkündürmü? Sonra da öz-özümə deyirəm ki, hisslər bu qədər hissizləşdikdən sonra, mümkün olsa, nə fayda?
Yekunda bu sualların cavablarını bilməsəm də, bildiyim bir şey var: Məncə, Viktor Hüqo “Vicdan insanın içindəki tanrıdır!” fikrində çox haqlıdır. Və yenə məncə, sonda hər kəs o tanrı ilə baş-başa qalacaq. Maraqlıdır, bəs vicdanı amputasiyalı şəxslər sonda kimlə üzləşəcək?!
O, birdən son sualla diksindi, yerindən durub indi də bu barədə düşünməyə başladı...