Dağdağanın seyidliyi - Bircə

Bircə

Bircə

27 noyabr 2021
# 17:15

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Bircə "Dağdağanın seyidliyi" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.


El yoluyla getməyə səbri çatmadı, özünü çəpərlərin dibindəki tikanlı keçalatlara vura-vura evə sarı götürüldü. Şoşaq Vəlinin yekə dağdağanına çatmamış bir ağız qusdu. Dadsız çayla yediyi pendir-çörək tikələri ağzından yerə düşən kimi qonşunun toyuq-cücəsi özünü yetirdi. Toyuqlar qusuntunun içindəki həlməşikli tikələri dimdiklədikcə Cəfər öz-özünə danışırdı:

- Necə yəni ehsan verilməyəcək! Heç adnalar da olmayacaq. Vallah qırnı Məmməd elə belə də dedi.

Ağzından çıxanları öz qulağıyla eşitmişdisə də, içinə şübhə damdı:

- Ay Allah, bəlkə səhv eşitmişəm?!

Sonra özünü toxtatmağa çalışdı:

- Ağlım kəsəndən Məmməd kənddə mollalıq eləyir. Dədəmin yasında hələ meyit yerdəykən mənə gözlərini bərəltmədimi? Halvanı niyə “Teksun”la çaldırmısan demədimi? Dedim kəfəni güclə almışam, kərə yağını nəylə alaydım? Qırnı Məmməd xına kimi qızarmış halvanı qaşıqlayıb üzümə göyərmədimi? Qutu yağıyla ağızacılığı çalınmaz, tapşır halvadan mənim evimə göndərməsinlər demədimi? İndi beləsi üç, yeddi, adna olmayacaq deyərmi?

Cəfər qalxıb şalvarının dalını çırpdı, ilk dəfə Çimnazgilin həyətinə boylanmadan şoşaq Vəlinin çəpəriylə öz çəpərinin arasındakı tikanlı qapalağı qaldırıb həyətlərinə keçdi. Dədəsi öləndən həyət-bacaya süpürgə çəkilmişdi. Oğursaq sağılan Alagöz inəyi satıb, bir az da bankdan kredit götürüb, atasını güc-bəla irahlamışdı. Neçə ildi qapılarına qarovul çəkən ağ qıllı Topuşu kəndin ayağındakı galladar Bayramla bir kisə una dəyişmişdi. İt də gedəndən sonra qapı qəfil zavala gəlmiş bağa dönmüşdü. Abadan evlər bülbül yuvası, xaraba evlər bayquş məskəni olar. Həyətlərinin bir bayquşu əskiyidi, bəlkə də vardı, hələ Cəfər bundan xəbər tutmamışdı.

Bir ilin içində başına iki qapaz birdən dəymişdi, atasıyla sonu-sopu olmayan xalasının ölümü Cəfəri latı-lüt qoymuşdu. İndi onun-bunun qapısında işləyir, kəndin mal-qoyun nobatına gedir, yorğan-döşəkdə əriyən anasıyla özünə elə o var ki bir qarın çörək qazana bilirdi.

Cəfəri yesir gününə salanlardan biri də kəndin mollası qırnı Məmmədiydi...

***

Kürsülü evin altı pilləkənini cüt-cüt qalxıb aynabənddən içərini dinşədi. Anası zaldakı dəmir çarpayıda uzanıqlıydı. Ensiz uzun seyvanda xeyli var-gəl elədi. Gördüklərinə hələ də inana bilmirdi.

Kəndin hampası, bircə donuzu əskik olan pendir Əlinin anası ölmüşdü. Cəfər yataq xəstəsi anasına bir dolça şərbət içirib meyid götürülməmiş özünü yasa çatdırmışdı...

***

Yas evinə çatanda Əlinin xonçalı dəmir darvazasının ağzındakı polisləri görüb suçuxdu, elə bildi ödəyə bilmədiyi kreditə görə dəmşalaq “uçastkovı” onun dalınca polis göndərib.

Qapı yas qapısına oxşamırdı. Cəfər istədi dal yolla geri qayıda. Hesabdar Nağını görəndə ürəkləndi, özünü yekəpər kişinin böyrünə verib doqqazı keçdi. Bələdiyyə sədri Qulu armud saplağına oxşar boğazını qalın kürkünün boyunluğuna soxub Əlinin böyük oğlunun yanında durmuşdu. Göygöz sədr Nağıya əl verəndən sonra Cəfərə çımxırdı:

- Bala, nəyə gəlmisən?

- Gülnisə xala ölməyib?

- Ölüb ey, sənə nə? Anan yer xəstəsidi, azarının pöhrəmində durub bura nəyə qaçmısan?

- Dəfn olunsun, çıxıb gedəcəm. Dədəm öləndə Əli dayı bizə çox hörmət elədi.

- Yeri get evinizə, bala, Əlinin sənin köməyinə ehtiyacı yoxdu.

Cəfər mandıxıb içərini dinşədi: ağlaşma səsi gəlmirdi. Bələdiyyə Qulunun gözlərinə baxdı, rəhmətlik atasının dedikləri yadına düşdü: “Qulu doğulanda bizim bu kövlərin tülküləri üç gün-üç gecə yasa batdılar, ulaşa-ulaşa çıxıb getdilər. Dedilər bizim qənimimiz gəlib, daha buralarda qala bilmərik”.

Qulunun gözləri gözə oxşamırdı, elə bilərdin bir cüt göy şüşəni yontalayıb sümsü burnunun üstündəki qoşa dəliyə salmısan. Bələdiyyə sədri az qalırdı pendir Əlinin biznesmen oğlunun ağzına dürtülə:

- Atana de təntiməsin, çadır, qab-qacaq nə lazımsa yığıb göndərəcəm. Lap mağarı evin dalında qurun, gözə girməsin. Xəstəlik-zad boş şeydi.

Qıraqdan-bucaqdan adamlar gəlməyə başladı. Cəfər soyuqdan ayağının birini götürüb o birini qoyurdu. Bu dəm Qulunun telefonu qəfil dil açdı: “Dünya sənin, dünya mənim, dünya heç kimin...” Sədr telefonu qapıb həyət aşağı qaçdı, iri darvazanın açıq tayının dalına keçib danışmağa başladı:

- Yox, evdəyəm, cənab başçı. Səhər gəlib yalvardılar, çadırı vermədim. Arxayın olun, arvadı basdıran kimi hamını evinə dağıdacam.

Yetim Cəfər bələdiyyə sədrinin şüşə kimi işıldayan gözlərinə baxdı, dədəsinin niyə elə dediyini yalnız indi başa düşdü. Qulu sımıtdığı yerdən çıxıb, öz-özünə danışa-danışa yığnağa sarı gəldi:

- Belə yerdə deyirlər ey, sən ilanı tut, gözünə darını mən salım. İndi mən başıma haranın külünü töküm?

Qırnı Məmməd özünü təntik onun üstünə atdı:

- Əəə, belə şeymi olar? Sən ölünə halva çalma, ehsan vermə, apar bir çalaya tulla, gəl qapının dalını qayır. İnanmıram Əli belə işə qol qoya.

Qulu coşdu:

- Bax indi yenə mərdimazar mən olacam. Dağılın xarabanıza! Bir azdan başçı özü bura gələcək. Nə ehsan, nə mağar, heç biri olmayacaq. Camaat çırpı kimi qırılır.

Molla Məmmədin pıçalaqlı gözləri çalasında fırlandı:

- Ay hökumət, dəvə nə qədər arıq olsa da, dərisi bir eşşəyə yükdü. Əli kimi kişinin anasını urvatsız eləmək olmaz.

Qulunun gözləri bir az da göyərdi:

- Əşi, mənim çörəyimə bais olmaq istəyirsən? Mərifətin çatır, bir dəfə də nisyə iş gör. İrəli dur Quran oxu, çıx get evinə. Yuxarıdan göstəriş var, öləni basdırıb dağılacağıq.

- Mərifəti səndən öyrənəcəm – havayı aldığın mağarı, içinin qab-qacağını, qazanını, peçini elə pulla verirsən. Təkcə sənin ağzın var? Bu camaatın ölüsünü qırx ildi bir dürmək halvaya yola salıram.

Tülək Qulu şümür gözünü fırlayıb Cəfərə baxdı:

- Mindiyin atdan görürəm hansı halvaya ölü götürmüsən. Fərəcin başının biti ölməmiş atını oğlunun əlindən aldın. Aldığın heyvərə maşının içində neçə qazan daşıyırsan? Aşınkı ayrı, ətinki ayrı, halvanın, dovğanınkı ayrı. Atının belindəki xurcunun gözündə neçə qazança gəzdirirsən?

Qırnı Məmməd az qaldı Qulunun gözünü tökə:

- Yalançının tifağı dağılsın! Atı Cəfər bir ətək pula satdı mənə.

Cəfərin bürüşüyü açıldı, boğazı isindi, istədi dillənə, molla onun səsini elə xirtdəyindəcə boğdu:

- Düz demirəm, qadan alım?.. Anan nətərdi? Ağlım kəsmir sağala.

