Puşkinin dörd gicbəsər oğlu - Qısa, məzəli hekayələr

Puşkinin dörd gicbəsər oğlu - Qısa, məzəli hekayələr
30 dekabr 2023
# 16:00

Bu gün görkəmli rus yazıçı və şair Daniil Xarsmın doğum günüdür.

Kulis.az Etimad Başkeçidin tərcüməsində onun qısa hekayələrini təqdim edir.

10№-li mavi dəftər

Gözü, qulağı olmayan kürən bir adam vardı. Saçı da yox idi, odur ki, onu şərti olaraq kürən adlandırırdılar.

Bu adam danışa bilmirdi, çünki ağzı yox idi. Burnu da yoxdu.

Onun əli-ayağı da yox idi. Qarnı da, beli də, onurğası da, içi-içalatısı da. Heç nəyi yox idi!

Odur ki, bilinmir kimdən söhbət gedir.

Artıq ondan danışmasaq yaxşıdır.

Иллюстрация Даниил Хармс. Рассказы в стиле книжная графика |

Əhvalatlar

Bir dəfə Orlov üyüdülmüş noxud yeyib öldü. Bundan xəbər tutan Krılov da canını tapşırdı. Spiridonov özü öldü. Spiridonovun arvadı isə bufetdən yıxılıb öldü. Spiridonovun uşaqları nohurda boğuldular. Spiridonovun nənəsi içkiyə qurşanıb küçələrə düşdü. Mixaylov isə saçını daramadığından qotur tutdu, saçı töküldü. Kruqlov əlində qırmanc tutmuş qadın şəkli çəkdi və ağlını itirdi. Teleqrafla dörd yüz rubl alan Perexryostov isə özünü çəkməyə, təşəxxüs satmağa başladı və nəticədə işdən qovuldu.

Yaxşı adamlar ayaqlarını yerə sağlam basa bilmirlər.

Даниил Хармс, Тамара Липавская и Леонид Липавский

Pəncərədən yıxılan qarılar

Hər şeyə həddən ziyadə maraq göstərən bir qarı pəncərədən yıxılıb xurd-xəşil oldu.

Başqa bir qarı pəncərədən boylanıb, əzilən qarıya baxmağa başladı, maraq güc gəldiyindən, bədənini qurşağacan çölə çıxardı, o da yıxılıb öldü.

Sonra pəncərədən üçüncü qarı yıxıldı, sonra dördüncü, ondan sonra isə beşinci.

Altıncı qarı yıxılandan sonra onlara baxmaqdan bezdim, çıxıb Maltsev bazarına getdim – deyilənə görə, burada bir kora hörmə şal bağışlamışdılar.

Старуха

Sonet

Başıma qəribə bir iş gəldi - birdən-birə unutdum və heç cür yadıma sala bilmədim ki, əvvəl 7 gəlir, yoxsa 8?

Gedib qonşulardan soruşdum, görək bu barədə onlar nə fikirləşir?

Qonşular nə illah eləsələr də, rəqəmlərin sırasını xatırlaya bilmədilər. Çox təəccübləndim – 1, 2, 3, 4, 5 və 6 rəqəmlərini xatırlayırdılar, sonrasını yox.

Hamımız Znamenski və Basseynaya küçələrinin kəsişməsində yerləşən kommersiya mağazası – “Qastronom”a yollanıb, dərdimizi kassir qıza danışdıq. Kassir qız ağzındakı saqqızı çıxardı, burnunu yüngülcə irəli verib dedi:

- Məncə, səkkiz yeddidən sonra gəldiyi hallarda, yeddi səkkizdən sonra gəlir.

Kassir qıza minnətdarlıq eləyib, sevinə-sevinə mağazadan çıxdıq. Ancaq qızın sözlərini xatırlayan kimi yenidən kefimiz pozuldu – onun sözləri bizə mənasız söz yığını kimi gəldi.

Neyləyə bilərdik, Yay bağına gedib, oradakı ağacları saymağa başladıq. Ancaq 6-ya çatanda dayanıb, mübahisə eləməli olduq: kimi deyirdi ki, 6-dan sonra 7 gəlir, kimi də 8.

Mübahisə acı bağırsaq kimi uzandı. Xoşbəxtlikdən, elə bu vaxt, skamyada oturmuş bir uşaq yıxılıb, hər iki çənəsini sındırdı. Mübahisə yarımçıq qaldı.

Sonra evlərimizə dağılışdıq.

Старуха

Optik aldanış

Semyon Semyonoviç, gözlüyünü taxıb şam ağacına baxır. Görür ki, ağacın başında bir kişi oturub, ona yumruq qıcayır.

Semyon Semyonoviç gözlüyünü çıxarıb baxır, görür ki, şam ağacının başında heç kəs yoxdur.

Semyon Semyonoviç, gözlüyünü taxıb şam ağacına baxır. Yenə də görür ki, ağacın başında bir kişi oturub, ona yumruq qıcayır.

Semyon Semyonoviç gözlüyünü çıxarıb baxır, yenə də görür ki, şam ağacının başında heç kəs yoxdur.

Semyon Semyonoviç bir daha gözlüyünü taxıb, şam ağacına baxır və yenə görür ki, ağacın başında bir kişi oturub, ona yumruq qıcayır.

Semyon Semyonoviç buna inanmaq istəmir və bu hadisəni optik aldanış sayır.

Удивительная кошка - Стихи для детей

Puşkin və Qoqol

Qoqol kulisdən səhnəyə yıxılıb, hərəkətsiz qalır

Puşkin

(səhnəyə çıxarkən ayağı qoqola ilişib yıxılır)

Lənət şeytana! Deyəsən, Qoqola ilişdim!

Qoqol

(ayağa qalxır)

Əclaflığa bax! Dincəlməyə də qoymurlar!

(yerimək istəyəndə Puşkinə ilişib yıxılır)

Deyəsən, Puşkinə ilişdim!

Puşkin

(ayağa qalxır)

Bir dəqiqə rahatlığımız yoxdur!

(addım atmaq istəyəndə Qoqola ilişib yıxılır)

Zəhrimar! Deyəsən yenə Qoqola ilişdim!

Qoqol

(ayağa qalxır)

İşlər düz gətirməyəndə, gətirmir!

(yeriyərkən Puşkinə ilişib yıxılır)

Yaramazlığa bax! Yenə Puşkinə ilişdim!

Puşkin

(ayağa qalxır)

Bu dələduzluqdur! Əsl dələduzluq!

(yeriyərkən ayağı Qoqola ilişib yıxılır)

Lənətə gələsən! Yenə Qoqola ilişdim!

Qoqol

(ayağa qalxır)

Artıq bu, adamı ələ salmaqdır!

(yeriyərkən ayağı Puşkinə ilişib yıxılır)

Yenə Puşkinə ilişdim!

Puşkin

(ayağa qalxır)

Lənətə gələsən! Əcəb işə düşmüşük!

(yerimək istəyəndə Qoqola ilişib yıxılır)

Qoqol

(ayağa qalxır)

Bu alçaqlıqdır!

(yerimək istəyəndə ayağı Puşkinə ilişib yıxılır)

Yenə Puşkin!

Puşkin

(ayağa qalxır)

Lənətə gələsən!

(addım atmaq istəyəndə ayağı Qoqola ilişib kulisə yıxılır)

Yenə Qoqol!

Qoqol

(ayağa qalxır)

Zəhrimar!

Pərdə arxasına keçir. Oradan Qoqolun səsi eşidilir: «Yenə Puşkin!».

Pərdə.

Мёртвые души»: Как «забавный анекдот» Гоголя превратился в мрачную  «энциклопедию русской жизни»

Xarrat Kuşakov

Soyadı Kuşakov olan bir xarrat vardı.

Bir dəfə o, xarrat yapışqanı almaq üçün evdən çıxıb, dükana yollandı.

Yazbaşı qar yenicə əriməyə başlamışdı, yol çox sürüşkən idi. Xarrat bir neçə addım atmışdı ki, sürüşüb yıxıldı, alnı əzildi.

- Eh! – xarrat ayağa qalxıb aptekə getdi, plastır alıb alnına yapışdırdı.

Ancaq küçəyə çıxıb, bir-iki addım atmışdı ki, yenidən sürüşüb yıxıldı, burnu əzildi.

- Tfu! – xarrat aptekə qayıtdı, plastır alıb, burnunun əzilən yerinə yapışdırdı.

Sonra yenidən küçəyə çıxdı, yenə sürüşüb yıxıldı, sifəti yerə dəyib əzildi.

Yenə də aptekə qayıdıb, sifətinə plastır yapışdırmalı oldu.

- Qulaq asın, - aptek işçisi xarrata dedi, - siz tez-tez yıxılıb əzilirsiniz, məsləhət görürəm, bir neçə plastır götürəsiniz.

- Yox, - xarrat cavab verdi, - daha yıxılmaram!

Ancaq küçəyə çıxar-çıxmaz yenə sürüşüb yıxıldı, çənəsi əzildi.

- Lənətə gəlmiş buz! – xarrat hiddətlə qışqırıb, aptekə doğru qaçdı.

- Görürsünüz, - aptek işçisi dedi, - yenə yıxıldınız.

- Yox! – xarrat bağırdı, - heç nə eşitmək istəmirəm! Tez olun, plastır verin!

Aptek işçisi plastır verdi; xarrat plastırı çənəsinə yapışdırıb, evə qaçdı.

Onu mənzilə buraxmadılar, çünki tanıya bilmədilər.

- Mən xarrat Kuşakovam! – xarrat haray-həşir saldı.

- Get, özünü dola! – içəridəkilər qapının cəftəsini vurub, zəncirini bağladılar.

Xarrat Kuşakov qapının önündə xeyli dayanandan sonra, hər şeyə tüpürüb, küçəyə çıxdı.

Sandıq

Nazik boyunlu bir adam sandığa girib, qapağını bağladı və burada nəfəsi darıxmağa başladı.

- Budur, - nazik boyunlu adam boğula-boğula dedi, - sandıqda nəfəsim kəsilir, çünki boynum nazikdir. Sandığın qapağı örtülüdür, içəriyə hava buraxmır. Burada boğulub ölsəm də sandığın qapağını açmayacağam. Yavaş-yavaş öləcəyəm. Mən həyatla ölümün mübarizəsini görəcəyəm. Bu adi mübarizə olmayacaq, çünki şansların bərabər olduğu mübarizədə zəfər qazanan tərəf həmişə ölüm olur, ölümə məhkum olunmuş həyat isə düşmənlə bihudə vuruşur, son dəqiqəyəcən ümidini itirmir. İndicə baş verəcək savaşda həyat qələbə çalmağın yolunu öyrənəcək: bunun üçün o, mənim əllərimi məcbur etməlidir ki, sandığın qapağını açsın. Görək də, kim-kimi yenəcək? Burada naftalin iyindən dayanmaq olmur. Həyat qələbə çalsa, sandıqdakı şeylərin üstünə maxorka səpəcəyəm… Budur, başlandı: artıq nəfəs ala bilmirəm. İşim bitib, bu aydındır! Artıq xilas yolu yoxdur! Daha ali mətləblər barədə düşünə bilmirəm! Mən boğuluram!..

Oy! Bu nədir belə? İndicə nəsə baş verdi, ancaq başa düşmürəm nə? Mən nəsə gördüm, ya da eşitdim…

Oy! Yenə nəsə oldu? İlahi! Nəfəs ala bilmirəm. Deyəsən, ölürəm…

Bu nədir? Mən niyə oxuyuram? Deyəsən, boynum ağrıyır… Bəs sandıq hanı? Sandığın içindəyəmsə, otağımdakı əşyaları necə görürəm? Deyəsən, döşəmədə uzanmışam axı? Bəs sandıq hanı?

Nazik boyunlu adam döşəmədən qalxıb ətrafına boylandı. Sandıq heç yerdə gözə dəymirdi. Sandıqdan çıxardığı şeylər çarpayının və stulların üstündə atılıb qalmışdı, sandığın özü isə yox idi.

Nazik boyunlu adam dedi:

- Belə çıxır ki, həyat ölümə mənim bilmədiyim bir üsulla qalib gəlib.

Petrakovun başına gələn əhvalat

Bir dəfə Petrakov uzanıb yatmaq istədi. Ancaq çarpayıya düz uzanmadığından, tappıltıyla döşəməyə dəydi və xeyli beləcə uzanıqlı qaldı.

Nəhayət, Petrakov var gücünü toplayıb, yerində dirsəkləndi. Ancaq o qədər heysiz idi ki, yenidən üzü üstə yıxıldı…

Petrakov hardasa beş saat uzandığı yerdən qalxa bilmədi. Əvvəlcə elə-belə uzanmışdı, sonra gözünə yuxu getdi.

Yatıb dincələndən sonra Petrakov özünə gəldi. İndi özünü sapsağlam hiss edirdi. O, ayağa qalxıb, bir qədər otaqda var-gəl eləyəndən sonra ehtiyatla çarpayıya uzandı. Fikirləşdi ki: “İndi yataram”. Amma artıq yuxusu gəlmirdi. Yatağında o üz-bu üzünə çevrilən Petrakov nə illah elədi, yata bilmədi.

Vəssalam.

Dalaşanların hekayəti

Aleksey Alekseyeviç Andrey Karloviçi basmarlayıb altına aldı, ağız-burnunu ovub buraxdı.

Qəzəbindən coşub-kükrəyən Andrey Karloviç Aleksey Alekseyeviçin üstünə cumub, ağzına bir yumruq ilişdirdi.

Ondan bu cür qıvraq hərəkətlər gözləməyən Aleksey Alekseyeviç yerə sərildi. Andrey Karloviç onun sinəsinə çöküb, ağzından taxma dişini çıxardı və onunla Aleksey Alekseyeviçin sir-sifətini elə günə saldı ki, Aleksey Alekseyeviç yerdən qalxanda tanınmaz hala düşmüşdü. Aleksey Alekseyeviç əlini üzünə tutub aradan çıxdı.

Andrey Karloviç isə, taxma dişini silib, yenidən ağzına saldı. Dişin yerinə oturduğuna əmin olduqdan sonra ətrafa göz gəzdirib, Aleksey Alekseyeviçi axtarmağa getdi.

Даниил Хармс, Тамара Липавская и Леонид Липавский

Yuxu

Kaluqin yatıb yuxusunda gördü ki, guya kolluqda oturub, kolluğun yanından bir milisioner keçib gedir.

Kaluqin ayılıb, sifətini ovuşdurdu və yenidən yuxuya getdi. Yenə yuxu gördü. Gördü ki, hansısa kolluğun yanından keçib gedir, kolluqda isə bir milisioner gizlənib.

Kaluqin yuxudan ayıldı, seliyi balışı islatmasın deyə başının altına qəzet sərdi və yenidən yuxuya daldı. Yenə yuxu gördü. Gördü ki, kolluqda oturan odur, kolluğun yanından keçib gedən isə milisioner.

Kaluqin ayıldı, qəzeti dəyişdirdi və yenidən yerinə uzanıb yuxuya getdi. Yuxuda gördü ki, guya kolluğun yanından ötüb keçir, kollunda oturan isə milisionerdir.

Onda Kaluqin qərara aldı ki, daha yatmayacaq, ancaq dərhal yuxuya getdi və yuxuda gördü ki, milisionerin arxasında oturub, kolluq isə onların yanından ötüb keçir.

Kaluqin qışqırıb, çarpayıda çırpınmağı başladı, ancaq bu dəfə yuxudan ayıla bilmədi.

Kaluqin dörd gün, dörd gecə yatdı, beşinci gün ayılanda bir dəri, bir sümük qalmışdı. O qədər arıqlamışdı ki, sürüşüb çıxmasın deyə, çəkmələrini iplə ayağına bağlamalı oldu. Həmişə buğda unundan bişirilmiş çörək aldığı dükanda onu tanımayıb, çovdar çörəyi sırıdılar. Mənzilləri dolaşaraq sanitariya tədbirləri görən komissiya bu qənaətə gəldi ki, Kaluqin sanitar normalara cavab vermir, ümumiyyətlə, heç nəyə yaramır. Odur ki, onu zibillə birgə atmağı əmr etdi.

Kaluqini iki qatlayıb, zibil kimi çölə atdılar.

В.И. Шубинский. «Даниил Хармс. Жизнь человека на ветру» :: Вкладка

Riyaziyyatçı və Andrey Semyonoviç

Riyaziyyatçı (başından şar çıxarır)

Başımdan şar çıxardım.

Başımdan şar çıxardım.

Başımdan şar çıxardım.

Başımdan şar çıxardım.

Andrey Semyonoviç

Qaytar onu yerinə.

Qaytar onu yerinə.

Qaytar onu yerinə.

Qaytar onu yerinə.

Riyaziyyatçı

Yox, qaytarmayacağam!

Yox, qaytarmayacağam!

Yox, qaytarmayacağam!

Yox, qaytarmayacağam!

Andrey Semyonoviç

Qaytarmırsan qaytarma.

Qaytarmırsan qaytarma.

Qaytarmırsan qaytarma.

Riyaziyyatçı

Bəli, qaytarmayacağam!

Bəli, qaytarmayacağam!

Bəli, qaytarmayacağam!

Andrey Semyonoviç

Lap yaxşı.

Lap yaxşı.

Lap yaxşı.

Riyaziyyatçı

Bax, mən deyən oldu!

Bax, mən deyən oldu!

Bax, mən deyən oldu!

Andrey Semyonoviç

Yaxşı, sən deyəndir, sakit ol!

Riyaziyyatçı

Yox, sakit olmayacağam!

Yox, sakit olmayacağam!

Yox, sakit olmayacağam!

Andrey Semyonoviç

Riyaziyyatçı olsan da, deyəsən, ağlın çatmır sənin.

Riyaziyyatçı

Yox, ağıllıyam və çox şeylər bilirəm!

Yox, ağıllıyam və çox şeylər bilirəm!

Yox, ağıllıyam və çox şeylər bilirəm!

Andrey Semyonoviç

Çox şeylər bilirsən, amma hamısı boş şeylərdir.

Riyaziyyatçı

Yox, boş şeylər deyil!

Yox, boş şeylər deyil!

Yox, boş şeylər deyil!

Andrey Semyonoviç

Səninlə çənə-boğaz döyməkdən bezdim.

Riyaziyyatçı

Yox, bezmədin!

Yox, bezmədin!

Yox, bezmədin!

Andrey Semyonoviç məyusluqla əlini yelləyir və çıxıb gedir. Riyaziyyatçı bir qədər sonra Andrey Semyonoviçin arxasınca yollanır. Pərdə.

В.И. Шубинский. «Даниил Хармс. Жизнь человека на ветру» :: Вкладка

Qarovulçunu təəccübləndirən gənc

- İşə bax, - milçəyi diqqətlə gözdən keçirən qarovulçu dedi, - məncə, buna xarrat yapışqanı sürtsən, canı çıxar. Çox maraqlıdır! Adi yapışqandan!

- Ey, qulyabanı! – sarı əlcək geymiş cavan oğlan qarovulçuya səsləndi.

Qarovulçu elə bildi ki, başqa adamı çağırırlar, cavan oğlana əhəmiyyət verməyib, milçəyə baxmağa davam etdi.

- Səninlə deyiləm? – cavan oğlan qışqırdı, - Heyvan!

Qarovulçu barmağıyla milçəyi əzib, başını döndərmədən dedi:

- Niyə bağırırsan, yaramaz? Kar deyiləm, eşidirəm.

Cavan oğlan əlcəkli əliylə şalvarını təmizləyib, nəzakətli səslə soruşdu:

- Dayı, səmaya necə gedə bilərəm?

Qarovulçu bir gözünü qıyıb, cavan oğlana baxdı, sonra o biri gözünü qıyıb baxdı, sonra saqqalını tumarladı, bir daha onu başdan-ayağa süzüb dedi:

- Keçin gedin, burda dayanmayın.

- Bağışlayın, - cavan oğlan dedi, - vacib işim var, tələsirəm. Orada mənimçün otaq da hazırlayıblar.

- Yaxşı, - qarovulçu dedi, - biletini göstər.

- Bilet məndə deyil; dedilər ki, məni elə-belə də buraxacaqlar, - cavan oğlan qarovulçunun üzünə baxa-baxa dedi.

- Daha nə! – qarovulçu dedi.

- İndi neyləyək? – cavan oğlan soruşdu, - Keçə bilərəm?

- Yaxşı, yaxşı, - qarovulçu dedi, - keçin!

- Bəs necə keçim? Haraya? – cavan oğlan soruşdu, - yolu tanımıram axı.

- Sizə hara lazımdır? – qarovulçu sərt səslə soruşdu.

Cavan oğlan əlini ağzına tutub, yavaşcadan dedi:

- Səma!

Qarovulçu yerində möhkəm dayanmaq üçün bir ayağını irəli qoydu və qabağa əyilib, cavan oğlanın üzünə zilləndi:

- Nə çərənləyirsən? Məzələnirsən?

Cavan oğlan gülümsündü, sarı əlcəkli əlini qaldırıb başı üstündə yellədi və qəfildən yoxa çıxdı.

Qarovulçu havanı qoxladı – yanmış tük iyi gəlirdi.

- İşə bax! – qarovulçu gödəkçəsinin yaxasını açıb, qarnını qaşıdı, cavan oğlanın dayandığı yerə tüpürdü və yavaş addımlarla öz komasına tərəf getdi.

Даниил Хармс. Жизнь человека на ветру

İtkilər

Andrey Andreyeviç Myasov bazardan fitil alıb evə qayıtmaq istəyirdi.

Yolda Andrey Andreyeviç fitili salıb itirdi və gedib dükandan yüz əlli qram Poltava kolbasası aldı. Sonra Andrey Andreyeviç “molokozoyuz”dan bir şüşə qatıq aldı, ardınca gedib bir parç kvas içdi və köşkdən qəzet almaq üçün növbəyə dayandı. Qəzet almaq istəyən çox idi, Andrey Andreyeviç iyirmi dəqiqədən çox növbədə dayanmalı oldu. Ancaq satıcıya yaxınlaşanda məlum oldu ki, qəzet elə indicə qurtarıb.

Andrey Andreyeviç pərtlikdən bir ayağını götürüb, birini saldı, sonra evə sarı getməyə başladı. Ancaq yolda qatıq şüşəsini salıb itirdi və çörək mağazasına dönüb fransız bulkası aldı. Əvəzində Poltava kolbasasını itirdi.

Onda Andrey Andreyeviç birbaşa evə üz tutdu, ancaq yolda yıxıldı, fransız bulkasını itirdi və pensnesini sındırdı.

Andrey Andreyeviç evə gələndə çox hirsliydi, dərhal uzanıb yatmaq istədi, ancaq nə illah elədi, gözünə yuxu getmədi. Nəhayət, yatıb yuxuda gördü ki, guya diş fırçasını itirib, dişlərini hansısa şamdanla təmizləyir.

Хармониум (2009) Короткометражная анимационка по произведениям Хармса -  YouTube

Makarov və Petersen

Makarov: - Bu kitab bizim arzularımız və onlara çatmaq barədədir. Bu kitabı oxusan, arzularımızın nə qədər mənasız olduğunu bilərsən. Onu da bilərsən ki, başqalarının arzusunu yerinə yetirmək çox asan, öz arzuna çatmaq isə olduqca çətindir.

Petersen: - Çox ibarəli danışırsan. Lap hindilərin başçısı kimi.

Makarov: - Bu kitab barədə yalnız vəcdlə danışmalısan. Onun haqqında düşünəndə belə papağımı çıxarıram.

Petersen: - Bəs kitaba toxunmamış əlini yuyursan?

Makarov: - Hə, əlimizi də yumalıyıq.

Petersen: - Sən, hər ehtimala qarşı, ayağını da yu!

Makarov: - Kobud danışmayın, gülməli deyil.

Petersen: - Kitab necə adlanır?

Makarov: - Adı sirdir…

Petersen: - Hi-hi-hi!

Makarov: - Kitabın adı MALGİL-dir.

Petersen birdən yox olur.

Makarov: - İlahi! Bu nədir belə? Petersen!

Petersenin səsi: - Nə baş verdi? Makarov! Mən hardayam?

Makarov: - Sən görmürəm. Hardasan?

Petersenin səsi: - Bəs sən hardasan? Mən də səni görmürəm!.. Bu şarlar hardan çıxdı?

Makarov: - İndi neyləyək? Petersen, məni eşidirsən?

Petersenin səsi: - Eşidirəm! Amma nə baş verdi axı? Bu nə şarlardır belə?

Makarov: - Sən hərəkət eləyə bilirsən?

Petersenin səsi: - Makarov! Sən bu şarları görürsən?

Makarov: - Hansı şarları?

Petersenin səsi: - Buraxın!.. Buraxın məni!.. Makarov!..

Sükut. Makarov dəhşətə gəlib. O, kitabı götürüb açır.

Makarov (oxuyur): “…İnsan tədricən öz formasını itirir və şara çevrilir. Şara çevrildikdən sonra isə heç bir arzusu, istəyi qalmır”.

Pərdə

Даниил Хармс :: Экранизации и театр :: «Хармониум» (Kharmonium) (2010)

Linç məhkəməsi

Petrov at belinə qalxıb, kütlə qarşısında nitq söyləyir. Nitqinin mövzusu belədir: ictimai bağın yerində Amerika göydələni tikilsə, nə olacaq? Kütlə onu dinləyir, onun sözlərilə razılaşır. Petrov öz dəftərcəsində bəzi qeydlər aparır. Ortaboylu bir adam irəli çıxıb, Petrovdan dəftərcəyə nə yazdığını soruşur. Petrov deyir ki, bu yalnız ona aid qeydlərdir. Ortaboylu adam əl çəkmir. Söz sözü çəkir və dalaşmalı olurlar. Kütlə ortaboylu adamın tərəfini saxlayır, Petrov həyatını xilas etmək üçün atını dəhmərləyib, döngədə gözdən itir. Qəzəbindən kükrəyən kütlə, başqa qurban olmadığından, ortaboylu adamı tutub, başını üzür. Bədəndən ayrılan baş küçənin ortasyla diyirlənir, su lyukuna ilişib dayanır. Bundan sonra kütlə dağılışır.

Görüş

Bir dəfə bir adam işə gedirdi. Yolda başqa bir adama rast gəldi. O, dükandan polyak çörəyi alıb, öz evinə qayıdırdı.

Vəssalam.

Uğursuz tamaşa

Petrakov-Qorbunov səhnəyə çıxıb, nəsə demək istəyir. Ancaq onu hıçqırtı tutur/ öyüməyə başlayır/ gedir/ Pritıkin səhnəyə çıxır.

Pritıkin: - Hörmətli Petrakov-Qorbunov demək istəyirdi ki…

Öyüyür, qaça-qaça səhnəni tərk edir/ Makarov gəlir.

Makarov: - Yeqor…

Makarov öyüməyə başlayır/ qaçıb gedir/ Serpuxov gəlir.

Serpuxov: - Əsassız danışmamaq üçün…

Öyüyür, qaçıb gedir/ Kurova gəlir.

Kurova: - Çox istərdim ki…

Öyüməyə başlayır, qaça-qaça səhnədən çıxır/ kiçik bir qız gəlir.

Kiçik qız: - Atam hamıya bildirmək istəyir ki, tamaşa olmayacaq. Hamımız öyüyürük.

Pərdə

Даниил Хармс. Жизнь человека на ветру

Tıqq!

Yay ayı, yazı stolu. Sağ tərəfdə qapı var. Stolun üstünə at şəkli çəkilmiş bir tablo qoyulub. Atın dişlərində bir qaraçı çabalayır. Olqa Petrovna odun yarır. O, hər dəfə baltanı endirəndə pesnesi burnunun üstündə atılıb-düşür. Yevdokim Osipoviç kresloda oturub siqaret çəkir.

Olqa Petrovna baltanı oduna vurur, ancaq onu heç cür parçalaya bilmir.

Yevdokim Osipoviç: - Tıqq!

Olqa Petrovna pensnesini düzəldib, daha bir zərbə endirir.

Yevdokim Osipoviç: - Tıqq!

Olqa Petrovna (pensnesini düzəldir): - Yevdokim Osipoviç! Xahiş edirəm, “tıqq” eləməyin.

Yevdokim Osipoviç: - Yaxşı, yaxşı.

Olqa Petrovna baltanı oduna vurur.

Yevdokim Osipoviç: - Tıqq!

Olqa Petrovna (pensnesini düzəldir): - Yevdokim Osipoviç! Axı söz verdiniz ki, “tıqq” eləməyəcəksiniz.

Yevdokim Osipoviç: - Yaxşı, yaxşı, Olqa Petrovna! Daha eləmərəm.

Olqa Petrovna baltanı oduna vurur.

Yevdokim Osipoviç: - Tıqq!

Olqa Petrovna (pensnesini düzəldir): - Ədəbsizliyə bax! Yaşlı, ahıl adamdır, amma adi xahişi başa düşmür!

Yevdokim Osipoviç: - Olqa Petrovna! Rahatca işinizi görün, daha sizə mane olmayacağam.

Olqa Petrovna: - Xahiş edirəm, çox xahiş edirəm: qoyun, heç olmasa, bu odun parçasını yarıb qurtarım.

Yevdokim Osipoviç: - Əlbəttə, əlbəttə! Buyurun, yarın!

Olqa Petrovna baltanı oduna vurur.

Yevdokim Osipoviç: - Tıqq!

Olqa Petrovna baltanı əlindən salır, o, ağzını açıb nəsə demək istəyir, ancaq heç nə deyə bilmir. Yevdokim Osipoviç kreslodan qalxır, Olqa Petrovnanı başdan ayağa süzür və yavaş-yavaş çıxıb gedir. Olqa Petrovna hərəkətsiz, ağzıaçıq dayanıb, uzaqlaşan Yevdokim Osipoviçin ardınca baxır. Pərdə yavaş-yavaş enir.

Даниил Хармс - детский писатель

İndi dükanlarda nələr satılır

Koratıgin Tikakeyevgilə gəldi, ancaq onu evdə tuta bilmədi.

Tikakeyev bu vaxt şəkər, ət və xiyar almaq üçün dükana getmişdi.

Koratıgin Tikakeyevin qapısının önündə bir ayağını götürüb, birini salaraq, xeyli gözlədi, sonra kağız yazıb qoymaq istədi, ancaq belə baxanda gördü ki, əlində müşəmbə zənbil tutmuş Tikakeyev.

Koratıgin Tikakeyevi görüncə, ona səsləndi:

- Bir saatdır sizi gözləyirəm!

- Yalandır, - Tikakeyev dedi, - mən vur-tut iyirmi beş dəqiqədir ki, evdən çıxmışam.

- Nə vaxt çıxdığınızı bilmirəm, - Koratıgin dedi, - amma mən bir saatdır ki, burdayam.

- Yalan danışmayın! – Tikakeyev dedi, - Ayıbdır.

- Əzizim! – Koratıgin dedi, - Sözünüzə fikir verin.

- Hesab edirəm ki… - Tikakeyev sözə başladı. Ancaq Koratıgin onun sözünü ağzında qoydu.

- Siz hesab edirsinizsə ki… - Koratıgin nəsə demək istədi. Ancaq Tikakeyev sözünü tamamlamağa aman vermədi.

- Bir bunun sir-sifətinə bax!

Bu sözləri eşidincə Koartıgin cin atına mindi, o barmağıyla burnunun bir qanadını tıxayıb, o birisiylə Tikakeyevin üzünə fınxırdı.

Onda Tikakeyev səbətdən ən iri xiyarı götürüb, Koratıginin başına çırpdı.

Koratıgin ikiəlli başını tutdu, sonra yıxılıb öldü.

Bax, indi dükanlarda belə yekə xiyarlar satılır!

В.И. Шубинский. «Даниил Хармс. Жизнь человека на ветру» :: Вкладка |  Книжные иллюстрации, Книги, Старые книги

Maşkin Koşkini öldürdü

Yoldaş Koşkin yoldaş Maşkinin böyür-başında hoppanıb-düşür, rəqs eləyirdi.

Yoldaş Maşkin yoldaş Koşkinin hərəkətlərinə göz qoyurdu.

Yoldaş Koşkin əl-ayağını oynadır, təhqiramiz hərəkətlər eləyirdi.

Yoldaş Maşkin üz-gözünü turşutdu.

Yoldaş Koşkin qarnını oynadaraq, sağ ayağını yerə vurdu.

Yoldaş Maşkin bağıra-bağıra yoldaş Koşkinin üstünə cumdu.

Yoldaş Koşkin qaçıb aradan çıxmaq istədi, ancaq ayağı nəyəsə ilişdi və yoldaş Maşkin onu haqladı.

Yoldaş Maşkin yoldaş Koşkinin başına bir yumruq ilişdirdi.

Yoldaş Koşkin ufuldayıb, iki əli, iki ayağı üstə yerə yıxıldı.

Yoldaş Maşkin yoldaş Koşkinin qarnına təpik, boynunun ardına yumruq vurdu.

Yoldaş Koşkin döşəməyə uzanıb, canını tapşırdı.

Maşkin Koşkini öldürdü.

Что это было? - слушать стих Хармса онлайн

Yuxu insanla məzələnir

Markov çəkmələrini çıxardı, rahat nəfəs alıb, yatağa uzandı.

Yatmaq istəyirdi, ancaq gözünü yuman kimi yuxusu ərşə çəkilirdi.

Markov gözünü açır, əlini kitaba uzadırdı, ancaq hər dəfə, əli havadaykən, onu yuxu tuturdu. Markov təzədən yerinə uzanıb, gözlərini yumurdu. Di gəl, gözünü yuman kimi yenə yuxusu qaçırdı, fikirləri o qədər aydınlaşırdı ki, beynində ikiməchullu tənlik də həll eləyə bilərdi.

Markov xeyli götür-qoy elədi: yatsın, yoxsa ayıq qalsın? Axır ki, fikirləşməkdən yoruldu, özünə, otağına nifrət etməyə başladı. Markov paltosunu geydi, şlyapasını başına qoydu və əsasını götürüb küçəyə çıxdı. Sərin meh Markovun hirsini soyutdu, xeyli yüngülləşdi və yenidən öz otağına qayıtmaq istədi.

Otağa gələndə hiss etdi ki, yorulub, bədəni ağırlaşıb, yuxusu gəlir. Ancaq divana uzanıb gözünü yuman kimi yuxusu qaçdı.

Hirsindən cilov gəmirən Markov divandan yerə atıldı və ayaqyalın, başıaçıq küçəyə çıxıb, Tavriçeski bağı tərəfə yollandı.

Книга "А вы знаете, что?.." Хармс Даниил Иванович – купить книгу ISBN  978-5-93773-521-8 с быстрой доставкой в интернет-магазине OZON

Ovçular

Ova altı adam getmişdi, ancaq geriyə onlardan yalnız dördü qayıtdı.

İkisi qayıtmadı.

Oknov, Kozlov, Stryuçkov və Motılkov sağ-salamat evə qayıtdılar, Şirokovla Kablukov ov eləyərkən həlak oldular.

Oknov bütün kimi havalı kimi gəzdi, heç kimlə kəlmə kəsmədi. Kozlov Oknovu gözdən qoymur, onu qarabaqara izləyib, cürbəcür suallar verirdi. O, öz suallarıyla Oknovu lap boğaza yığdı.

Kozlov: - Siqaret istəyirsən?

Oknov: - Yox.

Kozlov: - İstəyirsən, odur, onu sənə gətirim?

Oknov: - Yox.

Kozlov: - Bəlkə sənə gülməli əhvalatlar danışım?

Oknov: - Yox.

Kozlov: - İçmək istəyirsən? Səni konyaklı çaya qonaq eləyə bilərəm.

Oknov: - İndicə bu daşı boynuna salacağam, üstəlik ayağını sındıracağam.

Stryuçkov və Motılkov – Siz neylədiniz? Siz neylədiniz?

Kozlov: - Kömək eləyin, qalxım.

Motılkov: - Narahat olma, yaran sağalacaq.

Kozlov: - Bəs Oknov hanı?

Oknov (Kozlovun ayağını sındırır): - Uzaqda deyiləm, yanındayam.

Kozlov: - Ay ana! Xilas eləyi..iin!

Stryuçkov və Motılkov: - Deyəsən, onun ayağını bədənindən qopardın!

Oknov: - Qoparıb, bax, oraya tulladım!

Stryuçkov: - Bu, cinayətdir!

Oknov: - Nə? Nə dedin?

Stryuçkov: - …ayətdir…

Oknov: - Necə..ə?

Stryuçkov: - H… h… h… heç nə.

Kozlov: - İndi evə necə gedəcəyəm.

Motılkov: - Narahat olma, sənə taxta ayaq düzəldərik.

Stryuçov: - Bir ayağının üstündə dayana bilərsən?

Kozlov: - Belə də, birtəhər dayanaram.

Stryuçkov: - Biz qolundan tutarıq.

Oknov: - Məni onun yanına buraxın!

Stryuçkov: - Yox, yox, yaxşısı budur, çıx get.

Oknov: - Yox, buraxın!.. Buraxın!.. Bur… Görün neyləyirəm.

Stryuçkov və Motılkov: - Dəhşətdir!

Oknov: - Ha-ha-ha!

Motılkov: - Bəs Kozlov hanı?

Stryuçkov: - Sürünüb kolluğa girdi.

Motılkov: - Kozlov, burdasan?

Kozlov: - Mm...m!

Motılkov: - Gör, nə günə düşdü!

Stryuçkov: - İndi bunu neyləyək?

Motılkov: - Əlimizdən nə gəlir? Məncə, onu boğub öldürmək lazımdır. Kozlov! Ey, Kozlov, eşidirsən məni?

Kozlov: - Güclə eşidirəm.

Motılkov: - Qardaş, heç ürəyinə salma. İndi səni boğub öldürəcəyik. Dayan! Bax, belə… belə… belə…

Stryuçkov: - Bax buraya, bir az da! Belə! Belə! Belə!.. Hə, artıq hazırdır!

Motılkov: - Artıq hazırdır!

Oknov: - Allah o dünyasını versin!

Иллюстрация 30 из 44 для Три охотника - Николай Носов | Лабиринт - книги.  Источник: Мелкова Оксана

Tarixi epizod

V.N.Petrova

İvan İvanoviç Susanin (Qlinkanın operasında vəsf olunan, çar uğrunda canından keçmiş tarixi şəxsiyyətdən söhbət gedir) bir dəfə rus aşxanasına gəldi və stol arxasına keçib, antrekot sifariş etdi. Aşxana sahibi antrekot hazırlamaqdaykən, İvan İvanoviç adəti üzrə saqqalını dişləyib, fikrə getdi.

Bir müddət sonra aşxana sahibi girdə taxta lövhəciyin üstünə qoyduğu antrekotu gətirdi. İvan İvanoviç acından ölürdü, o antrekotu əliylə qamarlayıb, yeməyə girişdi. Gözünün qurdunu öldürməyə çalışan İvan İvanoviç, yeməyi acgözlüklə təpişdirərkən, saqqalı ağzından çıxarmağı unutdu və antrekotla birgə bir çəngə tük də yedi.

Bütün xoşagəlməzliklər bundan sonra baş verdi – bir az sonra İvan İvanoviçin qarnına sancı doldu. İvan İvanoviç yerindən dik atılıb, bayıra götürüldü. Aşxana sahibi İvan İvanoviçin arxasınca qışqırdı: “Saqqalın didik-didikdir” - ancaq İvan İvanoviç onun sözlərinə fikir verməyib, qaça-qaça çölə çıxdı.

Aşxananın bir küncündə oturub, araq içən boyar Kovşequb əlini stola çırpdı:

- Bu adam kimdir?

Aşxana sahibi qurşağacan baş əyib, boyara dedi:

- Bu, bizim patriot İvan İvanoviç Susanindir.

- Belə de! – boyar araq içməyinə davam etdi.

- Balıq istəmirsiniz? – aşxana sahibi soruşdu.

- İtil burdan! – boyar hirslə qışqırıb, əlindəki parçı aşxana sahibinə sarı tolazladı. Parç vıyıltıyla aşxana sahibinin qulağının dibindən keçib, açıq pəncərədən həyətə uçdu və düz gəlib qartalsayağı oturmuş İvan İvanoviçin sifətinə çırpıldı. İvan İvanoviç əlləriylə üzünü tutub, böyrü ütsə yıxıldı.

Donuzabaxan Karp mərəkdən hövlnak çölə çıxdı, təknənin yanında, palçığın içində uzanmış donuzun üstündə atlanıb, bağıra-bağıra alaqapıya doğru qaçdı. Aşxana sahibi başını qapıdan çölə çıxardı.

- Niyə bağırırsan? – o, Karpdan soruşdu. Ancaq başılovlu qaçıb uzaqlaşan Karpdan cavab gəlmədi.

Aşxana sahibi həyətə çıxıb, hərəkətsiz uzanmış Susanini gördü. Yaxınlaşıb onun üzünə baxdı. Susanin də öz növbəsində onun üzünə zilləndi.

- Sağsan? – sahib soruşdu.

- Sağ-salamatam, ancaq qorxuram, məni yenə vurarlar, - Susanin cavab verdi.

- Qorxma, - aşxana sahibi dedi, - səni vuran boyar Kovşequb idi, o da çıxıb getdi.

- Şükür sənə, ya Rəbb, - İvan Susanin dikəldi, - mən cəsur adamam, ancaq boş yerə ölmək istəmirəm. Odur ki, kirimişcə uzanıb gözləyirdim, görək nə olacaq? Lazım gəlsə, sürünə-sürünə Yeldırin slobodasına qədər gedəcəkdim. Gör sifətim nə hala düşüb. İlahi! Saqqalımın yarısı ələ gəlmir!

- Saqqalın elə əvvəldən beləydi, - aşxana sahibi dedi.

- Necə yəni əvvəldən beləydi? – patriot İvan Susanin qışqırdı, - sənin sözlərindən belə çıxır ki, mən bu cür ütük-didik saqqala gəzirdim?

- Bəli, gəzirdin, - aşxana sahibi dedi.

- Yaramazın biri yaramaz, - İvan Susanin İvan Susanin söyüş söyməyə başladı.

Onda aşxana sahibi gözlərini qıyıb qolaylandı və var gücüylə Susaninin qulağının dibinə bir yumruq ilişdirdi. Patriot İvan Susanin yenidən süst düşüb, hərəkətsiz qaldı.

- Al payını! Yaramaz özünsən! – sahib aşxanaya qayıtdı.

Susanin beləcə bir müddət hərəkətsiz uzanaraq ətrafa qulaq kəsildi, qorxulu bir şey olmadığını əmin olduqdan sonra ehtiyatla başını qaldırıb yan-yörəsinə boylandı. Palçıqlı gölməçədə ağnayan donuzu nəzərə almasaq, həyətdə heç kəs gözə dəymirdi. İvan Susanin darvazaya sarı sürünməyə başladı. Xoşbəxtlikdən darvaza qapısı açıq idi. Patriot İvan Susanin qurd kimi qıvrıla-qıvrıla Yeldırino slobodasına çatanacan süründü.

Bu, çar uğrunda həyatını qurban vermiş və sonralar Qlinkanın operasında vəsf olunmuş məşhur tarixi şəxsiyyətin həyatından bir epizod idi.

Fedya Davidoviç

Fedya gizlicə nehrəyə yaxınlaşmaq üçün xeyli əmək sərf etməli oldu. Nəhayət, arvadı ayaq dırnağını kəsmək üçün aşağı əyildi və fürsətdən istifadə eləyən Fedya qıvraq hərəkətlə nehrədəki yağın hamısını götürüb ağzına dürtdü. Ancaq nehrənin qapağını örtəndə ehtiyatsızlıq eləyib, səs saldı. Səsi eşidən arvadı dərhal dikəldi və nehrənin boş olduğunu görüncə, əlindəki qayçını ona sarı tuşlayıb, sərt səslə soruşdu:

- Nehrədə yağ yoxdur. Hanı yağ? Yağ sənin ağzındadır!

Fedya başını yelləyib “yox” işarəsi verdi.

- Aha, - arvadı dedi, - susub başını yelləyirsən, deməli, ağzın yağla doludur.

Fedya gözlərini bərəltdi və əl hərəkətləriylə arvadını başa salmağa çalışdı: “Yox, yox, nə danışırsan, elə şey ola bilməz!” Ancaq arvadı ona inanmadı:

- Yalan deyirsən. Aç ağzını.

- Mm, - Fedya nəm-nüm elədi.

- Aç ağzını deyirəm, - arvadı təkrarladı.

Fedya nəyisə xatırlayıbmış kimi əlini alnına vurdu, sanki demək istəyirdi ki: “Ah, lap yadımdan çıxmışdı, indi gəlirəm”. Ardınca çıxışa doğru yönəldi.

- Dayan! – arvadı qışqırdı.

Ancaq Fedya addımlarını yeyinlədib, qapının arxasında gözdən itdi. Arvadı onun arxasınca cumdu, ancaq qapıya çatanda dayandı. Çünki çılpaq idi, bu görkəmdə dəhlizə çıxsa mənzildə yaşayan başqa sakinlər onu görə bilərdi.

- Aradan çıxdı, - o, kor-peşman divana əyləşdi, - lənətə gəlmiş!

Dəhlizlə irəliləyən Fedya isə üzərinə “Giriş qəti qadağandır” yazılmış qapının önündə ayaq saxladı. Sonra qapını açıb içəri girdi. Uzunsov kiçik bir otaq idi, pəncərə şüşələrinə çirkli kağız yapışdırılmışdı. Sağ tərəfdə sınıq-salxaq, kirli bir taxt qoyulmuşdu, pəncərənin önündə isə taxta parçasından düzəldilmiş kiçik stol gözə dəyirdi; taxtanın bir ucunu stulun söykənəcəyinin, o biri ucunu isə gecə masasının üstünə qoymuşdular. Divardan ikigözlü rəf asılmışdı. Taxtda uzanmış kişini nəzərə almasaq, otaqda başqa heç nə yox idi. Kişinin əynində cındırı çıxmış uzunətəkli mixəyi pencək vardı, sırıqlı qara şalvar geymişdi, tərtəmiz yuyulmuş yalın ayaqları taxtdan kənara çıxmışdı. O, oyaq idi, gözünü Fedyaya zilləmişdi.

Fedya yüngülcə təzim edib, sakitcə taxtda uzanan adama yaxınlaşdı, ağzındakı yağı çıxarıb, ona göstərdi.

- Bir yarım, - otaq sahibi pozasını dəyişmədən dilləndi.

- Deyəsən, az oldu… - Fedya dedi.

- Kifayətdir, - otaq sahibi cavab verdi.

- Yaxşı, oldu, - Fedya yağ parçasını barmağından sıyırıb, rəfə qoydu.

- Pulunu sabah gəlib apararsan, - kişi dedi.

- Nə danışırsınız! – Fedya əsəbi səslə dedi, - mənə pul indi lazımdır. Cəmisi bir rubl yarımdır də…

- Rədd ol, - otaq sahibi quru səslə dedi.

Fedya barmaqlarının ucunda otaqdan çıxıb, qapını yavaşca örtdü.

Анализ рассказа И. Тургенева «Бежин луг. "Бежин луг": характеристика  мальчиков. Произведение И.С. Тургенева "Бежин луг"

Puşkinin həyatından lətifələr

1) Puşkin şair idi, elə hey nəsə yazırdı. Bir dəfə Jukovski onun nəsə yazdığını görüb, ucadan dedi:

- Əcəb cızma-qaraçısan!

O vaxtdan Puşkin Jukovskiyə vuruldu və onu dostyana Jukov adlandırmağa başladı.

2) Məlum olduğu kimi Puşkinin saqqalı çıxmırdı. Puşkin buna görə çox rəncidəydi və Zaxarinə qibtə eləyirdi; onun saqqalına söz ola bilməzdi. “Onun üzündə saqqal çıxır, mənimkində isə yox” - Puşkin tez-tez barmağını Zaxarinə tuşlayıb deyirdi. Düz də deyirdi.

3) Bir dəfə Pertuşevskinin saatı sındı və o, adam göndərib Puşkini çağırdı. Puşkin gəldi, Petruşevskinin saatının ora-burasına baxandan sonra qaytarıb stolun üstünə qoydu.

- Qardaş, fikrin nədir? – Pertuşevski soruşdu.

- “Stop maşın” - Puşkin cavab verdi.

4) 1829-cu ilin yayını Puşkin kənddə keçirdi. O, səhər tezdən oyanır, bir dolça isti süd içir və çayda çimməyə qaçırdı. Çiməndən sonra otluğa uzanıb, nahara kimi yatırdı. Nahardan sonra isə qamakda yatırdı. Üfunət qoxuyan kəndlilərlə rastlaşanda Puşkin başıyla onları salamlayır, ancaq əliylə burnunu tuturdu. İyli-qoxulu kəndlilər isə papaqlarını çıxarıb deyirdilər: “olan işdir”.

6) Puşkin daş atmağı xoşlayırdı. Yerdə daş görən kimi götürüb atırdı. Bir də görürdün ki, sağa-sola daş atmaqdan qızarıb-pörtüb. Dəhşətdir!

7) Puşkinin dörd oğlu var idi, dördü də gicbəsər. Biri stulda da otura bilmirdi, hey yıxılırdı. Heç Puşkinin özü də stulda düz-əməlli otura bilmirdi. Bəzən lap gülməli vəziyyət yaranırdı: stol arxasında oturublar; stolun bu başında Puşkin yıxılıb-qalxır, o biri başında oğlu. Nə deyəsən axı!

Как Пушкин внезапно стал ревизором

Gözəl bir yay gününün səhəri (simfoniya)

Xoruzun ilk banındaca Timofey pəncərədən çölə hoppanıb, küçədən keçənləri qorxutdu. Kəndli Xariton dayandı, yerdən daş götürüb Timofeyi vurmaq istədi. Timofey harasa yox oldu. “Nə zirək adamdır!” - insan sürüsü səsləndi və Zubov adlı birisi yüyürüb, başını divara çırpdı. “Of!” - diş əti iltihabından əziyyət çəkən bir arvad qiyyə çəkdi. Komarov ədəbsiz hərəkətlərlə arvadı lap karıxdırdı və o, qaçıb həyətə girdi. Yoldan keçən Fetelyuşin bunu görüb gülümsündü. Onda Komarov Fetelyuşinə yaxınlaşdı və “Ey, ət parçası” sözləriylə onun qarnına bir yumruq ilişdirdi. Fetelyuşin divara söykənib, hıçqırmağa başladı. Romaşkin pəncərədən Fetelyuşkinin başına tüpürməyə çalışırdı. Yekə burunlu bir arvad ləyənlə uşağını döyürdü. Gonbul cavan ana isə yaraşıqlı qız uşağının sifətini kərpic divara sürtürdü. Nazik ayağı sınmış balaca bir it səkidə sürünürdü. Kiçik bir oğlan çirkli qabdan nəsə yeyirdi. Ərzaq dükanının qarşısında adamlar şəkər növbəsi dayanmışdı. Denaturat içmiş kəndli Xariton şalvarının qabağını açıb, arvadların qarşısında dayanmışdı, pis-pis sözlər deyirdi.

Gözəl bir yay günü belə başlayırdı.

Лето - Ушинский К.Д. Читать рассказ о лете с картинками.

Pakin və Rakukin

- Özünü naza qoyma, qudurma! – Pakin Rakukinə dedi.

Rakukin üz-gözünü turşudub, tərs-tərs Pakinə baxdı.

- Nə baxırsan? Tanıya bilmirsən? – Pakin soruşdu.

Hirsindən dodağını çeynəyən Rakukin fırlanan kreslosunda üzünü yana çevirib, başqa səmtə baxmağa başladı. Pakin barmaqlarıyla dizini döyəcləyərək dedi:

- Axmağın biri axmaq! Boynunun dalında nə dəyənək yeri var!

Rakukin qalxıb, çıxışa doğru getmək istəyəndə, Pakin yerindən sıçrayıb, onun qolundan yapışdı:

- Dayan! Hara gedirsən? Gəl otur, sənə bir şey göstərəcəyəm.

Rakukin ayaq saxlayıb, şübhəylə Pakinə baxdı.

- Nədir, inanmırsan? – Pakin soruşdu.

- İnanıram, - Rakukin dedi.

- Elə isə, bax buraya, bu kresloya otur.

Rakukin yenidən öz fıranan kreslosuna əyləşdi.

- Bax belə, - Pankin dedi, - axmaq kimi nə gözünü döyürsən?

Rakukin ayaqlarını oynatdı, gözlərini tez-tez qırpmağa başladı.

- Gözünü qırpma, - Pankin dedi.

Rakukin kirpik çalmağını dayandırdı, belini büküb, çiyinlərini içəri çəkdi.

- Düz otur, - Pankin dedi.

Rakukin belini düzəltmək yerinə qarnını qabağa verdi və boynunu uzatdı.

- Eh! – Pakin dedi, - boynunun dalından nə vurardım!

Rakukini hıçqırmaq tutdu, ovurdlarını şişirdib, nəfəsini burnundan buraxmağa başladı.

- Bura bax, fınxırma! – Pakin Rakukinə dedi.

Rakukin boynunu yenidən çiyinlərinə çəkib, gözünü tez-tez qırpmağa başladı.

Pakin dedi:

- Rakukin, sənə gözünü döymə dedim, - Pakin sakitləşmək bilmirdi, – yoxsa sinənə təpik ilişdirəcəm.

Rakukin gözünü qırpmamaq üçün dişlərini bir-birinə sıxdı, boynunu daha da uzatdı və başını arxaya atdı.

- Sənə baxanda adamın ürəyi bulanır, - Pakin dedi, - sifətdən toyuğa oxşayırsan, boynun gömgöydür, çox iyrəncsən.

Başı get-gedə dala əyilən Rakukin, nəhayət, müvazinətini itirib, arxası üstə yıxıldı.

- Bu nə deməkdir! – Pakin təəccübləndi, - məzələnirsən?

Pakinin dayandığı yerdən Rakukinə baxanda, adama elə gəlirdi ki, Rakukin başsız oturub.

- Ey, Rakukin! – Pakin onu səslədi.

Rakukindən səs çıxmadı.

- Rakukin! – Pakin yenə çağırdı.

Hərəkətsiz oturan Rakukin yenə cavab vermədi.

- Belə, - Pakin dedi, - Rakukin gəbərdi.

Pakin xaç çevirib, barmaqlarının ucunda otaqdan çıxdı.

On dörd dəqiqə sonra Rakukinin bədənindən kiçik bir ruh ayrıldı və hiddətlə bir az bundan əvvəl Pakinin oturduğu yerə baxdı. Elə bu vaxt şkafın arxasından ucaboylu ölüm mələyi çıxdı və Rakukinin ruhunun əlindən tutub, evləri və divarları yara-yara onu harasa apardı. Rakukinin ruhu ölüm mələyinin arxasınca qaçır, dəqiqəbaşı çevrilib qəzəblə geriyə baxırdı. Ölüm mələyi sürətini artırdı və Rakukinin ruhu, yıxıla-qalxa, döngədə gözdən itdi.

# 2901 dəfə oxunub

Müəllifin son yazıları

# # #