Səs - Silvina Okamponun hekayəsi

Səs - Silvina Okamponun hekayəsi
22 oktyabr 2023
# 10:00

Məşhur argentinalı şair, yazıçı, rəssam Silvina Okampo qısa hekayələri, şeirləri və uşaq ədəbiyyatına verdiyi töhfələrlə yadda qalıb. O, Parisdə tanış olduğu Fernan Leje, Ciorcio de Çiriko kimi ustalardan rəssamlıq dərsləri alıb. Birlikdə maraqlı işlərə imza atdığı yaxın dostu Xorxe Luis Borxes Okamponu “istər okeanın bu tayında, istər o tayında ən böyük ispandilli şairlərdən biri” adlandırıb.

Kulis.az Silvina Okamponun "Səs" hekayəsini təqdim edir.

Payız yayın özündən çox yaya bənzəyirdi. İsti bir payız günü idi. Əynimdə mavi ipək paltarım, qucağımda ad günümə hədiyyə edilmiş pekines cinsi itimlə nişanlımın evinə gəlmişdim. Həmin günü aydın xatırlayıram.

– Qısqanclıq bütün dünyanı idarə edir, – Romirio ilə qısqanclıq ucbatından evlənmədiyimə inanan senyora Yapura dedi, – Oğlum ancaq pişiklə yatır.

Romirio ilə evlənməməyimin, bu qərarı verə bilməməyimin səbəbi başqaydı. Bəzən insanın dediyi sözlər səsin tonundan asılı olur. Deyəsən, sözü çox dolandırdım, amma bunun bir izahı var. Nişanlım Romirionun səsi məni iyrəndirirdi. Ağzından çıxan hər söz, bunu böyük hörmət bəsləyərək desə də, barmağımın ucuna belə toxunmasa da, mənə ədəbsiz gəlirdi. Onu sevə bilmirdim. Mən məyus olurdum, ona görə yox, səxavətli və mehriban anasına görə. Bu qadının yeganə üzdə olan qüsuru qısqanclıq idi, amma artıq qoca olduğu üçün yəqin o da yoxa çıxmışdı. Həm də ki, şayiələrə inanmaq olarmı? Camaatın dediyinə görə, o, çox cavan yaşında bir oğlanla evlənmişdi, çox keçmədən oğlan onu başqa biri ilə aldatmışdı. Bundan şübhələndiyi üçün xəyanəti üzə çıxarmağa çalışaraq düz bir ay yuxusuz qalmışdı. Öyrəndikdə isə sanki ürəyinə bıçaq sancılmışdı. O, heç nə deməmişdi, elə həmin gecə yanında uzanan ərini boğmaq üçün boğazından yapışmışdı. Amma qurbanın anası gəlib onu xilas etmişdi; anası yetişməsəydi, əri ölmüş olardı.

Romirio ilə nişanlılıq müddətimiz xeyli uzanmışdı. “Səs nədir?” deyə düşünürdüm, “bu, arsız-arsız sığal çəkən əl deyil, bu, məni öpməyə çalışan iyrənc ağız deyil, bu, məni qorxudan ədəbsiz və qabarıq seksuallıq deyil, bu, omba kimi əllə hiss olunan, qarın kimi isti bir şey deyil”. Romirionun səsi mənim üçün bütün bunlardan daha xoşagəlməz idi. Mənimlə yaşayan kişi onu eşitmək istəyən hər kəslə səsini paylaşsa, buna necə dözəcəkdim! Bu içdən gələn, həyasız, esxatoloji səsi. Axı kim nişanlısına belə bir şey deməyə ürək edərdi: “səsin xoşuma gəlmir, ondan iyrənirəm, qıcıqlanıram, o, uşaqlıq dövrümün katexizmindəki “şəhvət” kəlməsi kimidir”.

Evliliyimiz heç bir gerçək səbəb olmadan təxirə salınmışdı.

Romirio gündüzlər məni görməyə gəlirdi. Mən isə onun qaranlıq evinə nadir hallarda gedirdim, çünki xəstə anası tez yatırdı. Amma kölgələrlə dolu balaca bağçalarını və Romirionun pişiyi Lambertini bəyənirdim. Bütün məhəllədə bizim kimi təvazökar nişanlılar tapılmazdı. Həmin il yay ərzində bircə dəfə öpüşmüş olsaq da, bu, bizə görə çox idi. Əl-ələ tutuşmaq? Zarafatı belə xoş deyil. Qucaqlaşmaq? Artıq rəqs edərkən də qucaqlaşmırdıq. Bu qeyri-adi münasibətə görə heç vaxt evlənməyəcəyimizdən şübhə etməyə başlamışdıq.

Həmin gün qucağımda mənə hədiyyə edilmiş pekinesimlə Romirionun evinə gəlmişdim. Romirio onu sığallamaq üçün əlini uzatdı. Yazıq Romirio, heyvanları o qədər sevirdi ki! Həmişəki kimi qonaq otağında oturmuşduq ki, Lambertinin tükləri biz-biz oldu, o yanımızdan götürülərkən çiçəklə dolu dibçəyi aşırdı.

Səhəri gün senyora Yapura ağlayaraq mənə zəng etdi: dünən gecə Romirio həmişəki kimi Lamberti ilə yatağında yatırmış, amma gecənin bir yarısı pişik caynaqlarını Romirionun boynuna keçiribmiş. Anası qışqırıqları eşidən kimi özünü çatdırmışdı. Pişiyi oğlunun boğazından aralamağı bacarmış və kəmərlə boğmuşdu. Deyirlər ki, qəzəbli pişik qədər dəhşətli bir şey ola bilməz. İnanmaqda çətinlik çəkmərəm. Onlara nifrət edirəm. Həmin gündən sonra Romirio səssiz qaldı və həkimlər səsinin heç vaxt geri qayıtmayacağını dedilər.

– Romirio ilə evlənməyəcəksən, – anası ağlayırdı, – Buna görə deyirdim ki, pişiklə yatmazlar!

– Evlənəcəm, – dedim.

Həmin gündən Romirionu sevdim.

İspancadan tərcümə edən: İlahə Əkbər

# 1163 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #