Gənc yazar: “Əmimgildən çörək oğurlamışam”

Gənc yazar: “Əmimgildən çörək oğurlamışam”
5 iyun 2015
# 12:27

Kulis gənc yazar Hikmət Nazimlə müsahibəni təqdim edir.

- “Şərikli çörək” filmində belə bir epizod var: Vaqif xəstəxanada yatan qırçı Məhəmmədin yanına gedir. Qatarda söhbətləşdiyi zabitlərdən biri onun ustasının papağını geyinir və dostlarına göstərib gülür. Vaqifin reaksiyası: Sən atam kimi gülürsən. Bütün uşaqların ən böyük arzusu nə vaxtsa atalarına bənzəməkdir. Sən də atan kimi olmaq istəmisən?

- Atam müalicə üçün Moskvaya yollananda üzümü kəsib görüşə bilməmişdim. Həyamdan bir küncə çəkilib ağlayırdım. Öləcək deyirdilər! Bir il sonra doğum günümdə sağ-salamat qapıdan girdi. Kökəlmiş, üstəlik, saçının keçəl yerlərinə tük gəlmişdi. Aladəmgil ağaran bığları indi qaraya çalırdı. Onu görən kimi qucağına atılıb bir daha ayrılmamaq şərtiylə boynuna sarıldım. Övladlarına qarşı həddindən artıq sərt adamdır, ancaq ömrüm boyu atam kimi olmaq, onun kimi yaşamaq, onun kimi danışmaq, onun kimi yerimək istəmişəm. Siqareti belə atam kimi çəkirəm. Elə buna görə, bir neçə dəfə əlimdə tutsa da, söz demədiyindən ayağım yer alıb. Yaman fürsətcil adamam (gülür).

- Belinski deyir ki, öz həyatından yazmayanlar istedadsızdırlar. Kitablar, filmlər, yoxsa uşaqlıq xatirələrin səni yazmağa məcbur edir?

- Uşaqlıq xatirələrim məni narahat edir. Kasıb yaşamışıq. Gün olub ki, aclığımdan tez qurtarmasın deyə, anamın çörək gizlədiyi sandıqçanın başına dolanıb evdəkiləri ağlatmışam. Əmimgildən çörək oğurlamağım yadıma düşəndə göynəyirəm. Taytaya-taytaya yeriyir, yaşıdlarımın futbol oynamağına baxıb köks ötürürdüm. Uşaqlara o qədər paxıllığım tuturdu, top əlimə düşən kimi kola-kosa vurub partladırdım.

- Ailə, yoxsa dost?

- Arada fikirləriylə barışmıram, di gəl, ailə mənim üçün hər şeydən öndə gəlir. Adamlarla dərhal isinişməsəm də, könlümə yatan kəsləri heç vaxt unutmuram. Yəni həm də kifayət qədər dostu-tanışı olan adamam. Orta məktəb vaxtı kəndimizin avaraları, söhbətə gedənləri dostum olub. Özüm də sən deyən ağıllı olmamışam. Üzüyumşaq, əldən isti olduğuma görə, bir balaca problem olan kimi çağırırdılar. Sonuncu dəfə bir yumruğa uşaqlardan birinin ağız-burnunu dağıtdım. Yerində səndirləyib özündən getdi. İndiyə qədər danışmasaq da, o zaman bərk ürəyim ağrıdı. Bir daha kimsəylə dalaşmadım.

- Uşaqlıq deyəndə ilk yadına düşən hadisə...

- Bir üçtəkərli velosipedim vardı. Hər dəfə məhəlləyə çıxanda qonu-qonşunun uşaqları başıma yığılar, gözümə girib velomu minmək üçün təkərlərini, oturacağını təriflərdilər.

- Din, yoxsa Tanrı?

- Mən.

- Klassik ədəbiyyat, yoxsa postmodernizm?

- Mənim üçün yazılanın hansı üslubda yazıldığı önəmli deyil, necə yazıldığı önəmlidir. Şablon səslənsə də, əsas mətndir. Mətn gözəldirsə, onun postmodernist, yaxud klassik ədəbi nümunə olması əhəmiyyət kəsb etmir.

- Qoqol deyir ki, yazmaq ibadətə getmək kimi bir şeydir. İlk dəfə “ibadətə” nə vaxt getmisən?

- Beşinci sinifdə oxuyurdum. Sinif yoldaşlarımdan birinin qəzetdə şeiri dərc olunmuşdu. Qızlar, oğlanlar, müəllimlər, bir sözlə, hamı tərifləyirdi. Qısqandım. Evdə boş-bekar oturmuşdum, dəftər-qələm götürüb yazmağa başladım. Yeddinci sinifdə oxuyanda şeirlərimdən bir neçəsi rayon qəzetində dərc olundu. Evdə ata-anamı, məktəbdə müəllimlərimi və sinif yoldaşlarımı əməlli-başlı təəccübləndirdim. Qəzeti evə gətirəndə babam sevinirdi. Oxuyandan sonra cibimə bir şax onluq basdı. Bir zaman özü də yazırmış, yaşadığı sovet rejiminin xofundan daşını atıb.

- Dilindən düşməyən tez-tez dediyin bir şeir...

- Nazimin Hikmətin “Masalların masalı” şeiri. Əzbər bilmirəm, ordan-burdan bir neçə misra yaddaşımda qalıb. Kefim yaxşı olanda deyirəm:

“...Su başında durmuşuz,

çınar, ben, kedi, güneş, bir de ömrümüz.

Suda suretimiz çıkıyor,

çınarın, benim, kedinin, güneşin, bir de ömrümüzün.

Suyun şavkı vuruyor bize,

çınara, bana, kediye, güneşe, bir de ömrümüze” .

- Necə olacaq bu işlərin axırı?

- Hər zaman pozitiv düşünən adam deyiləm. Ancaq məni tanıyan adamlar bilir ki, bu həyatda yeganə inandığım şey var: Bir gün hər şey yaxşı olacaq!

Söhbətləşdi: Oğuz Ayvaz

Fotolar: Zahid Tağı

# 1060 dəfə oxunub

Müəllifin son yazıları

# # #