Bu gün görkəmli heykəltaraş Azad Əliyevin doğum günüdür.
Kulis.az Səadət Yusifqızının "Gözləri ilə eşidib gördüyü dünya" yazısını təqdim edir.
Heykəltəraş Azad Əliyevin keçdiyi yol hamar olmayıb. Hələ həyatı anlamağa macal tapmamış keçirdiyi, əhəmiyyət vermədiyi qrip xəstəliyi eşitmə qabiliyyətini əlindən aldı. Əslində, eşitməməyi ona dünyanı, maddi aləmi dərk etməyinə mane olmadı. Bu gün Azad Əliyev respublikada sayılıb-seçilən, həmkarlarının sırasında öndə gedən heykəltəraşlardan biridir.
Azad Əliyev sənətə çox erkən gəlib. Deyir ki, nəslimin yarısı həkim, yarısı da rəssamdır. Atam istəyirdi ki, mən də onun yolu ilə gedim, diş həkimi olum. İstəmədim. Məndən həkim çıxmazdı. Sonra da gülə-gülə: atama dedim ki, insanlara otuz iki diş düzəltməkdənsə, elə birdəfəlik baş düzəldim də!
Bununla da Azad həyatda öz yolunu müəyyən etdi. İncəsənət İnstitutuna daxil oldu. Həkimlikdən daha çox zəhmət tələb edən, daha ağır bir işə - heykəltəraşlığa başladı. Neçə insan ömrünə daş həyatı gətirdi. Heykəlləşən, abidələşən şəxsiyyətlərin taleyinə əbədiyyət çırağı yandırdı. Torpaq altına çəkilənlərin Yer üzündəki obrazını qranitdən, tuncdan, mərmərdən, bürüncdən yonurdu. Bu illər ərzində yaratdıqları da çox oldu, itirdikləri də...
Azad müdrik insandır. Həyata fəlsəfi baxışı var. Və bu, əsərlərində də özünü büruzə verir. Onun üçün işin böyüyü-kiçiyi yoxdur. Hamısına eyni məsuliyyətlə, eyni istəklə yanaşır. Qəhrəmanlarının yaşadıqları dövrü, mühiti, iç dünyasını öyrənəndən sonra işə başlayır. Əgər belə olmasa, bəlkə də heykəllərin hamısı bir-birinə bənzəyərdi. Mindən artıq əsərin müəllifidir. Onun yaradıcılığının müəyyən dövrü Almaniya ilə bağlıdır. Alman mütəxəssisləri Azadın yaradıcılığı ilə tanış olandan sonra onu öz ölkələrinə dəvət ediblər və orada qalıb işləməyi məsləhət görüblər. Bir müddət Almaniyada yaşayan Azad Əliyev 60-dan çox əsər işlədi və həm də Qərbi Avropa mədəniyyəti ilə yaxından tanış oldu.
Mendelsonun, Motsartın, Bethovenin heykəllərini böyük ustalıqla yaradan azərbaycanlı heykəltəraşın işləri almanları valeh etdi. Bethovenin heykəli Hollandiyada tuncdan tökülüb və Mərkəzi Amerikanın San-Salvador şəhərində ucaldılıb. Açılış mərasiminə dəvət olunsa da, Azad bu tədbirdə iştirak edə bilmədi. Bu o qədər də önəmli deyil. Önəmli olan abidənin üzərində yazılan "heykəltəraş Azad Əliyev. Azərbaycan." kəlmələridir.
Yurdumuzun çox yerində Azadın işlərinə rast gəlmək olar. Xəlil Rzanın, Əjdər Xanbabayevin qəbirüstü abidələrini də Azad işləyib. Onun ən böyük işi isə Şəmkir rayonu ilə bağlıdır. Şəmkirin parklarında yer alan 20 Yanvar şəhidlərinin abidəsi, general Şıxlinskinin, aşıq Teymurun heykəllərinin müəllifi Azad Əliyevdir. Başqa bir əsərində Üzeyir Hacıbəyli ilə Əhməd Cavadın Azərbaycanın himnini işlədikləri anı canlandırıb.
Sənət dostları deyir ki, Azadda həm ideya, həm də icra güclüdür. Ona görə də onun əsərlərinin dünya ölkələrində yeri var.
Güclü yumor hissinə malik Azad bu xüsusiyyətləri ilə həm özünü qoruyur, həm də ətrafını tərbiyə edir. Bunu da dostları deyir.
Azadın oğlu Anar atasının yox, babasının yolunu seçdi. Diş həkimi oldu.
Amma Azadə atasının yolunu tutmuşdu, rəssam idi. O, Anar üçün bacı, Zərifə xanım üçün övlad, Azad üçün sənət dostuydu. Allah bu qıza hər şey vermişdi. Gözəllik, yüksək zövq və bir də hamının həsəd aparacağı istedad. Hərdən Zərifə xanım deyir ki, bəlkə Allah o istedadı, qabiliyyəti ona qədərindən daha çox vermişdi, ona görə tez apardı. Kim bilir, bu onun qismət payıdı.
Onun yaradıcılığı elə əhatəli, hərtərəfli və bitkindir ki, bu qədər əsər yaradıb araya-ərsəyə gətirmək normal bir insan ömrü yaşayanlara da həmişə nəsib olmur. Nə mövzu seçməkdə, nə də əsər üzərində işləyəndə çətinliyi olmazdı. Ömər Eldarov, ADRA-nın rektoru, Azərbaycan Respublikasının xalq rəssamı, akademik: "Azadə Əliyeva istedadlı rəssam idi. Gənc rəssam çoxsahəli istedada malik olub. Onun səhnə quruluşunda, eləcə də dəzgah rəngkarlığı sahəsindəki işləri hər zaman yüksək peşəkarlıq səviyyəsində olmuşdur".
Azadə Ə.Əzimzadə adına Rəssamlıq texnikumuna daxil oldu. Dörd il sonra artıq Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi idi. O, bakalavr pilləsini bitirdikdən sonra sənətşünaslıq ixtisasına yiyələnmək üçün magistraturaya sənəd verdi. Yaxşı sənətşünas ola bilərdi, tale öz hökmünü verməsəydi.
Cəlil Hüseynov, ADRA-nın tədris işləri üzrə prorektoru, xalq rəssamı, professor: "...İnsanın davranışı onun dünyagörüşündən asılıdır. Azadə rəssam ailəsində böyüdüyündən bir qədər emosional idi, çünki məlumdur ki, rəssamlar daim axtarışda olan və mübarizə aparan şəxsiyyətlərdir. Azadə bir rəssam və sənətşünas kimi şəxsiyyət olacaqdı..."
Cəmil Müfizadə, xalq rəssamı: "Azadə mənim tələbəm olub. Tələbə olsa da, diapazonu geniş idi. O, teatr rəssamlığından başlamışdı. Ali rəssamlıq təhsilini qrafika sahəsində davam etdirmək qərarını vermişdi. Çox gözəl qrafika duyumu vardı. Bakalavr diplomu üçün maraqlı, koloritli "Lənkəran qadınları" mövzusunu götürmüşdü. Bütün işin gedişatı, axtarışlar, variantlar, tapıntılar mənim gözümün qarşısında olub. Çox gözəl, bədii cəhətdən maraqlı bir silsilə yaratdı".
Azadə belə bir rəssam idi. Gəldi, bir ildırım kimi çaxdı getdi...
"Azadədən sonra evdə çox qala bilmirəm. Kədərlənirəm, hər tərəf onun işləridir", - deyir Azad Əliyev. Ona görə səhər açılan kimi emalatxanaya qaçır. Bütün günü heykəllərin içində keçir.
Emalatxana Azadın öz dünyasıdır. Hamıdan pünhan dünyası. O burada təkcə ətrafdakıları yox, özünü də unudur. Bu daşlaşan, heykəlləşən oğulların harayını təkcə o eşidir. Çoxunun portretini yaradan Azad Azadəni işləyə bilmədi. Qıymadı, ürəyi gəlmədi.
Azad da belə bir ömür yaşayır bu dünyada. Sənətkar ömrü. Gözləri ilə gördüyü dünyanı gözləri ilə də eşidir. Çünki tale yazan belə məsləhət görüb.