Model Akademiyasının iştirakçısı: “Hər kəs birinci olmaq istəyir”

Model Akademiyasının iştirakçısı: “Hər kəs birinci olmaq istəyir”
18 oktyabr 2016
# 16:49

Model Akademiyası müsabiqəsinin iştirakçısı Arzu Hüseynzadə ilə müsahibəni təqdim edirik.

- Arzu, Model Akademiyası yarışının iştirakçısısan. Hansı istəkdən bu yarışa qatıldın?

- Bu çətin sahədə özümü sınaq istədim. Ağlım kəsəndən özümü bu sahədə görmək arzum olub. Bu yarışma da bu arzuma çatmaq üçün, bu sahədə sınamaq üçün imkan tanıdı mənə. Düşündüm ki, niyə də olmasın? Və bu yarışa qatılmaq qərarına gəldim.

- Bu yarışda iştirak üçün hansı qabiliyyətlər lazımdır?

- Ən birinci iştirakçıların boy və çəkilərinin standartlara uyğun olması lazımdır. Bunlardan başqa zövqlülük, dəbdən anlayış, zamanın tələbləri ilə uyğunlaşmaq və sair xüsusiyyətlər lazımdır.

- Yəqin diyeta saxlamaq da gərəkdir.

- Əgər çəki normadan artıqdırsa bəli. Mənim çəkim normada olduğu üçün diyetaya ehtiyacım yoxdur.

- Arzu, yarışmaya qatılmaq səni qorxutmurdu ki?

- Əlbəttə həyəcanlıyam. Bu da məsuliyyət hissindən doğur. Qorxu isə yoxdur. Qorxmaq zəiflərə məxsus xüsusiyyətdir.

- Yarışma hazırda hansı mərhələdədir?

- İlk 2 həftə modellərlə tanışlıq oldu. Bu həftədən artıq yarışmaya start verilib.

- Bəs modellik barədə nəsə oxuyub-öyrənmisənmi?

- Bəli, xüsusi dərslər alıram və internet vasitəsilə bilgimi çoxaltmağa çalışıram. Bacardığım qədər bu işin professionalı olmaq istəyirəm.

- Yarışmada neçə nəfər iştirak edir? Rəqabət güclüdürmü?

- Yarışmada 20 oğlan, 20 qız olmaqla ümumilikdə 40 nəfər iştirak edir. Əlbəttə rəqabət güclüdür, hər kəs birinci olmaq istəyir. İnanıram ki, sonda layiq olan qazanacaq və mən buna hazıram.

- Arzu, yarışmada bədən formasından başqa hansı xüsusiyyətlərlə bağlı tapşırıqlar verilir?

- Stildən başqa danışıq tərzinə, özünü tanıtmaya, aktyorluq bacarığına, səhnə mədəniyyətinə önəm verilir.

- Yarışmada lazım olan geyimləri özün əldə edirsən, yoxsa?

- Bəli, geyimləri özümüz əldə edirik. Bizə hər həftə növbəti veriliş üçün konsept verilir və biz çalışırıq ki, hər həftə daha mükəmməl olaq.

- Modellikdən başqa məşğulliyətin var?

- Bəli, modellikdən başqa musiqi (pianino) ilə məşğulam. Gələcəkdə bu sahədə özümü yüksək səviyyəyə çatdırmaq istəyirəm. Ümüd edirəm bunu da bacaracam.

- Azərbaycanda modanı hansı səviyyədə görmək istəyərdin?

- Çox istəyərdim ki, öz ölkəmizdə də Avropa ölkələrindəki kimi moda inkişaf etsin və eyni zamanda millətimiz modaya daha təbii yanaşsınlar. Yeni standartlardan bir az uzaq olub öz stillərini yaratsınlar.

- Səncə yarış çətin olmayacaq ki? Rəqiblərin güclüdürmü?

- Çox çətin olacaq, çünki güclü rəqiblərim var. Bütün gücümlə çalışmalıyam ki, mənə güvənən insanların inamını sarsıtmayım.

- Sənə uğurlar arzulayıram, Arzu, ümid edirəm qalib olacaqsan.

- Məndə bütün iştirakçılara uğurlar arzulayıram. Sizə də təşəkkürlərimi bildirirəm.

# 1199 dəfə oxunub

Müəllifin son yazıları

# # #