Su gətirin Arazımı söndürməyə... - Davud Nəsib

Su gətirin Arazımı söndürməyə... - Davud Nəsib
25 avqust 2025
# 14:20

25 avqust şair Davud Nəsibin doğum günüdür.

Kulis.az bu münasibətlə şairin həyatı, yaradıcılığı ilə bağlı maraqlı faktları və onun "Araz axır" şeirini təqdim edir.

Azərbaycan ədəbiyyatının istedadlı simalarından biri olan Davud Məcid oğlu Nəsibov 1942-ci il avqustun 25-də Qazax şəhərində anadan olub.

Davud Nəsibin ədəbi fəaliyyəti 1956-cı ildə “Qalibiyyət bayrağı” qəzetində dərc olunan “Mənim doğma çayım – mənim Kür çayım” adlı ilk şeiri ilə başlayıb.

O, həm şair, həm də yazıçı kimi zəngin irs qoyub, SSRİ xalqları poeziyasından bədii tərcümələr də edib.

Macar şairi Mikloş Radnotinin şeirlərini Azərbaycan dilinə uğurla çevirib.

Təhsilini Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində (1959-1963) davam etdirən Davud Nəsib 1971-1972-ci illərdə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdində ali ədəbiyyat kursunu bitirib.

O, həmçinin Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, “Ədəbiyyat və İncəsənət” qəzetində ədəbi işçi və şöbə müdiri kimi fəaliyyət göstərib.

Yazıçılar İttifaqının Rəyasət Heyətinin üzvü olub.

Davud Nəsibin poetik irsinə aid “Gözüm səni axtarır”, “Dağlar danışsaydı”, “Məhəbbət yolları”, “Ürək sözsüz danışır”, “Ümid qatarı”, “Bizdən sonra yaşayanlar”, “Əsrin laylası”, “Azərbaycan bayatısı”, "Dünya bir körpüdür” , “Karvan gedir” kimi kitablar daxildir.

Ədəbi yaradıcılığında həmçinin tarixi mövzulara müraciət edib, “Cavanşir” və “Cavanşirsiz məmləkət” adlı ikihissəli tarixi romanlarını yazıb.

Davud Nəsib 2003-cü ilin mart ayında qəzaya uğrayaraq dünyasını dəyişib.

Araz axır

Buludlardan cərgə düşür,
Sərhəd boyu kölgə düşür.
Torpaq üstə qopan kölgə
O sahillə bu sahilə
Birgə düşür.

Keçir Araz, qəmli keçir,
Gözü yaşlı, nəmli keçir.
Keçir Araz
Dalğa-dalğa, ləpə-ləpə.
Sahilinə hicran odu səpə-səpə.
Keçir Araz qüssə-qüssə, kədər-kədər,
Bu qüssəsi, bu kədəri dünya qədər.

Baxır Araz
O sahilə yana-yana,
Su istəyir, siz su verin içsin ona.
Onun suyu su deyildir,
İçmək ola.
Onun suyu su deyildir keçmək ola.

Axır Araz bir od kimi
Yana-yana.
Axır Araz,
Axır dayaz.
Dəhşətə bax:
Su yanarmış Yer üzündə.
Su gətirin
Arazımı söndürməyə...

# 126 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər