Almaniya gələn il “Oskar” mükafatlandırma mərasimində “Ən yaxşı beynəlxalq film” kateqoriyasında iştirak edəcək filmin adını açıqlayıb.
Kulis.az xəbər verir ki, Edvard Bergerin rejissorluğu ilə ekranlaşdırılan film Erix Mariya Remarkın “Qərb cəbhəsində yenilik yoxdur” romanına tam yeni yanaşmadır.
Baş rolları “Şərəfsiz əclaflar” filmindən tanıdığımız Daniel Brühl, Sebastyan Hulk və Albrex Şux ifa ediblər. Süjetdə Birinci Dünya müharibəsinə yollanan və qaçılmaz ölümdən xəbərsiz olan bir dəstə alman məktəblilərin döyüş yolundan bəhs edilir.
“Qərb cəbhəsində yenilik yoxdur” romanın ilk ekranlaşdırılması 1930-cu ildə olub və ən yaxşı filmə görə "Oskar" mükafatına layiq görülüb. Yeni filmin dünya premyerası sentyabrın 12-də “Toronto Film Festivalın”da olacaq. Filmin “Netflix”də buraxılışı isə oktyabrın 28-nə nəzərdə tutulub.
Xatırladaq ki, 95-ci “Oskar” mükafatlandırma mərasimi 2023-cü il martın 12-də keçiriləcək. Namizədlər yanvarın 24-də elan olunacaq.