Yaşaya bilmərəm bir kərəm sənsiz! – Günün şeiri

Yaşaya bilmərəm bir kərəm sənsiz! – Günün şeiri
12 oktyabr 2022
# 14:25

Bu gün tanınmış Azərbaycan şairi, repressiya qurbanı Əhməd Cavadın anım günüdür. Kulis.az onun məşhur “Şükriyyə üçün” şeirini təqdim edir.

Bir gülsən, dərmişəm gənclik bağından,
Bir gülü, çiçəyi dərmərəm sənsiz.
Kam aldım ömrümün oğlan çağından,
Bir bağa, bağçaya girmərəm sənsiz.

Söylə yadındamı Çakva, Batumi?
Ovladın könlümü, çaldın ruhumu!
Kamana dönmüşdü qəlbimin simi,
Hurini, mələyi görmərəm sənsiz!

Nə çoxdur dünyada qənirsiz pəri,
Gözümə görünməz daha heç biri!
O qızıl saçları, ipək telləri
Əl atıb birini hörmərəm sənsiz.

Məndən xoşbəxt varmı dünyada, deyin?!
Ey telli yavrusu Süleyman bəyin!
Bəxtim tərlan imiş: yeyindən yeyin!
Heç kəsə bu bəxti vermərəm sənsiz!

Səninlə gəzərəm eldən-elə mən,
Bataram, çıxaram seldən-selə mən.
Düşsəm də ağıza, dildən-dilə mən,
Yaşaya bilmərəm bir kəram sənsiz!

Sonatək göllərdə üzsən də mənsiz,
Quş olub göylərdə süzsən də mənsiz,
Sən Əsli qalsan da, dözsən də mənsiz,
Alışıb yanaram mən Kərəm sənsiz!

Şükriyyə taleyim, şükür xudaya!
Gördüyüm doğrumu, yoxsa pək röya?!
Dolub ürayimə bu dadlı xülya,
Şirin günlərimi sürməram sənsiz!

Əvət, bu sevdanın səfası çoxdur,
Sevdasız həyatın mənası yoxdur!
Gözlərin yıldızdır, kipriyin oxdur,
Ürək qubar olar - can verəm sənsiz...

Şerimin özüsən, sözü - ahəngi!
Üzündə bərq vurur güllərin rəngi!
Xəyalın, cəmalın gözəl çələngi!
İlham yetim qalar, ağıl kəm sənsiz!

# 4116 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #