Akif Şahverdiyev: "Xəyanət qurbanı"

Akif Şahverdiyev: "Xəyanət qurbanı"
8 may 2014
# 11:25

Tez-tez Azərbaycanın ictimai, iqtisadi, mədəni, ən başlıcası isə, siyasi həyatında böyük rol oynamış Şuşanın tarixindən danışmağa dəyər. Lakin məqsədimiz nə 1756-cı ildə Qarabağ xanlığının paytaxtı Şuşanın əsasını qoyan görkəmli dövlət xadimi Pənahəli xan Cavanşir, nə müxtəlif tarixi mənbələr olan bir çox "Qarabağnamə”lər barədə, nə də böyük şəxsiyyətlərimiz Molla Pənah Vaqif, Xurşudbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev və onlarla digərləri haqqında söz açmaq deyil.

Məqsədimiz qala şəhərimiz olan Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ərəfəsindəki vəziyyəti və bəzi məqamları bir daha xatırlamaqdır. Təkrar olsa da müraciət etdiyimiz mövzu məcibur edir ki bəzi rəqəmləri bir daha yada salaq. Belə ki, 1988-ci ildən Azərbaycana qarşı ərazi iddialarını həyata keçirməyə başlayan Ermənistanın işğalçılıq müharibəsi və etnik təmizləmə siyasəti nəticəsində Şuşa şəhərinin də yerləşdiyi Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı daha 7 rayon- Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonları işğal olunmuşdur.

Ermənistan ərazisində və işğal olunmuş bölgələrdən 1 milyondan çox azərbaycanlı qovulmuşdur. Rəsmi məlumatlara görə elan olunmamış bu müharibədə 18 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuş, 4 mindən çox adam əsir və itkin düşmüş, girov götürülmüş, 877 şəhər, kənd və qəsəbə qarət edilmiş və dağıdılmışdır.

Bu hadisələrlə bağlı AR Milli məclisinin verdiyi Bəyanatda ("Azərbaycan” qəzeti, 7 may 2005-ci il. ) bildirilir ki, işğalçılıq müharibəsinin gedişində erməni millətçiləri azərbaycanlı əhaliyə qarşı dəhşətli soyqırım cinayətləri törətmişlər. Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət- Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qeybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşcular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetrilmişdir.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə bəşər tarixində ən böyük müsibətlərdən olan Xocalı soyqırımını törətmiş erməni hərbi birləşmələri və terrorçu dəstələri 613 nəfər dinc sakini vəhşicəsinə öldürmüşdür. Bu gün erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni- tarixi irsini təşkil edən obyektləri qəddarlıqla məhv etməkdədir. Ələ keçirdikləri ərazilərdə onlar vandalizm aktları törədərək 500-ə qədər tarixi və 100-dən çox arxeoloji abidələri, 22 muzeyi və 4 rəsm qalareyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş, yandırmış, 44 məbədi və 9 məscidi təhqir etmişlər. Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazmalar məhv edilmişdir. Yəqin ki oxucularımızın çoxu bizim kimi daxili bir narahatçılıq keçirir, 20 ildən çox davam edən bu münaqişənin acı nəticələrinin unudulacağını, yeni nəslin baş vermiş faciənin mahiyyəti və fəsadlarını düzgün anlamayacaqlarını düşünürlər.Lakin hər necə olur olsun, biz dönə - dönə həmin hadisələri xatırlamalı, şahidləri dinləməli fakt və rəqəmləri nəzərdən keçirməliyik.

Şuşa ilə bağlı məlumat verən , qaranlıq olan bəzi məqamlara aydınlıq gətirən müsahiblərimizdən biri də Ələddin müəllim oldu. Qısa arayış: Əlləddin Heydər oğlu Ələsgərov 1944-cü ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olub. İxtisasca hüquqşünasdır və 1972-ci ildən bu sahədə çalışıb. Laçın rayonunda prokror köməkçisi (1979-1983), Masallı rayon prokurorunun baş köməkçisi (1983-1988), Şuşa rayon prokuroru (1988-1992), sonralar Azərbaycan Respublikası prokurorluğunun istintaq şöbəsinin prokuroru, Ağstafa rayon prokuroru, Tovuz və Şəmkir rayon prokrorluqlarında prokurorun böyük köməkçisi vəifələrində işləmişdir. 2004-cü ildən pensiyaya çıxıb.

Əlləddin müəllimin şirin danışığı və səmimiliyi bizi o qədər cəlb etdi ki, dörd ilə yaxın Şuşa rayonunda prokurorluq etmiş bu adamdan "elə- belə” ayrılmaq istəmədik. Oradan- buradan danışıb sözü sözü mətləb üstünə gətirdik:

- Ələddin müəllim, bayaq vertaliyot qəzası dediniz. Siz Alı Mustafayevin də olduğu vurulmuş vertaliyotumu nəzərdə tutursunuz ?

- Bəli.

- Xahiş edirik, mümkünsə ətraflı danışın.

-Bildiyiniz kimi 1980-ci illərin sonuna yaxın SSRİ-nin dağılması üçün tarixi şərait yetişmişdi. Bir tərəfdən tənəzzülə uğramış iqtisadiyyat, bir tərəfdən isə Mixail Qarbaçovun hakimiyyətə gəlməsi bütün müttəfiq respublikalarda çalxalanma yaratdı. Belə bir məqamda ermənilərin fəallaşması və ədalətsiz iddiaları baş qaldırdı. Şuşanın Topxana meşəsində qiymətli ağacların kəsilməsi erməni özbaşınalığının ilkin xəbərdarlığı idi. O vaxtlar respublikanın paytaxtı Bakıda 100 minlərlə insan indiki Azadlıq meydanına yığışaraq bu vandalizmin qarşısının alınması üçün etiraz səslərini qaldırdılar. Lakin vaxtında müvafiq hüquqi tədbirlər görməyən respublika rəhbərliyi ermənilərin sonrakı özbaşınalıqları üçün zəmin yaratdılar. 100 minlərlə azərbaycanlıların Ermənistandan - öz ata – baba yurdlarından qovulması “Daşnaksütyun” partiyasının diqtəsi ilə qarabağlı ermənilərin "Qarabağ bizimdir”, "Dənizdən dənizə böyük Ermənistan” deyə hay-küy salması Moskva və Bakı rəhbərliyi tərəfindən düzgün qiymətləndirilmədi və "fikir azadlığı” yenidənqurmanın gətirdiyi "demokratiya havası” kimi qiymətləndirildi.

Düşünürəm ki Bakı Azərbaycanın düşünən beynidirsə, Şuşa onun vuran ürəyidir. İstər Qarabağ və ətraf rayonlarda, istər paytaxt Bakıda baş verən hadisələr zamanı təşviş və həyəcan içərisində bu ürək böyük narahatlıqla çırpınmışdır. Onu demək istəyirəm ki, mən Şuşaya belə təlatümlü bir zamanda təyinat aldım.Doğrusunu deyim ki, həmin dövrdə nə qədər soyuqqanlı olmağa çalışsam da milli təəssübkeşlik hisslərim hüquqşünas səlahiyyətlərimi kölgədə qoymuşdu.

Nankor qonşularımızın xəyanəti bizi yandırırdı. Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin viran edilməsi, insanların öldürülməsi, onlara işgəncələr verilməsi şuşalıları hiddətləndirdi. Nə Bakı, nə də Moskva hadisələrin qarşısını ala bilmirdi. Erməni özbaşnalığı isə həddini aşırdı. 1991-ci ilin yanvar ayının 9-da "Maladyoj Azerbaydjana ” qəzetinin müxbiri Salatın Əsgərovanın faciəli ölüm xəbərini aldıq. Həmin hadisəni mən tədqiq etmiş, ilk müayinəni aparmışam.

Üç nəfər rus millətindən olan hərbiçilər ilə bərabər qətlə yetirilmiş Salatın Əsgərovanın cinayət işini respublikanın baş prokuroru yanında mühüm işlər üzrə müstəntiq Həsrət Teymur oğlu Pirməmmədov aparırdı.Cinayət işinin aparıldıgı gərgin günlərin birində,yəni 1991-ci ilin aprel ayının 2-də mənə bildirdilər ki, Bakıdan deputat qrupu gəlib. Həmin qrupun tərkibində Tamerlan Qarayev, Afiəddin Cəlilov, Ramiz Fətəliyev, Aydın Məmmədov, Azərbaycan televiziyasının jurnalisti Alı Mustafayev və başqaları da var idi. Əvvəlcə rayon partiya komitəsində müşavirə keçrildi. Rayon PK-nin I katibi Mikayıl Gözəlov ilk çıxış üçün sözü mənə verdi. Mən Şuşa və onun ətrafında olan vəziyyətlə bağlı məlumat verərək bildirdim ki, artıq Stepanakert (Xankəndi) tərəfindən Şuşaya gələn yol bağlanıb. Qarşıdurma yaranıb və ermənilər həm Şuşanı, həm də ətrafda olan Azərbaycanlılar yaşayan kəndləri tez- tez atəşə tuturlar.

İndi Şuşanın yalnız Laçın yolu istiqamətindən bir çıxış yolu var ki, o da təhlükəlidir. Yəni Göytala kəndi yaxınlığından keçən yol da erməni silahlıları tərəfindən ələ keçrilsə, Şuşa tam mühasirəyə alınmış olur. Göytala kəndi isə iki erməni kəndi arasında yerləşir və həmin kəndlərdən - Qaladərəsi və Yexcahoqdan (Sonralar həmin kənd Salatınkənd adlandırıldı) tez- tez atəşə tutulur. Biz gərək çalışaq ki, göytalılar kəndən çıxmasın. Təklif etdim ki, deputat qrupu həmin kəndin sakinləri ilə görüşsə çox yaxşı olardı. Sonra müxtəlif çıxışlar oldu və mənim təklifim bəyənildi. Belə qərara gəldik ki, günü sabah deputat qrupu ilə birlikdə Göytalaya gedək.

Yazın ilk çağında o yerlərdə tez-tez sıx duman olduğundan əvvəl qərara gəlmişdik ki, kəndə minik maşınları ilə gedək. Sonra plan dəyişildi və bildirildi ki, duman çəkildiyindən yol aydın görünür. Odur ki, hamı Cıdır düzünə- bizi gözləyən vertolyota sarı getdik. Vertolyotda mən arxa tərəfdə Alı Mustafayevlə yanaşı oturmuşduq. Bir neçə dəqiqədən sonra biz Göytala kəndinə yaxınlaşdıq. Lakin ekipaj- vertolyotu idarə edənlər o yerlərə bələd olmadığından istiqaməti əvvəlcə erməni kəndi tərəfə götürdülər. Lakin bir dəfə dövrə vurduqdan sonra Göytalaya enməyə başladıq. Bu vaxt sanki surətlə hərəkət edən yelləncəyin kəndiri kəsildi. Vertolyot sürətlə aşağı doğru şığıdı. Yerə dəyərkən əvvəlcə onun quyruq hissəsi qırıldı və pərləri hərləndiyindən başı kəsilmiş toyuq kimi yerdə eşələnməyə başladı.

Düzünü deyim ki, hamı tutacaqlardan yapışıb öz ölümünü gözləyirdi. Uğultu kəsiləndən sonra kimsə qapını açdı və işarə etdi ki, çıxmaq olar. Sonradan öyrəndim ki, bu Yuri Kovalyovdur. Vertolyotdan çıxanda bərk həyəcanlı idim. Məndən bir az kənarda Daxili İşlər Nazirinin müavini Nurəddin Yusifovun üz- gözü qan içində idi. Alı Mustafayevsə əli ilə belini tutaraq yerə uzanmışdı. Biz vertolyotun partlayacağını görüb bir-birimizə kömək edə - edə oradan uzaqlaşdıq. Az keçmədi ki, bir neçə nəfər bizə yaxınlaşdı. Öyrəndik ki, onlar Turşsu kəndinin sakinləridir. Erməni quldurlarının vertolyotu necə vurduqlarını görüb özlərini hadisə yerinə çatdırmışdılar.

Birtəhər Laçın-Şuşa asfalt yoluna çıxıb təsadüfi avtomaşınlarla Şuşaya - rayon xəstəxanasına gəldik. Palatada Alı ilə yanaşı çarpayıda uzanmışdıq. Elə bir zədə almasam da başım fırlanırdı. Alı bir neçə telefon nömrəsi verib xahiş etdi ki, Bakı ilə əlaqə saxlayım. Çox çətinliklə Bakı ilə telefon əlaqəsi yarada bildik. Alı həyat yoldaşı Lalə xanımla, mən isə Şuşadakı evimizlə danışıb əhvalatı olduğu kimi çatdırdıq ki, narahat olmasınlar. Sonralar eşitdim ki, Alı Mustafayev aldığı xəsarətdən zədələndiyinə görə Bakıda cərrahiyə əməliyyatı olunmuş, böyrəyinin biri çıxarılmışdır.

- Ələddin müəllim, deyilənə görə sizin də adınız ermənilərin "qara” siyahısına düşübmüş...

- Bəli, belə bir şey olub. Amma qabağı alındı. 1991-ci ilin iyun ayının 8-də Azərbaycan Respublikası prokurorluğunun istintaq idarəsinin rəisi Adil Əsgər oğlu Ağayev Bakıdan mənə zəng etdi ki, sabah onu Qubadlıdan Laçına gedən yolda qarşılayım. Bu sevindirici hal idi. Çünki, Bakıdan Şuşaya gələn hər vəzifəli şəxs adamları ruhlandırırdı. Səhər UAZ markalı avtomobillə üzü Laçına sarı yola düşdük. Mənimlə bərabər silahlanmış iki nəfər milis işçisi də var idi. Ermənilər Daşaltı kəndi istiqamətindən bu yolu tez-tez atəşə tutduğundan səfərin təhlükəli olduğunu bilirdik.

Biz Laçından Qubadlı istiqamətinə dönərkən gördüm ki, artıq ətraf rayon prokurorları Adil müəllimi qarşılayıb çay içməyə dəvət etmişdilər. Laçın rayon prokuroru Dürhəsən İmanov Adil müəllimin onlarda qalmasını təklif etsə də qonaq razılaşmadı və mənimlə Şuşaya gedəcəyini bildirdi. Mən də çox oturmağı məsləhət bilmədim və xahiş etdim ki, tez getməliyik. Çünki qaranlıq düşməmiş "Qan çanağı”nı keçməliyik. Maşına əyləşib xeyli getmişdik ki, Adil müəllim məndən soruşdu:

- Dediyin Qan çanağı hayandadı?

- Az qalıb Daşaltı kəndinin üst tərəfindədir.

- Bəs niyə ora Qan çanağı deyirlər?

- Çox adamın qanı axıdılıb orada. Ona görə.

- Bir istədim ki, bu cavabla kifayətlənəm. Amma dözmədim:

- Adil müəllim, yadınızdadır Şəmayıl müəllimə və ailəsinin başına gələn faciə? Bax, həmin hadisə orada törədilmişdir. O vaxt əhvalat belə baş vermişdir. Şuşa Mədəni - Maarif Texnikumunun müəllimi Şəmayıl İbrahimova, qızı Kəmalə, gəlini və iki yaşlı nəvəsi ilə Şuşaya gedirmiş. Gəlini hamilə olduğundan Şəmayıl müəllimə yolda yubanmaq istəmir. Təkidlə sürücüyə deyir ki bu gün Şuşada olmalıyıq.

Daşaltı kəndinə yaxınlaşarkən pusquda durmuş ermənilər maşını atəşə tutmuş, bütöv bir ailəni və sürücünü qətlə yetirmişdilər. Həmin gecənin səhəri Daşaltı kəndindən olan bir erməni Şuşaya zəng edib bildirib ki, Yeravandan gəlmiş ermənilər sizin bir maşını güllələyib. Gedin meyitlərinizi aparın. Onu qeyd edim ki, bizim kimi bəzi ermənilər də inanmırdı ki, baş verən bu hadisələr sonradan belə düşmənçiliyə çevriləcək. Məsələn, mütəmadi olaraq Qaladərəsi kəndindən (məncə sovxoz direktoru idi) Qrişa və Daşaltıdan adını unutduğum bir erməni mənə baş verən hadisələr haqqında məlumat verirdilər.

Nə isə, biz Adil müəllimi sağ - salamat Şuşaya çatdırdıq. Həmin günlərdə SSRİ Baş Prokurorluğunun Beynəlxalq Əlaqələr İdarəsinin rəisi və istintaq idarəsinin rəhbəri də Şuşada idilər. Mən dilucu Adil Ağayevə dedim ki, istintaq idarəsinin rəisi Nenaşev Nikolay İliç məndən izahat tələb edir. Səbəb də ermənilərin nəşr etdirdikləri "Qarabağ” qəzetində mənim adımın tez-tez hallanması idi. Adil müəllim gülüb dedi ki, qələt eləyirlər, onları azdıraram, rədd olarlar. Elə də oldu.

- Bayaq demişdiniz ki, Şuşanın işğalı Kərkicahandan başladı.

- Doğrudur. Bu həqiqətən belə olmuşdur. 1991-ci ilin noyabr ayında vəziyyət həddən artıq gərginləşmişdi. Erməni quldurlarının aramsız silahlı basqını nəticəsində Kərkicahan kəndindən qadınlar və uşaqlar çıxarılmışdır. Tez- tez qara xəbərlər gəlirdi. Biz başa düşürdük ki, avtomat və iriçaplı silahlar ilə atəşə tutulan kənd sakinlərinə kömək olmasa, Kərkicahanın kişiləri də oranı tərk edəcək. Məlum idi ki, onların o qədər də silah və sursatları yox idi. Noyabr ayının ortalarında Baş prokuror İsmət Qayıbov Şuşaya gəlmişdi. O Şuşa həbsxanasında saxlanılan erməniləri dindirir, cinayət törədənləri və onları təhrik edənlərin adlarını müəyyənləşdirməyə cəhd edirdi.

Həmin günlərdə mən Kərkicahanlılara dəstək olmaq məqsədiylə bir əməliyyat keçirdim. 6 nəfər milis işçisi, sürücüm Azay Məmmədovla gecəykən Kərkicahan istiqamətində hərəkət edərək ermənilərin atəş açdıqları nöqtələri müəyyənləşdirib həmin ərazini gülləyə tutduq. Əməlli-başlı vuruşma oldu. Biz mühasirəyə düşəcəyimizdən ehtiyat edərək səhərə yaxın geri çəkildik. Səhər Kərkicahan polis bölməsinin rəisi Qurban müəllim prokurorluğa gəlib bildirdi ki, şuşalıların açdığı atəş nəticəsində ermənilərdən yeddi nəfər ölmüş, xeyli adam yaralanmışdır. 1991-ci il noyabr ayının 20-də Ağdam rayon prokuroru Zakir Məmmədov telefonla zəng edib xəbər aldı ki, Baş prokuror Şuşadadırmı? Bildirdim ki, bir neçə gün bundan əvvəl burada olub. Bu gün gələn olmayıb. Sonradan bildik ki, Martuni (Xocavənd) rayonunun Qarakənd kəndi yaxınlığında, hərbi vertolyot naməlum şəxslər tərəfindən vurulmuş, İsmət Qayıbov, Məhəmməd Əsədov, Alı Mustafayev və başqaları

- Azərbaycanın 23 nəfər görkəmli şəxsləri faciəli surətdə həlak olmuşlar. Hadisədən iki gün sonra, yəni noyabr ayının 22-dən 23-nə keçən gecə Şuşa ermənilər tərəfdən iri çaplı silahlardan atəşə tutuldu. Bir neçə ev dağıdıldı, onlarla adam yaralandı. 1991-ci ilin dekabr ayının 1-dən 2-nə keçən gecə top və alazanlardan atəşə tutulan Şuşada 1969-cu il təvəllüdlü, Ağcabədi rayonunda anadan olmuş milis serjantı (polis çavuşu) Həsənov Elman Famil oğlu və Xüsusi Təyinatlı Polis Dəstəsindən olan 1970-ci il təvəllüdlü, Qusar rayonun Düztahir kəndində anadan olmuş Şahin Əlifov yaralandı. Atəş nəticəsində İstehsalat Kombinatının otaqları yanıb sırdan çıxdı. Çətinliklə də olsa öyrəndik ki, həmin gün Kərkicahan kəndində 20 ev yandırılıb, 2 nəfər öldürülüb və 5 nəfər yaralanmışdır. Yavaş- yavaş kərkicahanlılar Şuşaya axışmağa başladı. Vəziyyətin belə dözülməzliyi, o vaxtkı respublika rəhbərliyinin səriştəsizliyi, Şuşanın demək olar ki, mühasirədə olması rayon rəhbərliyini məcbur edirdi ki, bütün məsuliyyəti öz üzərinə götürüb, ekstremal şəraitdən çıxış yolunu özü tapsın. Şuşa rayon polis şöbəsinin rəisi Vahid Bayramov, rayon prokuroru kimi mən və rayon icra hakimiyyəti başçısı Mikayıl Gözəlov Stepanakert şəhərinin rəhbərləri ilə zəngləşib 1991 - il dekabrın 7-də saat 12-də görüşməyi qərara aldıq. Görüşün keçriləcəyi yeri də danışıb razılaşdıq. Stepanakertdən Şuşaya gedən yolda "Ağa” körpüsündən bir qədər Şuşaya tərəf olan istiqamətdə "Zərin bağ” deyilən yerdə görüşməliydik. Görüş deyilən vaxtda və deyilən yerdə baş tutdu. Mən Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru Armen Armaisoviç İsaquliyevlə, V. Bayramov vilayət rəhbərliyində müşavir işləyən (sonralar Ermənistan Respublikasının prezidenti olmuş) Robert Köçəryanla, M. Gözəlov isə Vilayət rəhbəri Leonard Petrosyanla görüşdük.

Biz belə bir təklif etdik ki, atəş dayandırılsın, Ağdam - Şuşa yolu açılsın, girovlar dəyişdirilsin. O vaxt Şuşa şəhər sakini Nizami Rzayev və (sonralar Bakı şəhər prokuroru olmuş) Şükür Rzayev girov saxlanılırdı. Doğrudur, müvəqqəti də olsa qarşı tərəf şərtin birinə əməl etdi. Atəş dayandırıldı. Lakin erməni xəyanəti yenə də özünü göstərdi. Səhəri gün - dekabr ayının 8-də Kərkicahan yenə atəşə tutuldu və Mübariz Rüstəm oğlu Mirzəyev, Ələmşah Rəhim oğlu Şükürov, Yaşar Yaqub oğlu Əhmədov ağır yaralandı.

Qeydlərimə əsaslanaraq 1991-ci ilin dekabr ayının 12-də Kərkicahanda vuruşma zamanı yaralanan oğullarımızın adlarını çəkmək istəyirəm: Əliyev Tiflis Çingiz oğlu, Süleymanov Məmməd Şamil oğlu, Hacıyev Afiq Rasim oğlu, İbrahimov Zülfüqar Hacı oğlu, Ağalarov Sarvan Həmzə oğlu, Rəsulov Məhiş Nəriman oğlu, Quliyev Fərhad Almurad oğlu, Xudaverdiyev Telman Əbdüləzim oğlu, Salahov İqor Eldar oğlu, Hacıyev Xanlar Əli oğlu, Teymurov Rizvan Rəhman oğlu və başqaları. Qeyd edim ki, 17-35 yaş arasında olan bu gənclərin çoxu şuşalı idi. Dekabr ayının 29-dan 30-a keçən gecə toplardan atılan atəş nəticəsində Şuşanın elektrik və su xətləri dağıdıldı. Ələddin müəllim danışdıqca onun demək istədiklərini, amma demədiklərini üz - gözündən, həyəcandan səyirən dodaqlarından oxuyurdum.

O danışdıqca bir daha həmin günlərə qayıdır, olub- keçənləri xəyalən çözələyir və qəti olaraq belə qərara gəlirik ki, həqiqətən, Xocalı faciəsi, Dağlıq Qarabağ və ətraf rayonların işğalına gedən yol Kərkicahandan və Şuşadan başlayıb. Şuşanın işğalıda isə tək erməniləri yox, o vaxt respublikaya rəhbərlik etmiş vəzifə hərislərini, bacarıqsız məmurları, laqeydliklə seyrçi mövqedə dayanan səlahiyyət sahiblərinin günahlandırırıq. Hələlik isə, Ələddin Heydər oğlu Ələsgərovun dediklərini olduğu kimi qələmə aldığımızdan, onunla etdiyimiz söhbətin yekununu nəzərə çatdıraq.

- Ələddin müəllim, siz Şuşanı nə vaxt tərk etmisiniz?

- Azərbaycan Respublikası Baş prokuroru vəzifəsini icra edən 3-cü dərəcəli ədliyyə müşaviri M. Cəfərquliyevin 17 fevral 1992-ci il, 150 saylı əmri ilə Şuşa rayon prokuroru vəzifəsindən azad edilərək respublika prokurorluğunun istintaq şöbəsinin prokuroru təyin edilmişəm.

- Yenə də Şuşaya qayıtmaq istərdinizmi?

- Oy, oy! O nə sözdür? Şuşa mənim həyatımın bir hissəsidir. Şuşa - əmək fəaliyyətim dövründə ən qiymətli günlərimin od - alovla keçən ömrümün şahididir. Şuşada mən özümü dağ başında qartal kimi hiss edirdim. O dağda ki, mənim orada yuvam vardı. Necə deyim ki, məni düzgün başa düşəsiniz. Başqa şuşalılar kimi mənim də orada evim qalıb. O vaxtlar fikirləşirdim ki, bir gün gələr, təqaüdə çıxaram, ömrümün qalan hissəsini burada keçirərəm. Amma təəssüf ki, həsrətlə, xiffətlə keçən günlərimin, illərimin sayı artmaqdadır.

Əllədin müəllimlə söhbət neçə gündür ki, məni mütəəssir edib. İstər- istəməz mən də Şuşanın işğalı ilə bağlı bəzi məqamları yada salmalı oldum. Azərbaycanda Silahlı Qüvvələrin yaradılması elan olunandan bir neçə ay sonra mən də könüllü olaraq Müdafiə Nazirliyinə gəlib xidmət etmək arzusunda olduğumu bildirdim və zabit rütbəsində dörd il hərbi jurnalist kimi fəaliyyət göstərdim. Xidmətim müddətində "Xəzərin keşiyində” qəzetinin baş redaktoru və "Azərbaycan Ordusu” qəzetlərində baş redaktorun birinci müavini vəzifələrində çalışsam da bütün xidmət və yaradıcılığım müddətində ordu quruculuğu məsələləri ilə maraqlanmışam. Oxuyub- eşitdiklərimdən belə məlum olurdu ki, Silahlı Qüvvələr quruculuğu bir sıra məsələləri kompleks şəkildə özündə birləşdirir.

Bura qoşunların komplektləşdirilməsi, təşkilat struktru, silahlanma və təchizat, şəxsi heyətin təlim və tərbiyə sistemi, səfərbərlik və döyüş hazırlığı ilə bağlı məsələlər daxildir. Bir neçə rəqəm və faktları yada salmaqla istərdik ki, Şuşanın işğalı məsələsinə bir daha aydınlıq gətirək. Əlbəttə, oxucular müxtəlif, baxışlar başqa-başqa olsa da, ortada olan budur ki, Şuşa işğal olunub və ermənilərin əsarəti altındadır. 17 ildir ki Şuşamız həbsdədir. Ələddin müəllim şahid kimi gördüklərini danışdı, bizsə müşahidələrimizi diqqətə çatdıraq. SSRİ-də Kommunist Partiyasının (1991-ci il 19 avqust) süqutundan sonra həmin ayın 30-da Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyası keçirildi. Sessiyada ittifaqda və respublikada yaranan vəziyyət müzakirə olunaraq "Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə” qəbul edildi. Həmin sessiyada dövlətin vacib atributlarından biri olan Silahlı Qüvvələrin təşkili barədə məsələ müzakirə edilərək "Azərbaycan Respublikasının milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında” qərar qəbul olundu. Tezliklə Silahlı Qüvvələrin yaradılmasına qədər ərazi bütövlüyümüzü qorumaq, kənd və şəhərlərimizi erməni basqınlarından müdafiə etmək üçün haqq işi uğrunda mübarizə aparan könüllü özünümüdafiə dəstələri yaradıldı.

Təəssüf ki, o vaxt respublikaya rəhbərlik edən Ayaz Mütəllibov Silahlı Qüvvələrin yaradılmasında tərəddüd edir, AXC-nin nüfuzundan qorxaraq, yaradılacaq ordunun onun hakimiyyətinə qarşı çıxacağından ehtiyyatlanırdı. Odur ki, o, hakimiyyətdən gedənədək öz dediyini sübuta yetirməyə çalışırdı: "Bizə ordu yox, Milli Qvardiya yaratmaq lazımdır.” Ayaz Mütəllibovun zəifliyindən istifadə edən bəzi adamlar vəzifə qoparmaq həvəsinə düşdülər. Məsələn, 1991-ci ilin dekabr ayının 5-də Müdafiə Nazirliyinin qarşısında mitinq təşkil edildi. Toplaşanlar müdafiə naziri Valeh Bərşadlının istefasını tələb etdilər. Bir neçə gün sonra prezident V. Bərşadlını müdafiə naziri vəzifəsindən azad edilməsi və o vaxt respublikanın hərbi komissarı vəzifəsinə yenicə başlamış Tacəddin Mehdiyevin müdafiə naziri təyin olunması barədə fərman imzaladı. Məhz T.Mehdiyevin müdafiə naziri təyin olunduğu vaxtda Kərkicahanda vəziyyət daha da mürəkkəbləşdi. 1991-ci ilin dekabr ayının 27-də kəndin ətrafında gedən döyüşlərdə birinci taborun 8 döyüşçüsü erməni silahlıları tərəfindən əsir götürülmüş, 4 nəfər itkin düşmüşdür.

1992-ci ilin yanvar ayının 19-da Kərkicahan kəndi erməni silahlıları tərəfindən işğal edildi. Qeyd edək ki, işğala qədər son bir ayda silahlı qüvvələr, özünümüdafiə dəstələri və milis işçilərindən 30-a qədər döyüşçü həlak oldu. ("Müxalifət” qəzeti, 15.02.1992) 1992-ci il fevral ayının 17-də Tacəddin Mehdiyev Müdafiə naziri vəzifəsindən azad edildi. Onun icrası Şahin Musayevə həvalə olundu. Ş. Musayev 5 gün sonra Azərbaycan Respublikası Silahlı Qüvvələri komandanlığının və onun idarələrinin ləğvi barədə əmr imzaladı. Ölkənin çətin bir vəziyyətində hissə və bölmələrin təşkilinə rəhbərlik edən strukturun ləğv olunması vəziyyəti daha da gərginləşdirdi.

Təsəvvür edin, "Silahlı Qüvvələr haqqında Qanun ”un qəbul edilməsindən 4 ay keçsə də Silahlı Qüvvələrin sıralarında cəmi 150 nəfər hərbi xidmətçi var idi. ("Müxalifət” qəzeti, 29.02.1992 ) 1992-ci ilin mart ayının 17-də Rəhim Qazıyev yeni müdafiə naziri tayin edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması Silahlı Qüvvələrin hərbi hissələri, Xüsusi Təyinatlı milis dəstələrinin, Dövlət Təhlükəsizliyi Komitəsi bölmələrinin, özünümüdafiə və könüllü dəstələrin qarşısında dayanan əsas vəzifə olsa da, onların fəaliyyətini nizamlayacaq və məqsədyönlü şəkildə istiqamətləndirəcək vahid rəhbərliyin olmaması nəticəsində göstərilən cəhdlər heç də həmişə uğurla sona çatmırdı.

Məsələn, 1992-ci il yanvar ayının 31-də Xramort- Fərrux istiqamətində keçrilmiş döyüşdə Şirin Mirzəyevin və Xudu Xuduyevin komandir olduğu hissələr Müdafiə Nazirliyinə, Faiq Baxşəliyevin komandir olduğu hissə Daxili İşlər Nazirliyinə tabe idisə, Yaqub Rzayevlə Allahverdi Bağırovun komandir olduğu dəstələr heç bir dövlət orqanının strukturuna daxil deyildilər. Bax, elə bu cür vahid rəhbərliyin olmamasının nəticəsi idi ki, Xocalı faciəsi günlərində Əsgəran istiqamətində toplanmış çoxsaylı qüvvələrin birgə səmərəli əməliyyatını keçirmək mümkün olmadı. Əgər 1992-ci ilin əvvəlində Rəhim Qazıyevin Şuşaya gəlişi burdakı qüvvələr arasında bir canlanma yaratdısa da, nazir olduqdan sonra sanki Şuşa yaddan çıxdı.

Şuşa şəhər milis şöbəsinin rəisi Vahid Bayramovla buradakı tabor komandiri Elçin Məmmədov komandan təyin olunsalar da, onların hansının üstün səlahiyyətə malik olması aydın deyildir. Hərbi hissələrdə fərarilik, özbaşınalıq baş alıb gedirdi. Şuşanın işğalı ərəfəsində buradakı əsgər və zabitlərin sayı 500 nəfər idi.("Müxalifət” qəzeti, 05.06.1992) Şuşadakı vəziyyətin mürəkkəbliyi 1992-ci ilin mart ayında Müdafiə Komitəsinin iclasında müzakirə edilmiş ("Ədalət” qəzeti, 22.01.1993) və onun aradan qaldırılması üçün aprel ayının 26-da Elbrus Orucov Şuşa şəhərində yerləşən hərbi qüvvələrin ümumi komandanı təyin edilmişdi. Lakin qısa müddətdə Şuşanın müdafiəsini təşkil etmək mümkün olmadı.

Yeri gəlmişkən bildirək ki, burada qüvvələr bərabərsizliyi də öz işini gördü. Əslən Rostovdan olan Arkadi adlı bir erməninin rəhbərliyi altında Şuşaya qarşı həyata keçrilən hücumda 80-ə yaxın T-72 tankı və minlərlə silahlı iştirak edirdi.("Müxalifət” qəzeti, 05.06.1992) Şuşanın müdafisəinə isə cəlb edilmiş 24 ədəd hərbi texnikanın ("Demokratik Azərbaycan” qəzeti, 02.01.1993) olması atəş qüvvəsindən düzgün istifadə edilməməsi isə şəhərin onsuz da möhkəm olmayan müdafiəsini daha da zəiflətdi və... el Şuşadan, Şuşa eldən ayrı düşdü.

17 ildir ki, məcburiyyət qarşısında qalıb Şuşasından didərgin düşənlər dövlətimizin, xüsusən prezident İlham Əliyevin qayğısı nəticəsində dolanışıq tapsalar da hər an inamla yaşayırlar ki, bu yurd həsrətinin mütləq bir sonu olacaqdır.

# 3180 dəfə oxunub

Müəllifin son yazıları

# # #