Kulis.az Furqan Əliyevin "Balaca pişik" hekayəsini təqdim edir.
Saat on birdən bu yana oyanıb hələ də heç bir işin qulpundan yapışmamış mən, saatın artıq üçü göstərdiyini gördüm. Ömrü boyu yemək məsələlərində kefimə sahib çıxan olmamışam, ancaq məndən iki yaş balaca olan qardaşım rayonda olduğuna görə, onun yeyib-içməyi sevən xasiyyətini yaşatmaq xatirinə, ya da sadəcə öz nəfsimə görə dedim hazır evdə kolbasa var, onunla günortanı yola verim. Kolbasa var olmasına var idi, amma yanında onun dadına dad qatan çörək yox idi. Gedib çörək alası oldum… Özü də həmişə zavod çörəyi aldığım yaxın marketdən yox, ondan təxminən üç dəfə uzaqda yerləşən təndirə getməyə qərar verdim.
Adətən günün bu saatları, belə istidə çöldə adam az olur. Bircə təndirə otuzca metr qalmış, yekəpər bir qadın və onun bapbalaca, təxmini üçcə yaşındakı oğlu var idi.
Uşaq deyirdi:
— Balaca pişik!
Anasının təsdiqini eşidə-eşidə ayağımın altına baxanda, ömrüm boyu gördüyüm ən kiçik pişiyi gördüm. Elə bil anasının qarnından doğulmalı olduğu vaxtdan aylar əvvəl yarıb çıxarmışdılar heyvanı. Bədəni, tükləri qupquru idi…Yəni böyük ehtimal bu gün doğulmamışdı.
Nəysə, çörəyi aldım. Qayıdanda həmin ana-balanın qarşısında dilənən bir adam da gözümə dəydi və beləcə istiqamət evə idi. Beş-on addımı yenicə atmışdım ki, həmin pişik hərəkətsiz şəkildə yenə orada idi. Mən isti təndir çörəyinin içindən kiçik bir tikə qoparıb ona vərə bilərdim. Bu cür də etdim. Əyildim və bənizimdəki təbəssüm ilə əlimdən tikənin düşməyi zamanın bir nöqtəsində batıb getdi. Bunu əməlli başlı hiss etdim. Çünki gözlərim artıq ovuc boyda belə olmayan pişiyin gözləri üzərindəki çopurlu ət yığınında özünü itirmişdi. Görəsən, yaradan onun gözlərini kor edəndə niyə onların üzərini normal göz qapağıtək ət ilə örtməmişdi? Kor olsun, ancaq niyə belə çirkin təcəssüm ilə? Yəqin yeni doğulduğundan idi, korluq hissiyatı deyəsən, inkşaf etməmişdi. Yaxın dayansam da önünə çörək atdığımdan xəbərdar deyilmiş kimi hərəkətsiz idi. Gülməli çıxacaq, amma kədərlə “Allah köməyin olsun!” deyib evə yollandım. Arxama baxanda, pişiyin eləcə donub qalmış halı mənim post-modern ruhumu yerdən-yerə yıxdı, sürüdü. Anidən heçliyə çevrilmək istədim, puç olmaq istədim. Kiçilib, pişiyin ət ilə örtülmüş gözlərinin yerini almaq istədim.
Sonra bir filmin sinopsisi yadıma düşdü. “O, kölgələrdən ibarət dünyada həyatın işığını tapdı”. Normalda sinopsislərdən zəhləm getsə də bu icmalı sevməyimin səbəbi bəlkə də qəribəliyi idi. Baş rolunda məşhur müğənni Björkün oynadığı “Dancer in the Dark” filmi... Yavaş-yavaş görmə qabiliyyətini itirən bir qadının qəflətən qonşusu tərəfindən şərlənərək edam olunmasına qədər irəliləyən hekayəsi.... Yəni kölgələrdən ibarət dünyada həyatın işığını tapan O, film boyu zülm ilə “səssizcə” vuruşan bir qadın idi. Üstəlik kora çevrilərək…
Lakin filmin yaradıcıları eksperimentallıq xatirinə sinopsisi belə seçməmişdilər. Björk-ün oynadığı Selma personajı, film boyu öz xəyalında onu şərləyən qonşusu və hətta məhkəmədə edam qərarını verən hakim ilə belə rəqs edən bir xəyalpərəst idi. Musiqi Selmanı yaşadan nəsnə olmaqdan izafə, bəlkə də həmin o idbar insanları öz saf xəyalları ilə gözəlləşdirmək üçün bir yol idi. Görə bilmədiyi sifətlərdəki ifadələri öz yolu ilə qavramaq… Birdən sanki başımın bir nöqtəsi sancıldı! Yoxsa o pişik də?.. Yoxsa bənizimdəki həmin təbəssüm ilə əlimdən çörək parçasının düşdüyü anda qavraya bilmədiyim zaman aralığı da… “Dancer in the Dark”-ın müzikl təbiəti kimi başqa bir reallıqda yatan hadisələr kimi keçmişdi? Xatırlamağa məcbur etdikcə şüurumu, əslində pişiyin başını bir qədər mənə tərəf qaldırdığını da xatırladım. Yəqin mənimlə rəqs edib qurtardıqdan sonra, həqiqi həyata qayıdandan sonra başını qaldırmışdı. Ya da nə bilim…
Bəlkə bu fikirlər bir təskinlik idi, ancaq ən azından bir qədər sevinmişdim. O qədər sevindim ki, hətta, Yasamalın dar, dörd bir yandan keçməyə çalışan, siqnal verən maşınlarının ortasında donub qaldım. Bir şey düşünmədən qulağımdakı eşitmə cihazımı çıxardım və bulanıqlaşan səslərin altında bütün o maşınlardakı əsəbi insanlar düşüb oynamağa başladı. Nə havası oynayırdılar bilmirdim, ancaq gözlərimi bağlayıb, qollarımı açıb fırlanmağa başlayanda, Björkün “Dancer in the Dark” filmi üçün yazdığı “New World” mahnısını eşidirdim. Björk öz tərzində hayqıraraq deyirdi:
“Yaşamaq görməkdirsə
nəfəsimi tuturam.
Təəccüblə…
Maraqlanıram ki,
sonra nə olacaq?
Yeni bir dünya,
görmək üçün yeni bir gün…”