Kulis.az Əməkdar rəssam, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitenin müəllimi Vüqar Əli ilə müsahibəni təqdim edir.
- Sizə görə incəsənət nədir? Buna hər kəsi ortaq məxrəcdə toplayacaq tərif vermək mümkündür?
- Təbii ki, incəsənətin kökündə estetika, tarix və fərqli baxış bucaqları dayanır. Mən bunu dəqiq formula kimi verməzdim. Amma incəsənətin əsas xüsusiyyətlərindən biri fikirdir. Başqalarının ətrafında görmədiyini görən, duyan və hiss edən insanın bunu estetik şəkildə yenidən insanlara qaytarması incəsənətin bir ifadəsi ola bilər.
Sənətkar çox vaxt qarşısına belə bir məqsəd qoymur ki, mən indi bu missiyanı yerinə yetirəcəyəm. Bu, daha çox daxili duyğudur. Uşaqda hansısa sahəyə meyl yaranır: kiminsə futbola, kiminsə musiqiyə, kiminsə rəssamlığa. Əgər istedad və həvəs varsa, doğru istiqamətləndirmə, yaxşı müəllim və zəhmət həmin meyili peşəyə çevirir. Amma incəsənətdə heç vaxt tam zəmanət yoxdur.
Tarixdə başqa peşədən gəlib sonradan böyük sənətkar olan insanlar çoxdur. Van Qoq da sənətə gec gəlmişdi. Əsas məsələ insanın daxilindəki sənət yanğısıdır; o yanğı bəzən ən sərt maneələri belə keçir.
_1789026921.jpeg)
- Sənət sənət üçündür, yoxsa cəmiyyət üçün?
- Bu, çox mürəkkəb sualdır. Sovet dövründə “sənət xalq üçündür” ideyası güclü idi və incəsənət ideologiyanın vasitəsinə çevrilmişdi. Kino, teatr, təsviri sənət və musiqinin müəyyən ideoloji məqsədə xidmət etməsi tələb olunurdu. Məncə, bu yanaşma sənətin öz qanunlarını ikinci plana keçirir.
İncəsənət, ilk növbədə, öz qanunlarına sadiq qalmalıdır. Rəssam əsər yaradarkən onun kompozisiyasını, rəngini, formasını, ideyasını düşünməlidir. Əlbəttə, sənət insan üçündür və tamaşaçıya ümid, zövq, düşüncə verə bilər. Amma tamaşaçının xoşuna gəlsin deyə sənətin daxili prinsiplərini dəyişmək olmaz. Təsəvvür edin, rejissor Hamletə quruluş verir və hər səhnəni məhəllədəki insanların zövqünə uyğunlaşdırır. O zaman artıq sənət öz mahiyyətini itirər.
Rəssam əsərində müxtəlif sirlər və mesajlar qoya bilər. Bəzən tamaşaçı onu dərhal hiss edir, bəzən isə əsərin sirri heç vaxt tam açılmır. Bu da sənətin təbiətidir. Tamaşaçıya sənəti sadələşdirib təqdim etməkdənsə, onu sənətin öz dilinə yaxınlaşdırmaq lazımdır.
- Nəyə görə məhz rəssamlıq həyat tərzinizə çevrildi? Bu səyahətin başlanğıc nöqtəsi haradır?
- Başlanğıc nöqtəsi, təbii ki, uşaqlıqdır. Atam rəssam olmaq istəyib, amma buna nail olmayıb. Onun müəllimi Məhəmməd Ağayev sonradan mənim də müəllimim oldu. Beləliklə, atamın müəlliminin ümidləri onda tam reallaşmasa da, məndə davam etdi.
Mən iki-üç yaşından əlimə rəngli qələm almışam. Rəngli qələmləri ilk dəfə görəndə sanki dünyam dəyişdi. Atamın taxta çantasında boyaları, fırçaları vardı. Digər əşyalar da vardı, amma mənim diqqətimi məhz rəngli qələmlər çəkdi. Oyuncaqlarımı unutdum, rənglərlə maraqlanmağa başladım. Sonra atam mənə albom aldı və divarlara, masalara çəkmək əvəzinə albomda işləməyə başladım.
Qardaşım da rəsm dərnəyinə gedirdi. Onun çəkdiklərinə baxırdım. Sonra özüm dərnəyə getdim, isti və soyuq rəngləri, kompozisiyanı, natürmortu öyrənməyə başladım. Məktəb illərində artıq qərara gəlmişdim: rəssam olacağam. Anam bu yolda mənə çox kömək etdi, məni dərnəyə apardı, məşğələlərə şərait yaratdı.
Sonrakı yol asan olmayıb. Tələbəlik, universitet, müəllimlərin zəhməti, yuxusuz gecələr, özünü çox şeydən məhdudlaşdırmaq, hərbi xidmət, müxtəlif işlər, teatr, muzey, qrafik dizayn və kompüter qrafikası bu yolun dayanacaqlarıdır. Universitetdən sonra beş il daş karxanasında, məzar daşları sahəsində işlədim. Bu da mənim üçün bir məktəb oldu. Orada tamam başqa xarakterli insanlarla işləyirsən, özünü doğrultmalısan, sərt qaydalar içində hörmət qazanmalısan.
Sonra yenidən öz sahəmə qayıtdım. 1990-cı illərin sonunda kompüter qrafikasının yeni inkişaf etdiyi dövrdə bu sahəni öyrəndim. Əsgərlikdə də böyük lövhələr çəkmişdim; iki il ərzində əlim rəngdən, təsvirdən uzaq düşmədi. Daha sonra teatrda çalışdım, muzey mərkəzində sərgilərin təşkili, tərtibatı və dizaynı ilə məşğul oldum. 2016-cı ildən yenidən doğma universitetimdəyəm.
Atam mənə deyirdi ki, rəssamlığı qazanc üçün seçmə. Sənəti öyrənmək istəyirsənsə, əvvəlcə sənət üçün öyrən. Amma bilməlisən ki, çətin dövrlərin də olacaq. Bu sözlərin təsirini sonradan həyatımda dəfələrlə gördüm.
_1789026959.jpeg)
- Rəngli qələmlərə marağınız hələ də davam edir. Bu, daxilinizdəki uşağın hələ də yaşadığını göstərirmi?
- Bəli. Mən bunu özüm əvvəldən belə düşünmürdüm. Sonradan insanlar mənə deyəndə fikir verdim ki, sanki içimdə hələ də beş yaşlı bir uşaq yaşayır. Yaxşı mənada bir cığallıq, dinamika, şıltaqlıq qalır. Elə insanlar var ki, 25 yaşı var, amma sanki 85 yaşındadır. Mən isə o uşaqlıq hissini itirməmişəm.
Bu gün də dəftərxana mağazasına girəndə rəngli qələmləri görəndə dayanıb baxıram. Məni buna heç nə məcbur etmir. Qutunun içində rənglərin düzülüşü belə mənə təsir edir. Bəzən işlətməsəm də qələm alıram, sonra tələbələrə verirəm. Mənim üçün rəngli qələmlər uşaqlıqda başladığım yolun simvoludur.
- Sizcə, sənətkarın kainatda miqyasca bir zərrə olan insanlara nəsə qoyub getməsi nə qədər əhəmiyyətlidir?
- Çox əhəmiyyətlidir. Mən sənəti ümumiyyətlə, bir növ dərviş sənəti kimi görürəm: gəldin, yaratdın, qoyub getdin. Heç kim bu dünyadan gedəndə özü ilə heç nə apara bilmir. Sənətkarın missiyası yaratmaq və yaratdığını insanlara buraxmaqdır.
Səndən sonra gələnlər səni alqışlaya da bilər, tənqid edə də. Bəzən əsərin mesajını dərhal anlayırlar, bəzən isə uzun illər sonra. Əsas odur ki, sən öz işini vicdanla görmüsən.
Rəssamın mütləq məzlum və yoxsul olması fikri ilə də razı deyiləm. Salvador Dalinin bu məsələdə sərt mövqeyi vardı: rəssam niyə acından ölməlidir? Mən də düşünürəm ki, sənətkar öz əməyinin dəyərini bilməlidir. Sənətin üçün gecələr yatmamaq, özünü zəhmətə vermək başqa şeydir, özünü məhv etmək tamam başqa.
Əsəri yaratmaqla yanaşı, onun dəyərini qorumaq da lazımdır. Bir əsərin reproduksiyasını hazırlayıb onu suvenirə, maqnitə çevirmək, həmin əsər vasitəsilə yeni tamaşaçıya və yeni sifarişlərə çıxmaq oğurluq deyil. Əksinə, sən öz əməyindən istifadə edərək dolanışıq mexanizmi yaradırsan. Rəssam həm yaradıcı, həm də müəyyən mənada öz meneceri olmalıdır.
_1789027009.jpeg)
- Müəllimlik peşəsinə gəlişiniz necə olub?
- Mən heç vaxt müəllim olacağımı düşünməzdim. Muzey mərkəzində işlədiyim dövrdə tələbələrlə söhbətlərimdən sonra bunun ilk işartıları yarandı. Onlar suallar verirdilər, mən də kino, teatr, incəsənət, dizayn, ədəbiyyat haqqında danışırdım. Bir dəfə master-klass keçirdim, tələbələr ikincisini istədilər. Sonra həmin uşaqların bəziləri universitetdə sənətşünaslıq kafedrasında müəllim oldular və illər sonra məni xatırladılar.
Sonra həmkarlarım məni universitetə dəvət etdilər. Mənim üçün bu, vaxtında qarşıma çıxmış yeni bir dayanacaq oldu. Muzeydəki fəaliyyətin də artıq başqa mərhələyə keçdiyini hiss edirdim. Beləcə, 2016-cı ildən universitetdə dərs deyirəm.
Müəllimlik doğrudan da çətin işdir. Mən onu sadəcə peşə yox, sənət hesab edirəm. Çünki qarşısındakı insan qəlib deyil. O, fərddir, gələcəyin şəxsiyyətidir. Ola bilər istedadı zəifdir, gec qavrayır. Bu, onun günahı deyil. Müəllim onu inkubator kimi görə bilməz.
Tələbənin sənə inanması çox vacibdir. Sən ona inam verməsən, o da sənə inanmayacaq. Müəllim tələbənin yanında olmalı, onunla ünsiyyət qurmalı, görməli, hiss etməli və onu inandırmalıdır. Əslində, müəllim öyrətdikcə özü də öyrənir.
- Tələbələrin çəkdiyi rəsmlərin hansının daha peşəkarlıqla ərsəyə gətirildiyini necə müəyyənləşdirirsiniz?
- Mən tələbələrə tapşırıq verəndə çalışıram ki, tələb quru olmasın. Deyirəm: çəkdiyiniz işə ad qoyun. Ad, mövzu və yanaşma varsa, artıq sual yaranır: sən burada nə demək istəyirsən?
Məsələn, Məlikməmməd haqqında əsər yaratmaq təkcə nağılın iki personajını çəkmək deyil. Əsərin ideyası, ruhu, prinsipi görünməlidir. Peşəkarlıq da burada üzə çıxır. Baxırsan, tələbə əsərinə ad verib, amma həmin ideya əsərdə yoxdur. Başqa tələbədə isə texniki baxımdan sadə işdir, amma ideya aydın hiss olunur. Fərq buradadır.
Qrafik dizaynda, xüsusən sosial plakatda bu daha aydın görünür. Orada hər şeyi realist şəkildə çəkmək lazım deyil. Rəng, xətt və işarə ilə cəmiyyət üçün ciddi problemi ifadə edə bilərsən.
Məsələn, uşaq zorakılığı və ya bullinq haqqında plakatda kiminsə kimisə döyməsini göstərmək vacib deyil. Elə bir işarə və rəng həlli tapmalısan ki, tamaşaçı problemin mahiyyətini sözsüz anlaya bilsin.
Mənim üçün estetik yalnız “gözəl görünmək” deyil. Əsərin öz ideyası, plastik həlli, kompozisiyası və tamaşaçıya ötürdüyü məna bir-biri ilə işləməlidir.
_1789027049.jpeg)
- Azərbaycan və rus bölmələrində tələbələr arasında istedad və yaradıcılıq baxımından fərq varmı?
- Bu məsələyə riyazi faizlə cavab vermək mümkün deyil. İstedadlı tələbə var, amma sabaha heç kim zəmanət verə bilməz. İnsan sonradan müxtəlif sosial və yaradıcı sınaqlardan keçir.
Mən Azərbaycan və rus bölmələrini istedad baxımından ayırmıram. Mənim öz həyatım bunun yaxşı nümunəsidir. Azərbaycan bölməsində oxumuşam, amma rus dilində də danışmağı, musiqini, ədəbiyyatı və başqa sahələri sevmişəm. Bunun səbəbi müəllimlərimdir.
Məktəbdə mənim müəllimim Sevil xanım çox böyük rol oynayıb. O, yalnız bir fənni tədris etmirdi. Musiqi duyumu vardı, rus dilini bilirdi, ədəbiyyatı sevdirirdi, uşağın davranışına, dünyagörüşünə təsir edirdi. Mən onu ikinci anam kimi görürəm. Onun dərslərində yalnız bilik yox, tərbiyə də verilirdi. Mən çox şuluq uşaq olmuşam, bəzən dərsdə zarafat edib diqqəti özümə çəkirdim. Müəllimim sərt idi, amma məni formalaşdırdı.
Mənə görə, sektor məsələsindən daha vacib olan müəllimdir. Yaxşı müəllim istənilən bölmədə güclü şagird yetişdirə bilər. Hətta rus bölməsində oxuyan, amma Azərbaycanla, Bakı ilə, bu torpaqla özünü bağlı hiss edən çoxlu insanlar tanımışam. Mən heç vaxt onları ayrı-seçkiliklə qiymətləndirməmişəm.
Bu gün də tələbəyə yalnız diplom və ya formal bilik vermək kifayət deyil. Daxili aləm, dünyagörüşü, ədəbiyyat və tarix çox vacibdir. Keçmişini bilməyən insan gələcəyini düzgün qura bilməz. Kökün olmasa, torpağa nə qədər basdırsalar da, orada bitməzsən.
- Fotoaparat olduğu halda hiperrealizmə ehtiyac varmı?
- Əlbəttə, var. Mən də vaxtilə düşünürdüm ki, foto varsa, hiperrealist rəssam niyə bu qədər əziyyət çəkir? Sonradan başa düşdüm ki, hər sənət istiqamətinin öz həqiqəti var.
Hiperrealizm çox çətin sahədir. Fotoqrafiyanın verdiyi görüntünü sadəcə köçürməkdən söhbət getmir; materialın, suyun, parçanın, səthin, zərrələrin mümkün qədər dəqiq təsviri tələb olunur. Üstəlik, bu vasitədən istifadə edib kompozisiya qurmaq, yaradıcılıq yaratmaq mümkündür.
Hiperrealizmin praktik tərəfi də var. Məsələn, mağazalarda məhsulların üzərində gördüyümüz bəzi təsvirlər foto kimi görünür, amma onların bir hissəsi dizayner və ya rəssam tərəfindən hazırlanır. Çünki çap zamanı fotoqrafiyanın verə bilmədiyi müəyyən dəqiqliyi hiperrealist yanaşma təmin edə bilir.
Ona görə də “foto var, hiperrealizmə ehtiyac yoxdur” demək doğru deyil. Əsas məsələ sənətkarın seçdiyi dilə inanması və həmin dildə özünü ifadə edə bilməsidir.
_1789027078.jpeg)
- Ən sevdiyiniz rəssamlar kimlərdir? Özünüzü hansı üsluba yaxın hiss edirsiniz?
- Uşaqlıqdan yalnız bir rəssamı seçib onun yolunu getmək istəməmişəm. Eyni vaxtda bir neçə rəssamı sevmişəm. Modilyani və Pikasso mənim üçün fərqli dünyalardır. Modilyanidə saflıq, lirika və poeziya görürəm və onu daha üstün tuturam. Amma Pikassonun da yaradıcılığı mənə çox təsir edib.
Azərbaycan rəssamlarından Səttar Bəhlulzadənin qrafikaları və mənzərələri, Tahir Salahov, Renato Quttuzo, Cavad Mircavadov və Tofiq Cavadov mənim üçün önəmlidir. Bunlar bir-birindən çox fərqli sənət dünyalarıdır. Rəssam onları sevə, öyrənə və təsirini qəbul edə bilər, amma təqlid etməməlidir.
Sonradan geriyə baxanda görürəm ki, müxtəlif rəssamlardan təsirlənmişəm. Caz seriyamda monumental yanaşma olduğuna görə bəziləri Tahir Salahovu xatırlayır. Amma monumentalizm yalnız Tahir Salahov demək deyil. Orada başqa təsirlər, o cümlədən Sezanın kompozisiya anlayışının izləri də var.
Sezan mənim üçün xüsusilə vacibdir. Onun axtarışları sonradan çox böyük istiqamətlərə təsir göstərib. Pikassonun da Sezandan bəhrələndiyi məlumdur. Pikasso müxtəlif rəssamlardan təsirlənərək onları öz dilində yenidən qurmağı bacarırdı. Bu, yaradıcılıqda eksperimentin vacibliyini göstərir.
Rəssam daim axtarmalıdır. Eksperiment olmazsa, sənətkar özü dayana bilər. Amma hər dəfə “mütləq yeni əsər yaratmalısan” tələbi də düzgün deyil. Əgər mükəmməl bir əsər yaratmısansa, sırf yenilik xatirinə ondan zəif ikinci əsər yaratmaq lazım deyil. Əsas məsələ öz yolunu tapmaqdır. İstəyirəm ki, əsərimə baxanda “bu, həmin rəssamındır” desinlər.
- Adi əşyaların — lampa, yanacaqdoldurma məntəqəsi, market kimi mövzuların olduğu kimi təsvir edilməsinə münasibətiniz necədir?
- Əgər rəssam həmin dili seçib və ona inanırsa, bunun öz həqiqəti var. Sənət istiqamətini yalnız mövzunun adi və ya qeyri-adi olması ilə qiymətləndirmək olmaz. Hiperrealizm də buna nümunədir.
Əsas məsələ həmin vasitənin sənətkar üçün nə ifadə etməsidir. Rəssam gördüyünü sadəcə köçürə bilər, amma onu müəyyən kompozisiya və yaradıcılıq həllinə çevirə də bilər. Hər bir “izm”in arxasında onun öz dili dayanır. Mən hansısa istiqaməti yalnız ona görə rədd etmirəm ki, mənim şəxsi zövqümə uyğun deyil.
_1789027106.jpeg)
- Mövzuları hansı yolla seçirsiniz? Yaradıcı proses necə başlayır?
Mövzular müxtəlifdir və hər mövzunun öz dili var. Bəzən mövzunun özü məni müəyyən plastik həllə yönəldir. Hansı baxışdan baxırsansa, həmin baxışın öz rəngi, forması və problemi yaranır. Sonra sual gəlir: bu problemi hansı dildə danışmalıyam?
Bəzən qədim sənət dilimizə, bəzən Avropa monumental dilinə müraciət edirəm. Caz seriyamı monumental üslubda həll etmişəm. Bunun səbəbi təhsilimin bir hissəsinin bədii nəqqaşlıqla bağlı olmasıdır. Dörd il monumental yanaşma və monumental kompozisiya öyrənmişəm və həmin dil daxili aləmimə hopub.
Qarabağ mövzusunda da eyni prinsip işləyir. “Əsgər anası”nı dekorativ şəkildə işləyə bilməzdim. Mövzu məndən əzəmət və monumentallıq tələb edirdi. “Əsgər atası” da bu xəttin davamıdır.
Yaradıcılıq yalnız molbert qarşısında baş vermir. Yol gedəndə, yatanda, səfərdə olanda da beynində davam edə bilər. Bəzən üç kətan qarşısında sadəcə işləyirsən və birdən ləkələrin içindən başqa bir əsər doğulur. Mən “Tarixin zəfəri” əsərində belə bir proses yaşamışam. Əvvəlcə müəyyən ləkələr yaranmışdı, sonra onların içindən kompozisiya formalaşmağa başladı. Mən həmin təsadüfi prosesi pozmadım, əksinə, onu istiqamətləndirdim.
Təsadüf yaradıcılıqda vacibdir, amma təsadüfü idarə etmək də sənətkarın işidir. Sən onu öz təcrübən, biliyin və estetik duyumunla başqa bir formaya salırsan. Mütaliə və müşahidə burada çox vacibdir.
- Hansı rənglərdən istifadə etməyə üstünlük verirsiniz?
- Rənglə işləmək bir növ odla oynamaqdır. Bütün rənglərin isti və soyuq çalarları var. Məsələn, qırmızı həmişə isti rəng deyil, onun soyuq çalarları da ola bilər. Göy rəng də öz daxilində müxtəlif temperatur və tonlara malikdir.
Mən rəngləri məqsədsiz şəkildə yığmağın tərəfdarı deyiləm. Spektrdəki bütün rəngləri bir əsərə töksən, tamaşaçı ilk anda onu rəngarəng görüb xoşlaya bilər, amma sonra həmin rəng bolluğu onu yoracaq. İki və ya üç rənglə çox zəngin nəticə əldə etmək mümkündür. Əsas məsələ rənglər arasındakı harmoniyanı qurmaqdır.
Rəng yalnız zövq üçün seçilməməlidir. Tələbələrə də deyirəm: “Bu rəngi niyə qoydun?” Cavab “xoşuma gəldi” ilə bitməməlidir. Rəngin əsərdə funksiyası, mesajı olmalıdır. Məqsədyönlü seçim yaradıcılıq prosesinin mühüm hissəsidir.

- İşıq sizin üçün nə deməkdir?
- İşıq təsviri sənətdə, fotoqrafiyada və kinoda çox böyük rol oynayır. Mən bəzən qara fon üzərində işləyirəm və orada qara rəng mənim üçün zülmət deyil, gücdür. İşıq qaranlığın üzərində daha təsirli görünə bilər.
Rənglə yanaşı, qrafika da vacibdir. Hətta rəngli kino yaranandan sonra böyük rejissorların bir qismi rəngi dərhal əsas vasitəyə çevirməmişdi. Rəngdən psixoloji vasitə kimi istifadə edir, amma qrafikanı qoruyurdular. Çünki hər şeyin rəngli olması təsviri zəiflədə bilər.
Mənim üçün iki ziddiyyətli rəng arasında münasibət, məsələn, ağ və qara arasındakı əlaqə ayrıca fəlsəfi məsələdir. Uşaq vaxtı atamdan soruşmuşdum: “Ağ rəng tünddür, yoxsa qara?” Sonradan başa düşdüm ki, ağın ağlığını qara müəyyən edir, qaranın tündlüyünü isə ağ. Bir-biri olmadan ziddiyyət də yaranmır. Mən bu mövzuda “Ağ və qara” adlı qısa film də çəkmişəm.
Bəzən uşaq vaxtı verdiyimiz sualların cavabı illər sonra həyatın içində ortaya çıxır. Əvvəldən fəlsəfə bilməsən də, sualın arxasınca gedirsənsə, müəyyən nəticəyə özün çata bilərsən.
- Yaratdığınız personajlar və seçdiyiniz mövzular haqqında nə deyə bilərsiniz?
- Mənim üçün personaj və mövzu bir-birindən ayrılmır. Mövzunun dili onun formasını, işığını və personajını müəyyən edir. Bəzən monumental, bəzən dekorativ, bəzən mücərrəd yanaşma seçirəm.
Qarabağ və müharibə mövzularına da biganə qalmamışam. Mənim üçün burada say çoxluğu əsas deyil. Bir mövzuda çoxlu əsər yaratmaqdan daha vacib olan həmin mövzunu ifadə edən güclü əsərin meydana çıxmasıdır. “Əsgər anası” və “Əsgər atası” bu düşüncənin içindən yaranıb. Bu silsilənin davamı kimi “Əsgər övladı” haqqında da düşünürəm.
Mövzunu doğru qəlibə salmaq lazımdır. Hər mövzunu eyni üslubda ifadə etmək mümkün deyil. Əsərin dili mövzunun özündən doğmalıdır.
_1789027151.jpeg)
- Sənət əsərində təsadüf, yoxsa riyazi hesab-kitab üstünlük təşkil etməlidir?
- Hər ikisi var. Bəzən əvvəlcədən düşünülmüş kompozisiya ilə işləyirsən, bəzən isə təsadüfi bir ləkə, xətt və ya rəng səni başqa istiqamətə aparır. Amma təsadüfün özünü də idarə etməlisən.
Mənim üçün yaradıcı prosesdə ən vacib məsələlərdən biri sənətkarın nə vaxt dayanacağını bilməsidir. Bəzən hissə qapılıb əsərə əlavə etdikcə onu korlamaq mümkündür. Vaxtında saxlamaq da peşəkarlıqdır.
Cazdakı improvizasiyanı buna misal göstərmək olar. Caz ifaçısı bəzən əvvəlcədən hər şeyi yazmadan səhnədə improvizasiya edir. Rəssamın da bəzi işlərində buna bənzər proses ola bilər. Amma improvizasiya üçün də böyük təcrübə və hazırlıq lazımdır. Bədahətən yaranan yaxşı nəticənin arxasında illərlə toplanmış bilik və vərdiş mövcuddur. İnsanın üzünü çəkə bilərsən, amma onun daxilindəki ruhu, xarakteri, yaşadığı hissləri birbaşa təsvir etmək mümkün deyil. Suyun da zahiri forması dəyişkəndir; onun təsvirində yalnız görünüşü yox, işıq, hərəkət, şəffaflıq və duyğu mühüm rol oynayır.
Mənim üçün mücərrədlik yalnız formaları dağıtmaq deyil. Mücərrədlik həm də görünənin arxasındakı hissi və fikri axtarmaqdır. Bəzən bir ləkə və ya xətt real obyektin özündən daha çox şey deyə bilər.
_1789027169.jpeg)
- Gündəlik həyatda estetikaya necə yanaşmaq lazımdır, sizcə, hansısa əsərin estetiklik meyarları nədir?
- Estetikanı yalnız “gözəllik” kimi başa düşmək düzgün deyil. Əsərin ideyası, kompozisiyası, rəngi, forması və həmin elementlərin bir-biri ilə münasibəti vacibdir. Mən tələbənin işinə baxanda ilk növbədə soruşuram: burada nə demək istəyib? Əgər ideya və plastik həll bir-birini tamamlayırsa, artıq peşəkarlıqdan danışmaq olar.
Bəzən texniki baxımdan çox gözəl, rəngarəng bir iş görürsən, amma ideya açılmır. Başqa bir iş sadə ola bilər, amma baxan kimi onun nə demək istədiyini hiss edirsən. Mən ikinci halda sənətə daha yaxın nəticə görürəm.
Gündəlik həyatın özündə də estetik münasibət insanın davranışında, ətrafına baxışında və seçimlərində görünür. Amma estetikaya dair qərar yalnız şəxsi zövqlə verilməməlidir. Sənətin öz qanunları və daxili məntiqi var.
- Əsərlərinizdə musiqiyə, xüsusilə caza yönəlməyinizin təməlində nə dayanır?
- Musiqini uşaqlıqdan çox sevmişəm. Musiqi duyumumun formalaşmasında müəllimimin də böyük rolu olub. Musiqi təhsili almamışam, not bilirəm, amma rəssamlığa yönəlmişəm. Bəlkə də rəssamlıq olmasaydı, musiqidə özümə başqa bir ifadə yolu axtarardım.
Cazın mənə yaxınlığı onun improvizasiya imkanları ilə bağlıdır. Cazda əvvəlcədən tam müəyyənləşdirilməmiş, həmin an yaranan musiqi var. Rəssamlıqda da buna bənzər yaradıcı vəziyyət mümkündür. Amma improvizasiya xaos demək deyil. Onun arxasında peşəkarlıq, ritm, kompozisiya və uzun illərin təcrübəsi dayanır.
Mənim caz seriyamda da bu yanaşma var. Orada monumental üslub, kompozisiya, ritm və improvizasiya birləşir. Musiqidə olduğu kimi, təsviri sənətdə də əsas məsələ vasitələrin bir-biri ilə münasibətini hiss etməkdir.
_1789027256.jpeg)
- Müasirlik deyəndə nəyi nəzərdə tutursunuz? Qədim olan əsər bu gün "müasir" adlandırıla bilərmi?
- Müasirliyin təqvimi yoxdur. Mənim üçün Qobustan qayaüstü təsvirləri də müasirdir, xalçalarımız da, daş plastikamız da, muğamımız da. Onlar keçmişdə qalmış nümunələr deyil. Müasirlik yalnız bu gün yaradılan əsər mənasına gəlmir.
Bəzən biz Qərbə baxıb özümüzdə olanı ikinci dərəcəli hesab edirik. Halbuki Qobustan, xalça, miniatür, muğam bizim sənət dilimizin kökləridir. Xalçanın rəngi, işarəsi, strukturu və quruluşu bütöv bir kainatdır. Onun sirri tam açılmayıb.
Rəssam keçmişindən qorxmamalıdır. Əksinə, kökünü bilməli və həmin kökdən öz dilini yaratmalıdır. Mənim üçün sənətdə əsas məsələ də budur: öyrənmək, təsirlənmək, amma sonda özünü tapmaq.

- Sonda, oxucularımıza bir cümlə ithaf etməli olsanız?..
- Əgər insan öz əsərinə baxanda “bu, sənsən” deyə bilirsə, çəkdiyi bütün zəhmətə dəyər.