11 avqust məşhur öncəgörücü bolqar Vanqanın vəfat etdiyi gündür.
Kulis.az bu münasibətlə zaman-zaman haqqında miflərin və mistik hekayələrin danışıldığı kahin qadın haqqında maraqlı faktları təqdim edir.
Baba Vanqa — əsl adı Vanqelia Pandeva Gushterova Bolqarıstanın kiçik bir kəndində, vaxtından iki ay əvvəl dünyaya gəlib. Körpəlik dövründə ölüm-dirim mübarizəsi verib, anasını tez itirib və uşaqlıqda baş verən sirli bir hadisə ilə kor olub.
Rəvayətə görə, iki əmisi qızı ilə gəzərkən güclü bir fırtına onu havaya qaldırıb və iki kilometr uzağa atıb. Tapıldıqda gözləri toz-torpaq içində imiş. Ailəsinin imkansızlığı səbəbindən müalicə olunmayıb və nəticədə görmə qabiliyyətini tam itirib.
Bu hadisənin baş verdiyi illərdə bölgədə belə bir təbiət hadisəsinin qeydə alınmaması, fırtınanın yalnız Vanqanı təsirləndirib digər uşaqlara toxunmaması və yalnız gözlərini itirməsi, bu hekayənin doğruluğunu şübhə altına alır.
Vanqa daha sonra korlar məktəbində təhsil alır. Bu dövrdə insanlar arasında “gələcəyi görmək” bacarığı ilə tanınmağa başlayır. Ətraf kəndlərdə kim kiminlə evlənəcək, kimin sağlamlıq problemi var — kimi suallara verdiyi cavablarla diqqət çəkir.
29 yaşında ağır xəstəlik keçirir və həkimlər onun yaşamasının mümkün olmadığını bildirirlər. Amma ertəsi gün o, möcüzəvi şəkildə sağalır. Həmin hadisədən sonra Vanqa, at üstündə və işıq içində bir kişinin ona görməli olduğu şeyləri izah etdiyini və bu ismarıcları insanlara ötürməli olduğunu söyləyir. Bu nöqtədən sonra isə əfsanəvi Baba Vanqa obrazı formalaşmağa başlayır.
İkinci Dünya Müharibəsi zamanı Vanqanın şöhrəti sürətlə artır. İnsanlar yaxınlarının taleyini öyrənmək üçün onun yanına axışır. Lakin bu dövrdə, müharibə zamanı bir çox kişinin ölməsi və ya yaralanması ehtimalını nəzərə alsaq, Vanqanın dediklərinin düz çıxması çox da qeyri-adi görünmür.
Müharibədən sonra isə Vanqa Bolqarıstanın kommunist dövründə daha da məşhurlaşır. Başlanğıcda “cadugərlik” kimi qınansa da, xalqın böyük sevgisi və marağı səbəbilə fəaliyyətinə icazə verilir.
Hətta daha sonra dövlət bu maraqdan faydalanaraq, onu rəsmi şəkildə “dövlət kahini” elan edir. Gələn qonaqlardan görüş haqqı alınmağa başlanır: Bolqar vətəndaşları üçün bu məbləğ 5 dollar, xaricilər üçün isə 50 dollar idi. Bu vəsaitlər birbaşa dövlətə gedirdi.
Vanqanın istəyi ilə, təbiət qoynunda, gözəlliklərlə dolu bir ərazidə onun üçün xüsusi bir ev inşa olunur. Daha sonra bu bölgəyə monastır və dini komplekslər də tikilir. Bu gün həmin yer turistlərin ziyarət etdiyi məşhur bir mərkəzdir.
Baba Vanqa özünü inanclı bir pravoslav xristian kimi tanıtsa da, pravoslav kilsəsi ilə münasibətləri heç də isti olmayıb. Kilsə onun şeytani qüvvələrlə əlaqədə olduğunu iddia edib. Aforoz ( kilsədən xaric edilməsi) edilməsi dəfələrlə gündəmə gəlsə də, xalqın sevgisi buna imkan verməyib. Bu isə kilsə ilə xalq arasında gərginliyə səbəb olub.
Digər tərəfdən, Vanqanın siyasi fiqurlarla münasibətləri də müzakirə mövzusu olub. Kommunist hökumət onun məşhurluğundan istifadə edərək görüşləri nəzarət altında saxlayırdı. Vanqanın yanında daim dövlət tərcüməçisi olurdu və bu görüşlərin bəzilərinin səhnələşdirildiyi də iddia olunur.
Xüsusilə Rusiya ilə bağlı etdiyi "proqnozlar" — Rusiyanın daimi güc sahibi olacağı, ABŞ-ın isə məhv olacağı kimi iddialar — siyasi məqsədlərlə manipulyasiya edildiyi şübhələrini artırır.
Vanqanın şəxsi həyatlar və sağlamlıqla bağlı bəzi təxminləri bir yana, onun gələcəklə bağlı “kəhanət”lərinin əksəriyyəti ya ümumi, ya da heç reallaşmamış ifadələrdir.
Ən maraqlısı isə odur ki, Vanqanın bu kəhanətləri birbaşa onun öz dilindən yox, ətrafındakıların və ya sonrakı dövrdə yazılmış qeyri-rəsmi mənbələrin vasitəsilə yayılıb. Onun hər il üçün fərqli kəhanətlər verdiyinə dair heç bir etibarlı sənəd və sübut yoxdur. Media və internetdə hər il təqdim olunan "Bu il üçün Baba Vanqa kəhanətləri" demək olar ki, sonradan uydurulmuş və dəyişdirilmiş ifadələrdir.
İnsanlar qeyri-müəyyənliklərlə dolu bir dünyada müəyyənlik axtardığına görə Vanqa fenomeni də məhz bu psixoloji ehtiyac üzərindən formalaşıb.
Dövlətin, medianın və xalq inancının birləşdiyi bir yerdə Vanqa, həm siyasi, həm sosial, həm də iqtisadi məqsədlərlə istifadə edilən bir simvola çevrilmişdi.
Onun hekayəsi isə, gerçəklərlə miflərin necə iç-içə keçə biləcəyinə bariz nümunədir.