Onlar topu qoyub sözü qovdular - MƏŞHURLARIN FUTBOL SEVGİSİ

Onlar topu qoyub sözü qovdular - <span style="color:red;">MƏŞHURLARIN FUTBOL SEVGİSİ
5 iyul 2016
# 15:07

Uşaqlıqda oğlanların ən məşhur əyləncəsi futbol olur. O vaxtlar top tapılan kimi uşaqlar meydançaya yüyürürdülər. Məhəllə futbolunun qayda-qanunu olmurdu, necə gəldi oynanılırdı. Futbol o zaman məhəllə uşaqlarının sevgilisi kimi idi, onsuz bir gün də dura bilmirdilər.

Yazarlarımızdan kimlər futbol oynayıblar? Onlar o günləri necə xatırlayırlar?

Kulis.az yazarların futbol xatirələrini təqdim edir.

Zamin Hacı: “Orta məktəbdə futbol oynayırdıq. Birdən uşaqlardan kimsə cığallıq eləməyə başladı. Mehralı adlı sinif yoldaşım cığallığa dözmədi, cibindən bıçaq çıxarıb topu parça-parça elədi. Mən onu sakit uşaq bilirdim, buna görə şoka düşmüşdüm. Həm də ürəyimdə "əcəb elədi" düşünmüşdüm. Sonra biz məktəbi qurtardıq, Mehralı orduya getdi, elə kəndimizin yanında ermənilərlə döyüşdə itkin düşdü. O vaxtdan Mehralıdan heç bir xəbər yoxdur. Hər dəfə həyət-bacada top qovan uşaqları görəndə Mehralı yadıma düşür, ürəyim sıxılır. Düşünürəm, kaş hardansa gələydi, yenidən top qovaydıq, lap ürəyi istəsə yenə topları cırıq-cırıq edəydi, amma sağ olaydı”.

Aqşin Yenisey: “Bircə onu deyə bilərəm ki, mənim uşaqlığımın topu yumru yox, dördkünc idi. Həmişə yağqabı ilə oynayırdıq. Dördkünc topla oyunda qapıçı, hücumçu, müdafiəçi, hətta hakim də olmur. Kimin ürəyi harda istəyirsə, orada da oynayır. Uşaqlar adətən yorulanda, ya da topun tini ayaqlarını yaralayanda qapıda dururdular. Bizdə heç kimin topu olmurdu, ona görə yağ qabı ilə oynayırdıq, yəni kanestrlə. Məşhur futbolçu deyildim, stadiondan çıxan kimi unudulurdum”.

Xalid Kazımlı: “1987-ci il idi, "Maradonanın çempionatı"ndan sonra bütün dünyada, eləcə də ölkəmizdə futbola maraq artmışdı. Artıq rayonlarda da çempionat təşkil olunmuşdu. Kəndlər komanda qurub yarışırdılar. (Sonradan hər oyunda dava düşdü deyə çempionat dayandırıldı). Mən o vaxt ali məktəbdən yenicə məzun olmuşdum. Kəndimizdə Barat adlı vaxtsız rəhmətə getmiş bir azarkeşin xatirəsinə həsr olunmuş turnir keçirilirdi. 22 yaşım olmasına baxmayaraq veteranlar komandasında oynayırdım, özü də 11 nömrə. Saç düzümümə görə yeniyetmələr mənə Amoro deyirdilər (o vaxt Fransa yığmasında belə bir oyunçu vardı). Düzü, uzun müddət futbol oynamadığımdan formadan uzaq idim. Ancaq bunu qonşu kənddən gələn komanda hələ bilmirdi. Onların kapitanı üstümə iki oyunçu təhkim etmişdi, elə bilirdilər, top ayağıma düşən kimi, hamını keçib qol vuracam. Tərpənməyə qoymurdular. Bir də görürdün çığırtı qopdu: "11 nömrəni gözləyin". Beləcə, ayağıma oyun ərzində cəmi iki-üç dəfə top dəydi. İntəhası, bir künc zərbəsi vurdum, hücumçumuz başıyla qol vurdu. Hərdən yadıma rəqiblərin təlaşı düşür, gülməyim tutur. Heç demə, xarici obraz çox yanıldıcı olurmuş”.

Əsəd Qaraqaplan: “Uşaq olanda ən böyük arzum futbolçu olmaq idi. Amma bu arzum gerçəkləşmədi, evdən qoymadılar. Doğrusu, imkanımız və şəraitimiz də olmadı. Nə qədər öz gücümə Masallının "Viləş" komandasında məşq eləməyə getdimsə də, futbolçu olmağım alınmadı ki, alınmadı. "Viləş"in ovaxtkı əsas futbolçuları mənə deyirdilər: "Sən güclü qaçırsan, çox yaxşı fizikin və texnikan var, arxasınca düş futbolun". O illərdə xəyalların arxasınca getmək mümkünsüz idi, ancaq çörək dalınca qaçılırdı... Üstəlik, 13 yaşım olanda birdən-birə “İntertuto” kubokunda uduzan "Viləş" də dağıldı və tarixi komanda tarixə qovuşdu. Bu hadisə isə mənim bütün uşaqlıq arzularımın üstündən birdəfəlik xətt çəkmışdi... Onda mamam Masallının köhnə bazarında göy-göyərti satır, mən də ona yardım edir, bazarda sellofan torba gəzdirib satırdım. Atam da köhnə xəstəxananın yanında taksi sürücülüyü edirdi. "Viləş"in Anatoli Banişevski adına stadionu düz mamamın göyərti satdığı bazarın yanında idi. Alver günortadan sonra bitən kimi ordan qaçırdım stadiona, məşq edir, çox vaxt axşamüstü evə – kəndimizə qədər 7-8 kilometrlik yolu pulum olmadığından piyada gəlirdim. Evdə soruşanda da “məşqə getmişdim” demirdim, “Viləş”in oyununa baxmağa getmişdim” deyirdim. Gəlib bazardan mamamı götürən atamla mamamı elə futbola baxmağa getməklə aldadır, satdığım sellofan torbalardan birinə qoyduğum maykamı, futbol ayaqqabımı götürüb qaçırdım. Sonra evdən biləndə ki, mən stadiona futbola baxmağa yox, futbolçu olmağa gedirəm, imkan vermədilər. Atam mamamı bazardan götürəndə məni də evə gətirir, bir az dincəlib, yuxarı meşəyə – dağlara odun doğramağa aparır, ya da mal-qoyun dalınca göndərirdi. İstəmirdi futbolçu olum. Çünki inanmırdı xəyallarıma, sadəcə işləyib evə pul gətirməyimi istəyirdi”.

Aqşin Evrən: “Uşaqlığımın 93 faizini futbol oynayaraq keçirmişəm. Evdə məni futboldan uzaqlaşdırmaq üçün futbol formalarımı, ketlərimi günlərlə suda saxlayırdılar, yumurdular. Çünki hər dəfə oynayanda ayaqlarım İtaliyanın bayrağına dönürdü – yaşıl, qırmızı yaralar, ləkələr. Braziliyalı Ronaldo ən sevdiyim oyunçu idi, onun 9 nömrəli formasını geyinirdim. Yadıma gəlir, 2002-ci ildə Dünya Çempionatı vaxtı saçımı Ronaldonun saçı kimi kəsdirmişdim, buna görə sevdiyim qız məndən ayrılmışdı. Maradonanın o məşhur, hamını keçib vurduğu qoldan mən də vurmuşam. Özü də Messidən əvvəl. Demək, oyun başladı, mən boş qapıya bir topu vura bilmədim. Yoldaşlarım məni danladı ki, “çerkasan”, boş qapıya da vura bilmirsən. Növbəti hücumda topu alıb rəqib komandanın bütün oyunçularını – 9 nəfəri aldatdım, qapıçını da keçib qol vurdum. Xoşuma gəldi, əsəbiləşib bu qoldan birini də vurdum. Ondan sonra məni futbol oynamağa qoymadılar. Dedilər, çox güclü oynayır. Hərə öz komandasında görmək istəyirdi məni, ona görə də qərara alındı ki, oynamayım. Beləcə, futbol karyeramı 9-cu sinifdə başa vurdum. Bir xeyli peşmanam, doğrusu. Bil Şenklinin dediyi kimi, futbol hər şey deyil, ondan da önəmli şeydir”.

İbrahim Nəbioğlu: “O vaxtın Bakısında oğlan uşaqlarının bir əyləncəsi var idi – “məhlə-məhləyə futbol” oynamaq. Bizim məhəllədə rus, yəhudi və xüsusilə də ermənilər çoxluq təşkil etdiklərindən qonşu məhəlləni udanda bizi döyür, uduzanda isə lağa qoyur, hoydu-hoyduya götürürdülər. Elə o vaxtdan içimdə futbolun tolerantlıqdan uzaq bir oyun olduğu hissi qalıb... Gəncliyimizdə dilimizdə tolerantlıq və multikulturalizm kimi sözlər yox idi, buna heç ehtiyac da hiss etmirdik. 3-cü kursda oxuyanda ADR-in (sosialist Almaniyası) Karl Marks Ştat şəhərinə tələbə inşaat dəstəsinə göndərmişdilər bizi. Orada ölkələr arasında futbol turniri keçirilirdi. Finala Qərbi Berlin (Federativ Almaniya) ilə Moskva Dövlət Universitetinin komandaları çıxmışdılar. Almanların içində 5 türk var idi. Mən də onlara dəstək üçün oyuna baxmağa getdim. Hakim olmadığından oyunu təsadüfən mənə həvalə etdilər. Oyunun bitməsinə bir dəqiqə qalmış hesab 0-0 idi. Alman komandasının son hücumunda onların türk hücumçusunun cərimə meydançasında ayağı dolaşıb yerə düşdü. Heç bir təmas, qayda pozuntusu yox idi. Amma mən elə bir qərarlılıqla 11 metrlik verdim ki, rusların səsləri belə çıxmadı. Türklər, daha doğrusu alman komandası 1-0 hesabla qalib gələrək turnirin çempionu oldular. Bakıya qayıdanda az qalsın institutdan atacaqdılar. Allah akademik Azad Mirzəcanzadəyə - gələcək elmi rəhbərimə rəhmət eləsin, onun sayəsində qovulmaqdan qurtuldum”.

Emin Piri: “15-16 il qabaq olardı. "JEK"lər (MİS) arası respublika, ya da region çempionatı keçirilirdi. Mən də müdafiəçi idim. Hər gün məşq edirdik. Bir dəfə “JEK” rəisi məşqə gəlib dedi ki, çempionatda qalib olsanız komandaya top alacam. Mənə elə gəldi ki, o, futbolun topla oynanmasından xəbərsiz idi. Komanda rəhbəri futbol komandasına mükafat kimi top verəcəksə - o da qalib olacağı halda, vay halımıza. Beləcə, topsuz hazırlaşıb yarışa çıxdıq. Mənim inamlı müdafiəm nəticəsində cəmi 12:0 hesabıyla uduzduq. Əminəm ki, tez-tez rəqib hücumçuları kobudluqla saxlamasaydım azı 20, 30 qol buraxardıq”.

Əsəd Cahangir: “Uşaq vaxtı istər küçədə, istərsə də məktəbin meydançasında az qala hər gün futbol oynayardıq. Bu zaman tez-tez mübahisələr, hətta bəzən dava-dalaş da düşürdü. Amma bir hadisə yadımda daha güclü qalıb. Çünki o birbaşa mənim həyatımla bağlı idi. Məktəbin stadionunda futbol oynayırdıq. Top qapının ağzında idi. Az qala hər iki komanda özünü bütün heyəti ilə cərimə meydançasına cəm eləmişdi. Cərimə meydançası arı pətəyinə bənzəyirdi. Mən də o pətəyin lap ortasında idim. Birdən elə bil, kimsə mənə dedi ki, başını qaldır. Başımı qaldırdım və gördüm, bir yük maşını sürətlə qapıya tərəf gəlir. Maşınla mənim aramda bir saniyəlik məsafə vardı. Bircə addım kənara ata bildim və maşın sürətlə yanımdan keçib uşaqların üstünə getdi. Maşının küləyi az qaldı əynimdəki köynəyi çıxara. Gözümü açmağa qorxurdum. Elə bilirdim maşın uşaqları xurd-xəşil eləyib. Amma maraq güc gəldi və açdım – gördüm, maşın stadionun ortasına çatıb dayanıb. Uşaqlar da ona tərəf qaçırlar. Xoşbəxtlikdən heç kəsə heç nə olmamışdı. Yazıq sürücünün rəngi kağız kimi ağarmışdı. Sən demə, əyləci xarab olub. Maşın onun idarəsindən çıxıbmış. Ayaq üstündə öldüyünü görüb heç kəs ona bir kəlmə də demədi. Məktəbdən evə gələndə gördüm ki, anam darvazanın ağzında durub yola boylanır. Deyəsən, kimsə nəsə demişdi. Onun da rəngi ağappaq idi. Soruşdu ki, məktəbdə nə olub, bu nə söhbətdir. Təbiidir ki, onu qorxutmamaq üçün hadisəni gizlətdim, dedim, yalan sözdür, heç nə olmayıb. Bu hadisə 1983-cü ilin, yaz günlərindən birində olmuşdu. Gözəl günlər idi, heyif o günlərdən. Çox heyif”.

Kəramət Böyükçöl: “Təxminən, 10-12 yaşım olardı. Rayonda qalırdıq. Hər gün atama yalvarırdım ki, mənə top alsın. İndiki kimi deyildi, o vaxt hər uşağın topu olmurdu. Atam hər axşam işdən evə gələndə uzaqdan əlində top görürdüm, yaxına gəldikcə top yavaş-yavaş balacalaşır, lap axırda yoxa çıxırdı. Heç kim mənim topa olan sevgimi başa düşmürdü. Mən top istəyəndə anam oxlovla əl atırdı, məni döyürdü, döydükcə ağlayırdım. Bir dəfə ağlaya-ağlaya güzgüyə baxdım, üzüm hələ də yadımdadır, göz yaşları yanağımda topa oxşayırdı. Qəribədir ki, başqaları topu futbol oynamaq üçün arzulayırdı, mən isə qucaqlayıb yatmaq üçün istəyirdim. Əllərim, ayaqlarım hər gün top üçün havada yellənirdi. Topu qucağıma almaq, balaca uşaq kimi topa laylay demək fikri mənim ağlıma hardan gəlmişdi? Hələ də düşünürəm”.

Cavid Zeynallı: “Topla da oynamışam, xlor qabı ilə də, corab, cır-cındır topası ilə də. Desəm, yaxşı oynamışam, düz olmaz. Normal, hətta orta-statistik. Deyilənə görə, qapıçılıq pis alınmırdı. Bir dəfə futbolun üstündə bir nəfəri döymüşdüm, o da raqatkaya qurğuşun qoyub başımı partlatmışdı. Tələbəlikdən sonra bəlkə on il ayağıma top dəymədi”.

Səbuhi Məmmədli: “1986-cı ildə Meksikada keçirilən DÇ-dan sonra sinif yoldaşım, dostum Müşfiq Hüseynovla bərabər Çempionata həsr olunan kitab yazdıq. Təbii ki, primitiv kitab idi, onda 9-cu sinifdə oxuyurduq. Elə bilirdik, möhtəşəm kitab yazmışıq. Həmin 96 vərəqlik qeydləri götürüb indiki “Azərbaycan”, keçmiş “Kommunist” nəşriyyatına getdik. O vaxt “Bakı” qəzetinin əməkdaşı Araz Qurbanov bizi diqqətlə dinlədi, orta məktəb şagirdlərinə öz xeyir-duasını verdi, dedi, kitab yazmaq hələ tezdir, jurnalistikaya həvəsiniz varsa, yazı yazın. Müşfiq jurnalistika fikrindən vaz keçdi, amma üç gündən sonra mənim “Bakı” qəzetində ilk yazım çıxdı. 9-cu sinif şagirdi idim, bütün məktəb məndən danışırdı. Maraqlısı odur ki, yazı məktəbimizin futbol komandasına həsr olunmuşdu. Odur-budur, yazıram. Xatırladım ki, mən də komandamızın müdafiəçisi idim”.

# 1429 dəfə oxunub

Müəllifin son yazıları

# # #