Azərbaycan dili və milləti yoxdurmu? - ARAŞDIRMA

Azərbaycan dili və milləti yoxdurmu? - <span style="color:red;">ARAŞDIRMA
10 avqust 2016
# 12:22

Azərbaycan dili varmı? Azərbaycan dilimi deməliyik, yoxsa Türk dilinin Azərbaycan ləhcəsimi? Azərbaycanlı deyə bir millət varmı, yoxsa biz Azərbaycan türkləriyikmi?

Bu tip suallarla qarşılaşdığım zaman yadıma bir lətifə düşür. “Bir gün Teymurləng oğlu Miranşahdan böyüyəndə nə olmaq istədiyini soruşur. Miranşah isə cavab verir ki, onun kimi böyük bir hökmdar olmaq istəyir. Bunu eşidən Teymur ah çəkərək deyir: “Oğlum, mən sənin yaşında olanda Allah olmaq istəyirdim, böyüdüm hökmdar oldum. İndi sən hökmdar olmaq istəyirsən Allah bilir nə olacaqsan!”

Bəli, hər bir insanın böyük arzuları və xəyalları olmalıdır. Həmçinin hər bir insanın olduğu kimi hər bir millətin də böyük iddiası, böyük arzuları olmalıdır və bu iddialar, arzular üçün çalışmalıdır. Bəs bizim dilimizi DİL statusundan LƏHCƏ statusuna endirən nədir? Nə üçün biz Azərbaycan milləti ola bilmirik, Azərbaycan türkü oluruq? Əgər millətimiz türkdürsə bəs nəyə görə bütün sənədlərdə Azərbaycanlı gedir?

Azərbaycanlı adını eşidəndə əsəbiləşən, özünü azərbaycanlı deyil, Azərbaycan və ya Azəri Türkü, dilini isə Türk dilinin Azərbaycan ləhcəsi adlandıran insanları bir filoloq olaraq heç bir zaman anlamamışam. Necə yəni azərbaycanlı deyə bir millət yoxdu? Necə yəni Azərbaycan dili deyilən bir dil yoxdur? Müasir dövrdə azərbaycanlıları türk adlandırmaq həm əsassız və cəfəngiyatdır, həm də bu söz dövlətçilik baxımından gələcəkdə başımıza bəla aça bilər.

Əvvəlcə gəlin Azərbaycan dilinin və ya azərbaycanlı millətinin olub-olmamasından başlayaq.

Belə ki azərbaycanlı sözünə daima nifrətlə yanaşan, belə bir millətin və Azərbaycan dilinin olmamasını söyləyən insanlar həmişə Sovet hakimiyyətinin ilk illərində sənədlərdə türk və Azərbaycan dili yerinə türk dili yazılmasını bir sübut kimi qarşımıza qoyurlar. Hətta bir az oxumuşları daha da irəli gedərək SSRİ dövründə “Türkcə-Rusca” lüğətinin nəşr edilməsini də əlavə edirlər. Sözsüz ki, türk dili bu lüğətdə Azərbaycan dilinin yerinə işlədilib. Çox gözəl! Lakin həmin şəxslər unudurlar ki, Çarın dövründə Azərbaycan dili Tatar dilinin Qafqaz ləhcəsi adlanıb. Hətta gürcülər bu gün də bizə azərbaycanlı deyil “tatar” deyə xitab edir. Bundan əlavə, Qurban Səidin “Əli və Nino” əsərində də bizlər Tartar (yəni tatar) olaraq adlandırılırıq. Dünyaca məşhur tarixçilərdən sayılan Arnold Toynbinin 1917-ci ildə nəşr edilmiş “Türkiyə: keçmiş və gələcək” (Turkey: a past and a future) əsərində də Araz çayından şimalda yaşayan azərbaycanlılar tartar deyə adlandırılır. Onda belə çıxır ki, SSRİ-dən əvvəl bütün dünya bizi Tatar və ya Tartar kimi tanıyıb.

Bəs ümumiyyətlə türk deyilən bir millət varmı? Bəli, Türk deyilən bir millət var və bu Türkiyə Cümhuriyyətində yaşayanlara aiddir. Geniş mənada, yəni azərbaycanlını, qazağı, özbəyi və s. türk dillər ailəsinə mənsub olan dillərdən birini danışan bütün millətləri əhatə edən TÜRK adlı bir millət müasir dövrdə yoxdu. Min il və ya min beş yüz il əvvəl olub, lakin indi yoxdur. Bəli biz Türk dillər ailəsinə mənsubuq, buna sözüm yoxdur, lakin hər hansı bir dil ailəsinə mənsub olmaq, həmin dil ailəsinin adı ilə millət yaratmaq demək deyil. Dünyada dil ailəsi bir tək türklərdə yoxdur. Ən yaxşı halda biz buna irq deyə bilərik.

Məsələn biz “Türk Dillər” ailəsinin “qərbi hun” qoluna daxilik. Bu ailəyə bizdən əlavə türkiyəlilər, özbəklər, qırğızlar, qaqauzlar və s. millətlər daxildir. Dünyanın ən böyük dil ailəsi “Hind-Avropa” dillər ailəsidir. Məsələ ruslar, xaxollar, belaruslar, polyaklar bu dil ailəsinin “slavyan” qoluna; itlayanlar, fransızlar, portuqallar bu dil ailəsinin “italik” qoluna; almanlar və ingilislər bu dilin “roman-german” qrupuna; ermənilər, farslar, kürdlər, və s. bu dil ailəsinin şərq qoluna daxildir.

Əslində dünyada sadəcə iki dil ailəsi yoxdur. İstəsəniz “Hami-Sami dillər ailəsini” “Afro-Asiatik Dillər Ailəsi” və s. kimi onlarla belə dillər ailəsi haqqında məlumatları ensiklopediyalardan, dilçilik kitablarından və ya ən pis halda internetdən tapa bilərsiniz. Ancaq çox qəribədir ki, yalnız bizlər müasir dövrdə bu dillər ailəsini bir millət kimi götürürük. Məsələn, heç bir zaman bir fransız, bir rus və ya bir ingilis öz millətini və ya dilini danıb özünü “Rusiya hind-avropalısı” və s. adlandırmaz.

Hətta daha da maraqlı bir fakt deyim. Bizim eranın ilk əsrlərində indiki Britaniya ərazisində Kelt adlı millət yaşayıb. Bu millət daima romalılar və şimaldan gələn tayfalarla vuruşub. Təxminən eramızın 550-ci illərində həyatının səhvini edərək şimal tayfaları ilə vuruşmaq üçün Kelt kralı indiki Almaniya ərazisində yaşayan German (və ya Alman) tayfalarını Britaniyaya dəvət edir. Üç böyük tayfası Anqllar, Saksonlar və Cutlar bu dəvəti qəbul edərək Britoniyaya (müasir adı ilə Britaniya adasına) gedir. Müəyyən bir vaxtdan sonra bu üç alman tayfası Keltlərin özləri ilə vuruşurlar və onları məğlub edərək şimala doğru sıxışdırırlar. Nəticə Britaniyanın cənubu bu üç alman tayfasına qalır, şimalında isə keltlər yaşayırlar. (İndi keltlərin yaşadığı ərazi Uels adlanır). Bu üç alman tayfası adanın cənubunda öz dövlətlərini qururlar. Dövlətin adı isə üç tayfa içərisində ən böyük tayfanın adı ilə, yəni Anql-land olaraq adlanır. Daha sonra Anqlland İnqlənd (England) sözünə çevrilir. Azərbaycan dilində isə biz bu dövləti İngiltərə kimi tanıyırıq. Yəni qısacası müasir ingilislər eramızın 550-ci ilində Britaniyaya köçmüş alman tayfalarından yaranıb. Bəs siz heç eşitdinizmi bir ingilis desin ki “Qaqa, ingilis dili deyilən bir dil yoxdu, alman dilinin briton ləhcəsi var” və ya heç görmüsünüz ki, kimsə ona ingilis deyəndə əsəbiləşsin və desin ki, əşşi, bəsdirin də, ay qanmaz, başa düş, ingilis deyə bir millət yoxdu, britaniya almanı var.

Müasir dövrdə dünyanın aparıcı millətlərindən olan fransızlar “Hind Avropa Dillər Ailəsinin” İtalik qoluna məxsusdur. Lakin siz heç bir zaman bir fransızdan belə bir söz eşidə bilməzsiniz. Bəs onlar özlərini niyə “Fransa İtalikləri” və ya “Fransa hind-avropalıları” adlandırmaz? Fransızlar heç bir zaman öz dillərinə “İtalik və ya Hind-Avropa dilinin Fransız ləhcəsi” deməz! Çünki bir fransız heç bir zaman öz dilini təhqir etməz, elə bu səbəbdən də bütün dünya onun dilini öyrənir. Və yaxud da heç bir zaman bir farsdan eşitməzsiniz ki, qalxıb desin ki, “almanlar bizim böyük qardaşımızdı!” Niyə deməz? Çünki fars heç bir zaman özünü kiçik görmür, daima böyük görür. Elə bu səbəbdən də bizlər tam min il İranı idarə etməmizə və bu gün İranda farslar milli azlıq olmasına baxmayaraq, dövlət dili Azərbaycan dili deyil, fars dilidir!

Bəs tarixdə öz millətini mənsub olduğu dillər ailəsi və ya dil qrupunun adı ilə adlandıran başqa millət olubdurmu? Birinci Dünya müharibəsi ərəfəsində Ruslar özlərini slavyan adlandırıb və özlərini Hind-Avropa dillərinin Slavyan qrupuna mənsub olan belarusların, xaxolların, çexlərin, rumınlərin, polyakların böyük qardaşı, xilaskarı və hamisi kimi sırımağa çalışıb. Əlbəttə ki, məqsədi bu millətlərin yaşadığı ərazini işğal etmək olub.

Başqa belə bir hadisəni isə Hitler Almaniyası İkinci Dünya müharibəsi zamanı edib. Hitler Hindistanda yerləşən Jeinizim dininin simvolunu (svastikanı) öz dövlətinin simvoluna çevirib, hind-avropa irqinin aliliyindən danışıb. Bir sözlə məqsəd yenə də işğalçılıqdır. Əslində bu gün bizim başımızın bəlasına çevrilən “Azərbaycan Türkü” və ya “Türk Dilinin Azərbaycan Ləhcəsi”nin tarixini eşələsək görərik ki, bu ideologiyanın tarixi Avropa qarşısında bir-birinin ardınca məğlubiyyətlər alan Osmanlının keçən əsrin əvvəllərində gözünü şərqdəki türk dillər ailəsinə mənsub olan millətlərə dikməsi ilə başlayır.

Qabil Aşırov

# 4670 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #