Məşhur alim ölümündən əvvəl dostuna nə demişdi? – İllər sonra açılan sirr

Məşhur alim ölümündən əvvəl dostuna nə demişdi? – İllər sonra açılan sirr
1 oktyabr 2026
# 12:08

Kulis.az filologiya üzrə fəlsəfə doktoru Bəhram Cəfəroğlunun professor Əzizxan Tanrıverdinin xatirəsinə həsr etdiyi "Ustadla söhbət və ya onun ruhu qarşısında hesabat" yazısını təqdim edir.

Başkeçiddən başladığın yolunu,
Özün açdın, cığır-cığır dolandın.
Bircə dəfə sallamadın qolunu,
Yükün oldu dağdan ağır, dolandın...

Mahirə Nağıqızı

Salam, Əzizxan müəllim. Siz Tanrıya inanırdınız, Tanrı qatında səsimi duyacağınızdan da əminəm... Ustad, gözüm də, könlüm də hər gün sizi axtarır. Sizi 40 il çalışdığınız universitetin meydan-meydan auditoriyalarında, düşünə-düşünə gəzdiyiniz geniş dəhlizlərində, rəhbəri olduğunuz kafedranın divarları arasında axtarıram.

Bu gün də belə oldu. Sizi o möhtəşəm elm məbədgahının divarları arasında tapa bilməyib, işdən sonra uzun-uzun gəzindiyiniz Sahil bağına endim. İndi tam ordayam; bax, burda, sizinlə ayaq saxlayıb “Kitabi-Dədə Qorqud” dastanından tapdığınız son elmi faktı danışdığınız ağacın altındayam. Səsiniz qulaqlarıma gəlir, amma üzünüzü görmürəm. Qəhər məni boğur. Klaviaturanın üzərindəki hərflər də sizin kimi görünməz olur... Ağır və yorğun addımlarla hər bir bucağı sizi xatırladan o bağdan ayrılıram...

Bilirsinizmi, siz gedəli nələr oldu?

Ustad, siz gedəli, fiziki yoxluğunuza inanandan bəri əlimə qələm alıb haqqınızda bir cümlə də yaza bilmədim. Sözlər düyümlənib boğazımda qaldı. Qələm barmaqlarıma yapışdı. Kədər mənə güc gələndə kitablarınızı bağrıma basıb hönkür-hönkür, uşaq kimi ağladım... Niyə belə tələsdiniz? Axı görüləcək işlər, deyiləcək sözlər, yazılacaq dastanlar vardı...

Siz gedəli, söhbətinə doymadığımız, qələmini bağrına basıb:

Qazan qılıncının şimşək səsindən,
Qorqud ətri saçan qərb ləhcəsindən,
“Qorqudun” dilinin möcüzəsindən,
Möcüzə yaratdın, adə, Əzizxan!
Dədə Əzizxansan, Dədə Əzizxan!

– misralarını pıçıldayan şair ruhlu professor Məhərrəm Hüseynov dünyasını dəyişdi.

Siz gedəli, bir türk sevdalısı, Oğuz türklərinin soykökünü, dilini tədqiq etmiş, uzun illər Azərbaycan dilini sevə-sevə tədris etmiş professor Kamil Bəşirov da haqq dünyasına qovuşdu.

Bir il əvvəl dostunuz, dəyərli alimimiz İlham Abbasov da bizlərdən ayrıldı...

İlham müəllimlə ölümündən bir il əvvəl – sizin dostlarınızdan ayrıldığınız gündə, iyul ayının 19-da ziyarətinizə gələrkən aramızda olan o söhbəti xatırlayıram. İlham müəllim birdən üzünü mənə tutub dedi:

– Biz üç dost idik: Mətləb Nağı, Əzizxan və mən. Mətləb Nağı dünyasını dəyişəndən sonra hər il anım günündə Əzizxanla onun məzarını ziyarətə gedərdik. Bir gün mən Mətləb Nağının məzarını tək ziyarət etdim. Əzizxan xəstə olduğu üçün ona demədən getmişdim. Yolda Əzizxan zəng etdi: – Hardasan? – Mətləbin məzarından gəlirəm, – dedim. Əzizxan duruxdu, incik səslə: – Niyə mənsiz getmisən? – Ay Əzizxan, onsuz da bir gün tək gələcəyik Mətləbin ziyarətinə...

Sözüm Əzizxanı tutmuşdu. Daha bir söz demədi.

İlham müəllim bu əhvalatı danışandan sonra: – Bir gün Əzizxanı ziyarətə sən tək gələcəksən, – dedi.

Sanki ürəyinə dammışdı ki, gələn il illərin dostunu ziyarət edə bilməyəcək. Bəlkə də, ona qovuşacağını duymuşdu...

Rəhmətlik İlham müəllimin vəsiyyətvari əhvalatını xatırlaya-xatırlaya birdən gözüm şair Mətləb Nağının 1996-cı ilin iyun ayında dostuna – sizə yazdığı şeirə sataşır:

Ay Əzizxan, di uzatma, dur gedək,
Yaşıl donlu Xaçmaz bizi gözləyir.
Əlindəki o nöqtəni vur gedək,
Alimliyin qaçmaz... bizi gözləyir...

Məncə, həyatda heç nə təsadüf deyil. Bütün bu hadisələr, bir nöqtədə kəsişən həyatlar, talelər Tanrının təqdiri və ya zərurətin təntənəsidir.

Qədim bir əfsanəyə görə, ağsaqqal Salavi öz xalqını dünyanın dörd tərəfinə göndərəndə onlara deyir ki: “Dörd ildən sonra qayıdın, siz qayıdıb gələndə mənim izimi çaylarda, evlərdə, məbədlərdə axtarın”. Xalq dörd ildən sonra geri dönəndə görür ki, quru çaya su gəlib, sahildə dörd yaşı tamam olmuş küknar ağacı bitib. Küknar qoca Salavinin xalqı üçün bir işarə idi...

Ustad, bizdən ayrılıb Haqqa qovuşmağınızdan 8 il keçir, bu rəqəm dördün iki qatıdır. Sizin varlığınızı xatırladan işarəniz isə kitablarınızdır. O kitabların səhifələrini çevirəndə hökmlü səsiniz duyulur, qətiyyətli baxışlarınız sezilir.

Ustad, sizin yazdığınız kitabları tələbələr, Azərbaycan balaları oxuyur. “Azərbaycan dilinin tarixi qrammatikası” monoqrafiyanız hər il yüzlərlə tələbəyə Azərbaycan dilinin tarixi mənbələri, tarixi fonetikası, qədim türklərdə zaman anlayışının yaranması haqqında heç bir dərslikdən əldə edə bilməyəcəkləri bilgiləri çatdırır.

Tələbələrlə bərabər mən də oxuyuram və hər dəfə yeni bir bilgi, yeni bir ideya, yeni bir fikir əxz edirəm. Lap elə bu yaxınlarda oxudum ki, sən demə, Azərbaycan dilində 365 gün mənasını ifadə edən yıl/yil (il) sözü əski türkcəmizdə “işıqlandırmaq” mənasında işlənmiş “yıldırmaq” sözü ilə eyni kökdəndir. Axı “yıl” həm də işıq deməkdir: Günəş işığı, Günəş ili... Hələ bu harasıdır? “Qış” sözünün də günəşin düşmə bucağının qısılması, gödəlməsi ilə bağlı olmasını, onun “qısmaq” feilindən yaranıb günlərin qısalmasını ifadə etdiyini; “yay” fəslinin adını bildirən “yay” sözünün isə günəş şüalarının geniş bir məkanda yayılmasını bildirdiyini oxuyanda heyrətlənirəm. Sizə, qələminizə, düşüncənizə bir daha heyran qalıram!

“Azərbaycan dilinin tarixi qrammatikası” həcmcə böyükdür, mündəricə baxımından genişdir, dilin tarixini ən dərin qatlarına qədər öyrənir, ən incə mətləbləri əhatə edir. Bir az hal əhli olmayanları yorur deyə, üzərində çox dayanmır, uzunçuluq etmək istəmirəm. Keçirəm masamın sol yanındakı, müəlliminiz, xalqımızın görkəmli sənətkarı İsmayıl Şıxlının məşhur romanına həsr etdiyiniz ““Dəli Kür” romanının poetik dili” monoqrafiyasına.

Bir gün əvvəl mühazirədə söylədiyim bir faktı yenidən oxuyuram: ““Sulu əllərini əvvəlcə saçına, sonra da saqqalına çəkdi” cümləsindəki sakitlik məna çaları cümlənin ümumi semantik yükündən doğur ki, bu da məhz “s” alliterasiyası ilə qüvvətləndirilmişdir.”

Ustad, böyük söz sənətkarı İ.Şıxlının romanından seçdiyiniz bu alliterasiya nümunəsi sizin insan ruhunu sakitləşdirən səsinizlə birgə səslənir mənim üçün... Mənə də bir təskinlik, sakitlik gətirir sanki.

““Dəli Kür” romanının poetik dili”ndə nələr yoxdur... Bir romanda Azərbaycan dilinin arxaik leksikasını, fonetik hadisələrini, frazeoloji birləşmə və sintaktik fiqurlarını elə incəliklə, elə zərgər dəqiqliyi ilə seçmisiniz ki...

Akademik Afad Qurbanova həsr etdiyiniz “Türkologiyamızın Afad Qurbanovu” monoqrafiyanız isə tamam ayrı bir aləmdir. Azərbaycan dilinin öyrənilməsində müstəsna xidmətləri olmuş akademik Afad Qurbanovun həyatını, türkoloji araşdırmalarını, Azərbaycan Onomastika Məktəbinin formalaşmasında göstərdiyi xidmətləri, nitq mədəniyyəti sahəsində apardığı tədqiqatları o qədər axıcı bir dillə nəql etmisiniz ki, sanki elmi əsər deyil, bir roman oxuyursan.

