Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub
23 noyabr 2024
# 12:23

Noyabrın 22-də Sankt-Peterburq şəhərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadəyə Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Parlamentlərarası Assambleyasının (MDB PA) Çingiz Aytmatov adına mükafatı təqdim olunub.

Təqdimat mərasimindən əvvəl Mehriban Ələkbərzadə Petropavlovsk qalasında fəxri qonaqlar üçün nəzərdə tutulmuş topdan atəş açıb.

Kulis.az xəbər verir ki, mükafatı Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko təqdim edib. Mehriban Ələkbərzadə yüksək etimad üçün Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Parlamentlərarası Assambleyasına təşəkkürünü bildirib.

Mehriban Ələkbərzadə çıxışında qeyd edib ki, yazıçı və filosof Çingiz Aytmatov onun üçün həm milli, həm də bəşəri anlam daşıyan imzadır. O, bütün dünyada oxşar taleləri yaşayan və gələcək haqqında eyni düşüncədə olan xalqların hamısının yazıçısıdır. Bu gün məhz Çingiz Aytmatov mükafatının təqdim edildiyi bir vaxtda Azərbaycanda - Akademik Milli Dram Teatrında onun “Əsrə bərabər gün” tamaşası nümayiş edilir.

Təqdimat mərasimindən sonra Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova yüksək mükafata layiq görülməsi münasibətilə Mehriban Ələkbərzadəni təbrik edib.

Qeyd edək ki, Mehriban Ələkbərzadənin namizədliyi bu ilin iyul ayında Assambleyanın Mədəniyyət, İnformasiya, Turizm və İdman Komissiyası tərəfindən irəli sürülüb. Komissiyanın sədri - Özbəkistan Ali Məclisinin deputatı Erkin Zahidov Mehriban Ələkbərzadənin yaradıcılıq fəaliyyəti haqqında ətraflı məlumat verərək, onun bu mükafata layiq olduğunu bildirib.

MDB PA-nın Çingiz Aytmatov adına mükafatı hər il mədəniyyət, maarif, humanitar elmlərin inkişafına dəyərli töhfələr verən, habelə ədəbiyyat, incəsənət və mədəni irsin qorunmasına, mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə xidmət edən, dostluq əlaqələrinin, sülhün möhkəmləndirilməsi və dövlətlərarası mənəvi əlaqələrin inkişaf etdirilməsinə görə verilir. Mehriban Ələkbərzadə bu mükafata layiq görülən ilk qadın sənətkardır. O, mükafata Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının səhnə versiyasına görə layiq görülüb.

MDB PA-nın Çingiz Aytmatov adına mükafatı 2012-ci ilin noyabrında Assambleyanın qərarı ilə təsis edilib.

Qeyd edək ki, bu ilin 9-10 mart tarixlərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanı əsasında hazırlanmış “Əsrə bərabər gün” (iki hissəli fantastik realizm) tamaşasının premyerası keçirilib.

Yeni səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərov, bəstəkarı Azər Hacıəsgərlidir.

“Əsrə bərabər gün” tamaşasını Çingiz xandan Çingiz Aytmatova qədər dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxış adlandıra bilərik.

“Əsrə bərabər gün” əcdadlarımızdan bizə gələn və bizdən sonra mütləq ötürüləcək bir az mistik, bir az fantastik, bir az da realist kontekstdə həll olunmuş rəvayətdir. “Əsrə bərabər gün” əcdadlarının genetik kodlarını unudanlar haqqında ən uzun günün hekayəsidir.

# 434 dəfə oxunub

Müəllifin son yazıları

# # #