Kulis.az Pərvanə Əliqızının "Sədaqət" hekayəsini təqdim edir.
Bütün şəhər əhalisi mal-mülkünü atıb, canını götürüb, gedirdi :-Yaşamaq üçün yox, əsir düşüb alçalmamaq üçün!
- Evimizə qayıt!...
Sahibinin yumşaq səslə dediyi söz Bənəyin inadını qırdı. Düşmən şəhərin bir addımlığındaydı. Sahibi onu tək qoymağı heç istəməzdi. İnsanlar onu adi, şüursuz heyvan hesab etsələr də, Bənək sahibinin ürəyindən keçənləri duyurdu . Onun hissiyyatı deyirdi ki, sahibi ailəsini burdan uzaqlaşdırandan sonra özü geri dönərək yurdunu boş qoymaq istəmir. Sahibi iki od arasında qalmışdı. Bir yandan ailəsini təhlükədən uzaqlaşdırmaq, bir yandan da Vətənini qoyub getmək..
Ona görə evini, yurdunu bu dilsiz-ağızsız dostuna tapşırıb gedirdi. Bənəyin dili olsaydı deyərdi ki, Arxayın ol! Əmanətini canım bahasına da olsa, qoruyacam. Amma insanlar onun danışdığı dili anlamırdı.
Həyətdə sahiblərindən ayrılanda inadla evin ən kiçiyi Güneyin ayaqlarını pəncələri ilə qucaqlayıb, başını onun dizinə söykəyib buraxmaq istəmirdi. Onda sahibi ona acıqlanıb kənara qovmuşdu. İndi isə ona get deyəndə səsi titrəyirdi. Bəlkə də, kilometrlərlə məsafəni qaçaraq dili bir qarış çölə çıxa-çıxa ləhləyən Bənəyin vəfası onu kövrəltmişdi. Həmin an kənara çəkilib yönünü evə gedən yola çevirməklə sahibinə itaətini bildirmişdi.
Sahibi arxayınlaşıb maşına mindi. Mühərrik gurultuyla səs salıb hərəkətə gəldi. İt hissiyatı ilə hər şeyi öncədən duymuşdu: Bir daha sahiblərini görməyəcək!
Başın aşağı salıb sahibinə məxsus maşınının tozlu yollarda qoyduğu qoxusunu iyləyə-iyləyə geri dönməyə başladı. Geri döndükcə həm uzaq məsafə qət etdiyini, həm də camaatın niyə təlaşla köç etdiyinin səbəbini anlayırdı. Ətrafda top-tüfəng səsi ara vermirdi. Əvvəllər belə olanda sahiblərinin evinin yaxınlığına mərmi düşəcəyindən ehtiyatlanıb onları duyuq salmaq üçün həyətdə oyan-buyana qaçıb ulayardı.
Bu qədər əhalinin ov tüfəngindən, avtomatdan, piyadaların döyüş maşınından başqa heç nəyi yox idi. Dinc əhalini qorumaq üçün yaşadıqları ərazini tərk etmək məcburiyyətində idilər. Hətta sahibi düşmən mühasirəsinə düşəndə belə Bənək bunu hamıdan qabaq hiss etmiş, həyət - bacaya sığmamış, həyətdəki şkafdan onun köhnə çəkmələrini çıxarıb iyləyə-iyləyə bütün gün zingildəmişdi.
Evə çatanda, ayaqları yorğunluqdan gizildəyirdi. Həmişə məhəllədə qoca arvadlar nəvələrinə: -“İt əl-ayağı yemisən, bir yerdə dayanmırsan” - deyib acıqlanardılar. İndi onun it ayaqları yorğunluqdan sızıldayırdı. Darvaza bağlı idi. Qapının altında onun rahat keçə biləcəyi oyuq vardı. Həmin yerdən içəri keçdi. Həmişə etdiyi kimi dörd ayağını yana açıb alt çənəsini torpağa söykəyib quyruğunu heysiz-heysiz arxa ayaqlarından birinə qısıb uzandı. Uzun qara tükləri gözünü örtüb onları görünməz etmişdi. Ev-eşik yiyəsiz qalmışdı. Əlacı olsaydı, bütün günü uzanıb ayaqlarının dincini alardı. Bu günsə belə rahatlıq mümkün deyildi.
Bir vaxtlar uşaq, qonaq-qara səsindən coşan həyət suyu sovrulmuş dəyirmana dönmüşdü. İndi buranın tək sakinləri Bənək və ana ördəklə yeganə balasıydı. Zoqquldayan damarları ilə qan ayaqlarına yayıldıqca yorğunluğu azalırdı. Onun əksinə olaraq göz qapaqları sözə baxmır, asta-asta yumulurdu. İri qulaqlarını silkələyib onların şappıltısıyla yuxusunu qaçırırdı. Qorumalı olduğu ev və özündən başqa iki canlı vardı. Hava qaralmışdı. Qarnından gələn qurultular ac olduğundan xəbər verirdi. Adətən, bu vaxtlar bütün ailə süfrə başında olar, Bənək üçün iri konserv qutusundan kəsilib düzəldilmiş yemək qabında ona da yemək verərdilər.
Ayaqlarını sürüyə-sürüyə evə yaxınlaşdı. Pəncəsini toxunduran kimi qapı açıldı. Mətbəxə girəndə səhər-səhər ev sahibəsinin uşaqlarla birlikdə bağdan yığıb evə daşıdıqları narın, xurmanın, armudun ləyənlərdə elə döşəmənin üstündə qaldığını gördü. Ehtiyatla qaz sobasının üstünə qalxdı. Qazanın içindəki yeməyin iyi vurduqca ağız suyu ağzının kənarlarından axmağa başladı. Burnu ilə qapağı vurub kənara itələdi. Başını qazana salıb yemək götürmək istəyəndə yenə də bütün ailənin birlikdə yemək yediyi günlər gözündə canlandı...
Yemək iyini hiss edəndə qapıdan evə boylanardı, Güney onu görən kimi əlində nə vardısa, atıb Bənəyə yemək gətirərdi . Yay olanda menyusu daha zəngin olardı . Uşaqlar bağdan yığdıqları fındıqları onun qabağına atardılar, Bənək də məharətini göstərmək üçün fındığı kötük dişlərində bir dəfəyə sıxıb sındırır, dili ilə qabıqları kənarlaşdırıb içərisindən çıxardığı ləpəni ləzzətlə yeyir, quyruğunu yelləyə-yelləyə dostlarından tərif gözləyirdi. Özləri yediyi nə vardısa, hamısında onun da payı vardı.
Bayaqdan acgözlüklə yemək istədiyi yeməyin qoxusu indi onda ikrah hissi yaratdı. Ac olsa da, sahiblərinə qismət olmayan bu yeməyi yeyə bilməzdi... Görəsən, sahibləri indi haradaydılar? Sağdılarmı?
Onsuz bir tikə yeməyən dostlarının dilinə su, yaxud yemək dəyibmi?....
Zingildəyə-zingildəyə sanki yaşadıqlarından şikayət edirmiş kimi həyətə çıxdı. Gecə boş məhəllənin hər tərəfində bayquşlar ulayırdı. İlk dəfə bu səsi bir həftə qabaq eşitmişdi. Üşənmişdi... Balaca dostlarının danışığından eşitmişdi ki, bayquşun ulamağı pis əlamətdir. Bayquşların səsi gələn günün axşamı kimsə tapança atəşi ilə onları susdurmuşdu. Səbəbini bilmirdi, bəlkə, onların səsi insanlara qorxu gətirirdi.
Öz həmcinslərinin zingiltisi arada sahibsiz qalmalarının ahıyla ulartısı bayquş səslərinin vahiməsiylə keçən gecə yavaş-yavaş yerini səhərə verməyə başlamışdı . Səhərin alaqaranlığında yad dildə danışan insan səsləri, o səslərə hücum etmək istəyən itlərin güllə ilə susdurulması, qorxunc səslərin ətrafa yayılması dəhşətli mənzərə yaratmışdı. Sanki şəhəri boş qoymuş düşmən indi heyvanlarla döyüşə girmişdi. Həm də insanlığa o düşmənlərdən daha yaxın olan heyvanlarla..... Yad dildə danışan, əvvəllər nə yaşadığı evdə, nə də həyətə gəlib-gedən qonşuların içərisində bu dildə danışan adam görmüşdü - yarısı uzun saqqallı, yarısı köhnə nimdaş geyimdə olan adamlar boş evləri soymağa gəlmişdilər.
Bənək onların həyətə girdiyini görəndə üzərlərinə atılıb hər birini ayrı-ayrılıqda parçalamaq istəyirdi. Amma balasını qorumaqdan ötrü harada gizlənəcəyini bilməyən, başını yana çevirib ürkək-ürkək səslərə qulaq kəsilən sahibinin ona tapşırıb getdiyi ana ördəklə balasını qorumalıydı.
İrəli atılıb, pəncəsiylə ördəyi və balasını itələyib hamamla çəpərin arasındakı boşluğa saldı. Yenə də Güneylə bir yerə getdikdə sevmədiyi adamları görəndə gözünü dörd açıb onu necə qoruduğunu yadına saldı. Qəribsədi.. Gözündən düşən iri yaş damlası bala ördəyin belini islatdı. Bir vaxtlar dostunun qorxduğunu görəndə belini onun ayağına bərkdən sıxaraq, yanında olduğunu hiss etdirərdi. Nədənsə körpə ördək balası indi ona ayrı düşdüyü dostunu xatırladırdı. Pəncəsinin altında gizlətdiyi ağ kəkilli, burnunun qabağı qırmızı ətli və bütün bədəni qara türklərlə örtülmüş bu ördəyə hamı “lal ördək “deyirdi.
Elə dedikləri kimi də lal idi. O səbəbdən Bənək onları süpürləyib, hamamın arxasına salanda səsləri çıxmadı. Divarın arxasında mal-mülkün tar-mar olunmasını çarəsiz izləyirdilər. Bayaqdan ördəyin lal olması ona arxayınlıq verdiyi halda indi onu qəzəbləndirirdi. Ürəyində onu qınayırdı. Lap müharibələrə, günahsız axan qanlara göz yumanlar kimi susursan. Kaş siz burda olmasaydınız.. Boş qalan şəhərin, sahiblərimin qisasını alardım. İndi susmalıyam. Sizə görə mən də lal olmalıyam. Səndən də çox körpə balanı qorumalıyam. Ördək elə bil onun ürəyindən keçənləri duyurdu. Qanadını balasının üstünə gərib günahkar kimi onun üzünə baxırdı.