Suqsvanq - Yeni sevgi hekayəsi

Suqsvanq - Yeni sevgi hekayəsi
16 aprel 2025
# 11:30

Kulis.az Adil Quliyevin “Suqsvanq” adlı yeni hekayəsini təqdim edir.



Lidiyaya

Payızdır. Yollar və cığırlar rəngbərəng yarpaqlarla sıx örtülüb. Qışın yaxınlaşdığını duyan torpaq sarı-qırmızı örtüyün altında gizlənib. Bayırda çiskin yağış yağır. Göydə dolaşan siyah buludlar dul arvadlar kimi qara şala bürünüb. Hərdənbir uzaqlardan ildırım səsi gəlir, sanki burumlanan buludlara gülür. Göy ağlayır, payızın özünə oxşayan qaşqabaqlı torpağı soyuq göz yaşları ilə isladır.

Çöldə baş verənlərlə qəlbimdəki hisslər oxşardır. O da qəmgin, kədərli və bozdur. Bunun günahı isə soyuq payız yağışıdır, sanki yaddaşımdakı his-pası yuyub aparır, olmuş hadisələrin, hisslərimin üstünü açır, təmizləyir.

Maşına minirəm və şəhərdən çıxıram. Onun qaçaqaçından, hər şeyə göz qoyan baxışlarından qurtulmaq, öz fikirlərim, xatirələrimlə baş-başa qalmaq istəyirəm.

Meşəyə çatıb yolun kənarında dayanıram. Maşının pəncərəsini aşağı salıb, məni bürüyən payızın gözəlliyinə tamaşa edirəm. Nə qədər fərqli rəng var: sarı, qırmızı, qızılı! Ağaclar yeknəsəq yaşıl paltarını soyunub, özünün rəngbərəng libasını geyinib, sanki bala hazırlaşır. Ancaq bu ürəkaçan əhvalıma hansısa həyəcan, narahatlıq da qarışır...

Diqqətimi başqalarından fərqlənən bir ağac çəkdi: çılın-çılpaq dayanmışdı. Yalnız bir budağından hansısa möcüzə nəticəsində ikicə yarpaq asılıb qalmışdı: biri yaşıl, biri də tünd sarı. Güclü əsən külək yarpaqları amansızcasına döyəcləyir, budaqdan qoparmağa çalışırdı, ancaq onlar möhkəm yapışıblar: insan həyatdan bərk-bərk yapışan kimi. O yarpaqlardan yana möhkəm narahatam, onları əllərimlə küləkdən qorumaq, ölümdən qurtarmaq istəyirəm. Nə qədər ağacdan qopmayıb, yaşamaq şansları hələ qalır.

Təəssüf, onları qoruya bilmədim. Küləyə qarşı dayana bilməyib ilk məğlub olan sarı yarpaq oldu. Kəpənək kimi göydə fırlana-fırlana ehmalca soyuq torpağa qondu. Qəribədir, dünyadakı milyardlarla yarpaqdan biridir, ancaq onu seyr edərkən səni xatırladım, çünki sən də bir zamanlar yaşamaq üçün həyatdan var gücünlə yapışmışdın.

Həmin gün heç nə bədbəxtçilikdən xəbər vermirdi. Səhər tezdən oyandım ki, səninlə birgə poliklinikaya gedim. Son zamanlar haranınsa ağrıdığından şikayələnirdin. O zaman sənin cəmi 17, mənimsə 21 yaşım vardı. Biz ələ-ələ tutaraq, şabalıd ağaclarının sıx dövrələdiyi Kosmonavtlar küçəsilə gedirdik. Vurduğun ətrin rayihəsi şabalıd çiçəklərinin qoxusuna qarışıb məni sərxoş edirdi. Çox şən idik. Bütün yolboyu zarafatlaşır, deyib-gülür, şənlənirdik. Sonra üzümüzə ciddi görkəm verib içəri keçdik, qeydiyyat şöbəsindən talon götürüb, dar pilləkənlərlə ikinci mərtəbəyə – can həkiminin yanına qalxdıq. Onun növbəsində vur-tut üç xəstə vardı. Sənin növbən çatanda günorta idi. Qapının üstündə işıq yananda inamsız halda kabinetə keçdin. Mən dəhlizdə qalıb axşama planlar qurmağa başladım. Sən həkimin yanında çox qalmadın, yarım saat ola ya olmaya. İçəridən çıxanda anladım ki, planlarım baş tutmayacaq. Gözlərindəki həyat eşqini qorxu və həyəcan bürümüşdü. Çox narahat oldum.

– Həkim nə dedi? – soruşdum və yerimdən dik qalxdım.

Sən üzümə baxdın, bir söz demədin, mən sualımı təkrarladım:

– Deyəsən, vəziyyət çox pisdir, – titrək səslə dedin. – Məni Pesoçnı qəsəbəsindəki onkoloji xəstəxanaya müayinəyə göndərirlər.

– Bu nə sayıqlamadır? Nə onkologiya? Ola bilməz? – sənə ürək-dirək vermək üçün belə dedim.


O zaman mən, doğrudan da, həkimə inanmadım, onun diaqnozunun yanlış olduğunu düşündüm. Belə gənc, şən qızda qorxulu xəstəlik hardan ola bilərdi?!

– Bilirsən, həkimlər çox zaman səhv edirlər, – inamla dedim, – Qorxub eləmə! Görərsən, hər şey yaxşı olacaq! İstəyirsən, hər ehtimala qarşı müayinəyə gedək.

– Düzü, mən də buna inanmaq istəmirəm, – avazımış səslə dedin, – ancaq getmək lazımdır, yoxsa daim bu barədə fikirləşəcəm.


Biz poliklinikadan çıxdıq və yubanmadan Pesoçnı qəsəbəsinə yola düşdük. Yolda sənin kefini açmaq üçün hər şeyə əl atdım, qəmli fikirlərdən yayındırmaq istədim, ancaq sən, sanki məni eşitmirdin, fikrin xəstəliyin yanındaydı. Onda səni rahat buraxdım və yolboyu dinib-danışmadım.

Bir neçə saatdan sonra xəstəxananın qarşısındaydıq. Bu boz, cansıxıcı, yağışdan nəm çəkmiş binanın üst-başından görünürdü ki, divarları arxasında çox qorxulu sirr gizlənir. Uzun müddət içəri girməyə ürək eləmədik. Sən qorxudan payız yarpağı kimi əsirdin. Mən sənin əlindən tutdum, qorxu ifadə edən gözlərinə baxıb dedim:

– Heç nədən qorxma! Nə olur-olsun, yanındayam.

Bu sözlərdən sonra ağır qapını güclə itələyib açdım.

Biz cansıxıcı binaya daxil olduq, dəhlizə açılan kabinetlərin qarşısında sir-sifətləri ölü, gözlərinin işığı sönmüş adamlar oturmuşdu. Onlar diqqətlə bizə baxır, sanki hansımızın onların kədərli taleyini bölüşəcəyimizi düşünürdülər. Uzun dəhlizlə addımlayır, qapıların üstündəki soyadları oxuyurduq, çünki sənin göndərişində ad-soyad yazılmışdı. Çox keçmədən bizə lazım olan lövhəni tapdıq. Kabinetin qapıları arxasında yox olmazdan əvvəl sən yenə də mənim gözlərimə baxdın, sanki yanında olub-olmadığıma inanmaq istəyirdin.

Zaman çox ləng, darıxdırıcı keçdi. Mən dəhlizlə o baş-bu başa gedir, hərdən məlumat lövhəsinin qarşısında dayanır, vaxt öldürmək üçün orada yazılanların hamısını oxuyurdum. Nəhayət, həkimlə birgə çölə çıxdın. Həkimin görkəmi mənə Doktor Ayboliti xatırlatdı: gözündə eynək, çal bığlı-saqqallı, balaca qarnı vardı. Mənə diqqətlə baxıb soruşdu:

– Bəs sən kimsən?

– Dostuyam, – dedim və nədənsə “farağat” görkəmi aldım.

Yenidən məni başdan-ayağa süzdü.

– Yaxşı dostsan, – gülümsünərək dedi və ciddi görkəm alıb davam elədi, – Deməli, belə edirik, cavan oğlan, çox güman ki, sən bu gün evə tək gedəcəksən, Lidoçkanı burda saxlayacağıq. Bəlkə də, vəziyyət çox qorxulu deyil, ancaq bəzi məsələlər var, onları aydınlaşdırmalıyıq. İndi sən gedirsən evə, sabah ona diş pastası, çəkələk gətirirsən.

Deyəsən, həkimlə söhbət səni ürəkləndirmişdi. Bu məni də sakitləşdirdi. Sağollaşıb evə getdim.

Həmin gündən başlayaraq, bu qaraqabaq binanın müştərisinə çevrildim. O, adamların ruhu ilə qidalanan ölümü xatırladırdı.

Klinikada yatdığın həmin bir neçə ay ərzində ora o qədər getmişdim ki, hamı məni, mən də hamını tanıyırdım. Hətta hansı mərtəbədə döşəməyə kafel vurublar, hansı pilləkənin məhəccərindən mismar sallanır, onu da bilirdim.


Evdən xəstəxanaya aparan yol yorucu idi. Ora çatmaq üçün bütün şəhəri keçib-gedirdim. Ancaq mənim üçün ən uzun, çətin yol xəstəxana dəhlizindən sənin palatana qədər olan məsafə idi. Dəhlizin döşəməsinə ağ-qara plitələr döşənmişdi. Onlar mənə şahmat taxtasını xatırladırdı: sanki burada da oyun gedir, ağlarla həkimlər, qaralarla ölüm oynayırdı. Hər gün yeni partiyalar oynanılırdı, ağlar daha tez-tez mat vəziyyətinə düşürdü.

İntensiv terapiyaya baxmayaraq, vəziyyətin gündən-günə pisləşirdi. Ruhun həbs müddətini başa vurmuş məhbuslar kimi azadlığa can atırdı, sənsə öz xırdaca əllərinlə ondan möhkəm yapışır buraxmaq istəmirdin.

Palatadakılar səni mələyə bənzədirdilər. Ağ pijamada, ağ yorğan-döşəkdə uzanmışdın, sarışın saçların balışa tökülmüşdü. Ancaq sən mənim gözümdə qaranquşa oxşayırdın, bir dəfə uçub qəlbimə qonmuş, özünlə bahar gətirmişdin, indi isə onu geri aparmaq istəyirdin.

Xəstəxanada çox arıqlamış, haldan düşmüşdün. Bir dəfə, adətim üzrə sənin çarpayının qırağında oturub, əllərini əlimə alıb məzəli əhvalatlar danışırdım. Məni diqqətlə dinləyir, gülürdün, dayananda əlimi dodaqlarına yaxınlaşdırıb öpdün və dedin:

– Nə yaxşı bu dünyaya gəlmisən!

Mən əyilib səni qucaqladım.

– Mən neçə gündür xəstəxanadayam? – qəfil soruşdun.

– Bilmirəm, – cavab verdim, – bircə onu dəqiq deyə bilərəm ki, oktyabrın 10-dur.


Elə o andaca yadıma düşdü – sabah sənin ad günündür!

– Sabah bayramdır, unutmamısan? – gülümsəyərək xəbər aldım.

– Doğrudan e! Tamam yadımdan çıxıb. Afərin sənə, yadında saxlamısan, – susub astadan əlavə etdin, – Bu günü səbirsizliklə gözləyirdim! Gözəl paltar geyinmək, makiyaj eləmək, bayram tortu bişirmək, çoxlu qonaq çağırmaq istəyirdim. İndi nə paltar var, nə makiyaj, nə də tort... Heç vaxt ağlıma gəlməzdi ki, ad günümü xəstəxanada keçirərəm, – titrək səslə dedin və ağ mələfə ilə üzünü örtdün.

Mən yenə əyilib sənin çiyinlərini qucaqladım və nə qədər arıqladığını hiss etdim. Sənin xırdaca əllərini ehmalca götürüb dedim:

– İnan, mən də bilməzdim belə olacaq. Ancaq narahat olma, özün görəcəksən, sabah ən gözəl ad günü keçirən sən olacaqsan! Hamı sənə həsəd aparacaq. Söz verirəm!

Səhəri gün dırnaq üçün qırmızı lak, pomada, gözlərinə çəkmək üçün göy karandaş alıb klinikaya gəldim. Palata yoldaşından xahiş elədim ki, sənə makiyaj eləsin. Manikürlə özüm məşğul oldum. Xırda, zərif əllərini götürüb, soluxmuş dırnaqlarına qırmızı lak çəkdim. Təcrübəm olmadığı üçün xeyli çətin oldu, ancaq sonunda gözəl alındı. Güzgünü götürüb üzünə yaxınlaşdırdım.

– Necədir, xoşuna gəlir? – soruşdum.

Gülümsündün, amma gözlərin yaşla doldu.

Başınla təsdiqlədin və əllərini yuxarı qaldırıb dedin:

– Xüsusən də, əllərim!

Həmin gün həkimlərin icazəsi ilə qaranlıq düşənə kimi sənin yanında qaldım. Bir neçə yastığı kürəyinə qoyub onlara söykənərək oturmuşdun və doğrudan da, gözəl idin. Ötən gün Tümendən sənin yanına gələn anan, bacın, xalan da yanındaydı. Hamısı şən görünməyə çalışır, deyib-gülürdülər və bu mənzərə kənardan pis tamaşaya bənzəyirdi. Palata bütövlükdə səhnəyə çevrilmişdi, hər kəsin də bu tamaşada öz rolu vardı, biz isə orada baş qəhrəmanları oynayırdıq. Sən öz doğmalarının, əzizilərinin əhatəsində son dəfə öz ad gününü keçirirdin: şampansız, tortsuz... Üstündə on yeddi şam da yox...

Bir neçə gündən sonra xəstəxananın girişində xalanla qarşılaşdım. Ağlamışdı. Məni görəndə içini çəkə-çəkə dedi:

– Tələs! Bizim mələk can verir!

Tələsik xəstəxananın pilləkəninə tərəf qaçdım, ancaq gözətçi məni saxladı.

– Ayaqqabılı olmaz! – adətən, eşitdiyim sözü dedi.

– Tələsirəm. Mənim sevgilim ölür! – vəziyyəti başa salmaq istədim.

– Böyük iş olub?! Burda hər gün kimsə ölür də! Onda gərək hamı çəkmədə gəzə?

Onunla mübahisə eləmək mənasız idi, ona görə də sinəsindən itələyib keçdim.

– Vəhşisən?! Dağdan indicə düşmüsən?! – arxamca qışqırdı.


Başqa vaxt olsaydı, onun cavabını verərdim, amma indi yeri deyildi. Mən iki mərtəbəni birnəfəsə qalxdım. Palataya girəndə xırıltıyla nəfəs alıdığını gördüm. Əzizlərin başının üstündə dayanıb ağlayırdılar. Sən zərif əllərinlə yorğanı elə sıxmışdın ki, sanki həyatdan möhkəm yapışmışdın. Məni görəndə sakitləşən kimi oldun. Yorğanı buraxdın, sol əlini bir az yuxarı qaldırdın, zorla gülümsündün. Bunu görəndə anan sənə tərəf əyilib:

– Qızım, nəsə istəyirsən? – soruşdu.


Mən başa düşdüm ki, rəngli dırnaqlarını mənə göstərmək istəyirsən. Bir söz belə deyə bilmədim, göz yaşlarımı zorla saxladım. Sən kədərli gözlərini geniş açıb diqqətlə üzümə baxdın. Mənimlə vidalaşmaq istədiyini anladım.

Yaxınlaşdım və sənə tərəf əyildim. Sənin ürəyinin döyüntüsünü eşidirdim. O, həyatda qalmaq üçün mübarizə aparırdı. Sıx sarı saçlarını tumarladım. Onları çox sevirdim və səni öpdüm. Bu mənim həyatımda ən ağır anlar idi. Ürəyim, az qaldı, çiliklənsin. Qüssə və kədər dolu isti göz yaşlarım bir-birinin ardınca üzümdən aşağı süzülür, yerinə yetməyən arzularımız kimi darmadağın olurdu. Bu qeyri-adi göz yaşları sənin sevgin idi, əvvəllər mənim ürəyimə dolmuşdu, indi isə damcı-damcı oradan axır, içimdə boşluq yaradırdı. Əllərini götürdüm, buz kimiydilər. Onları dodaqlarıma yapışdırıb isitmək istədim. Sən göz yaşlarımla bələnmiş üzümə baxdın və zəif səslə dedin:

– Ağlama, xahiş edirəm. Mənim yanımda ağlamağını istəmirəm. Axı biz həmişə bir yerdə deyib-gülmüşük, – güclə gülümsünərək dedin, – Məni o cür yadda saxlamağını istəyirəm. İndi isə xahiş edirəm, get!

Getmək istəmirdim, amma sənin arzunu yerinə yetirmək üçün çıxdım. Palatanın qapısının ağzına çatanda geri döndüm, sonuncu dəfə səni görmək istədim. Baxışlarımız toqquşdu. Bir anlığa dayandım, özümü ələ alıb zorla gülümsündüm və dəhlizə çıxdım – mənə şahmat taxtasını xatırladan dəhlizə.

Orda yeni partiya oynanılırdı, kral yerini isə indi kraliça tutmuşdu və gediş imkanları qalmamışdı.

Pillələrlə aşağı endim, ətraf adamlarla doluydu, amma mən onları nə görür, nə də eşidirdim, qulağıma yalnız ayaqqabımın taqqıltısı gəlirdi. Sanki o sənin ürəyinin döyüntüsü idi. Aşağıda həmin gözətçini gördüm, qapıda məmnun halda dayanmışdı. Ona yaxınlaşıb dedim:

– Yox, hörmətli cənab! Dağdan düşənlərin hamısı vəhşi deyil. İsa Məsih Qolqofdan, Məhəmməd isə Ərəfat dağından enmişdi, amma elə-belə enməmişdilər: insanlara xeyir vermək, yaxınlarını sevməyi öyrətmək üçün gəlmişdilər, yəqin, o zaman sən yatıb qalmısan...

Cavab gözləmədən xəstəxanadan çıxdım. Küçədə çiskin yağış yağır, soyuq şimal küləyi əsirdi. Göylər də səni ağlayırdı. Mən sürətlə addımlayırdım, az qala qaçırdım. Yəqin, Həyatla Ölümün lənətə gəlmiş görüş yerini tez tərk etmək istəyirdim...

O vaxtdan çox keçib, ancaq mənə elə gəlir ki, bütün bunlar dünən olub. Hər dəfə səni xatırlayanda, o ağrını, o həyəcanı yenidən yaşayıram. Deyilənə görə, həyat hər cür yaranı sağaldır, mənimkinə isə məlhəm olmadı...

Maşından çıxdım və çürümüş otların arasından cığır tapıb meşəyə tərəf getdim. Ayağımın altında yarpaqlar xışıldayır, o vaxt olduğu kimi, ində də soyuq damcılar tikan kimi üzümü dalayırdı...

Rus dilindən çevirdi: Dürdanə İbrahimova - Hüseynbəyli

# 184 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #