Dördüncü akt... - Anar Şamilin hekayəsi

Dördüncü akt... - Anar Şamilin hekayəsi
10 iyun 2025
# 11:50

Kulis.az Anar Qafarovun "Dördüncü akt..." hekayəsini təqdim edir.

1.Akt....

Gül dəstəsilə fikirli halda avtobusun tozla bəzədilmiş pəncərəsinə söykənərək əyləşmişəm. Son dayanacağa az qalmasına rəğmən heç kim tərk etməmişdi. Yanımda ayaq üstə duran yaşlı qadın diqqətlə mənə baxırdı. İşdən yorğun gəlmişəm, vicdanıma “mən haqlıyam”- deyərək daha da rahatladım. İnsanlar yorğun halda baxılmayan bir boşluq axtarırdı. Pəncərənin sol, yuxarı küncü mənə aid idi. Hərdən gözümü kənara çevirib ətrafa göz gəzdirir, lakin yenidən öz yerimə qayıdırdım. Bir nöqtəyə zillənmiş baxış məni keçmişə aparırdı.

Əlimdəki gül həm 5 illik yubiley tarixçəsinin, həm də bugünkü məvacibimin nişanəsi idi. Hipermarketlərin birində satıcı işləyərək ailə saxlamağa çalışan biri üçün bu buket bahalı bir hədiyyə hesab edilirdi. 5 il əvvəl bütün çətinliklərə baxmayaraq, qurduğum ailə dağılma mərhələsinə gəlirdi. Arzular reallıqla yaxınlaşmasa da, biz bir-birimizi sevirdik. Ümumiyyətlə, mənim sevgim müqayisə edilməzdi. Romeonu, Məcnunu, hətta Şekspirin özünü belə unudun. Bizim sevgimizi heç kim qələmə ala bilməzdi. Ağlı arxa planda olan dəlinin sevgisini fikirləşin. Məncə, heç kim sevdiyi qız ilə ailə qura bilmək üçün onun atasını öldürməzdi.

İnsan təbiətcə sirr saxlamağa qadir deyil. Dünyaya göz açdığımızda ağlayaraq nələrə şahid olduğumuzu xəbər veririk. Bu səbəbdən güzgü qarşısında tək qaldığım vaxtlarda sirrimi özümlə bölüşürəm ki, kənar şəxsə ehtiyac duymayım. Hadisədən sonra yuxularım pozulmağa başlamışdı. Yuxuma gəlib həmişə eyni sözləri təkrarlayırdı “Məni öldürərək sən xoşbəxt olmayacaqsan”. Hər gün deyilən bu sözlər getdikcə xərçəng kimi həyatımı öz qısqaclarına almışdı. Mənim xoşbəxtliyimin Nurayın həyatına sıx bağlı olduğundan yuxuda qarşısında diz çöküb bağışlamasını istəyirdim. Törətdiyim cinayətin cəzasını onun çəkməsini istəmirdim. Ayılan kimi beynim ürəyimi arqumentlərlə doldururdu. “Sənin günahın yoxdur, atanı işdən çıxardı, təhsilinə mane oldu, Nurayı səndən qoruyurdu”. Vicdanımda üsyan etməyə çalışan hislər arqumentlər tərəfindən qəfəsə salınırdı. Bəzən səssizlik olanda onların çağırışlarını eşidir, amma düşünürdüm ki, sevgim vicdanımdan üstündür. Şeyx Sənan öz ideyasını, illərlə formalaşdırdığı şəxsiyyətini Tamar üçün öldürdüyü kimi, mənim də tək tanrım sevgi idi. Həyatımın ən böyük cəzası isə Nurayın sevgisinin nifrətlə mənə baxması idi.

Atası böyük zavodların sahibi olan bir qıza aşiq olmuşdum. Yanlış anlamayın, onun atası haqqında məlumatım yox idi. Ümümiyyətlə, maddi olan heç nəyin həvəsində olan biri deyiləm. Nuray da mənimlə eyni düşünürdü. Bu səbəbdən evlilikdən sonra hər şeydən yazılı şəkildə imtina etdi. Hadisədən bir müddət sonra başsız bədən ayaqlarına dolaşaraq yıxıldı, ailə müflis oldu.

Mənim atam həmin zavodların birində fəhlə işləyirdi. Universitetin son kursunda, Nurayla tanışlığımın ilk ilində atamı işdən çıxardılar. Böyük xəyallarımız var idi. Birlikdə təhsil aldığımız ixtisasın ən yüksək zirvəsinə qalxmağı, istirahət edəcəyimiz məkanları, gedəcəyimiz tədbirləri, gələcəyimizlə bağlı hər şeyi görüşdüyümüz zaman simulyasiya edirdik. Sanki həyatımızda pis heçnə olmayacaq kimi ancaq xoş anlarımızı xəyal edərdik. İnsanlar baş verəcək bütün pis şeylərə baş verməyəcək kimi yanaşır, onları simulyasiya etmir. Bu səbəbdən də baş verənlərə qarşı çox həssas, immunitetsiz olurlar.

Nurayın atası bizim görüşdüyümüzü biləndən sonra yanına mühafizə təyin etmişdi. Onu maşınla uiversitetə gətirir, dərsdən çıxandan sonra evə aparırdı. Universitetdən kənar görüşmək imkanımız demək olar ki , yox idi. Çox nadir hallarda 2-ci dərsdən qaçıb və mühafizəçinin gözündən yayınaraq tanış restoranda görüşürdük. Tanışlığımızın ilk kofesini burada içmişdik. Əsas mövzumuz onun atasının yaratdığı maneələr olurdu. Dinlədikcə hər dəfə bir fikir bütün həll planlarımın üzərində dayanırdı. Bir maneə varsa, onu aradan götürmək lazımdır. Həmişə pəncərənin önündə əyləşirdik. Çünki tanışdığımız anı canlandırmaq daha rahat olurdu. Bu restoranın qarşısında qəhrəmanlıq edərək onun oğurlanmış çantasını qaytarmışdım. Sonra mukafat olaraq onu kofe içməyə dəvət etmişdim.
— İki fincan kofe zəhmət olmasa.
Nuray məni səssiz izləyirdi. Əlimi sıxdı.
— Nicat, mən qorxuram.
— Yanındayam.
— Elə ondan qorxuram. Atam səni yanımda görmək istəmir.
— Elə edərik, görməz
— Necə?
— Gizlin görüşərik, indiki kimi.
— Nə vaxta qədər?
— Təhsilimiz bitsin, əsgərlikdən əvvəl sənə elçi gələnə qədər.
— Səni öldürəcəyi ilə hədələyir.
Ofisiant kofelərlə masamıza yaxınlaşdı
— Buyurun
Ortaya gələn kofe onun ətrinin qoxusu ilə bütün ətrafımı əhatə etdi. Burun dəliklərindən beynimə keçib, “sən o qız üçün ölümə hazırsan” fikrinin ətrafına dolandı.
— Qaçıracam, bitəcək hər şey
— Elə olmaz, atam özünü pis hiss edəcək. Bilirsən, hər şeyə rəğmən onu çox sevirəm, hər ikinizi yanımda görmək istəyirəm.
Dodağına toxunan fincan və kofe ən xoş anlarını yaşayırdılar.

Silahın soyuq lüləsi dodağıma sıxılmışdı. Addım səsləri məni oyatmasa idi, yəqin ki cəzalanıb, yuxumdan məhrum olacaqdım. Komandir hal-əhvalımı soruşandan sonra cavabını belə dinləmədiyi sualı verdi.
— Üşümürsən ki ?
Ardınca qarşı tərəfdə hərəkətin olub-olmamasını soruşdu.

Növbənin bitməsinə hələ bir saat vardı. Zabit gedəndən sonra daha yatmamağa qərar verdim. Əslində əsgərliyin ağır keçəcəyini bilirdim. Amma bir il tez başlayıb altı ay gec bitəcəyini gözləmirdim. İşdən çıxdıqdan sonra yeni iş tapmaq atam üçün çətin oldu. Hara gedirdisə, “yuxarıdan tapşırıblar” sözünü eşidirdi. Ardınca universitetdə problemlər yaşanmağa başladı. Semestri kəsrlərlə yekunlaşdırdım. Növbəti ilin təhsil haqqını topalaya bilmədim. Ən son atamı fəhlə bazarında maşınların aşağı enən pəncərəsinə yaxınlaşmasını görüb, təhsilimdən imtina etdim. Düşünürdüm ki, ixtisasımla bağlı universitetsiz də təkmilləşə bilərəm. Hərbi xidmətimə çağrılmağıma az müddət qalmış Nurayla görüşmək imkanı əldə etdim. Ondan heç bir söz almadım, çünki onun məni gözləyəcəyinə əmin idim.

Atasının vəfatının 371-ci günü biz ailə qurduq. Növbəti dəfə içki məclisindən sonra maşını evə göndərib, həkimin məsləhəti ilə piyada gəlmək fikrinə düşən atasını hansısa şərəfsiz yolu keçərkən maşınla vurmuşdu. 3 illik təhsil müddətində əldə etdiyim biliklərdən istifadə edib, kameralara müdaxilə etməyi bacarmışdım. Qayınanam hər gün gözümün içinə baxaraq qatilə qarğış edirdi, “görüm onu sağalmaz xəstəliyə yoluxsun”. Nuray özünün ən xoşbəxt günündə oynaya bilmədi. Ən sevdiyi insanlardan birini qazandığı zaman digərini itirmişdi. Xeyli müddət istintaqın gedişi ilə maraqlandı, lakin nəticə ilə barışmalı oldu. Hər dəfə Nuray istintaqla maraqlananda, hər şeyin bitəcəyini gözləyirdim. Ürək döyünüb asta - asta yuxarı qalxıb sanki ağzımdan çıxmağa çalışırdı. Dizlərim gücsüzləşir, bədənə dayaq durmaqdan imtina edirdi. Lakin Nurayın məyus sifəti qəribə olsa da, məni sevindirirdi. Hərdən qulaqcığı taxıb sakitcə divanda əyləşirdi. Həmin anlar gözünü məndən gizlətməyə çalışırdı. Ona sevgimi göstərmək, və bəlkə də peşman olduğumu ifadə etmək üçün yanında əyləşib qucaqlayırdım. Qulaqcıqdan Ayaz Erdoğanın mahnısı səslənirdi. İçimdən bir səs “şərəfsizsən, sən bu qıza layiq deyilsən”- deyirdi.
Ailə qurandan sonra hər şey fərqli görünməyə başladı. Nə o, nə də mən ixitsasımıza uyğun iş tapa bilmədik. Maddi cəhətdən bütün cəhdlərimiz kəsrlərimizi ödəyə bilmirdi. Lakin bunlar önəmli deyildi, hər şeydə miqdarı azaldıb, yaşamaq mümkün idi. Biz bir - birimizi eyni formada sevirdik. Sadəcə dəlilik getmişdi sanki. Övladımızın olmaması qarşımıza çıxan problemlərə qarşı mübarizəmizi daha da zəiflətdi. Səbəbini onun üzərinə atırdım, o isə: “problem səndədir,”- deməyə utanırdı. Sanki sevgi ailə qurmaq üçün sizi gətirən bir bələdçidir, ünvana çatandan sonra tərk edir. Əmin idim ki, ondan başqa kimsəni sevməyəcəyəm. Amma nələrsə olmuşdu. Evimizdə rahatlıq yox idi. Nəyə əl atırdıqsa alınmırdı, nəyi xəyal edirdiksə əksi olurdu. Birlikdə düşüb böyük marketdən yayda dondurma almağı planlaşdırsaq, həmin dondurmanın yeyilməsinin qadağan olunması ilə bağlı qanun qəbul ediləcəkdi. Bir - birimizə etiraz etməyə və etiraz üçün bəhanə axtarmağa sanki maraqlı idik. Sevgimiz ailə qurduğumuz an zirvəsinə çatmışdı indi isə, məcburi eniş etmək istəyirdi, güclə saxlamışdıq. Bəzən ayrılmaq həddinə çatır, bir-birimizə hər şey yaxşı olacaq deyib, geri dönüş edirdik. Amma olmurdu, heç nə yaxşı olmurdu. Məişət problemləri, maddi ehtiyac sevgini küncə sıxmışdı. Bəlkə də hər kəsdə belə olur. Qarşındakı insanı sevirsən, amma ailə kimi onunla yaşamaq alınmır. Sanki fasilə götürüb yenidən qovuşmağa ehtiyac var.
Gözlərimi pəncərənin küncündən ayırıb əlimdəki gülə baxdım. Biz o zirvədə qala bilmədik. Niyə axı sevən insanlar hökmən ailə qurmalı, zamanlarını məişət problemlərinə ayırmalıdırlar. Ya insanlar xoşbəxt olmaları üçün münasibətlər sistemini dəyişməlidirlər. Ya da heçnə..... Bəlkə də o şərəfsizi öldürməsəm, daha yaxşı olardı. Ani olaraq özümə söz verdim ki, o bu gün də yuxuma girsə, onu öldürəcəyəm.
Liftin qapısı açıldıqda gülü düzəldib dəhlizə daxil oluram. Və yenə ..anidən, son günlər yeni adət almış baş ağrısı məni yaxaladı. Kəskinləşdi, qarşımda qapı var, amma ona doğru addımlaya bilmirəm. Dənizin dibində batmış binanın içindəyəm sanki. Son olaraq qapının açıldığını görürəm. Nuray əlində çanta ilə çıxır. Qışqırıram “Gəlmə boğulacaqsan”.. Gözlərim qaralır.. səssizlik.

Divanda uzanmışam. Qarşımdakı divara qırmızı çanta sökənib. Mətbəxdən ayaq səsləri gəlir. Nuray yaxınlaşıb fincandakı rəngli maddəni mənə verir. Yarım oturacaq hal alıb, içməyə çalışıram. Nuray yanımda əyləşir.
— Çantanı gördün yəqin, evdən gedərkən sənin yıxıldığını görüb geri qayıtmışam. Təcili yardım müdaxilə etdikdən sonra oyanmısan.
— Gül hanı ..
Gülümsəyir. - gülün üstünə yıxılmısan .
— Birazdan gedib yenisini alacam.
— Mən gedirəm Nicat.
— Hara?
— Anamın yanında qalacam. Özümə gələndən sonra boşanmaq üçün müraciət edəcəm..
— Amma ...
Əlini dodağıma yaxınlaşdırır. Bədənimə son toxunuşu idi.
— Gəl sevgimizə daha çox əziyyət verməyək. Atamdan sonra tanrı da bizim birliyimizə qarşı çıxır. Alınmır... Niyəsini məndə bilmirəm..Ayrılaq..
— Haqlısan. Səni çox sevirəm...

2.Akt...

Youtube bu gün özünü ağıllı aparmırdı. Ardıcıl gələn mahnılar heç cür zövqümcə deyildi. Dünən dinlədiklərimdən bu gün həzz ala bilmirdim. Bəlkə də uzun müddət sonra avtobusda olmağım zövqümə fərqli təsir edir, bilmirəm.

Maşınım olsada, səhər tezdən avtobusla, heç kimin könüllü getmək istəmədiyi istiqamətdə gedirəm. Avtobusda xeyli insan var. Heç kimin dodağında gülüş, üzündə sevinc hiss edilmir. İnsanların sifəti Beynəlxalq Universitetin binasına bənzəyirdi. Gülüş oranı, həyatın uğursuz zarafatından sonra tərk etmişdi. Qulaqcıqla musiqi dinləyib, mövcudluğundan uzaqlaşmağa çalışan gəncləri izləyən yaşlılar xatirələrə dalmışdı. Avtobusda məni sevindirən bir nəfər var idi.

Dünən axşamdan beynimdə canlanan bir hekayəni yazmaq üçün bu gün məcburi getdiyim istiqamətə avtobusla gedərək uyğun obrazlara rast gəlməyi planlaşdırırdım. Telefonda chat GPT-ni açıb, yazıçının dinləyə biləcəyi musiqi playlisti istədim. Qısa müddət ərzində bir neçə variant verdi, sonra isə bir playlist halına salıb göndərəcəyini dedi. Bu, necə deyərlər, insanı - insandan ayıracaq bir icaddır. Cibimizdə belə nəzakətli yardımsevər, ağıllı və şikayətsiz biri varkən heç kimə ehtiyacımız olmayacaq.

Qulağımda “Two steps from hell” in ritmləri pərdələri silkələyib beynimə çatmağa çalışır. Səhər 6-idi idi. Yol kənarlarında düzülən işıqlardan hələ də bir neçəsi yanırdı. Onlara baxdıqca işıqları yanmayan dirəkələrə yazığım gəlirdi. Dayısı olmayan, yüksəlmək üçün elə öz əzmində yanan insanları xatırladırdı. İçində enerjisi vardı, amma heç kimə bunu göstərə bilmirdi. Avtobusun pəncərəsindən başımı çıxarıb “mən bilirəm sən yanındakından daha da gur işıq saça bilərsən” deməyim gəlirdi.

Günəş yox idi, amma onun saçları vardı. Sanki günəş toxunaraq saçlarını rəngləmişdi. Qızılı rəngli gur saçların üzərində qara məktəbli lenti bağlanmışdı. Başını aşağı salmışdı. Mənə də baxmırdı. Yanağında qəmzəsi cənnət qırışı idi sanki. Qəmzə mənə nələrisə xatırladırdı. Daxilimdə yuxuya getmiş bir hiss oyanmaq istəyirdi. Amma nə gözlər, nə saç o deyildi. İncə balaca barmaqları, uzun olmayan, rəngsiz dırnaqları vardı. Vəhşi heyvanlar kimi dırnaqları çox uzun olan qadınları heç sevmirəm... Bəs o, hardan bunu bilirdi?

Əynində qara uzun papaqlı plaş vardı. İnsanların çoxluğundan üzünü tam görmək olmurdu. Musiqi və tapdığım görüntü gecədən mərkəzi ideyasını qurduğum hekayəni yazmağa başlamışdı. Yaxınlaşıb ondan icazə almaq keçdi, könlümdən.

— Xanım, mən sizi hekayəmin baş qəhrəmanı edə bilərəm ?

Cəsarət etmədim, amma cavabını və növbəti cümlələri öz xəyalımda qurdum. Avtobus anidən dayandı. Mən artıq qarşı oturacaqda idim. Tez ayağa qalxıb günəş saçlı xanıma baxdım. Belə gülünc vəziyyətdə məni görməsini istəməzdim. Amma o sakit tərzdə pəncərədən çölə baxırdı. Onun üçün adi hal idi sanki. Və mən onun diqqətində deyildim.

Düşməli olduğum yerə hələ iki daynacaq vardı. Yıxılandan sonra onu izləməyə utandım nədənsə. O üzdən avtobusdan tez endim.

Şəhərin insansız küçələri sanki istirahət edirdi. Artıq 10 metr sonra ölümə yaxın olan bir yerə daxil olacaqdım. Bir köşkün qarşısında dayanıb bir müddət diqqətlə açıqda satılan siqaretlərə baxdım. Əsgərlik xaric mən siqaret çəkməmişəm.
— Nəsə lazımdır?
— Hə, bir siqaret verərdiniz?
Bir müddət sonra zibil yeşiyinin yanında dayanıb ciyərlərimi tüstü ilə doldurdum. Hər çəkdikdə sanki məndən qaçmağa çalışan ruhumu içimə çəkərək geri qaytarırdım. Sonuncu tüstünü aldıqdan sonra dərindən nəfəs aldım.

İkinci şüalanmadan çıxdım. Bir müddət sonra həkimin qəbulunda olacaqdım. Hələki uzanmışam, tavana baxıram. Bədən o qədər zəifləyib ki, ağciyər aldığı nəfəsi geri vermək istəmir. Gərək siqareti çəkməzdim. Amma daxildən bir arqument gəlir “öləcəksənsə, sağlam ölmə”. Özümlə söhbətimə gülməyim gəlirdi. Dodaqlarım əziyyətlə hərəsi bir tərəfə gedir, sonra eyni əziyyətlə geri qayıdırdı. Tavan baxışlarımdan çəkinib üzünü çevirmişdi. Tanrı bilir, o neçə insanla belə dostlaşmışdı. Tam öyrəşdiyi zaman bir daha onları görməmişdi. Çox insan itirmişdi. O üzdən mənə isinişmək istəmirdi. Baxışlarımı pəncərəyə yönəltdim. Çöldə böyük bir boşluq vardı. Hava ilə dolu bir boşluq. Hava molekulları sağa- sola nizamsız formada, Tanrı yolunda hərəkət edirlər. Amma biz onları görmürük. Hərdən qorxuram ki, biz havanın molekullarının birləşmək və ayrılmaq üçün çəkdikləri əziyyəti gömədiyimiz kimi, o da bizi görmür. Bir anlıq mikroskop gözlərə sahib olmaq istədim. Gözümü pəncərədən çəkib əlimi gözümün önünə gətirdim. Əlim xırda - xırda dairələrdən ibarət idi, bütöv deyildi. Hissələr bir-birinin yanında dayanıb, dalğa ötürürdülər. Qorxumdan gözümü yumub açdım, hər şey öz yerinə qayıtdı, mən bütöv idim. Niyə mən özümü əslində olduğum kimi görməkdən qorxurdum? Mən həm hissələrdən ibarət bədənimi, həm də onları birləşdirən dalğalardan ibarət ruhumu görmüşdüm. Deyirlər Çernobılda alimlər indilərdə fərqli heyvan növləri aşkar edirlər, bəlkə mən də şüalanmadan sonra belə hala gəlmişəm. Ya da həkimin dediyi o şiş, beynimin reallığı dərk edən hissəsini sıxıb narahat edir. Niyə? Maraqlıdır məni kənardan biri yox, içimdən biri öldürmək istəyir. Özümü Sezar kimi hiss etdim. Səndəmi şiş ?....
— Özünüzü necə hiss edirsiniz?.
Həkim otağındayam. Gülür, hər şeyin yaxşı olacağına mənim inanmağımı istəyir .
— Daha yaxşıyam .. Düzəlirəm sanki.
— Əlbəttə, mən sizə demişdim.
Dediyi sözlərin ətrafında fırlanan yalan dalğasını hiss edirəm. Bu binanın içində həqiqəti gizlətmək günah sayılmır. Yalan hər kəsin işinə yarayır. Çünki eşitdiyiniz həqiqəti dəyişmək imkanınız yoxdur. Binanın sehrli qüvvəsindən biri də pulu zərərsizləşdirməsidir. Burada pulunuzun da önəmi yoxdur. Mən pulsuzluğun ən dibini görmüş, şəhərin ən məşhur “İT” şirkətinin sahibiyəm. Və mən pulsuzluğun dibində olanlar kimi yalan dinləməyə hazıram.

Bəlkə də, eşitmisiniz, sizin kimi xərçəng xəstələrinə kömək edən şeylərdən biri də enerjidir. Ən böyük enerji isə sevgidir. Sevdiyiniz insanın yanında olsanız və ondan daha çox enerji alsanız olə bilər ki, xəstəliyə qalib gəldiniz. Sizdən qabaq bir xanım da gəlmişdi, ona da eyni sözləri dedim sizin yaşlarda olardı.
— O haradadır?
— Kim ?
— Qadın.
Niyə soruşduğumu bilmirəm. Birdən içimdən gəldi. Bayaq gördüyüm hansısa hissəcikdən biri soruşmağımı əmr etdi.
— Rentgenə göndərdim, birazdan gələcək.
Görəsən, niyə xəstəliyin adını xərçəng qoyublar.? Qınamayın, mənim beynimin çəkisi onun müalicəsi haqqında düşünməyə imkan vermir. Özümü ağıllı hesab etmək üçün belə düşüncələrlə kifayətlənirəm. Qapı açıldıqda saçları olmayan, çiynində yaylıq olan qadın otağa daxil oldu. Yanağında qəmzə vardı. Yenə hislər oyandı, amma əmin olmadığım üçün reaksiya vermədim. Ən azından o da məni tanımalı idi. Dərisi sanki mat materialdan hazırlanmışdı, zərrə qədər işıq yox idi. Gözləri dərinliyə çəkilmişdi, sanki ruhu qəlbinə yığılmışdı, artıq heç kimi izləmirdi. Məni görən kimi əlini yaylığa atdı, başına çəkmək istədi, lakin təkrar yerinə qaytardı. Əhəmiyyətsiz olduğunu anlamışdı, çünki burada hər kəs eyni idi. Mənim saçlarımın görüntüsünə çoz az vaxt qalmışdı. Artıq 2-ci prossedur idi. Sol əlində tutduğu çantasında qoyulmuş qızılı rəngli parik görünürdü.
— Bu bizim sonuncu prosedurumuzdur. Ümid edirəm, nəticə yaxşı olar.
Xanımın əlindəki rentgenin cavabını götürüb diqqətlə baxdı. Üzündə həmin gülüş qalmışdı, amma enerji yox idi. Mənə baxaraq gülərüzlə:
— Siz gedə bilərsiniz, 3-cü prossedurda görüşərik, dediklərimi unutmayın.
Divara sökənərək bir müddət dəhlizdə gözlədim. İnsan bütün yaş dövrlərini burada izləyə bilirdi. Bu xəstəlik sanki tanrının verdiyi zamana alternativ olaraq yaranmışdı. Hansısa qüvvə bu müddətə müdaxilə etmək istəyirdisə, xərçəngi işə salırdı. Bəlkə də o, zaman axınını öz qısqacları ilə kəsmək üçündür.
Oturacaqların birində balaca qız əyləşmişdi. O diqqətlə başı keçəl olan qadınlara baxır sonra isə anasına baxırdı. Yanında olan valideynləri ondan uzaqlaşıb mənim tərəfə yaxınlaşdılar. Düz divarda künc yer tapıb mübahisə etməyə başladılar.
— Sənə demişdim, insanların haqqına girmə. Bəyənirsən nəticəni?
— Mənim etdiklərimin uşağa nə dəxli?
— Elə bilirsən Tanrı məzuniyyətə çıxır?... Qazandığın pulla bizi xoşbəxt edəcəyini düşünürdün?..Digərlərinin bədbəxtliyi üzərində xoşbəxtlik qurulmur...
— Mən onu elə pulumla qurtaracam.
— Sən bir ətrafına bax.. elə bilirsən burada heç kimin pulu yoxdur?.. Məncə sən tanrıya dua et, bizə bağışlanma şansı versin...
Balaca qız heç nə anlamadan onları izləyirdi, fikrini dağıtmaq üçün onunla mimika oyunu oynadım. Mən ağız-burun əyirdim o isə, gülümsəyirdi. Lakin bir anlıq kədər çökdü, sifətimdəki əzələlər istədiyim kimi hərəkət etmirdi. Buradan uzaqlaşmalı olduğumu düşündüm, əks halda kişiyə yaraşmayacaq şəkildə ağlaya bilərdim.

Xəstəxananın həyətində dayanıb təəccüblə zibil qutusuna baxdım, üzərində xeyli sayda sönmüş siqaret kötükləri var idi. İnsanlar onlara ziyan vuran hər şeyi unutmaq üçün digər ziyanlı maddələrdən istifadə edirdilər. Sanki bir bədbəxtlik sənin qarşına çıxırsa beyninin işləmə mexanizmi “özünü məhv” rejiminə keçirir. Siqaret çək, spirtli içki iç, sən də xəyanət et, intihar et, əlindəki bıçağı düz ürəyinə sancarsan, ....
Siqaretdən son tüstünü alıb digər kötüklərin yanına öz kötüyümü qoydum. Qoy mənim də qatilim öz yerində olsun. Dayanacağa doğru addımladım. Çox halsız idim, ayaqlar zorla yeriyirdi. O da oradaydı. Avtobusda birlikdə gəldiyim, gözəl saçları olan, xəstəxanada sonuncu prosseduru keçib, başının keçəlliyini gizlətməyə çalışan o qadın... Gözlərim hər iki zaman kəsiyində eyni kəsi görmüşdü , amma beynim nədənsə bunu indi anlayırdı.

Üzünü çevirib mənə baxdı. Gülümsədi. Həmin qəmzə...İndi daxilimdə oyanan o hislər beynimə qarşımda duran qadının kimliyini tanıtmağı bacardı. İçimdəki sevinc üzümdəki kədərlə mübarizə aparırdı. Onu burada belə halda görməkdənsə, şüadan sağ çıxmamağı istərdim.

Bu an qolundan sallanan çantanı kim isə alaraq qaçmağa başladı. Zaman mənim üçün dayandı. Hər şey olduğu ana qayıtdı, avtobusda hekayənin təsiri ilə gördüyüm və xəstəxanada saçını örtməyə çalışan, indi isə mənə gülümsəyən qadın Nuray idi..

Hər şey başlanğıcdakı kimi olacaqdı, amma oğrunun dalınca qaçmağa özümdə güc tapa bilmədim. Nuray sanki mən düşünənləri anlamışdı, gülümsədi.
Gözləri ilə səkinin kənarlarını gəzdi.
— Əsas odur, kofe içmək üçün yer var.
Üzünü arxaya çevirərək :
— Sadəcə, arxamızdakı universitet deyil..
Ayrıldığımızdan sonra ikimizin də iş həyatı uğurlu alınmışdı. Mən “İT” sahəsində şirkət qurduğumu, ,o isə şirkətlərin birində dizayner işləməsi barədə danışdı. İndiki vəziyyətdə işin ən gözəl tərəfi o idi ki, biz bir-birimizə olan sevgini gizlətdiyimiz yerdən üzə çıxartdıq.

3.Akt....

— Səhər yeməyi sənlikdi.
— Harada görülüb, qadınsan dur qadın işi ilə məşğul ol..
Əlimdəki səhər yeməyini stolun üzərinə qoyub yataqdan məni izləyən Nuraya yaxınlaşdım. Gülümsəyərək mənə baxırdı..
— Sən qalib gəldin, qalx.
— Mən yox, mənə qarşı olan sevgin... bax biz içimizdəki xərçəngə belə qalib gələsiyik..
Ayağa qalxdı, bixtiyarı əlimi çiyninin üzərindən keçirib saçlarını yana çəkib öpmək istədim.. Əlim yarıda qaldı... bərk qucaqladım onu... Beynimin içində məni həmişə sıxan heyvan sanki yumşalmışdı.. beynimdə şırıltılı bir yumşalma hiss etdim.. gözümdən axan yaş onun çiyninə düşdü...
Beynim səssizcə düşünürdü ...”Biz birlikdə başlamışdıq.. alınmadı .. biz ayrıldıq, bu ayrılıq içimizdəki heyvanı oyatdı.. Amma biz yenə bir yerdəyik... sakitləş... və zamanı bizim ixtiyarımıza ver”..

Bir il sonra restoranların birində, axşam yeməyində qarşı - qarşıya əyləşərək sakitcə bir - birimizə baxırdıq...sözlər indi heçnə ifadə etmirdi, gülüş, mimika gücsüz idi.. sadəcə bədənin dərinliyindən baxan iki göz hər şeyi anlayırdı.. biz birlikdə qalib gəlmişdik...

Şam yeməyinə, həkimin gəlməyini gözləyirdik, çünki o da bizimlə bərabər mübarizə aparmışdı. Bilmirəm nədən, ancaq çevrilib arxaya baxdım. Onlar əyləşmişdi. Niyə? Hansı hüceyrə, hansı harmon mənə geri dönmək əmri vermişdi?.. Bəlkədə onun son arzusu idi. O gözəl saçlardan, üzündəki gülüşdən heçnə qalmamışdı. Xəstəxanada, qarşımdakı oturcaqda əyləşən balaca qız indi arxamdakı oturacaqda idi.

“Mən hər şeyi həll edərəm,”- deyən ata çarəsizliyə məğlub olmuşdu. “Tanrı bir şans versin”- deyən anasını ümid kənarda əyləşərək izləyirdi....
— Tanrı sanki bizə yeni şans verdi.
Bu cümləni Nuray niyə dedi axı. Kim ona mənim beynimdəki fikirləri ötürdü.
— Nicat, biz əvvəlkindən fərqli olaraq xəstə deyilik, ona qalib gəldik, lap əvvəlkindən fərqli olaraq ailə kimi xoşbəxtik..
Qadının arzuladığı, bağışlanma şansını Tanrı bizə vermişdi.
— Nuray, mən sənə vacib bir məlumat verməliyəm..
— Evlilik təklifi etməzsən yəqin, biz ikinci dəfə evliyik.
— Atanla bağlı..
Nurayın gülüşü dodağında olduğu kimi qaldı. .. Bu soyuq sükutu masamıza əyləşən həkim pozdu....
— Üzrlü sayın gecikdim biraz.

4. Akt....

# 495 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #