Odun dili, suyun yaddaşı, torpağın nəfəsi... - İlaxır çərşənbə adətləri

Odun dili, suyun yaddaşı, torpağın nəfəsi... - İlaxır çərşənbə adətləri
17 mart 2026
# 12:00

Bu gün Azərbaycanda İlaxır çərşənbə qeyd olunur.

Kulis.az İlaxır çərşənbə adətləri ilə bağlı materialı təqdim edir.

Novruzun astanasında dayanan, xalq yaddaşının ən sirli və ən canlı qatlarını özündə daşıyan İlaxır çərşənbə – təkcə təqvim hadisəsi deyil, minilliklərin içindən süzülüb gələn bir mənəvi mərasimdir. Bu gün Azərbaycan insanı üçün təbiətlə barışığın, köklərə dönüşün, ruhun təmizlənməsinin simvoludur.

Etnoqrafik araşdırmalar göstərir ki, İlaxır çərşənbə adətləri qədim türklərin kosmoqonik dünyagörüşü ilə sıx bağlıdır – su, od, yel və torpaq kultlarının sintezi kimi formalaşıb.

Bu çərşənbə bəzən “Torpaq çərşənbəsi”, bəzən də “Axır çərşənbə” adlandırılır. İnanca görə, məhz bu gecə torpaq oyanır, nəfəs alır və həyatın dövranı yenidən başlayır. İnsanlar da bu oyanışın bir parçasına çevrilmək üçün müxtəlif ayinlər icra edir.

Ən geniş yayılmış adətlərdən biri tonqal qalamaqdır. Hər evin həyətində, hər məhəllənin ortasında alov yüksəlir. İnsanlar tonqalın üzərindən atılarkən “Ağırlığım-uğurluğum odda yansın” deyir. Bu ifadə sadəcə söz deyil – psixoloji boşalma, mənəvi yüngülləşmə aktıdır. Alov burada həm təmizləyici, həm də qoruyucu qüvvə kimi qəbul edilir. Etnoqraflar bu ayini zərdüştilik dövründən qalan od kultunun davamı kimi şərh edirlər.

Su ilə bağlı ayinlər də xüsusi yer tutur. Bu çərşənbədə insanlar səhər tezdən bulaq başına və ya su üstünə gedərlər, suyun üzərindən tullanar, ürəklərindəki arzu-diləkləri suya danışarlar. Su burada həyatın başlanğıcı və saflaşmanın rəmzidir. Xalq arasında belə bir inanc var: “Axır çərşənbə suyu yeddi dərdin dərmanıdır”.

Axır çərşənbəyə bir neçə gün qalmış evlər təmizlənər. Deyilənlərə görə, bu bayramda təzə paltar geyinmək uğur gətirər. Küsülülər barışar, nəhs danışılmaz, içki içmək, nalayiq işlər görmək olmaz.

Axır çərşənbə gününün ertəsi günü ev sahibi bir ovuc buğda götürüb evin damına atar və bununla da evinə bərəkət-bolluq arzu etmiş olar. Bundan başqa, ev sahibi və ya ailə üzvlərindən biri kuzədə bir parça qara kömür, bir ovuc duz və bir neçə qara qəpik qoyar, sonra onları damdan atardılar. Deyilənə görə, kömür qara günün, duz acgözlük, gözüşorluluq, qəpik isə yoxsulluğun nişanəsidir. Ona görə də əcdadlarımız bununla özlərini yoxsulluqdan və bu kimi şeylərdən qurtarmağa çalışarmışlar.

Regionlara görə İlaxır çərşənbə adətləri müxtəlif çalarlar qazanır. Məsələn, Şəki və Qax bölgələrində qapı pusmaq (və ya “qapı dinləmək”) adəti geniş yayılıb. Gənclər qonşuların qapısı arxasında dayanıb eşitdikləri ilk sözə görə öz talelərini yozurlar. Əgər xoş söz eşidilərsə, bu, uğur əlaməti sayılır.

Naxçıvan bölgəsində isə “duzlu kökə” adəti xüsusi maraq doğurur. Subay qızlar axşam duzlu kökə yeyib su içmədən yatırlar. İnanca görə, yuxuda kim onlara su verərsə, gələcək həyat yoldaşı o olacaq. Bu ritual, folklorşünasların fikrincə, qədim nikah falı ənənələrinin izlərini daşıyır.

Təbriz və ümumilikdə Güney Azərbaycanda İlaxır çərşənbə daha coşqu ilə qeyd olunur. Burada “şal sallama” (bacadan şal atmaq) ənənəsi bu gün də yaşayır. Uşaqlar və gənclər evlərin bacasından və ya qapısından şal sallayır, ev sahibləri isə şala şirniyyat, qoz-fındıq bağlayır. Bu, həm paylaşmanın, həm də bolluq arzusunun simvoludur.

Bakıda və Abşeron kəndlərində isə “qulaq falı” ilə yanaşı, yumurta döyüşdürmək, papaq atmaq kimi oyunvari adətlər də geniş yayılıb. Xüsusilə uşaqlar üçün bu gecə bir növ sehrli nağıl atmosferi yaradır – qaranlıq küçələrdə papaq atıb qaçmaq, qapı arxasında gizlənmək, gülüş və həyəcan içində bayramı yaşamaq.

Süfrə də bu gecənin əsas atributlarından biridir. İlaxır çərşənbədə süfrədə şamların qoyulması mütləqdir. Yeməklərin şahı plovdur və mifoloji anlamda götürsək, düyü bərəkət rəmzidir. Sözsüz ki, yazın gəlişi, təbiətin oyanmasının nişanəsi — səməni də olmalıdır. Eləcə də şəkərbura, paxlava kimi şirniyyatların olması bolluğa işarədir. Səməni xonçası hazırlayıb, bütün kənddə evləri gəzərlər, evində qara bayram olan və ya bayramı qeydə edə bilməyənləri bu xonçaya qonaq edərlər. Bundan başqa, kasıb insanların evlərinə bayram nemətləri aparmaq lazımdır. Bu bayram bir daha sübut edir ki, Novruz xeyirxahlıq, humanizm və bərabərlik bayramıdır. Səməni, şamlar, boyanmış yumurtalar, şirniyyatlar – hamısı həyatın yenilənməsini, bolluğu və ümidləri simvolizə edir. Səməni isə torpağın dirçəlişinin canlı nişanəsidir – bir ovuc buğdadan doğan yaşıl həyat.

Folklorşünas alimlərin fikrincə, İlaxır çərşənbə mərasimləri kollektiv yaddaşın qorunma mexanizmidir. Bu ənənələr vasitəsilə xalq öz keçmişini bu günə daşıyır, gələcəyə ötürür.

İlaxır çərşənbə – bir gecəlik bayram deyil. O, insanın öz daxilinə baxdığı, köhnə yükünü atdığı, yeni ümidlərə yer açdığı bir keçiddir. Tonqalın alovunda yalnız od yanmır – insanın qorxuları, inciklikləri, ağırlıqları da külə dönür. Suyun səssiz axarında isə gələcəyin təmiz səhifəsi yazılır.

İlaxır çərşənbədə tonqal qalayanda yaş ağacdan istifadə olunmaz.

Ərgən qızlar xeyli aralıda arxası qapıya tərəf durub ayaqlarındakı ayaqqabının sağ tayını qapıya doğru atarlar. Əgər ayaqqabının baş tərəfi qapıya doğru düşürsə, bu, həmin il qızın ailə qurub köçəcəyinə işarədir, yox, əgər ayaqqabının arxası qapıya tərəf düşəcəksə, onda qız hələ bir qədər də gözləməli olacaq.

İlaxır çərşənbədə havanın necə asılı olmasıdan asılı olmayaraq, insanlar həmişə tarlaya çıxar, əkinə əl qoyub küt qoşar, bunu edə bilməyənlər isə heç olmasa torpağı 2-3 dəfə belləyərdilər. Burada məqsəd torpağı yuxudan oyatmaq və artıq əkinçilik vaxtının yetişdiyini xəbər verməkdir.

Bu bayramda gənclər səhərə qədər yatmazlar, şənlənib, oxuyub-oynayarlar. Bu sonuncu çərşənbədə insanlar qorxuya, çətinliklərə, uğursuzluqlara sinə gərərək yeni ilə təzə bir ruh, sağlam əhval ruhiyyə ilə çıxmaq arzusunda olarlar.

İlaxır çərşənbə falları da el arasında məşhurdur. Düzdür, tez-tez fala inan, faldan qalma desək də, bayramda belə adət-ənənə hamımıza maraqlıdır. Deməli, ulduz- iynə falına görə, İlaxır çərşənbədə su ilə dolu kasaya uclarında pambıq sarınmış iki iynə salırlar. Əgər suya düşən iynələr ulduz tərəfdən bir-birinə yaxınlaşırlarsa, deməli həmin insanın ürəyində tutduğu arzu çin olacaq. Yox əgər iynələr bir-birindən aralı düşərsə, onda bu, niyyətlərinin baş tutmamasına bir işarədir.

Bu bayramda gənc qızlar nişan üzüyünə tük bağlamaqla onu suya salarlar. Sonra üzüyü suyun üzərində saxlayıb, onun neçə dəfə fırlanmağını sayarlar. Üzük neçə dəfə fırlanarsa, demək gənc qız həmin yaşda ailə həyatı quracaq.

Bundan başqa, səhər tezdən "lal su" gətirilir, mərasimdə iştirak edəcək qızlar hərə bir əşyasını, məsələn, sancaq və ya üzüyünü suya atarlar. Sonra suyun üstünü parça və ya güzgü ilə bağlayarlar. Axşamüstü balaca oğlan uşağı suyun ağzını açar, oradakı əşyalardan birini götürər, bu zaman qadınlardan biri üzünü başqa istiqamətə çevirərək müəyyən vəsfi-hal söyləyər. Sonra həmin insanın ürəyində tutduğu niyyət ilə vəsfi-hal arasında bir uyğunluq axtarılar. Bununla da niyyət tutan insanın arzsusunun həyata keçib-keçməyəcəyi müəyyənləşdirilər.

Başqa bir bayram falı isə belədir: İki alma götürüb, ona xəlvəti bir işarə qoyulur. Ürəkdə niyyət edilir, sonra balaca uşağı almalardan birini götürməyə çağırarlar. İşarə qoyulan alma seçilərsə, onda arzu çin olar.

İlaxır çərşənbə, minillik yaddaşın süzgəcindən keçərək bu günə çatan adət və inancların vəhdətində, Azərbaycan insanının təbiətlə, keçmişi ilə və öz daxili aləmi ilə qurduğu ən saf və ən dərin bağın simvolu kimi hər il yenidən doğulan bir mənəvi dirçəliş mərasimidir.

# 123 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər