Vaqif Bayatlı Odəri niyə belə sevdik, belə istədik... – Nadir Yalçın

Vaqif Bayatlı Odəri niyə belə sevdik, belə istədik... – Nadir Yalçın
2 oktyabr 2025
# 15:00

Kulis.az Nadir Yalçının "Vaqif Bayatlı Odəri niyə belə sevdik, belə istədik..." yazısını təqdim edir.

Vaqif

Bayatlı

Odər

Şairin imzasını üç hissəyə ayırıb alt-alta yazanda da nəğmə, ritm, poetik ardıcıllıq, ahəng yaranır. Bayat da var, od da var, ər də var…

Vaqif hardadır?

Bu ilin iyulunda şairin 77 illik tədbirində bu sualı mənə Xalq yazıçısı Kamal Abdulla ünvanladı. Əlində rəngli, görünməz sellofan paket var idi. Dayandı. Sağa baxdı, sola baxdı, dodaqaltı nəsə deyib sual verdi:

– Vaqif hardadır?

– Hələ gəlməyib, bilmirəm, – çiyinlərimi çəkdim.

Sonra şairin adını fikrimdə üç hissəyə bölüb alt-alta yazdlm…

Vaqif

Bayatlı

Odər

Bayat var,

od var,

ər var…

Vaqif hardadır?

Həmin tədbirdə Kamal Abdulla əlindəki sellofanı verib: “Qalsın səndə, götürəcəm, Vaqif üçün gətirmişəm”, – dedi.

Sellafonun içindəkinin şokolad qutusu olduğu aydın oldu.

***

O tədbir barədə geniş yazacaqdım, lakin həyatımda baş verən sürətli dəyişikliklər imkan vermədi.

“Tumanı on taxta arvadlar,
“Baxtın var, baxtın var” deyə-deyə
siz də aldatdınız məni” –
yazırdı Vaqif Bayatlı Odər.

Şairin tədbirindən sonra baş verənləri fikirləşəndə bu misraları pıçıldayıram və bilirəm ki, tumanı on taxta arvadlar “baxtın var, baxtın var” deyə-deyə məni də aldadıbmış.

Və sonra

“üst-üstə düşdü
ürəyimdəki çatlarla
divardakı çatlar”.

Nə qədər qarışıqlıq olsa da, mən bəzi şeyləri unuda bilmirəm.

Tamam Bayatlını deyirəm…

Üzündən, gözündən, saçından, danışığından, səsindən misra tökülən Vaqif Bayatlı Odərin belə tamamlayıcısı olduğuna görə, növbəti dəfə Tanrıya minnətdarlıq hissi yaranır.

Tamamlıq cümlə üzvü kimi ən həssas və dəyərlidir. Mübtəda və xəbərlə cümlə qurmaq, sadə fikirləri qırıq-qırıq ifadə etmək olar. Amma yarım-yapalaq yox, bütövləşməkdən ötrü mütləq sənə tamamlıq lazımdır. Səni tamamlamaq lazımdır...

Vaqif Bayatlı Odərin bəxtinə bu tamamlıq Tamam Bayatlının simasında düşüb.

Tamam xanımla ünsiyyətdə olanda onun necə zabitəli, ötkəm, xarakterli insan olduğunu bilmək olur. Amma söhbət Vaqif müəllimdən və onun poeziyasından açılanda Tamam xanımın ciddi siması bir anın içində özünü emosiyalara, hisslərə təhvil verir.

77 illik tədbirdə çıxış edəndə Tamam xanım bir situasiyanı dilə gətirdi, kövrəldi, hamımız da ona qoşulduq:

“Vaqif müəllimin səhhətində son vaxtlar problemlər yaranıb. Dərmanlarını Türkiyədən gətizdiririk, burda yoxdur. Bir dəfə gördüm ki, evdə iki-üç günlük dərman qalıb. Çox təlaş keçirdim ki, hardan tapacam, necə edəcəm? Fikirləşdim ki, bəlkə, özüm gedib gətirim? Radioda eşitdim ki, Sabir Rüstəmxanlı Türkiyədədir. Əvvəl tərəddüd etdim, dedim, tədbirlərdə olar. Amma sonra vatsapda özünə yazdım. Həmin an cavab yazdı ki, dərmanların adını yaz. Sabir bəy, sizə təşəkkür edirəm...”

Dərman azalanda keçirdiyi təlaş bu söhbətlərin bir faizidir. Vaqif Bayatlı Odərlə onun Cəbrayılzadə vaxtlarından bu günə qədər ömür sürmək... Ləyaqətlə ömür sürmək... Şairə layiq həyat sürmək...

77 illik tədbirlə bağlı bir məqamı da vurğulamaq lazımdır. Şair Fərid Hüseyn Bayatlılar ailəsinin üzvünə çevrilib. Neçə illərdir Vaqif müəllimlə danışır, arxivini ələk-vələk edir, araşdırır, axtarır...

Bunun nəticəsində də “Türkün şərəfli oğlu”, “Göyüzünə yazılanlar”, “Göyüzüylə söhbətlər” və “Biblioqrafiya” kitablarını ərsəyə gətirib. Dörd kitab birlikdə Vaqif Bayatlı Odərin porterini yaradır. O tədbirin də təşkilatçılığında Fəridin birbaşa rolu, zəhməti var. İndiki dövrdə kimdir bu missiyaları üzərinə götürən?!

***

Vaqif Bayatlı Odəri niyə sevməliyik? Niyə sevirik?

Onu heç vaxt canlı görməmişəm, bilmirəm, adi məişətdə necə danışır, necə hərəkət edir?

Vaqif Bayatlı Odəri ona görə sevmək lazımdır ki, o əsl şair obrazı, şair xisləti, şair ecazı ilə mövcuddur və bunu bizə göstərməyi bacarır. Təkrəng, birxətli, yeknəsək, bircür deyil. Rəngbərəng, çoxxətli, çoxsəsli, müxtəlif cürdür.

Bu süni intellekt və süni münasibət dövründə həqiqi şair nümunəsinin mövcudluğu göydəndüşmə məsələdir. Və Vaqif Bayatlı şairin, şairinin təbinin göylərdən gəldiyinə inandırır insanı. Şairin əsl gücü inandırmaqdadır.

Biz inanmaq istəyən, inanc axtaran camaatıq. Hardasa qara bir daşa müqəddəslik donu geyindirəndə tez o daşa inanırıq. Amma niyyətimiz pis olmur. Allaha, kitaba inanan adamlarıq.

Bu inandıqlarım içində Vaqif Bayatlı Odərə də inanıram, and olsun bu dünyanın Vaqifinə...

Başqa bilmirəm, sizi niyə belə sevdik, belə istədik, niyə?

***

O tədbirin sonunda Kamal Abdullaya yaxınlaşdım. Tədbir başlayanda mənə saxlamaq üçün verdiyi, içində şokolad qutusu olan sellafonu özünə qaytardım. Qaşlarını yuxarı qaldırıb yenidən gözlərini qıydı:

– Vaqif gəlmədi...

Dedi və getdi.

Sonra yeni nəğməmi mızıldandım:

Vaqif

Bayatlı

Odər

Bayat var,

od var,

ər var…

Vaqif hardadır?

***

Vaqif Bayatlı Odərə şəfa diləyirik, şeirlərini dua kimi pıçıldayırıq və 80 illik yubileyində iştirak etməyini arzulayırıq.

# 261 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər