Kulis.az Qismətin tərcüməsində İngiltərədə yaşayan türk şairi Şavkar Altınəlin “Yəhya Kamal, Eliot və ənənə” essesini təqdim edir.
Yəhya Kamal ilə Tomas Eliotun arasında maraqlı oxşarlıqlar var. İkisi də 1880-ci illərdə çökməkdə olan imperiyanın qərb guşələrindən birində doğulub. Düzdür, Eliot üçün bu “guşə” 120 ildir rəsmən müstəqil ölkə idi, amma XIX əsrin sonundakı Amerika bir yandan öz kimliyinə sahib olmaq istərkən, bir yandan da hələ ingilis mədəniyyətinin orbitindən çıxa bilmirdi. Cənub və Şərqi Avropadan gələn köçkünlər artsa da, əhalinin əsas hissəsi əslən ingilis idi və İngiltərə gündəlik məsrəfi 1 milyon sterlinə qədər çıxması gözlənilən Birinci Dünya müharibəsində duruş gətirə bilmək üçün ABŞ-dakı investisiyalarını əldən çıxarmağa məcbur qalanadək bu ölkədə “pay” sahibi olmağa davam etdi.
Yəhya Kamal da, Eliot da, bir müddət sonra imperiyanın əyalətindən mərkəzinə gəldilər, amma birbaşa yox, Fransada yaşayandan sonra. Biri 1903-1912-ci illər arasında “Əski Parisdə bir ömür” keçirib fransız poeziyası ilə tanış olur, o biri isə 1910-11-ci illərdə təhsilinə Sorbonnada davam edir və eyni dərəcədə fransız poeziyasından təsirlənir. (Eliot 1910-11-ci illərdə Parisdə, “Latın kvartalı”nda Yəhya Kamala 150-200 metr yaxınlıqda yaşayırdı və Yəhya Kamal kimi o da həmin dövrdə Berqsonun dəbdə olan konfranslarına gedirdi. Deməli, iki cavan tələbə zaman-zaman eyni məkanlarda olublar, çox güman ki, rastlaşıblar da)
İki şairdə get-gedə oxşar inanclar, prinsiplər formalaşır, şeirləri ilə olduğu qədər bu inancları, prinsipləri ilə də tanınmağa başlayırlar. Eliot elan edir ki, “ədəbiyyatda klassisist, siyasətdə kralpərəst, dində anqlo-katolik”dir. Yəhya Kamal heç bir sahədə inanclarını bu cür konkret şəkildə ifadə etmir, amma onun dəyərlərinin də “millət” və “din” ətrafında fırlandığı məlumdur.
Bütün bunlara baxmayaraq, iki şairin şeiri arasında xüsusi oxşarlıq yoxdur. Eliot klassisizmdən dəm vura bilər, amma yazdıqlarının həqiqətən klassisist olduğu demək çətindir. Klassisizm hər şeydən əvvəl ölçü, intizam, harmoniya deməkdirsə, Eliotun şeirləri kimi, milyon cür havanın əsdiyi, lirik, ironik və fəlsəfi pasajların bir-birini qovaladığı, müxtəlif dillərdən gətirilən sitatların və hətta anlamsız səslərin iç-içə keçdiyi, ədəbi üslubun asanlıqla öz yerini jarqona verdiyi şeir anlayışı klassisizm kontekstində düşünülə bilməz. Hansı klassist şeirdə “Bəhrəsiz torpaq”dakı “Weialala leia” kimi bir misra ola bilər?
Lakin Yəhya Kamal XX əsrdə həqiqətən də, klassist şeir yarada bilmiş azsaylı şairlərindəndir. Üstəlik, bu şeir anlayışı şairin Parisdəki ustadı Jan Moreasın təsiri ilə antik dövrün “klassik” yunan və latın şeirinə canatımla qurulduğu üçün, sözün ən konkret mənasında “klassisist”dir.
Ehtimal ki, Yəhya Kamal ilə Eliot bir-birlərinin şeirlərini oxusalar, çox da bəyənməzdilər. Selini “partlamış lağım” kimi görən, 1950-ci illərdəki son Paris səfərində çaşıb getdiyi bir Sartr pyesindən qaçaraq çıxan Yəhya Kamal yəqin ki, Eliotdan da qaçardı. Eliotun nəhayətdə klassisist yox, barokko olan şeir zövqü də (şiddət, çılğınlıq və cinsəlliklə dolu İntibah dövrü əsərlərinə olan heyranlığı təsadüfi deyil) Yəhya Kamalın şeirlərindən həqiqi ləzzət almasına mane olardı.
Yenə də, Borxesin “Don Kixot”u heç vaxt oxumasa da, Servanteslə eyni həyatı yaşadığı üçün, məşhur romanın bir parçasını cümləbəcümlə eyniliklə yazan qəhrəmanı Pyer Menar kimi, bir-birləridən xəbərsiz şəkildə təxminən eyni həyatı yaşayan bu iki şair də bəzən bir-birinin dediklərini, az qala, sözbəsöz təkrarlayırlar. Başqa cəhətdən çox da oxşamayan şeirlərin içində qəfildən eyni əldən çıxmış kimi görünən qırıntıların parıldaması bəlkə də iki şairin arasında bənzərliklərin ən qəribəsidir:
Təkrar o alov köynəyi geymiş kimi yandım
(Yahya Kamal)
O dözülməz alovdan köynək
(Eliot)
Bu saatlarda Süleymaniyə tarix oluyor
(Yahya Kamal)
Tarixdi indi və İngiltərə
(Eliot)
Amma Yahya Kamal ilə Eliot arasındakı həqiqi oxşarlıq, əlbəttə ki, şeirin qaynağına dair fikirlərindədir. İkisi də həqiqi şeirin ancaq keçmişdən, ya da Eliotun deyimi ilə, “ənənə”dən törəyə biləcəyinə inanır. Eliot, təxminən, “Ənənə və Fərdi istedad” şəklində tərcümə edə biləcəyimiz məşhur essesində yazır ki, şair şəxsi hisslərdən qaçıb obyektiv bir duyğuya çatmalıdır, bunu da ancaq fərd kimi yaşadıqlarını kənara ataraq özünü ənənəyə və onun gətirdiklərinə təslim edərək reallaşdıra bilər. Yəhya Kamal üçün ənənə “Türk olub Türk şeiri yazmaq üçün” lazımlıdır.
Son dərəcə qısa şəkildə icmallaşdırdığım və nəticədə məcburən sadələşdirdiyim bu fikirlərin əslində hədsiz qarışıq olduğunu deməliyəm. Deyək ki, Eliotun essesinin alt qatında şeirin yalnız şəxsi hisslərdən çıxa biləcəyinə inanan Romantiklərlə apardığı dava, eyni zamanda, Hegel fəlsəfəsinin əsas sütunlarından olan “xüsusi”nin axırda “ümumi”nin içində əriyib itməsi, “çünki özümüzə xas sandığımız təcrübədə, həqiqi olan şeyin təcrübədən əvvəl də, sonra da mövcud olan və həmin təcrübəni formalaşdırıb yaradan dil” olması düşüncəsi var. Fəlsəfə təhsili alan, doktorluq işini də Hegelin izindən getməyi seçən azsaylı ingilis mütəffəkirlərindən olan F.H Bredli haqqında yazan Eliot üçün, bu mənada “universal” olanın və “dilin yerinə “ənənə” keçir.
Yəhya Kamalın da “millət olub milli bir şeir yazmağa” dair fikirləri də eyni dərəcədə qarışıqdır.
Yenə də, iki şairin də ənənəyə olan maraq və ehtiyacının arxasında bizə göstərdiklərindən başqa nələrinsə olduğunu asanlıqla görmək olur. Əvvəla, biri ingilis, o biri isə Türk cəmiyyətinə müəyyən mənada “kənardan” gələn bu iki şair üçün ənənədən yapışmaq, həqiqətən bu cəmiyyətə aid olduğunu isbatlamağın bir yoludur. Eliotun essesində xeyli çətin anlayışlar var, amma ən böyük çətinlik, yəqin ki, ilk cümlədə rastımıza çıxan çox adi “biz” sözündədir. Esse boyunca bəzən “biz ingilislər”, bəzən isə “biz avropalılar” mənasında istifadə olunan bu sözü iki yaşına qədər Avropaya ayağı dəyməmiş amerikalı şairin nə mənada istifadə etməsi qaranlıqdır. Amma bütün həyatı boyu ingilis centlmenlərinin nazik xətli, tünd kostyumlarından geyinən, onlar kimi sol əlinin çeçelə barmağına üzük taxan, Virciniya Vulfa “yuxarı təbəqədən” ingilis olduğunu deyən və axırda da “Dörd Kvartet”in bir hissəsində adı keçən Somersetin East Coker kəndində “əcdadlarının” yanında basdırılan Eliotun həmin “biz” sözünə ehtiyacı olduğu çox açıq hiss olunur. Eyni şey, doğulduğu yerin – Skopiyanın “Şar dağında Bursanın davamı” bir Türk şəhəri olduğunu, Türk olmamasının düşmənləri tərəfindən uydurulan dedi-qodu olub, qətiyyən “Slav, Boşnak və Alban” qanı daşımadığını vurğulamaq ehtiyacı hiss edən Yəhya Kamal üçün də keçərlidir. Şeirlərində 48 dəfə işləndiyi təsbit edilən “biz” onun da istifadə etməkdən doymadığı sözlərdəndir.
“Üstün və böyük” sayılan bir kültürə aid olmağa bu cür canatım, hamının öz etnik və mədəni mənsubiyyətindən məmnun olmasının vacibliyinə inandığımız indiki dövrdə bir az səthi və utandırıcı görünə bilər. Amma iki şairin də ənənəyə bağlanmaq istəyinin bundan başqa səbəbi də var. Eliot da, Yəhya Kamal da, əslində fərqindədirlər ki, “bağlıyam” iddiasında olduqları ənənədən qopublar. Bunun belə olması açıq-aşkardır. Belə bir qənaətə gəlmək olar ki, dayanmadan nə qədər ağıllı və gözəl olmaqlarını qabardan adamlar öz ürəklərində çirkin və axmaq olmaqlarından şübhələnirlər, eyni məntiqlə, deyə bilərik ki, davamlı şəkildə konkret bir ənənənin içində olduğunu deyənlər də, əslində, sözügedən ənənədən kənara çıxdıqlarından şübhələnirlər.
Amma bu məsələdə Eliot ilə Yəhya Kamal arasında önəmli bir fərq var. Eliotun ənənədən kənara çıxması vacib bir böhranın simptomu deyil. Bəli, Eliot modernist bir şairdir, yazdıqları ilk baxışda çox da “ənənəvi“ görünmür və bunu özü üçün də, özgələr üçün də qanuniləşdirməkdən ötrü ənənədən qopmaq bir yana, əksinə, ənənənin ən dərin qatlarından gəldiyini vurğulamağa məcburdur. Amma nəhayətdə Eliotu ənənədən ayıran şey eləcə yeni bir forma, yaxud üslubdur. Yəhya Kamal isə daha böyük bir qopuşun içindədir. Bütöv bir millətin qərbləşmə prosesi içində o da Qərbə gedib və orda qərblilər kimi düşünməyi öyrənərək Şərqdən qopub. Amma öyrəndiyi şeylərdən biri də bir millət olmağın, milli bir kimliyə sahib olmağın vacibliyidir. Buna görə də, o, Şərq ənənəsi içində öz kimliyini tapmağa çalışır, amma Şərqə Qərbdən gəlmiş bir adamın gözüylə baxmaqdan xilas ola bilmədiyi üçün, “aidəm” dediyi ənənəylə arasındakı münasibət, Eliotun ənənəylə münasibətindən daha mürəkkəb və ikibaşlıdır. Eliotun “East Coker”da “əcdadlarının” yanında dəfn olunmaq istədiyi kimi, ədəbiyyat tarixində də “ədəbi əcdadları” saydığı Dantenin və İngilis Renessans şairlərinin yanında olmaq istəyi məlumdur. Bu şairlərin həqiqətən də Eliotun “əcdadları” olub-olmaması əlbəttə ki, mübahisəlidir, amma Eliotun onlara zövq alacaq qədər yaxın olması dəqiqdir.
Yəhya Kamalın isə heyranlığına bizi inandırmaq istədiyi Divan şeirini nə qədər sevməsi xeyli mübahisəlidir. Onun Divan şeiri haqqında dedikləri bu şeirin üstünə hücum çəkənlərdən çox da fərqlənmir. Divan şeirinin “süsü və boyası”, “naqis tərəfləri olan lüğətfüruşluq, istihalpərdazlıq, zorən təşbeh və istiarə oyunları”, bütövlükdən məhrum olması və süni dili onu narahat edir. Bir yerdə lap irəli gedib ən böyük Divan şairlərinin belə bir ovuc bənzərsiz misradan başqa “səhifə-səhifə boşboğazlıq” istehsal etdiklərini deyir.
Burada əsas məsələ Yəhya Kamalın bu fikirlərinin doğru olub-olmaması deyil. Şair Divan şeirinə haqsızlıq etmiş ola da bilər, olmaya da, amma bu şeirə qarşı hiss etdiyi şübhələr, nəticədə, qəribə şəkildə, onun ənənəylə Eliotdan daha dərin və sağlam münasibət qurmağına kömək edib. Eliot ənənəyə bağlanmağa qərar verən kimi, özünü bütünlüklə ənənənin qəliblərinə verir və şeirini əski şairlərə allüziyalarla doldurmağa başlayır. Yəhya Kamal isə ənənədəki heç cür isinişə bilmədiyi qəlibləri bir kənara atır, onların altında mövcud olduğuna inandığı böyük lirik ruha, yəni bəzi şairlərin bəzi misralarında gördüyü həyata gerçək bir duyğunun işığında baxmaq gücünə fokuslanır və öz şeirini də bu güclə doldurmaq istəyir. Başqa cür desək, Eliotun həyatda yox, ənənənin “sözlərində” axtarmaq istədiyi poeziyanı Yəhya Kamal həyatda axtarır. Bu da nəhayətində o mənaya gəlir ki, şairlərin özlərindən əvvəlki şairlərdən götürüb yeni nələrsə əlavə edərək özlərindən sonrakı şairlərə ötürdükləri söz qəlibləri şəklində bir “ənənə” yoxdur, ola bilməz, təkcə həyata həqiqi reaksiya göstərə bilmiş böyük şairlər var.
Bu məsələdə Eliotdan çox, Yəhya Kamalla razılaşmamaq olmur. Eliotun şeirindəki bütün allüziyalar və sitatlar nəticə etibarilə şairin gerçək həyatda zaman-zaman üzünə sürtdüyü yaşıl pudra kimidir. İstifadəçisini qəribə göstərməkdən başqa nə işə yaradığı bəlli olmayan kosmetika kimi, başqa şairlərdən sitat gətirilmiş bu parçalar da Eliotun şeirləri ilə heç bir orqanik bağı olmayan qəribəliklərdir. Danteni və İngilis İntibah şairlərini oxusaq, Eliotu başa düşə bilərikmi? Yaxud bu şairləri oxusaq, biz də Eliot kimi yaza bilərikmi? Bu uşaqca sualların cavabı əlbəttə ki, “Xeyr”dir. Ədəbiyyatın arxasındakı böyük “sirr” Borxesin yuxarıda sitat gətirilən hekayəsində açıqlanan məsələdir. Hamı “Don Kixot”u yaza bilər. Bunun üçün ödənəsi yeganə bədəl Servantesin həyatını yaşamaqdır. Eliotun şeirlərini yaradan şey də bağlandığı “ənənə” yox, bir fərd kimi yaşadığı həyat və bu həyatın dərkidir. Həqiqi olan, Eliotun Bredlidən, onun da Hegeldən bəhrələndiyi idealist düşüncənin təklif etdiyi kimi, daxili bir məntiqlə inkişaf edərək bir-birindən doğan düşüncələr, qəliblər, sözlər yox, Romantiklərin həmişə irəli sürdükləri kimi, yaşadığımız həyatdır.
Bu o demək deyil ki, şeiri özbaşına yaradırıq, başqa şairlərlə önəmli, bəzən isə istiqamətverici münasibətlərimiz olmur. Amma bu şairlər də öz həyatlarımızın içində, öz təcrübəmizin bir parçası olaraq kəşf etdiyimiz və bu təcrübəni bizim üçün aydınlaşdıra bildikləri ölçüdə dəyər verib bağlandıqlarımızdır. Eliot keçmişin böyük şairlərinin “ideal bir sıranın” hissələri olduğunu desə də, əsas məsələ şairlərin belə bir ideal sıranın, ya da “ənənənin” içindəki yerləri yox, həyatımızdakı yeridir. Belə olmasaydı, hamımız eyni ideal sıranı qəbul edərdik və hər böyük şairin hamımız üçün – böyük Romantik şairlərin də Eliot üçün – dəyəri olardı. Yenə deyək, əgər belə olmasaydı, ideal sıranın axırına bəlkə də yenilər əlavə oluna bilər, amma keçmiş dəyişməz, heç kim, müəyyən mənada Eliotun Con Donu, Yəhya Kamalın da Nədimi “kəşf etdiyi” kimi, qiyməti əvvəllər bilinməmiş şairləri kəşf edə bilməzdi. Düşünürəm ki, Yəhya Kamal bütün bunları Eliotdan daha yaxşı başa düşürdü.
Bu gün Türk şeirində “ənənə” məsələsi təzədən gündəmə gəlib. Bir xeyli şairimiz “ənənəylə hesablaşmaq”dan, “ənənədən yararlanamaq”dan, “ənənəni yenidən dəyərləndirmək”dən danışır. Bunlar olmadan şair olmağın qeyri-mümkünlüyündən danışanlar da var. Bu vəziyyəti görən qəddar (zaman-zaman Eliot ilə Yəhya Kamalın olduğu qədər qəddar) bir tənqidçi, bəlkə də, “Ənənə və Fərdi istedad” adlı bir məqalə yazdı və dedi ki, hər şeyin kökündə şeir yaza bilməyənlərin heç olmasa Füzuliyə, Baqiyə və Şeyx Qalibə bir göndəriş edərək öz adlarını onların yanına yazdırmaq cəhdi durur. Mən keçmişə olan marağın səbəbinin bu qədər sadə olduğunu düşünmürəm. Hər yaşayan şair kimi bir gün ölmüş olacağam deyə, ölmüş şairlərə maraq göstərilməsinə və keçmişin haqsız şəkildə unudulmasına etiraz edənlərlə razıyam. Amma “ənənə”nin düzgün şərh olunanda yaşayan güc olması kimi, səhv şərh olunanda ölü bir qəlib olduğunu düşünürəm. Məncə, mübahisəsiz böyük şair olan Eliot, artıq həqiqətən Dante ilə birlikdədir, amma şeirlərində Danteyə göndəriş etdiyi üçün yox.
Dilimizə uyğunlaşdıran: Qismət