Məmməd tülüngüydü, arvadı soruşmaqla yetimi qandırırdı ki, ağzını açsan, ananın meyidi yerdə qalar. Cəfərin boğazına yığılmış istilik qarnının içinə yayıldı, daha dillənmədi. Mollalıqdan savayı əlindən nə desən gələn yetmiş yaşlı kişi sədrlə götürüşdü:

- Armud mənim ağzıma, saplağı Savalanın olsun? Mən də gözümü meyidə dikmişəm, sənin kimi camaatı sağıb yemirəm. Azar-zad boş şeydi!

- A kişi, dünya dağılır, qapılara kilid vurulur, yeri get burdan!

Qırnı Məmməd gördü sərt danışıqdan bir şey çıxmır, başladı Quluya şıvranmağa:

- Əli mənə nə versə, sənlə yarı böləcəm. Çıx get burdan, qoy damdakı cöngələr kəsilsin, kişi anasına urvatlı ehsan versin, bizim də qarnımız doysun. Azar-bezar nə gəzir, - deyib əlinin bükəyində göygözün cibinə pul basdı.

Qulu yumşaldı, gələnlərə çəmkirmədi, hardansa evinə qayıdan Əlini elə maşındaca basmarlayıb marçamarç öpdü, guya ağlamaq istədi, gözlərini ha çıppıldatdısa da bir damcı yaş çıxmadı. Bu vaxt sədrin telefonu yenə oxudu: “Dünya sənin, dünya mənim, dünya...” Aldığı xəbər kəndxudanı qapıdaca soncuqlatdı:

- Ayə, ay camaat, dağılın, başçı özü gəlir bura!

Bələdiyyə sədri hərəni bir yana itələdi. Qırnı Məmməd əlini bozarmış paltosunun cibinə qoyub şəstlə durmuşdu. Palto böyük oğlununkuydu, kişinin eləcə kürəklərini tutmuşdu, qarın-qartası qalmışdı ayazın qabağında. Hərə bir səmtə dağılışdı, sədr mollanın dəbərmədiyini görəndə onu da dümsüklədi:

- Eşitmirsən, sən də lazım olmadın, get xarabanın altına!

Məmməd ayaqlarını yerdən üzmədən boğazını Quluya uzatdı:

- Qoy çanağa, ver qonağa, qonaq da dədəmə desin qurbağa. Pulu bəri ver, əəə!

Evinə gedən, evindən gələn, içəridəkilər, qonşular hamısı onun bağırtısını eşitdi. Qulu əlini cibindən çıxarıb ovcundakı pulu hövkələyib Məmmədin sifətinə atdı. Əzilib yumrulanmış kağız pul mollanın yekə burnuna dəyib yerə düşdü. Kişi cəld əyilib pulu qapanda əynindəki paltonun qolu kökündən partladı. Cəfəri gülmək tutdu. Molla yetimin üzünə mırıldandı:

- Allahını çağır anan bu günlərdə ölməsin, yoxsa Əlinin anası kimi urvatsız olacaq.

Əli sədrin qaraqışqırığından sonra gələnləri evinə yolladı:

- Ay camaat, hamınız dağılın! Deyir bir kəndə getdin, gördün hamının gözü qıpıqdı, sən də gözüqıpıq olmalısan. Hökümətlə hökümətlik eləyə bilmərik, anamı özümüz torpağa tapşırıb girəcəyik damımızın altına. Bunun üçü, yeddisi, adnaları, qırxı var, yəqin ehsana icazə verərlər, onda hamınıza xəbər eləyəcəm. Amma hələlik anama ehsan vermirəm...

...Cəfəri həyəcanlandırıb ürəyini ağzına gətirən, yediyini piltə-piltə burnundan tökən bax bu görüb eşitdikləri olmuşdu.

***

İçəri keçib anasının üstünə əyildi, arvadın sinəsi astaca qalxıb enirdi. Ev soyumuşdu. Sobanın qapağını açıb öləzimiş közün üstünə iki odun qırığı atdı – qaza pul çatdırmırdı deyə atasının bəsləyib böyütdüyü bar ağaclarını yarıb yandırırdı.

Beynindən bir anda keçən fikirdən utanıb çimçəşdi, anasının yatdığı səmtə baxmağa xəcalət çəkdi. Özünü eşiyə, ayazın ağzına atdı...

***

İki gün sonra ölülərə qənim kəsilən Qulunun da anası öldü. O da pendir Əli kimi anasını səssizcə dəfn eləyib qapısını içəridən qıfılladı. Çəpər diblərində komalanıb xısınlaşan kənd cavanlarından eşitdikləri Cəfərin ürəyinə su səpirdi:

- Gördünüz bu göygöz kosanın bəxtini? Qırnı Məmmədlə əlbir olub ölülərimizin yerində gönümüzü soyurdu. Bizə peşkəş olunan mağarı içinin dəstgahıyla ölü yiyələrinə satırdı. Üçün haqqı ayrı, yeddininki, qırxınkı ayrı... Adnalarda qab-qazanın haqqına ehsan daşıyırdı evinə. İndi qırx qazanın çalası anasını ağa büküb yerə gömdü, evinə girib qapısını kilidlədi. Allah elə Qulunun allahıymış. Yazıq kasıb geydi bezi, gəzdi düzü.

Dana Səmədin oğlu göynəyə-göynəyə deyirdi:

- Ay sizə qurban olum, dədəm su qajında canını tapşırdı. Kişinin meyidini evə gətirib palçığını yumamışdıq, Məmməd üstümə çığırdı ki, hanı stolların siqareti? Özü bir cücə burnu qanatmadı, mənə qırx gün nisyə siqaret aldırıb yas mağarına düzdürdü...

Cəfər belə-belə söhbətləri eşidəndən sonra kor-peşman evə qayıdırdı. Atası, xalası öləndə çəkdiklərini yadına salıb töyşüyürdü. Atasının dediklərini andıqca yanıxırdı: “Cəfər, a bala, qorxma, el gətirər, el götürər. Bax biz ölüb eləsək, qəti təntimə. Üstümüzə yığılan pula bir babat ehsan ver, ağ daşdan da şəkilsiz-zadsız başdaşı qoydur”.

Cəfər yenə pilləkəni cüt-cüt çıxıb pəncərədən anasını dinşədi. Atasının divardan baxan şəklinə çəmkirdi:

- Gətirdimi el? Xalamla sən mənim belimi qırdınız. Bir ilin içində iki meyit, iki üç, iki yeddi, iki qırx, səkkiz adna verdim. Qəbirləriniz qəcələ kimi keçəl qalıb, banka bir ətək borcum var, ilinizi nəylə verəcəm? İndi də anam ölür.

Gözü atasının qalın bığlarına dikiləndə eyməndi, elə bildi kişi dediklərini eşitdi. Cüt-cüt çıxdığı pilləkəni elə çıxdığı kimi də düşüb üzü doqqaza götürüldü.

Bir zamanlar dərdindən öldüyü Çimnaz körpəsini dalına şəlləyib əlyenişə gedirdi. Kəndin gözü qız arıqlayıb çöpə dönmüşdü. Uzun saçları tökülmüşdü. Özü kimi arıq uşaq gəlinin boynunun dalından çöpüyü çıxmış tüklərlə oynayırdı. Cəfər Çimnazı nə vaxt görsəydi, əvvəlkitək olurdu – ürəyi döyünürdü, dişlərinin dibi sızıldayırdı. Gəlin döngəni burulanda Cəfər çöməldi:

- Evi yıxılsın Şahinin, məni də öldürdü, səni də.

Şahinlə orta məktəbi bir oxumuşdular. Cəfər evlərinin dinməz, fağır tək uşağıydı; Şahin gölə qələmə sancanın, özünə böhtan atanın biriydi. Cəfərin Çimnazla istəkli olduğunu bilən kimi qıza elçi göndərdi. Anası balasından betər dirəşdi:

- Mənim mərdimazara veriləsi qızım yoxdu. Uşağımın “hə”si çoxdan verilib.

Şahin qəfilcil it kimi marığa yatdı. Bir günorta kəndin cavanları yığışan gimgədən aralanıb suya gələn qızın qabağını kəsdi, hamı baxa-baxa deyikli qızı basmarlayıb öpdü. Xəbər Cəfərin anasıgillərə çatanda biçarə arvad oğlunu bir bəhanəylə kənddən genitdi.

Cəfər evlərinə bir də Çimnazın toyundan sonra qayıtdı. Atası oğlunu görəndə kövrəldi, qəribə bir əfsanə danışdı:

- Oğlum, ayı bir zaman yekə kişiymiş, dəyirmançı işləyirmiş. Bir gün oturub çörək yeyəndə loxmasının üstünə saqqalından bit düşür. Dəyirmançı biti elə çörəyin üstündə öldürüb, sonra da yeyir. Kişinin bu hərəkəti, çörəyə hörmətsizliyi Allaha acıq gedir, onu ayıya döndərir. O boyda kişi olur pinti, xain bir ayı. Dostun Şahin o pinti dəyirmançının dalına bir təpik vurub keçdi yerinə. İki fağırı sinsitdi, heç vaxt onun qabağından duru su axmaz. Sən də indən belə ayıdan uzaq dur.

Şahini hər görəndə atasının sözləri yadına düşürdü. Pəhləvan kimi oğlan elə gerçəkdən pinti ayıya oxşayırdı. İçib arvad-uşağını mal kimi budayırdı. Gecənin girt yarısı cavan gəlini kəndin ayağına araq dalınca yollayırdı.

Cəfərin atası sağlığında gecə ağlaya-ağlaya araq dalınca gedən gəlini görcək doqqazın işığını yandırırdı, özü də yabanı çiyninə qoyub aralıdan qıza həyanlıq eləyirdi...

***

Cəfər Şahinə allı-güllü qarğış töküb anasının yanına qalxdı. Bayaq sobaya atdığı yaş odun indi od alıb yanırdı. Anasının sinəsi əvvəlki sayaq qalxıb enirdi.

Telefonunu cibindən çıxarıb bir az başını qatdı, istədi Tomanın nömrəsini yığa. Yadına düşdü ki, gecə yorğanın altında özünə söyüş qoyub, and içib: “Bir də sənə zəng vursam, bax bu anam ölsün”.

Tomanı karyerdə fəhlə işlədiyi vaxtlar tanımışdı. Siftə-siftə beli incə, yanbızları yekə, gözləri iri gəlindən söyüş söydüyünə görə qorxub gen dolanmışdı. Günortalar Cəfərin qabağına yemək, salat qoyanda Toma elə əyilirdi, döşləri onun başına dəyirdi. Oğlan hər dəfəsində yerindən sıçrayanda hərəyə bir söz atan gəlin şaqqanaq çəkib gülürdü:

- Cəfər, sən hələ də qızsan? Eybi yox, sənin də işinə baxarıq.

Dediyi kimi də elədi, çox keçməmiş Cəfərə daddırdı. İlk vaxtlar Cəfər istədi kişilənə:

- Belə getsə səni işləməyə qoymayacam. Otur evdə, mənim qazancım ikimizə də çatar.

Toma yenə şaqqıldadı:

- Pah, yanbızımın bir tayıyla boğaram səni! Bu qədər fəhlənin qazancını tək sən alsan, yenə mənim ehtiyacımı ödəyə bilməzsən. Ağzını şirin elədim, qudurdun?

Cəfər ürpənib Çimnazı düşündü: görən o da kişilərlə belə danışa bilərmi?

- Sənin nə ehtiyacın var? Maaşım da yaxşıdı.

- Gör burda dilinə arvad dəyməyən nə qədər oğlan var. Belə xeyirxah işi heç kimin qızı görməz, - deyib Toma yenə şaqqanaq çəkdi.

Cəfər yumalanıb dərin bir quyunun dibinə düşdü, özünü cər-cəmləyib ordan çıxan kimi yenə gəlinə cumdu:

- Gözəl-göyçək qadınsan, insan kimi yaşasan nolar?

- Yetim, gözəlliyimi doğrayıb yeyə bilmirəm ey! Sənə də üz verdik, zəhlə tökürsən. Dur rədd ol daşını daşı!..

Yer üzünə aş dağılsa, qara qarğa öz yediyini tapar. Cəfər dəlixay gəlini düşündükcə canına şirin, ləzzətli bir ağrı yayıldı, söyüşü-qarğışı, andı-qəsəmi hamısı yadından çıxdı. Tomaya zəng vurdu, amma nömrəyə zəng çatmadı. Onda peşman oldu, qorxuya düşdü. Qaçıb yenə anasını dinşədi...

***

Uzaq-uzaq ellərdə yetişdirilib dünya turuna çıxarılan virus kəndin qocalarını dənlədikcə Cəfər dircəşirdi. Ölü yiyəsi ölüsünü beş-on nəfərlə torpağa tapşırıb səssizcə küməsinə qapanırdı. Adamların içinin gizlinində abırsız, başıqaxınclı bir sevinc cücərirdi, hamı o sevinci qəlbinin zirzəmisinə atıb qapısını qıfıllayırdı. Gündüzlər qonum-qonşu yanında arvadlar yalandan sızıldaşırdı:

- Qaynanam bu evdə külüng çalmışdı, zülümlə oğul böyüdüb mənə vermişdi, yazığa ehsan da qismət olmadı...

- Sağlığında mənə zəhər yalatsa da, kişinin belə urvatsız olmağına qıymazdım...

- Varımı-dövlətimi əsirgəməzdim, neyləyim, hökümət töhməti qoydu boynumuza...

Göygöz Qulu nə qədər danlasa da, Cəfər ölü qapılarından yığışmırdı. Özü də yas evlərində hər şeyə əlini vururdu. Qırnı Məmməd yetimi gözündən qoymurdu:

- A bala, evə çatanda əllərini təmiz-təmiz yu, sonra anana çaydan-sudan ver. Arvad bir az şəppəlidi, xalanın Quranını qoy başının altına, yanına da bir tikə çörək. Atanın qıl sicimini dola çarpayının qolçağına. Bütün günü çöllərdəsən, bizdən yeylər, hal anaları arvadı vaxtsız beyman eləməsinlər.

Cəfər mollanı arxayın salsa da, evə çatan kimi əllərini yumamış anasını qucaqlayır, çayını, horrasını verirdi. Məmmədin tapşırığından sonra ərinməyib Quranı anasından xeyli genitdi, çökək evdəki yatılmayan mitillərin arasına soxdu. Çörəyi əl damındakı xurcunun gözündə gizlədi. Kənddə gördüyü ölümlər Cəfəri çox dəyişmişdi. Gecələr qaranlıqda anası kəlmə-kəlmə danışırdı:

- Mən ölsəm neyləyəcəksən? Meyidim yerdə qalacaq. Əhd eləmişdim məni qardaşım alan sırğalarla basdırasan, qismət olmadı.

Cəfər yorğanın arasında büzüşüb cücəyə dönürdü:

- Ana, az qalıb, sırğalarını gətirəcəm.

Sırğa nə gəzirdi, çoxdan satıb bankdakı kreditin aylığını ödəmişdi. Ertəsi gün banka qapağını döyüb doğrayıb əydi, qulpuna sarı sim bağlayıb bir cüt sırğa düzəltdi. Oyma-döymə işlərini uşaqlıqdan bilirdi.

Sırğaları anasının qulağına taxıb üzündən öpdü:

- Bax, qardaşının yadigarını gətirdim.

Arvad qulağındakı dəmirləri sığallayıb güldü:

- Bəs pulu hardan aldın?

- Bakıdakı iş yerimdən alacağım vardı, hələ bir inək də alacam.

Səhər örüşə gedən mallardan bir neçəsini öz həyətlərinə ötürdü, inəkləri anası yatan pəncərənin altına qovdu. Nə illah elədisə təntimiş inəklər mələmədi. Keçən ildən təndirxanada qalıb qurumuş künallardan birini dartıb şoşaq Vəlinin inəyini budamağa başladı. İnək bir ağız mələyən kimi malları qovub çölə saldı, qaçıb anasının başının üstündə durdu:

- Eşitdin inəyimizin mələrtisini?

Anası bir əli qulağındakı sırğada dedi:

- Eşitdim, ay Cəfər, şükür bu günə, daha rahat ölə bilərəm...

***

Gecələr Cəfərin üstünə qara ilantək gəlirdi. Ürəyində bəslədiyi gizli arzu qır kimi üstünə yaxılıb onu qapqara xəcalət tərində isladırdı.

Anası çox əziyyət çəkmişdi. Mer-meyvə sovulanda tum qovurub, qarğıdalı partladıb satmışdı. Kənddəki hər xeyir-şər məclisinin qab-qacağını yumuşdu. Qazandığının hamısını ovcunda gizləyib oğlunun cibinə basmışdı. Telefondan, saatdan, şəkilçəkəndən belə alıb, uşağını umsuq qoymamışdı. Belə bəslədiyi oğlundan indiyəcən bir burun dəsmalı belə görməmişdi.

Cəfər illərdən sonra nəzir-niyazla tapılmışdı. Yekə oğlan olanda anası yenə dalına şəlləyib gəzdirirdi, kürəyində məktəbə aparıb gətirirdi. Zığ-zımrıqlı havada Cəfər ona yalvarırdı:

- Ana, bir az da Çimnazı al dalına, arıqdı, yeriyə bilmir.

Anası da oğlunun sözünü yerə salmırdı, Çimnazı aparıb irəlidə qoyur, qayıdıb Cəfəri dalına alırdı. Günün şaxıyanında oğlunu öz kölgəsiylə aparıb-gətirirdi. Bir vaxt uşağı olsun deyə ana ayaqlarından asılırdı, indi oğlu anası karantin zamanı ölsün deyə yerə-göyə yalvarırdı. Əlacı olsaydı, onu öz əliylə əzrayılın zənbilinə qoyub halallığını verərdi. Baxışları yorğanın altında əriyən köməksiz arvadın gözləriylə toqquşanda qorxurdu, utanırdı, tez çölə çıxıb özünü evlərinin arxasındakı kövşənə verirdi. Mözələk tutmuş dana kimi orada bir xeyli qaçıb, özünü yorub yenidən evə qayıdırdı.

Daldaya düşəndə Cəfər Qulunun anasıyla öz anasını müqayisə eləyirdi. Bələdiyyə sədri dindirmədiyi anası öləndə başına döyürdü. Qulugil on uşaq olmuşdular. Uşaqlar böyüyəndən sonra isti ocağa su ələndi, mehriban ailə it unu kimi dağıldı. İkimərtəbə evlərini hökümət yarı böldü – on uşağın beşi anayla, beşi atayla qaldı. Bağın bar ağaclarını da sayıb bölgüyə qatdılar. Malı böldülər, qapının itini bölə bilmədilər. Qulunun anası gündüzlər iti öz tərəfinə bağladı, atası gecələr açıb tövlənin öz payına düşən ağzında qarqaraya vurdu. Arvad hikkəsindən ətin arasına siçan dərmanı töküb itə yedirtdi. İt ölən kimi dincəlişdilər.

Qulu evin böyük oğluydu, atasının dediyinə görə, anası onun paltarlarını ipdən yığıb yandırırdı, atına zəhər verirdi, girinə keçəndə balalarını döyürdü. Onunla belə Qulu yenə anası öləndə ağladı. Atası da bedazaydı, tövləyə qoymazdılar ki, quşqun oğurlayar.

Cəfər bunları düşündükcə özündən utanırdı, tez qaçıb anasını dikəldirdi, kürəyinə yastıq söykəyirdi, onu danışdırmaq istəyirdi. Anası sırğalarını sığallaya-sığallaya Cəfərə deyirdi:

- Qalx güzgünü ver qulağıma baxım. Bir televizor da alsan, lap rahat olardım.

Cəfəri oturduğu yerdə qaşınma tuturdu:

- Ay ana, onu da gələn ay alaram. Neylirsən ey güzgünü, arxayın ol, sırğaların lap qəşəngdi, - deyib özünü eşiyə atırdı.

Qapıda gəzişə-gəzişə gələcəyə planlar qururdu: “Anamı dəfn-kəfn eləyən kimi çıxıb gedəcəm buralardan, sözümü eşitsə lap Tomayla evlənəcəm. Buralara bir də ayaq basmayacam”. Tez də atasının dedikləri qulaqlarında cingildəyirdi: “Bu evin çırağını söndürsən, gorumun ağzı açıq qalacaq”.

- Əşşi, lap Tomanı da götürüb kəndə gələrəm, əkib-biçib ömrü burda sovarıq.

Əkin adı gələndə dizləri titrəyirdi – atasından sonra pay torpaqlarını da göygöz Quluya qəpik-quruşa satmışdı...

***

Yaz ağzı bir axşamçağı Cəfər yenə darıxdığından ara yolla şoşaq Vəlinin dağdağanına pənah apardı. Bu ağacın dibi Cəfərə həmişə evlərindən doğma gəlmişdi. Uşaqlığında (onda hələ Vəligillə araları çəpərlənməmişdi) anası yüyrüyünü, hulumçağını o dağdağandan asardı, termosda çayını, yuxanın arasında dürməyini ağacın dibinə qoyub qaçardı işinin dalınca:

- Oğlum, dağdağana seyid deyiblər, səni bəd nəzərdən, qada-bəladan, ilan-çayandan qoruyar. Biz yanında olmayanda atan-anan bu ağac olacaq, sənə göz qoyacaq, neylədiyini görəcək. Biz yanında olanda da bacın-qardaşın olacaq. Çörəyini burda ye, dərsini burda oxu, oynayanda dağdağanla oyna...

Beləcə, anası onu seyid dağdağanın cəddinə tapşırıb gedərdi. Uzunqulaq Bədəlin oğlu kəndin fağırı, yesiri Nurunun oğlunu kövşəndə zorlayıb türməyə düşəndən sonra arvad tək balasını dağdağana telədi, oğlu kəndin zircik uşaqlarına qoşulmasın deyə virdini bu ağaca saldı. Tay-tuşu şırrana çimməyə gedəndə Cəfər özünü dağdağanın dibinə verib ağacın pıtırlı gövdəsini qucaqlayardı. Biləyində dağdağandan yonulma balaca muncuq, çiynində xırda dağdağan düyməsi məktəbə daşınanda uşaqlar ona “Dağdağan” ləqəbi yapışdırıb məsxərəyə qoyardılar.

Cəfərin ən yaxşı günləri bu ağacın altında keçmişdi. Ağacı özünə qardaş, sirdaş bilirdi, uşaqlıq arzuları, ilk sevgisi bu yekəpər ağacın zoğlarıyla birgə pöhrələmişdi. Ehtiyacdan, dərddən havalanıb başını itirəndə qaçıb özünü verirdi dağdağanın altına. Anası dönə-dönə tapşırmışdı ki, dağdağanı incitmək, dibinə mal bağlamaq, sabunlu su tökmək, işəmək günahdı. Demişdi nə vaxt ac qalsan, yeməyə heç nə tapmasan, uzan dağdağanın dibində göyə bax, Allah ordan sənə çörək salacaq; mən azarlasam, get otur ağacın altında, Allahdan mənə şəfa dilə, göndərəcək.

Di gəl, anası yorğan-döşəyə düşəndən bəri Cəfər də dağdağandan qaçaq düşmüşdü, uşaqlıq yoldaşına heç yovuşa bilmirdi...

***

Vəli həyətdə oturub siqaret çəkə-çəkə açıq pəncərədən televizoru dinşəyirdi. Ekrandakı qızın dediyini Cəfər açıq-aydın eşitdi: “Ayın onundan sərt karantin rejimi yumşaldılacaq, bəzi qadağalar götürüləcək...”

Ayaqları yerə mıxlandı, elə bil canından ildırım keçdi. Yenə boğazına qaynar maye doldu. Təzəcə pöhrələnmiş dağdağanı altdan-yuxarı qanlı-qanlı süzdü – sərçələr budaqların üstündə sevincək atılıb düşürdülər. Cəfərin kürəkləri lıxcım tərə batdı: demək, karantin bitən kimi yenə ehsan, mollanın haqqı, yuyucunun haqqı, üç, yeddi, qırx... Elə bildi göygöz Qulunu diri-diri udub, qarnından qolunu boğazına uzadıb nəfəsinin yoluna yumruq tıxayır. Yenə gözünü dağdağanın təpəsinə hərlədi: qırnı Məmməd ordan Cəfərə irişirdi. Yetimi vahimə basdı, cin görmüş kimi hövüllənib evlərinəcən yüyürdü. Qırnı Məmmədin arxasınca dediklərini aydınca eşitdi:

- Döymənci xatın yesin, qapazı yetim? Onun-bunun sözüylə gedib örüşdə dədənin atını sığallama, bir gün sənə yenə gərək olacam. Arxayın ol, anan karantindən sonra öləcək...

Qulaqları uğuldayırdı, dişlərinin dibinə qum dolmuşdu, çənəsini tərpətdikcə xırçıltıdan ürpənirdi. Qapıda nəyəsə dolaşıb yıxıldı, elə bildi ilandı ayağına dolanan, özünün evdən genitdiyi qıl sicimi görəndə toxtadı.

Pillələri yenə cüt-cüt qalxdı. Seyvanın pəncərəsindən içəri boylandı: anası çarpayının ortasında oturub saçını darayırdı. Cəfərin dizləri altında burxuldu, boğazındakı qaynar su ağzından keçib başına fışqırdı. Yerə çöküb kürəklərini divara söykədi. Özünü tüyüncək eyvana vuran bir dəstə qaranquşa baxdıqca baxdı. Köhnə yuvalarını tapmayan quşlar çığırışmağa başladılar.

Cəfərin gözünün qabağına ağ duman gəldi. Şoşaq Vəlinin dağdağanının başına qonqutmuş mollaya bir də baxıb eyməndi. Molla bir zaman xalasının Cəfərə danışdığı qorxulu nağıllarda şər çağı yolçuları meşənin zülmət qalınlığına çağıran əcaib məxluqlar kimi ona əl yelləyirdi. Sonsuz-sopsuz xalasının o dünyadan gələn səsi Cəfərin qulağına güllə kimi dəyirdi:

- Hal anasının uzun əmcəkləri olur, sallanıb dizinə dəydiyindən onları çiyninə atır.

Cəfərin gözlərindən sızan ağ duman yerlə göyün arasını tutanda hal anası özünü şappıltıyla anasının çarpayısına vurdu. Nəhəng quşa bənzər bir bədheybət Cəfəri dimdiyinə alıb dağdağanın ən uca budağına qondu. Ağacın başı üstündən əlçimi dağılmış pambığa bənzər buludlar uçuşurdu. Cəfər özünü yorğan kimi yumşaq, rahat buludların qoynuna atdı...



# 7743 dəfə oxunub

Müəllifin son yazıları

# # #