“Kitabi-Dədə Qorqud” dastanı sizin həyatınızın mənası, qürur yeriniz idi. Sizi tanıyan hər kəs yaxşı bilir ki, siz “Dədə Qorqud”u əzbər bilirdiniz, “Kitab”ın hafizi idiniz. Deyirdiniz ki, “Kitab”ın leksik tərkibinə daxil olan 773 söz müasir dilimizdə olduğu kimi işlənir, 213 söz isə fonetik dəyişmələrə məruz qalaraq varlığını qoruyub saxlayır. Sizin üçün hər sözün əvvəli də, sonu da “Kitab” idi: qədim türklər idi, tariximiz, etnoqrafiyamız, etnik kimliyimiz idi...

““Kitabi-Dədə Qorqud”da şəxs adları”, ““Kitabi-Dədə Qorqud”un obrazlı dili”, ““Kitabi-Dədə Qorqud”un söz dünyası”, “Dədə Qorqud kitabı”nda at kultu”, “Çal qılıncını, Xan Qazan!” kitablarınız dilimizə, dil tariximizə, milli ədəbiyyatımıza olan sevginizin əyani təzahürü idi.

Lap bu yaxınlarda “Çal qılıncını, Xan Qazan!” monoqrafiyanızdan oxun, sadaqın, tirkeşin, dəmrənin, sügünün, dəpərin, taraqanın qədim türklərin silah adları, tarixizm olmasını; ulu əcdadlarımızın ovda və döyüşdə hansı silahlardan istifadə etdiyini, hansı geyimləri geyindiyini yenidən oxudum...

Ustad, bilirsinizmi, siz gedəndən sonra nələr oldu?!

Azərbaycan xalqı, Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandan xalqımızın 30 illik həsrətinə son qoydu! 44 günlük Vətən müharibəsi oldu, qanlı savaş getdi, meydan kafir başı ilə doldu. Düşmən qovuldu! Oğuz eli daha bir qəhrəmanlıq dastanı yazdı...

O hər zaman öydüyünüz, varlığından qürurla danışdığınız Oğuz igidləri atlandılar, yel kimi qanadlandılar, qartal kimi şığıdılar, Şuşaya bayraq sancdılar. Qazan xanın qardaşı Qaragünə xan kimi düşmən bayrağını o qaladan qılınclayıb yerə atdılar! Qədim türk torpağında ocaq çatıb tonqal qaladılar, minarələrindən “Allahu-Əkbər!” deyib azan səsləndirdilər. Şairə Mahirə Nağıqızı məhz o günlərdə “Şuşa məscidində azan”ı yazdı:

El qalxdı, igidlər keçdi qabağa,
“Qurtaraq” dedilər Kəbəni dardan.
Onlar Şuşamızla qucaqlaşmağa,
Yalın əl qalxdılar sərt qayalardan...

Əski bir türk mətnində deyilir ki: ox varır sü olur, sü varır el olur... Oğuz igidləri də ox atdılar, orduları irəlilədi, yağının darmadağın etdiyi Vətən torpağını yenidən El etdilər, Yurd etdilər. Dağılanı topladılar, kəndlər, qəsəbələr, şəhərlər, məktəblər tikdilər. Xankəndidə universitet yaratdılar...

Tez-tez yuxuma girirsiniz, Ustad. Sizi lap yaxından görə bilirəm. Hər dəfə üzünüzdə təbəssüm, bir nur görürəm. Səsiniz də eşidilir. Bəlkə də, Vətən torpağının azad olmasını, yağının qovulmasını, yurdun boş qalan evlərinin, ocaqlarının yenidən dolub-daşmasını siz də duyubsunuz...

Sizə borcluyam, Ustad. Sizdən çox şey öyrəndim. Öyrəndim ki, yazı yazmaq çox çətindir, hər adam yaza bilmir. Öyrəndim ki, bir yazını üç dəfə oxumaq lazımdır: birincisi, orfoqrafiyasının düzgünlüyünü yoxlamaq üçün; ikincisi, qrammatik xüsusiyyətlərinin yerli-yerində olmasını müəyyən etmək üçün; üçüncüsü, dil-üslub xüsusiyyətlərini dəqiqləşdirmək üçün...

Sizdən öyrəndiklərimi yazsam, bir kitaba sığışmaz. Öyrənə bilmədiklərimi isə masaya sığmayan o qüdrətli kitablarınızdan öyrənəcəyəm, Ustad...

Universitetdə hər dəfə sizinlə görüşəndən sonra söhbətiniz o qədər maraqlı olurdu ki, ayrılıb getmək istəmirdim. İndi bu sətirləri yazarkən ayrılmağın vaxtı gəldiyini duyuram, lakin yenə də sizdən ayrılmaq istəmirəm...

Yeriniz uçmaq, ruhunuz şad olsun, Ustad...

İstərdim ki, sizin ruhunuz qarşısındakı bu hesabatımı da elə “Kitabi-Dədə Qorqud”da Dədə Qorqudun dilindən söylənilmiş müdrik deyimlə tamamlayım:

“Onlar dəxi bu dünyaya gəlib keçdi. Karvan kimi qondu, köçdü. Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı? Gəlimli, gedimli dünya! Son ucu ölümlü dünya!”

# 45 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər