Leysanda yuyulan günah... – Leyla Yaşar

Leyla Yaşar

Leyla Yaşar

28 noyabr 2021
# 15:20

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Leyla Yaşar “Leysanda yuyulan günah...” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Göy üzünün cövhəri olan günəş yenə də küsüb öz tacı taxtından enmişdi . Qara buludlar fürsəti əldən verməyib hakimiyyəti bir neçə dəqiqəlik zəbt etmişdilər. Yer üzünə meydan oxuyan külək buludlarla gizlənqaç oynayırdı. Budur ,qaşları çatılıb ,küsmüş bulud göz yaşlarını yer üzünə tökməyə başladı... Hər yer qaranlığa bürünmüşdü. Gecə gündüzü bu gün küsdürmüşdü. Gündüz tələsik öz iqamətgahına çəkilmiş ,sakitcə gecəni izləyirdi. Gecənin qucağına sığınan bulud səhərə kimi ağlayıb ürəyini boşaltmaq fikrinə düşmüşdü. Tək-tək gəlib keçən maşınlara çırpılan yağış damcıları , küləyin vıyıltısı, gecənin qaranlığı bir vahimə yaradırdı. Küçədə bir kimsə gözə dəymirdi. Birdən pişik miyoltusu aləmə səs saldı. Uzaqdan bir qaraltı görsənməyə başladı. Get-gedə yaxınlaşan qaraltının küçənin tinində dayanıb dilənən qoca qarı olduğunu aydınlaşdırmaq olurdu. Bir əlində həmişəki kimi qara torbası, bir əlində yeriyə bilmək üçün ağac var idi. Həyat yükünü heç kimlə paylaşmayan, heç kimə qıymayan bu qadın dörd övlad böyütmüşdü . Gənc yaşlarında yoldaşının verdiyi işgəncələrə, təhqirlərə dözməyərək ondan ayrılmış, təkbaşına həyatla çarpışa-çarpışa uşaqlarını böyütmüşdü. Bu amansız həyat ona gözləmədiyi yerlərdən zərbələr vurmuşdu. Hər zərbədən sonra ağrıyan yerlərini sarımış, həyatla yenidən barışmışdı... Qaysaq bağlamış yaraları sağalmamış yenidən qopmuş, yenidən qanamışdı. Həyat, demək olar, bütün sərt üzlərini ona göstərmişdi. Heç vaxt sınmayan, əyilməyən, dərdlərilə baş-başa, tənha qalan bu qadının həyat hekayəsi çox ağrılı idi. Həyat ona sonu olmayan bir hekayə yazmışdı. Uşaqlıqdan da bir gün görməyən biçarə valideynləri tərəfindən atılmış, uşaq evində böyümüşdü. Sonralar onları axtarıb tapsa da, niyə məhz mən deyə sual versə də cavab ala bilməmişdi. Biçarə illərlə ata-ana sevgisi ilə alışıb yanan ürəyini elə ordaca torpağa gömmüşdü. Yoldaşıyla da uşaq evində tanış olmuşdu. Uşaqlıqları bir yerdə keçmişdi. Təzə ailə quranda hər şey qaydasında gedirdi. Sonradan içkiyə qurşanan kişi ona göz verib işıq vermirdi. Günlərlə işə getmir, evdə heç nədən söz söhbət salırdı. Qadını döyür, uşaqları incidirdi. Və bir gün biçarə qadın ayrılmağı qərara aldı. Və ayrıldılar. Ata - anasından fərqli olaraq uşaqlarını atmadı. Gecə - gündüz çalışdı ,onlara həm əyin - baş oldu,həm yemək içmək oldu bu zavallı. Onlara təhsil verdi, ailə qurdular, isti yuvaları oldu. İki oğlu ,iki qızı olan ana kiçik oğlunun yanında qalası oldu... Nə yazıq ki övladlar da nankor çıxdılar. Ananı küçəyə atdılar. Ona baxmaq istəmədilər. Böyük balacanı, balaca böyüyü günahlandırdı. O bunu , bu ona sənin vəzifəndi deyib suçladılar. Ana qızlarına üz tutdu. Qızlar da biz özgə yerdəyik, yerimizi narahat eləmə deyib üz çevirdilər. Çarəsiz qalan ana min əzab əziyyətlə illərlə canını zavodlarda ,orda burda fəda edib qəpik-qəpik yığdığı pulla aldığı evə uzaqdan baxa-baxa qaldı. Çarəsi olmayan ana o gündən küçələrdə gecələməyə başladı. Onun-bunun verdiyi bir tikə yeməklə dolanan ananın yorğanı yağış, qar, yastığı daş-kəsək oldu. Amma ona verilən yeməyi də heç vaxt tək yemədi. Ətrafında ac olan insanlarla, heyvanlarla böldü. İş qüvvəsi olmadığında heç harda çalışa bilməyən ana onun bunun ümidinə günlərini ötüşdürürdü. O qədər qürurlu, mərd qadın idi ki heç kimdən heç nə istəməzdi. Verilən pul artıq olanda əlləri geri çevirər gündəlik tələbatını ödəyəcək qədər götürərdi. Ona görə də onu tanıyan hər kəs sevərdi. Neçə gün idi ki ac idi. Heç kimə heç nə deməyən ana öz evinə getmək istəyirdi. Bu illər ərzində heç kim onu axtarmamışdı. İllər onu qocaltmış ,saçlarına ağ rənglə gözəllik qatmış, gözlərinin ətrafını büzüşdürmüş, sümüklərini dərinin altından çıxmasına şərait yaratmışdı. Bütün bunlara baxmayaraq o öz gözəlliyini qoruyub saxlaya bilmişdi. Dayanmadan şimşəyin qorxulu səsi altında rəqs edən leysan sanki həyatın illərlə mübarizə aparıb məğlub edə bilmədiyi qadını bir anın içində yox etmək istəyirdi. Get-gedə güclənən fəlakət onu heydən salmışdı. Heç nəyə fikir verməyən beli bükülən qarı artıq evlərinin yanındaydı. Əllərini göyə qaldırıb tanrıya şükür etdi. Yavaş - yavaş evə yaxınlaşdı. Bu vaxt ətrafdan qəribə bir səs gəldi. Qaranlıqda yaxşı görə bilməsə də ,səsin uşaq səsi olduğunu başa düşdü. Qəzəblə çaxan şimşəyin səsi bir tərəfdən ,özündən çıxıb , gözünə heç nə görünməyən leysanın səsi bir tərəfdən imkan vermirdi ki səsin hardan gəldiyini aydınlaşdırsın. Get-gedə ona sarı gələn qaraltı böyüməyə başladı. Balaca bir uşaqdı... İçini çəkə-çəkə dayanmadan ağlayır, burnunu qoluna sürtürdü. Qarı onu bağrına basdı. Çoxdan yağışın altında qaldığı hiss olunurdu. Bədəni soyuqdan tir-tir əsən uşaq danışa bilmirdi. Uşağın həm lal, həm də kar olduğunu anlayan qarı onu yanında otuzdurub üz gözündən öpüb, başını sığalladı. Bu vaxt tindən çıxan 3-4 nəfərin səsi aləmi başına götürdü. Əllərində fənərlə həyəcanla irəliləyən adamlar aralarında xısın-xısın danışırdılar. Getdikcə səs açıq-aydın eşidilməyə başladı. Deyəsən, uşağı axtarırdılar.

- Buralara yaxşı bax. O çox uzaga gedə bilməz! Çox qorxaqdı bilirsən.

O biri səs:

- Allah bizə cəza verdi. Sənin övladın belə, mənim övladım helə.

- Düzdü, qardaş, günahımızı övladlarımızla ödüyürük.

- Səninki eşitməsə də, danışmasa da, heç olmasa ayaq üstədi.

- Allah sənə bir övlad versin, o da belə...

- Atamız bizə heç vaxt baxmamışdı. Amma anamız?? Biz onun haqqını itirdik. Evindən qovduq, qardaş! Odur ki evimizdən sağlıq da, hüzur da xoşbəxtlik də uzaq düşdü. Nə cəzamız olsa yenə də azdı.

Qarıya çatanda uşağın onun yanında olduğunu görüb sevindilər. Anaya təşəkkür etdilər. Uşaqla vidalaşmaq istəyən ananı evə dəvət etdilər. Oğlanlarına doyunca baxan ana sağollaşıb ordan uzaqlaşdı. Üzünü göy üzünə tutub Tanrıya təşəkkür etdi. Leysan artıq dayanmış, yer üzü günəşin nuruna bələnmişdi. Ana bütün günü övladlarına dua edir ,günahlarının bağışlanmasını istəyirdi. Tanrının qəzəbinə tuş gələn övladlar belə cəzalanmışdılar. Ananın xəbəri yox idi ki qızların ikisi də vəfat etmişdi. Həyat bir ailəni beləcə məhv etmişdi... Ananın taleyinə ağlayan leysan illər sonra ona edilən pisliyə yaxşılıqla cavab vermişdi. Ana o evə bir daha dönməyəcəyini özünə söz verib yoluna davam etdi... Ana onları çoxdan bağışlamışdı. Təki Tanrı bağışlasın...

# 5617 dəfə oxunub

Müəllifin son yazıları

# # #